Məhkəmə qərarları › İş №2-1(112)-1858/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1858/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1858/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “VÖEN ləğv edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun vergi qeydiyyatının (VÖEN **********) ləğv edilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı təqdirdə, vergi orqanı tərəfindən o, vergi ödəyicisi kimi qeydiyyata alınmış və onun barəsində gəlir vergisi hesablanmışdır. İddiaçı hesab edir ki, onun vergi qeydiyyatı ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aparılmış araşdırma zamanı elektron alış aktına əsasən 2021-ci ildə İddiaçı tərəfindən "xxxx" MMCyə 127.600 manat dəyərində 2 ədəd nəqliyyat vasitəsi (Porsche Panamera və X3) təqdim edilməsinə baxmayaraq, vergi orqanında uçotda olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq, fiziki şəxs İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına poçt vasitəsilə vergi ödəyicisinin uçota alınması barədə bildiriş göndərilmiş və fiziki şəxsin 5 beş gün müddətində vergi orqanında uçota alınması üçün müvafiq ərizə ilə olduğu və ya yaşadığı yer üzrə vergi orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. Fiziki şəxs vergi orqanına uçota alınması ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq müəyyən edilmiş müddətdə tərəfindən uçota alınma ilə bağlı vergi orqanına müraciət edilmədiyindən, Vergi Məcəlləsinin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə uçota alınmışdır. Göründüyü kimi İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyindən qanunvericiliyə uyğun olaraq vergi orqanı tərəfindən vergi uçotuna alınmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə Bakı şəhəri X1 üzrə Baş İdarəsinə müraciət edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı vergi qeydiyyatının (VÖEN **********) və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş **********846600 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə bildirir ki, hazırki iddia üzrə mübahisələndirilən inzibati akt xx.xx.2022-ci il tarixə aid olsa da, iddiaçı iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı fərdi sahibkar kimi könüllü olaraq qeydiyyata alınmadığından, eyni zamanda mübahisələndirilən inzibati aktın iddiaçıya hansı tarixdə təqdim olunmasını təsdiq edən məlumat olmadığından, Məhkəmə hesab edir ki, iddiaçı inzibati aktın ləğv edilməsi barədə tələbi irəli sürməkdə müddəti ötürməmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Əvvəla qeyd olunmalıdır ki, hazırki iddia tələbi iki hissədən ibarətdir:

1. Vergi qeydiyyatının ləğv edilməsi;

2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsidir. Məhkəmə ilkin olaraq iddia tələbinin birinci hissəsinə münasibət bildirir. Belə ki, hazırki inzibati mübahisənin yaranması səbəbi tərəflərin sözügedən məsələyə fərqli mövqelərdən yanaşmasıdır. Belə ki, iddiaçı hesab edir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı üçün vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmaq məqsədi ilə könüllü şəkildə müraciət etmədiyindən, onun cavabdeh tərəfindən məcburi şəkildə VÖEN qeydiyyat nömrəsi verilməsi vergi ödəyicisi kimi qeydiyyata alınması qanuna uyğun deyil, cavabdeh işə əks mövqelərdən çıxış edir və hesab edir ki, iddiaçı 2 ədəd elektron alış aktına əsasən başqa şəxslərə avtonəqliyyat vasitəsi satdığından və bundan gəlir əldə etdiyindən mütləq (məcburi) qaydada vergi ödəyicisi kimi vergi qeydiyyatına alınmalıdır. Göründüyü kimi, hal-hazırda iddianın qanuniliyinin müəyyən edilməsi ilə bağlı iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının aydınlaşdırılması zərurəti vardır ki, məhkəmə hesab edir ki, 2 ədəd avtonəqliyyat vasitəsinin satışı ilə bağlı iddiaçının fəaliyyəti aşağıda qeyd olunanlar da nəzərə alınmaqla sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Halbuki, cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsi barədə mövqeyi yuxarıda adıçəkilən qanunvericiliyin sahibkarlıq fəaliyyətinin kriteriyalarına uyğun olmamış, iddiaçının 2 ədəd avtonəqliyyat vasitəsinin satışı ilə bağlı fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmişdir. Bu zaman, iddiaçının fərdi sahibkar kimi vergi uçotunda olması da məhkəmə hesab edir ki, iddiaçının vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, iddiaçının 2 ədəd avtonəqliyyat vasitəsinin satışı nəticəsindilə əldə olunan vəsait əsası ilə vergi uçotuna alınması aşağıda adıçəkiləcək vergi qanunvericiliyin pozulması ilə həyata keçirilmişdir. Belə ki, şəxsin vergi uçotuna alınması 2 ədəd avtonəqliyyat vasitəsinin satışı nəticəsindilə əldə olunan vəsait ilə əlaqədar olmuşdur ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərib-göstərməməsi, eləcə də onun vergi uçotuna düzgün alınıb-alınmaması ilə bağlıdır. Başqa sözlə, necə ki, inzibati məhkəmə icraatı zamanı formalaşmış praktika qərarların ləğvi ilə bağlı işlərdə həmin qərarın qəbulu zamanı vergi və digər aidiyyəti qanunvericilik aktlarının pozulmasına (məsələn: sahibkarlıq fəaliyyəti üzrə yoxlamalarla bağlı reyestrdə məlumatın daxil edilməməsi, yoxlamaların keçirilməsinə dair qərarın qəbulunun əsassız olması, ekspertizanın təyini, aparılması ilə bağlı qaydaların pozulması və s), əsassız qərarların qəbul edilməsinə işin mahiyyəti üzrə həllini həyata keçirmək üçün münasibət bildirə bilirsə, məhkəmə hesab edir ki, analoji hal tətbiq edilərək hazırkı işin həllində mühüm əhəmiyyət daşıyan, iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olubolmamasının müəyyən edilməsi üçün də onun vergi uçotuna düzgün alınıb-alınmamasının yoxlanılması da məhkəmə baxışının predmetini təşkil edir. Bu istiqamətdə qiymətləndirilmənin aparılması üçün məhkəmə iddiaçının sahibkar olub-olmaması, qərarın düzgün olub-olmamasının müəyyənləşdirilməsi üçün onun barədə vergi uçotu ilə bağlı hərəkətlərin qiymətləndirməsini zəruri hesab edir və məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 33.1-ci maddəsinin müddəalarına əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbəri şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 34.2-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Eləcə də “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları: 2.1. Vergi orqanında uçota alınan şəxslər uçota dair ərizəni aşağıda göstərilən müddətdə təqdim etməlidirlər: 2.1.1 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək; 2.1.2 Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq; 2.1.3 Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan sonra - bir ay müddətində; 2.1.4 Torpaq mülkiyyətçiləri torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra - bir ay müddətində. 2.2. Fiziki şəxsin uçota alınması, yenidən uçota alınması, uçotdan çıxarılması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi barədə təqdim edilən ərizələrin forması və onların doldurulma qaydaları, fiziki şəxslərin vergi orqanında uçota alınmasını təsdiq edən şəhadətnamənin forması Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilir. 2.3. Vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. 2.9. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən həmin Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi uçotuna alınmış fiziki şəxsə 5 gün ərzində bu barədə vergi orqanı tərəfindən məlumat verilir. Sadalanmış normalarının təhlilinə keçməzdən əvvəl, məhkəmə vergi qanunvericiliyinə görə VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ifadəsini ehtiva edən anlayışın nədən ibarət olmasına münasibət bildirir. Belə ki, vergi ödəyicisi olan hüquqi şəxs, onun filialları və nümayəndəlikləri və ya digər təsərrüfat subyektləri (obyektləri) olduğu yer üzrə, fərdi sahibkar və VM-in müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxs isə yaşadığı yer üzrə vergi orqanında uçota alındıqdan sonra onlara bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə verilən və Azərbaycan Respublikasının bütün ərazisində vahid olan fərdi say nömrəsidir. Vergi orqanlarından VÖEN almaq vergi ödəyicisinin əsas vəzifələrindən biridir. VÖEN vergi ödəyicisinin uçota alındığını təsdiq edən sənəddir. Mülkiyyət formasından saılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən VÖEN verilməklə aparılır. Ümumməlum arqumentlərdən biri odur ki, vergi hüquq münasibətlərinin ən kütləvi iştirakçıları vergi ödəyiciləridir. Vergi ödəyiciləri Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir ki, oların hüquq və vəzifələri Vergi Məcəlləsinin, o cümlədən vergi qanunvericiliyinə daxil olan digər normativhüquqi aktlarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi uçotuna alınması, ona VÖEN və bunun əsasında şəhadətnamə verilməsi qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində həyata keçirilir. Yuxarıda səciyyələnmiş qanunvericiliyin normalarından göründüyü kimi, qanunvericilik vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi ilə şərtləndirilmişdir. Fiziki şəxs məhz sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma barədə vergi orqanına ərizə təqdim etməlidir. Vergi Məcəlləsinin 33.4, 34.1 və 34.2-ci maddələri, eləcə də Qaydaların 2.1, 2.2, 2.3, 2.6-cı bəndləri bilavasitə ərizə əsasında vergi uçotuna alınmanın qaydalarını müəyyən edir. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin ərizəsi əsasında vergi uçotuna alınma 2 qaydada - kağız və elektron formatda aparılır. Qeyd olunur ki, yuxarıda adı çəkilən normaların tələblərindən də görünür ki, Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir. Maddi hüquq normaları birmənalı şəkildə fiziki şəxsin vergi uçotuna alınması üçün həmin şəxsin vergi orqanına könüllü şəkildə müraciət etməsini şərtləndirmişdir. Müqayisə üçün Vergi Məcəlləsinin “X2” adlanan 11-ci fəslində yer almış 155.1-ci maddəsinin müddəalarını göstərmək zəruridir. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Göründüyü kimi fiziki şəxsin vergi orqanlarında uçota alınması üçün elə bir məcburi göstəriş Vergi Məcəlləsində yoxdur yəni sözügedən məsələ fiziki şəxsin könüllü şəkildə vergi orqanlarına verdiyi ərizə əsasında öz həllini tapmalıdır. İşdən müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə ilə cavabdehə hər hansı müraciət etməmiş, nə də cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə açmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının vergi ödəyicisi kimi uçota alınması bilavasitə onun avtonəqliyyat vasitəsinin satışı ilə bağlı göstərdiyi xidmət ilə bağlı olmuşdur. Qeyd olunmalıdır ki, avtonəqliyyat vasitələrinin iki fiziki şəxs arasında alqısatqısının həyata keçirilməsi nə Vergi Məcəlləsində, nədə ki, digər hər hansı bir qanunda sahibkarlıq fəaliyyəti kimi müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2536/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Vergi Məcəlləsinin 33 və 34-cü maddələrində fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması təsbit edilməmişdir.” Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1186/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli; 2-1(102)-2050/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da həmin mövqe bir daha təsdiq edilmişdir. Ümumiyyətlə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şühbələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, AR İXM-nin 398.1-ci maddəsindən də göründüyü kimi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Eyni zamanda,AR CM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət məsuliyyəti müəyyən edilmişdir. Məsuliyyətin cinayət və ya inzibati xəta qanunvericiliyi ilə müəyyən edilməsinin meyarı isə AR CM-nin 190-cı maddəsinin qeyd hissəsindən, eləcə də AR İXM-nin yuxarıda adıçəkilən 398-ci maddəsinin qeyd hissəsindən göründüyü kimi məbləğin 50 min manat olması ilə bağlıdır. Göründüyü kimi cavabdeh iddiaçının vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirdiyini ehtimal edirsə bununla bağlı məbləğin 50 min manatdan aşağı olması nəzərə alınmaqla inzibati xəta qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər həyata keçirilməli idi. Maddənin məzmunundan da göründüyü kimi vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətinin göstərilməsi inzibati xəta məsuliyyəti müəyyən edir. Vergi orqanı isə hazırkı iş üzrə iddiaçını vergi uçotuna alaraq səlahiyyətinə uyğun olmadan inzibati xəta qanunvericiliyinin tətbiqini iddiaçı sahibkarlıq fəaliyyətini qanunsuz həyata keçirsə belə istisna etmişdir. Halbuki hüquqi tənzimləmə konkretdir və əgər şəxsin vergi uçotuna dayanmadan sahibkarlıq fəaliyyəti həyata keçirdiyi müəyyən edilərsə məsuliyyətlə bağlı tədbir görülməsi vergi orqanının səlahiyyətində olub, onun heç bir müraciət olmadan məcburi qaydada qeydiyyata alınması qanunvericiliyin tələblərinə uyğun olmayan hal kimi qiymətləndirməyə əsas verir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının vergi uçotuna alınması ilə bağlı ərizəsi olmadığından, həmçinin bunun əksi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddiaçının vergi ödəyicisi kimi uçotda olması və onun adına VÖEN-nin olması onun hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” forması ilə müraciət etmədiyinə istinad etsə də, bu hal hazırki halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən ərizənin düzgün tərtib olunmaması, ərizənin əsaslandırılmaması imtina əsası qismində çıxış edə bilməz. Əksinə bu hal, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının iddia tələbinin təmin edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.Hazırki mübahisədən isə görünür ki, iddiaçı vergi qeydiyyatının ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciəti üzrə ona yardım göstərilməmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdehin yazılı etirazda qeyd etdiyi əsaslar formal xarakter daşıyır. Eyni zamanda, qeyd edilməlidir ki, vergi uçotunun ləğv edilməsi tələbi mübahisələndirmə növündə iddia olduğundan bununla bağlı əvvəlcədən inzibati orqana müraciət edilməsinə zərurət mövcud deyil. Bununla bağlı qeyd edilməlidir ki, Ali Məhkəmənin 2-1(102)-1512/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hazırkı tələbi ilə iddiaçı məcburi qaydada vergi uçotuna alınması ilə bağlı vergi orqanının tərtib etdiyi aktdan irəli gələn hərəkətlərini mübahisələndirir. Bu səbəbdən, sözügedən tələb öhdəliyin icrası haqqında iddia deyil, mübahisələndirmə haqqında iddia hesab olunmalıdır. Nəticə etibarilə, iddiaçının sözügedən tələbi mübahisələndirmə haqqında iddialara aid olduğundan, bu növ iddialara isə inzibati orqana müraciət şərti şamil olunmadığından, iddiaçının müvafiq tələblə inzibati orqana müraciət etməməsi əsası ilə onun tələbinin mümkün sayılmaması qanunvericiliyin yuxarıda göstərilən normaların pozulmasına səbəb olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərini qiymətləndirərkən qanunvericiliyin tətbiqində səhvə yol vermiş, prosessual hüquq normasını işin hallarına düzgün tətbiq etməmiş, eyni zamanda, işin hallarını tam, hərtərəfli araşdırmayaraq İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı fərdi sahibkar kimi könüllü şəkildə vergi uçotunda qeydə alınması barədə ərizə vermədiyindən və məcburi şəkildə vergi ödəyicisi kimi qeydiyyata alındığından, onun vergi qeydiyyatı ləğv edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibət bildirir. Belə ki, işin hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli qərarın ləğvini tələb edir və bu halı onunla əsaslandırır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı təqdirdə ona gəlir vergisi hesablanmış, bununla da o, əlavə məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati akt iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmasından meydana gəlmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının sahibkarlıq fəaliyyə ilə məşğul olmadığı, ümumiyyətlə fərdi sahibkar kimi könüllü şəkildə vergi uçotunda qeydə alınması barədə ərizənin verilməsi aşkar olunmamışdır ki, nəticə etibarı ilə bu hal iddiaçıya hesablanmış vergi borcunun ləğv edilməsinə səbəb olur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat hüquq normalarının və ya maddi hüquq normalarının pozulması ilə həyata keçirilibsə, bu zaman inzibati icraat çərçivəsində qəbul edilmiş həmin akt qanunsuz sayılır. Məhkəmə hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı təqdirdə vergi ödəyicisi kimi vergi uçotuna aldığıdan, lakin bu hal onun könüllü iradə ifadəsi ilə bağlı olmadığından və bu halı təsdiq edən müraciət də mövcud olmadığından, eyni zamanda vergi uçotundan çıxarılma barədə tələb mübahisələndirmə növündə iddia olması səbəbindən əvvəlcədən inzibati orqana müraciət edilməsi zərurəti olmadığından, iddiaçı barəsində qəbul edilmiş həmin qərar “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına açılmış ********** №-li VÖEN (vergi qeydiyyatı) ləğv edilsin. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş **********846600 saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar