Məhkəmə qərarları › İş №2-1(112)-1858/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1858/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1858/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 saylı əmrin ləğv edilməsi və 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qəradadı ilə iddia tələbi “AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 saylı əmrin qanunsuz olduğu üçün verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən qüvvədən düşmüş hesab edilməsi və 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdən AR Kənd Təsərrüfatı Nazirliyinin aparatında Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi vəzifəsində işləyir. Bu şöbədə işə başladığı tarixdən verilmiş tapşırıqları həmişə vaxtında və layiqli şəkildə icra etmişdir. Bu vaxta qədər əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar ona heç bir irad tutulmamışdır. X11 şöbə müdiri təyin edildikdən sonra ona qarşı həmişə qərəzli şəkildə hərəkət etmişdir. X5 identifikasiyası və coğrafi məlumatlar sektorunun əməkdaşlarından birinə Əsasnaməyə zidd olaraq digər sektorun işini tapşırıb. Bu sektora aid olan bütün işləri isə ona tapşırıb. Bir halda ki, bu sektorun işini 4 nəfər icra edir, bununla əlaqədar iradını bildirərək bu qədər işi təkbaşına çatdıra bilmədiyini deyərək ona öz iradını bildirdikdə, o, Nazirliyin yüksək vəzifəli şəxslərinə deyir ki, bəs Hafiz tapşırıqları icra etmir. X12 tərəfindən tapşırıqların aidiyyəti üzrə verilmədiyi araşdırılmır. xx.xx.2023-cü il tarixində şöbə müdiri Firudin Tağıyev iddiaçını çağıraraq bildirdi ki, torpaq sahələrinin təyinatını və kateqoriyasını dəyişdirilməsi barədə daxil olmuş məlumatlar X3 (ATM) işçisi tərəfindən coğrafi məlumatlar bazasına daxil ediləcək. Ona isə daxil olan layihələrin araşdırılıb rəy verilməsini tapşırdı. xx.xx.2023-cü il tarixində şöbə müdiri torpaq sahəsinin təyinatının və kateqoriyasının dəyişdirilməsi və dövlət təbiət yasaqlığının yenidən təşkili barədə 2 məktubu icra edilməsi üçün ona göndərdi. O, həmin məktubların şöbənin əsasnaməsinə uyğun olaraq aidiyyəti üzrə göndərilməsini xahiş etdi. X11 bildirdi ki, onunla qanunla danışmasın. İddiaçı isə ona bildirdi ki, nazirlik qanunvericiliyə uyğun idarə edilir, şöbə müdirinin istəklərinə uyğun xx.xx.2023-cü il tarixində torpaq sahələrinin təyinatının və kateqoriyasının dəyişdirilməsi ilə bağlı müzakirələr aparılması üçün şöbə müdiri onu çağırdı, ona bu işlərin başqası tərəfindən icra olunduğunu, onun bu barədə məlumatı olmadığını bildirmişdir. Qeyd olunan işlər barədə məlumatı olmadığı üçün müzakirədə iştirak etmədiyini bildirdi. Çox qəribədir ki, şöbə müdiri, o, dövlət qulluqçusu olduğu halda və öz ixtisasına və vəzifəsinə uyğun iş apardığı halda, onun icra etməli olduğu işi X3 işçisinə tapşırıb. X3 işçisi əsassız olaraq nazirlikdə oturub onun işini icra etmişdir. Eyni zamanda şöbə müdiri ATM-nin işçisinə onun işini, eləcə də onun ona kömək etməyini tapşırıb. Bu onun şərəf və ləyaqətini alçaltmışdır. Bu, dövlət qulluqçusunun hüququnu, şərəf və ləyaqətini ləkələyir. Bu barədə o, rəhbərliyə də yazılı müraciət göndərmişdir. Lakin şöbə müdiri bununla əlaqədar onun barəsində rəhbərliyə təqdimat göndərmiş və Nazirliyin xx.xx.2023-cü il tarixli əmri ilə ona töhmət verilmişdir. Həmçinin ona töhmət verildiyinə görə 1700 manat məbləğində əlavə ödənişlərdən də məhrum olmuşdur. Bu məsələni sülhlə həll etmək üçün mediatora da müraciət etmişdir. Lakin mediasiya prosesində cavabdeh tərəf barışığa gəlməmiş və öz istəyi ilə bu əmri ləğv etməmişdir. Bir halda ki, cavabdeh özü də yaxşı bilir ki, o, çox keyfiyyətli, yüksək ixtisaslı mütəxəssis olmaqla, daima üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirir, cavabdeh tərəfindən barəsində belə əsassız və qanunsuz tədbirin görülməsi ona psixoloji cəhətdən də çox pis təsir göstərmişdir. Ona görə də hesab edir ki, bu töhmət barədə olan əmr ləğv edilməli və ona ödənilməmiş əlavə pullar da qaytarılmalıdır.

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçıya verilən tapşırıq qanunverciliyin tələblərinə zidd deyildir və iddiaçı tapşırığın icrasından qəsdən imtina etmişdir. İntizam tənbeh tədbirinə dair icra intizamı qanunverciliyə uyğun formada aparılmışdır. İntizam tənbehi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür və iddiaçının kompensassiya dair tələbi əsassızdır. İddiaçıya verilən tapşırıq qanunverciliyin tələblərinə zidd deyildir və iddiaçı tapşırığın icrasından qəsdən imtina etmişdir. Belə ki, İddiaçı ilə Nazirlik arasında bağlanmış 2016-cı il 29 sentyabr tarixli 1289 nömrəli Əmək müqaviləsinin 3-cü bəndində kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edilməsində iştirak etmək, əmək və icra intizamına riayət etmək, şöbə müdirinin və sektor müdirinin digər xitməti tapşırıqlarını yerinə yetirmək və sair onun qulluq funksiyaları kimi müəyyən edilmişdir. X10 Nazirinin 2018-ci il 27 dekabr tarixli 08Q nömrəli Əmri ilə təsdiqlənmiş Torpaqdan istifadəyə nəzarət şöbəsinin Əsasnaməsinin 5.2.2-ci yarımbəndinə əsasən şöbə müdiri tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir. İddiaçının iddia ərizəsində özünün də təsdiqlədiyi kimi, o, Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi kimi 2023-ci il 29 mart tarixində torpaqların kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı şöbə müdiri F.Tağıyevin xidməti otağında keçirilən iclasda iştiraka dair tapşırığın icrasından nümayişkaranə şəkildə imtina etmişdir. Şöbə müdiri İddiaçı xidməti telefonuna zəng edərək yenidən iclasa dəvət etmiş, buna baxmayaraq iclasın ona aid olmadığını bildirərək iclasda iştrak etməmişdir. Halbuki, şöbə müdürünün iddiaçının iştirakını təmin etməkdə məqsədi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarının 1.16-cı bəndinin (1.16. Torpağın bir kateqoriyadan digərinə keçirilməsi zamanı onun hüquqi statusu, məqsədli təyinatı, hüquqi rejimi, kəmiyyət və keyfiyyət göstəriciləri, təbii-coğrafi şəraiti, o cümlədən təbii və antropogen landşaft xüsusiyyətləri və onların sabitliyi nəzərə alınır.) tələblərindən irəli gələrək mütəxəsis qismində iddiçının rəyinin öyrənilməsi olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçıya bir-başa rəhbəri tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.2-ci və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən verilmiş tapşırıq həm onunla bağlanılan əmək müqaviləsinə, həm də qanunverciliyə əsasən dövlət qulluqçusu kimi iddiaçının vəzifələri hüdudunda olmuşdur. Hətta şərti olaraq iddiaçının iddiası ilə razılaşaraq qəbul etsək ki, torpağın bir kateqoriyadan digərinə keçirilməsinə dair icraat birbaşa iddiaçının çalışdığı sektorun iş funksiyalarına daxil deyildir, (baxmayaraq ki, bu şöbənin ümumi işi kimi şöbənin rəhbəri tərəfindən iş yükünə və funsional bacarıqlarına əsasən işçilər arasında iş bölgüsü aparılır) “Dövlət qulluğu haqqında” Qanunun 18.0.6-cı maddəsini və iddiaçı ilə bağlanılan 1289 nömrəli Əmək müqaviləsinin 3-cü bəndinə əsəsən iddiaçı şöbə müdürünün tapşırığını icra etmə idi. Lakin bunan baxmayaraq iddiaçı ərizəsində etiraf etdiyi kimi şöbə müdürü tərəfindən ona verilən tapşırığı əsassız mülahizələrinə əsasən qanunsuz hesab etdiyinə və şöbə müdürünün şöbə qarşısında qoyulan tapşırıqdan irəli gələrək “X7" ilə əməkdaşlığını şəxsiyyətinə hörmətsizlik kimi qiymətləndirdiyindən ərizədə təsdiq etdiyi kimi verilən tapşırığın icrasından qəsdən və bilərək imtina etmişdir. İntizam tənbeh tədbirinə dair icra intizamı qanunverciliyə uyğun formada aparılmışdır. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh mübahisəli əmrinin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.1-ci maddəsi), cavabdehin əmri qəbul olunan anda qüvvədə olan maddi hüquq normalarına, habelə inzibati icraatla bağlı tələblərə zidd olmamış və bunun nəticəsində iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 70.1-ci maddəsi), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin əmri mövcud inzibati praktikaya zidd olmamaqla, onun inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında" Qanunun 13.2 və 17-ci maddələri). İdidaçı şöbə müdürünün qanuni tapşırığını icra etməkdən imtina etdikdən sonra F.Tağıyev tərəfindən Elm, təhsil və insan resursları şöbəsinin müdiri, etik müvəkkil X6 bu hərəkətləri barədə məlumat vermişdir. İ.Süleymanov F.Tağıyevin xidməti otağına gəlmiş və bundan sonra F.Tağıyev İddiaçı yenidən daxili telefon nömrəsinə zəng edərək iclasa dəvət etməsinə baxmayaraq o, iclasa qatılmamışdır. İddiaçı bu hərəkətindən sonra H.Süleymanov İddiaçı F.Tağıyevin öz xidməti otağına dəvət edərək iclasda iştrak etməməsinin səbəbləri barədə ona suallar vermişdir. İddiaçı iclasın ona heç bir aidiyyəti olmadığını və həmin iclasda iştrak etməyəcəyi cavabını vermişdir. Bununla əlaqədar İddiaçı bütün bu etik davranış qaydalarından kənar əməlləri barədə 2023-cü il 30 mart tarixində Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Elm, təhsil və insan resursları şöbəsinin müdiri, etik müvəkkil İlham Süleymanov, Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun baş məsləhətçisi Ülvi Paşayev və X3 aparıcı mütəxəssisi Nicat Əhədi tərəfindən Akt tərtib olunmuşdur. 2023-cü il 10 aprel tarixində İddiaçı baş verənlərə iddia ərizəzində qeyd edilənlərlə eyni məzmundə izahat vermişdir. İntizam tənbehi xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür və iddiaçının kompensassiya dair tələbi əsassızdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-22/3-1-285/2023 nömrəli əmrlə Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların idenfikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi İddiaçı xidməti fəaliyyəti zamanı etik davranış qaydalarına əməl etmədiyinə görə verilmiş intizam tənbehi xx.xx.2023-cü il tarixdə mükafatlandırıldığı üçün qüvvədən düşmüşdür. Belə ki, əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə, işçinin maddi marağının artırılması məqsədi ilə müvafiq əmrdə qeyd olunduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin ikinci hissəsinə əsasən aparılmışdır. Əmək haqlarına əlavələr edilməsi yolu ilə aparılan mükafatlandırma özlüyündə fərdi xarakter daşıyır, stabil və sabit deyil, mükafatın ümumiyyətlə verilib-verilməməsi, mükafatlandırılacaq işçilərin siyahısı və mükafatın miqdarı qurum rəhbəri tərəfindən hər dəfə ayrı bir əmrlə müəyyən olunur. Məsələn 2022-cilin yanvar, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar və fevral aylarında iddiaçı daxil omaqla qrumun heç bir əməkdaşı mükafatlandırılmamışdır. Yenə də, iddiaçıya 2022-ci ilin fevral ayında 880 manat, yəni əmək haqqının 100 faiz miqdarında mükafat verilsə də, eyni ilin avqust ayında 528 manat (beş yüz iyirmi səkkiz) manat, sentyabr ayında 504 (beş yüz dörd) manat, oktyabr ayında 440 (dörd yüz qırz) manat, 2023-cü ilin iyun ayı üçün əmək haqqının 60 faiz miqdarında verilmişdir. Bütün işçilərin əmək haqlarına əlavələrin edilməsi formasında mükafatlandırılmasını və və bu mükafatın əmək haqlarının 100 faiz midarında olmasına dair qurumun üzərinə öhdəlik kimi qoyan hər-hansı bir normativ hüquqi akt mövcud deyildir. Yuxanda qeyd olunanlardan göründüyü kimi iddiaçı da daxil olmaqla heç də işçinin stabil olaraq, sabit məbləğdə mükafatlandırılması aparılmır, mükafatlandırma və onun miqdarı fərdi xarakter daşıyır, özlüyündə iddiaçı da özü də iddia ərizəsində mükafatlanmanın fərdi xarakterini etiraf etmişdir. Belə ki, iddia ərizəzindən göründüyü kimi iddiaçı 1.700 (bir min yeddi yüz) manat məbləğində kompensasiya tələb etməkdədir. Göstərilən məbləğ iddiaçının əmək haqqı olaraq aldığı 880 (səkkiz yüz səksən) manatın 100 faiz təşkil etməklə yalnız 2023-cü ilin aprel ayı üçün nəzərdə tutduğu məbləğdir. Yəni iddiaçı almamasına baxmayaraq 2023-cü ilin may ayının mükafatını kompensasiya olaraq tələb etmir. Çünki sözügedən tarixdə inzibati orqanın heç bir əməkdaşı mükafatlandırılmamışdır. Yenə də iddiaçı sözügedən məbləği hesablayarkən 2023-cü ilin aprel ayında mükafat alacağı və alacağı mükafatın əmək haqqının 100 faiz miqdarında olacağı ehtimalını əsas götürmüşdür. Halbuki, iddiaçı sonuncu dəfə 2022-ci ilin fevral ayında əmək haqqının 100 faiz miqdarında əlavə almaqla mükafatlandırıldığı kimi heç də bütün aylarda mükafat almamışdır.

5. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-22/3-1-285/2023 nömrəli əmrlə Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi İddiaçı xidməti fəaliyyəti zamanı etik davranış qaydalarına əməl etmədiyinə görə “töhmət” elan verilmişdir.

6. İş materiallarında olan “İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması barədə” 30 mart 2023-cü il tarixli akrta əsasən İddiaçı tərəfindən əmək vəzifələrini kobud şəkildə pozulduğu Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Elm, təhsil və insan resursları şöbəsinin müdiri, etik müvəkkil İlham Süleymanov, Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun baş məsləhətçisi Ülvi Paşayev, X3 Nicat Əhədinin imzaları ilə təsdiq edilmişdir. Həmin aktda qeyd olunur: Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi İddiaçı 2023-cü il 29 mart tarixində torpaqların kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı şöbə müdiri F.Tağıyevin xidməti otağında keçirilən iclasa dəvət olunsa da iclasa qatılmamış, nümayişkaranə şəkildə iclasda iştirak etməkdən imtina etmişdir. Şöbə müdiri İddiaçı xidməti telefonuna zəng edərək yenidən iclasa dəvət etmiş, buna baxmayaraq iclasın ona aid olmadığını bildirərək iclasda iştirak etməmişdir. F.Tağıyev tərəfindən Elm, təhsil və insan resursları şöbəsinin müdiri, etik müvəkkil İlham Süleymanova İddiaçı bu hərəkətləri barədə məlumat verilmişdir. İ.Süleymanov F.Tağıyevin xidməti otağına gəlmiş və bundan sonra F.Tağıyev İddiaçı yenidən zəng edərək iclasa dəvət etməsinə baxmayaraq o, iclasa qatılmamışdır. İddiaçı bu hərəkətindən sonra İ.Süleymanov İddiaçı F.Tağıyevin xidməti otağına dəvət etmiş və iclasda iştirak etməməsinin səbəbləri barədə ona suallar vermişdir. İddiaçı iclasın ona heç bir aidiyyəti olmadığını və həmin iclasda iştirak etməyəcəyi cavabını vermişdir.

7. Cavabdehin “İddiaçı əmək fəaliyyətinin araşdırılmasını və onun barəsində müvafiq tədbir görülməsi barədə” Təhriri məruzəsinə əsasən, İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması xahiş edilmişdir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçının vəkili, məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən cavabdehin nümayəndəsi əmrin məzmununa uyğun izahat verərək onun təmin edilməməsini xahiş etdi. İİ.İddianın növü və mümkünlüyü

10. İddia tələbi əmrin qanusuz hesab edilməsi hissəsində mübahisələndirməyə dair iddiadır.

11. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

12. İddiaçı məhkəməyə xx.xx.2023-cü ildə müraciət etmişdir.

13. İddiaçı ilk olaraq mediasiyaya müraciət etmiş məhkəməyə müraciət etmədən bunun nəticəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. Məhkəmə iddiaçının fikrincə sözügedən əmrin ləğv edilməsi üçün araşdırmanın aparılmasını, eləcə də həmin müddətdə iddiaçının hərəkətsiz qalmadığını, əmrin ləğvi ilə bağlı mediasiya təşkilatına, həmçinin Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisinə müraciət etdiyini və müraciətinə cavab gözlədiyini nəzərə almış, əmrdən şikayət verilməsi ilə bağlı iddiaçının ötürdüyü prosessual müddət məhkəmə qərardadı ilə bərpa olunmuşdur.

İİİ.Tətbiq edilən hüquq

15.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun: 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 16.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9. Mədəni davranış Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Maddə 10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi 10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. 10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. 10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. 17.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə 20 aprel 2005-ci il tarixli, 226 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının: 13.Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir.

18. Kənd təsərrüfatı naziri: 18.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir; 18.7. Nazirlik sistemi işçiləri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, fəxri adlarla təltif edilmək üçün təqdimat verir;

İV.Məhkəmənin mövqeyi

18.İddia tələbi AR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/3- 1-285/2023 saylı əmrin qanunsuz olduğu üçün verildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən qüvvədən düşmüş hesab edilməsi və 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabehdən tutularaq ona ödənilməsidir.

19. Məhkəmə qeyd edir ki, iddiaçı torpaqdan istifadəyə nəzarət şöbəsinin torpaqların identifikasiyası və coğrafi məlumatlar sektorunun böyük məsləhətçisi vəzifəsində çalışır.

20. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri tərəfindən 17 mart 2023-cü il tarixdə torpaqların kateqoriyasının (təyinatının) dəyişdirilməsi ilə bağlı Nazirliyə daxil olmuş 15 mart 2023-cü il tarixli 3-22/1- 1294/2023 nömrəli və 16 mart 2023-cü il tarixli 3-22/1-1308/2023 nömrəli sənədlər “Torpaqların identifikasiyası və coğrafi məlumatlar sektoru”nun böyük məsləhətçisi İddiaçı icrasına göndərilmişdir. İddiaçı tərəfindən həmin sənədlərin icrasının onun vəzifələrinə aid olmadığını əsas gətirərək icrasından imtina etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə torpaqların kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı şöbə müdiri F.Tağıyevin xidməti otağında keçirilən iclasa dəvət olunsa da iclasa qatılmamış, iclasda iştirak etməkdən imtina etmişdir. Şöbə müdiri İddiaçı xidməti telefonuna zəng edərək yenidən iclasa dəvət etmiş, buna baxmayaraq iclasın ona aid olmadığını bildirərək iclasda iştirak etməmişdir. F.Tağıyev tərəfindən Elm, təhsil və insan resursları şöbəsinin müdiri, etik müvəkkil İlham Süleymanova İddiaçı bu hərəkətləri barədə məlumat verilmişdir. İ.Süleymanov F.Tağıyevin xidməti otağına gəlmiş və bundan sonra F.Tağıyev İddiaçı yenidən zəng edərək iclasa dəvət etməsinə baxmayaraq o, iclasa qatılmamışdır. İddiaçı bu hərəkətindən sonra İ.Süleymanov İddiaçı F.Tağıyevin xidməti otağına dəvət etmiş və iclasda iştirak etməməsinin səbəbləri barədə ona suallar vermişdir. İddiaçı iclasın ona heç bir aidiyyəti olmadığını və həmin iclasda iştirak etməyəcəyi cavabını vermişdir.

21. Məhkəmə iclasında iştirak edən İddiaçı öz çıxışında bildirdi ki, iclasın ona aidiyyəti olmadığından və işin araşdırmasında iştirak etmədiyindən rəhbərlik tərəfindən çağrılmasına baxmayaraq həmin iclasda iştirak etməmişdir.

22. Məhkəmə qeyd edir ki, iddiaçı ilə nazirlik arasında bağlanmış xx.xx.2016-cı il tarixli 1289 nömrəli Əmək müqaviləsinin 3-cü bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə bağlı məlumatların toplanması, araşdırılması və sistemə daxil edilməsində iştirak etmək, əmək və icra intizamına riayət etmək, şöbə müdirinin və sektor müdirinin digər xitməti tapşırıqlarını yerinə yetirmək dövlət qulluqçusunun (iddiaçının) qulluq funksiyaları kimi müəyyən edilmişdir. X8 Nazirinin 2018-ci il 27 dekabr tarixli 08Q nömrəli Əmri ilə təsdiqlənmiş Torpaqdan istifadəyə nəzarət şöbəsinin Əsasnaməsinin 5.6.3-cü bəndinə əsasən şöbə müdiri tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir.

23. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya rəhbəri tərəfindən onunla bağlanılan əmək müqaviləsinə, həmçinin qanunverciliyə uyğun tapşırıq verilmişdir. Buna baxmayaraq iddiaçı ona verilən tapşırığın icrasından imtina etmişdir. Odur ki, məhkəmə mübahisələndirilən əmrin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulduğu halları müəyyən etmir.

24. İddia tələbinin 1700 manat ödənişin və 50 manat mediasiya xərcinin cavabehdən tutularaq ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin təqdim etdiyi bank hesabından çıxarışdan və işçınin şəxsi vərəqəsindən müəyyən edildi ki, iddiaçı 2022-cilin yanvar, noyabr, dekabr aylarında, 2023-cü ilin yanvar və fevral aylarında mükafatlandırılmamışdır. İddiaçıya 2022-ci ilin fevral ayında 880 manat, yəni əmək haqqının 100 faiz miqdarında mükafat verilmiş, avqust ayında isə 528 manat manat, sentyabr ayında 504 manat, oktyabr ayında 440 (dörd yüz qırz) manat, 2023-cü ilin iyun ayı üçün əmək haqqının 60 faiz miqdarında verilmişdir. İddiaçı məhkəmə iclasında özü etiraf etdi ki, 2022-2023-cü il tarixlərdə 5 ay müddətində işçilər mükafatlandırılmamışdırlar və mükafat almaq rəhbərlik tərəfindən asılı olan haldır.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

157. Əməyin ödənilməsi sistemi və növləri

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

26. Məhkəmə qeyd edir ki, əmək haqqına əlavələr edilməsi yolu ilə aparılan mükafatlandırma iş materillarından göründüyü kimi fərdi xarakter daşımaqla, stabil olmamış, mükafatın verilməsi isə rəhbərliyin müvafiq əmri ilə həyata keçirilmişdir. 27.“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun: 23.4. Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında münasibətlər mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə ilə tənzimlənir. Mediasiya xidmətlərinin göstərilməsinə dair bağlanan müqavilədə mediatorun və ya mediasiya təşkilatının, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, konfidensiallıq, mediasiya xərcləri, bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər şərtlər müəyyən olunur. 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

28. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, həmçinin mediasiya təşkilatına müraciət könüllü olduğundan və mediasiya xərcləri məhkəmə xərclərinə aid olmadığından iddia tələbi mediasiya xərlərini cavabehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsassızdır.

29. İPM-nin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar