Məhkəmə qərarları › İş №2-1(112)-1859/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1859/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1859/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1991-ci il tarixdə vəfat etmiş anası Xeyransa Abdul qızının icarəsində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 saylı bağlı 0,13 ha hissəsinin Xeyransa Abdul qızına məxsus olması haqqında arayış verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəf sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1986-cı il tarixli 15931 saylı bağ sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 0,25 hektar, 2013 saylı torpaq sahəsinin yerdə qalan 0,12 hektar bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə tələb “Bağ sahəsinin icarəyə verilməsi haqqında xx.xx.1986-cı il tarixli, 15931 saylı müqaviləyə əsasən Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 0,25 hektar, 2013 saylı torpaq sahəsinin mərhum Xeyransa Abdul qızının istifadəsində qalmış 0,12 hektar torpaq sahəsi üzərində hüquqların Xeyransa Abdul qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli,3-21-3-30/2- R-0245-8/2023 ******* 24541 saylı məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 saylı bağ sahəsinin 0,13 ha hissəsinin iddiaçının mərhum anası Xeyransa Abdul qızına məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2023-cü il tarixli müraciəti təmin edilməmiş, buna əsas olaraq isə göstərilmişdir ki, həmin torpaq sahəsinə dair mərhum Xeyransa Abdul qızının adına hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. İddiaçı cavabdehin qeyd edilmiş məktubu ilə razı deyil və hesab edir ki, iddiası təmin edilməlidir. Qeyd edilir ki, cavabdeh belə bir nəticəyə gələrkən ümümiyyətlə müraciətə əlavə edilərək təqdim edilən rəsmi sənədlərə, subutlara, maddi hüquq normaların tələblərinə və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2365/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hallara əhəmiyyət və diqqət yetirməmişdir. İddiaçının mərhum anası Xeyransa Abdul qızının istifadəsində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 2013 saylı bağ sahəsi olmuş, həmin bağ sahəsinə dair Bağlar Təsərrüfatı İdarəsi ilə mərhum Xeyransa Abdul qızının aralarında xx.xx.1986-cı il tarixli 15931 saylı müqavilə bağlanmışdır. 1988-ci ildə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə vətəndaşların istifadəsinə yalnız sahəsi 0,12 ha olan bağ sahələrinin verilməsinin mümkünlüyü əsas götürülməklə mərhum Xeyransa Abdul qızına icarəsində və istifadəsində olan 2013 saylı 0,25 ha bağ sahəsinin 0,12 ha başqa şəxsin adına rəsmiləşdirilməsi təklif edilmiş, bu əsasla və anasının razılığı ilə sahəsi 0,25 ha bağ sahəsinin 0,12 ha hissəsinə dair X7 ilə 15931 nömrəli xx.xx.1989cu il tarixli icarə müqavəsi bağlanmışdır. 2013 saylı bağın qalan 0,13 ha hissəsi isə anasının və onun ailə üzlərinin, o cümlədən də iddiaçının istifadəsində qalmış, xx.xx.1991ci ildə anası Xeyransa Abdul qızı, xx.xx.1993-cü ildə isə atası X11 vəfat etmişdir. Xeyransa Abdul qızı vəfat edən günədək 2013 saylı bağın 0,13 ha hissəsinə dair onunla yeni icarə müqaviləsi bağlanmamış olsa da, həmin bağ sahəsi vəfat edən günədək onların və iddiaçının, vəfatlarından sonra isə bu günədək iddiaçının istifadəsində qalmışdır. Hazırda iddiaçının xx.xx.1991-ci ildə vəfat etmiş anası Xeyransa Abdul qızından miras qalmış əmlaklara dair Bakı şəhəri 39 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmışdır. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlərlə müəyyən olunur ki, hazırda iddiaçının istifadəsində olan 0,13 ha bağ sahəsi əvəllər 0,25 ha sahəli 2013 saylı bağ sahəsi olmaqla xx.xx.1986-cı ildən anası Xeyransa Abdul qızının icarəsində olması faktı DƏDRX-nin xx.xx.2017-ci il tarixıi,**********02 saylı, xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubları ilə təsdiq olunur. DƏDRX-nin xx.xx.2022-ci il tarixıi, **********90 saylı məktubu ilə isə Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 2013 saylı bağ sahəsinə aid arxiv qovluğunda bağ sahəsinin ilkin çizgilərinin mövcud olduğu, lakin yalnız məhkəmə sorğusu əsasında verilə biləcəyinə istinad edilmişdir. Göstərilənlərə əsasən tələbin təmin edilməsi xahiş edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim eetmişdir. Etirazda bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.13 ha torpaq (bağ) sahəsinin mərhum Xeyranisə Abdul qızına məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, həmin hissəyə dair Xeyransa Abdul qızının adına hüquqmüəyyənedici sənəd (müqavilə) təqdim edilməmişdir. Məlumat üçün bildirilir ki, ünvan 1 (0,25 ha) 15931 №li müqavilə ilə Xeyransa Abdul qızının icarəsinə verilmişdir. Onun razılıq ərizəsi əsasında bağ sahəsinin 0,12 ha hissəsinə dair X7 ilə müqavilə bağlanılmış və müvafiq bağ sahəsinin 0,12 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyatdan keçmişdir. Həmçinin 2013 saylı bağın arxiv qovluğundakı cizgiyə əsasən iddia olunan sahə 2013 a saylı bağın ərazisidir. Əlavə olaraq arxiv cizgisinə əsasən iddia olunan sahənin keçid yolu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 2013 saylı bağ sahəsinin (0,12 ha) ərazisindən olmalı olsa da, bağ sahəsinin hal-hazırda baş planına əsasən faktiki keçid yolu mövcuddur. Bu keçid yolu sxematik xəritə və arxiv cizgisinə əssən digər bağ sahələrinin ərazilərinə uyğun gəlir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsinin ölçüsü 0,1232 hektardır. Məlumat üçün bildirilir ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-3279/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin icarə müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2365/2023 saylı qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3279/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi təmin edilməmişdir. Bu səbəbdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********24 saylı cavab məktubu ünvanlanmışdır. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilənləri müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 saylı bağ sahəsinin 0.13 ha hissəsinə dair massivində yerləşən 2013 nömrəli bağ sahəsi (0.25 hektar) 15931 nömrəli, xx.xx.1986-cı il tarixli müqavilə əsasında Xeyransa Abdul qızına icarəyə verilmişdir. İcarədarın razılıq ərizəsi əsasında sözügedən bağ sahəsi X2 adına keçirilmiş və onunla 2013 nömrəli bağ sahəsinə dair (müqavilədə bağın sahəsi 0.12 hektar göstərilib) müqavilə bağlanılmışdır. Yerdə qalan hissəyə dair Xeyranisə Abdul qızının adına müqavilə arxiv qovluğunda aşkar olunmamışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 saylı bağ sahəsinin 0.13 ha hissəsinə dair Xeyranisə Abdul qızının adına hüquqmüəyyənedici sənədin (müqavilə) arxiv qovluğunda aşkar olunmaması əsas gətirilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - A3№1211884 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X6, anası Xeyransa Abdul qızıdır. - Sabunçu rayonu Zabrat qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 220509№-li, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xeyranisə Abdul qızı xx.xx.1991-ci il tarixdə ölmüş, bu barədə xx.xx.1991-ci il tarixdə 84 № ilə ölüm akt qeydi aparılmışdır. - Bakı şəhər 39 saylı Notariat Ofisi tərəfindən tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xeyranisə Abdul qızından qalmış ünvan 1 ünvanında yerləşən 0,13 hektar torpaq sahəsinə dair İddiaçı adına çıxarışın verilməsi xahiş edilmişdir. -Nərimanov Rayon Məhkəməsinin 2(005)-3279/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin icarə müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2365/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov rayon Məhkəməsinin 2(005)-3279/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi təmin edilməmişdir. Məhkəmənin sorğusu ilə cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2013 saylı bağ sahəsinin arxiv qovluğunda olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Xeyransa Abdul qızı 21 fevral 1967-ci il tarixli ərizə ilə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Trestinə müraciət edərək Kürdəxanı rayonu (Ləhiş) ərazisində ona bağ sahəsinin ayrılmasını xahiş etmişdir. -Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Tresti ilə Xeyransa Abdul qızı arasında bağlanmış 19 aprel 1968-ci il tarixli 15931 nömrəli müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektar sahədən ibarət 2207 №li bağ sahəsi 19 aprel 1974-cü il tarixədək Xeyransa Abdul qızının icarəsinə verilmişdir. -Xeyransa Abdul qızı xx.xx.1985-ci il tarixli ərizə ilə Bakı şəhər Bağlar İdarəsinə müraciət edərək 2207 nömrəli bağ sahəsinin müqaviləsinin vaxtının 1974-cü il tarixdən qurtardığını nəzərə alaraq müqavilənin vaxtının uzadılmasını xahiş etmişdir. -“Bağ sahəsinin və tikintilərin uzun müddətli icrayə verilməsi üçün” Bakı Bağlar Təsərrüfatı İdarəsi ilə Xeyransa Abdul qızı arasında bağlanmış 27 iyun 1986-cı il tarixli 15931 №li müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektar sahədən ibarət 2013 saylı bağ sahəsi Xeyransa Abdul qızının icarəsinə verilmişdir. -Xeyransa Abdul qızı xx.xx.1989-cu il tarixli ərizə ilə Bağlar İdarəsinə müraciət edərək ona məxsus 15931 nömrəli müqaviləyə əsasən bağ sahəsinin baldızı qızı X2 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. -“Bağ sahəsinin və tikintilərin uzun müddətli icrayə verilməsi üçün” Bakı şəhər X14 ilə X7 arasında bağlanmış 31 oktyabr 1989-cu il tarixli 15931 №li müqavilə əsasında Ləhiş qəsəbəsində 0,12 hektar sahədən ibarət 2013 nömrəli bağ sahəsi X2 icarəsinə verilmişdir. -Bağlar Təsərrüfatının inkişafı və X10 ərazisindəki 0,12 ha sahədən ibarət 2013 nömrəli bağ 15931 saylı, xx.xx.2005-ci ilı tarixli müqavilə əsasında X2 istifadəsinə verilmişdir. -Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha sahəsi olan 2013 saylı bağ sahəsinə X2 adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. -xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə X7 qeyd olunan bağ sahəsini (0,12 ha) X1. -Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 0,12 ha sahəsi olan 2013 saylı bağ sahəsinə X8 adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış xx.xx.1986-cı il tarixli, 15931 nömrəli müqavilə əsasında iddiaçının mərhum anası Xeyransa Abdul qızına Ləhiş qəsəbəsində 2013 saylı, 0,25 ha bağ sahəsi icarəyə verilmişdir. X3 razılığı ilə sözügedən bağ sahəsinin 0,12 hektar hissəsi Bakı şəhər X14 ilə X7 arasında bağlanmış xx.xx.1989-cu il tarixli 15931 nömrəli müqaviləyə əsasən X2 icarəyə verilmişdir. Yerdə qalan 0,13 ha torpaq sahəsi Xeyransa Abdul qızının və onun ailə üzvlərinin istifadəsində qalmışdır. İddiaçı 2013 saylı bağ sahəsinin istifadələrində qalmış 0,12 ha sahəsi üzərində hüquqların ölmüş Xeyransa Abdul qızına məxsus olması barədə arayış verilməsi üçün cavabdeh inzibati orqana müraciə etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin əsas dəlili odur ki, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. AR Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarlarında qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının vərəsəsi olduğu Xeyransa Abdul qızı arasında bağlanmış 2013 saylı bağ sahəsinin Xeyransa Abdul qızına icarəyə verilməsinə dair xx.xx.1986-cı il tarixli, 15931 nömrəli müqavilə yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsinə uyğun gəlir. Qeyd olunan müqavilənin arxiv əsasları mövcuddur, həmin müqavilə qüvvədədir, müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Göstərilən xüsusatlar tərəflər üçün preyudisial əhəmiyyət daşıyan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2365/2023 saylı qətnaməsi ilə də təsbit edilmişdir. Belə ki, sözügedən qətnamədə göstərilmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən və xx.xx.1986-cı il tarixli müqavilə əsasında iddiaçının anası Xeyransa Abdul qızına icarəyə verilmiş 2013 saylı bağ sahəsinin 0,12 ha hissəsi icarədarın razılıq ərizəsi əsasında X5 verildikdən sonra qalan 0,13 ha sahə Xeyransa Abdul qızının istifadəsində qalmış və onunla bağlanmış xx.xx.1986-cı il tarixli müqavilə ləğv edilməmişdir. Ləğv edilməmiş müqavilənin bağlanmış hesab olunmasında hər hansı hüquqi maraq ola bilməz” (48-49-cu bəndlər). Məhkəmə cavabdehin digər imtina dəlilləri ilə də razılaşmayaraq bildirir ki, cavabdeh inzibati orqan göstərilən sahənin arxiv qovluğundakı cizgiyə əsasən 2013 a saylı torpaq sahəsinin ərazisinə uyğun gəlməsini təsdiq edən hər hansı dəlil verməmiş, ərazinin ortofoto görüntüsünün təqdim edilməsi ilə bağlı sorğuya “şərait yaradılmadı” əsası ilə cavab vermişdir ki, məhkəmə bu halı formal imtina əsası kimi qəbul edir. 2013 saylı bağın 0,12 ha hissəsinin (dəqiqləşdirilmiş tələbə görə) iddiaçının mübahisəsiz istifadəsində olması isə həm hazırkı işin halları, həm də yuxarıda istinad olunan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Bundan başqa göstərilən sahəyə müraciəti qeydə alınmış şəxsə cavabdeh tərəfindən verilmiş məktubdan görünür ki, həmin şəxs 2013 və ya 2013 a saylı sahəyə deyil, 2021 a saylı bağ sahəsinə iddia edir. Hazırkı iş üzrə verilmiş cavablarda isə iddiaçının naturada göstərdiyi sahənin bağların bölgü sxeminə əsasən 2013a saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi bildirilmişdir. Belə olan iddiaçının istifadəsində olan sahənin 2021a nömrəli bağla üst-üstə düşməsi elə cavabdehin özü tərəfindən təkzib edilmiş olur. Nəzərə almaq lazımdır ki, iddiaçının məqsədi Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 2013 saylı bağ sahəsinin 0,12 ha hissəsinin Nazilə Səfərovaya icarəyə verilməsindən sonra mərhum Xeyransa Abdul qızının istifadəsində qalmış 0,12 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyatından ibarətdir. Belə olan halda müvafiq uyğunsuzluq varsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətinə aid edilmiş məsələdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Mövcud halda isə qeyd olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin halları ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, “Bağ sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.1986-cı il tarixli, 15931 saylı müqaviləyə əsasən Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 0,25 hektar, 2013 saylı torpaq sahəsinin mərhum Xeyransa Abdul qızının istifadəsində qalmış 0,12 hektar torpaq sahəsi üzərində hüquqların Xeyransa Abdul qızına məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Bağ sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.1986-cı il tarixli, 15931 saylı müqaviləyə əsasən Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 0,25 hektar, 2013 saylı torpaq sahəsinin mərhum Xeyransa Abdul qızının istifadəsində qalmış 0,12 hektar torpaq sahəsi üzərində hüquqların Xeyransa Abdul qızına məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar