Məhkəmə qərarları › İş №2-1(112)-186/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-186/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-186/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı prosessual hüquqi varisi X5, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla cavabdehin məktubun qanunsuz sayılması, yaşayış sahəsinin təyinatının dəyişdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/S-71/2-162 saylı məktubunun qanunsuz sayılmasına və Cavabdeh üzərinə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 2A saylı evin 139 saylı mənzilindəki yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 2A saylı binanın 139 saylı mənzili ÖM seriyalı 208265 saylı qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2004-cü il tarixdən onun xüsusi mülkiyyətindədir. Mənzil 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və həmin binanın 1-ci mərtəbəsində yerləşən bir çox mənzillər uzun illərdir ki, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərərək, qapıları küçəyə açılmışdır. Hazırda o, təqaüdçüdür, ağır onkoloji xəstəlikdən əziyyət çəkir. Mütəmadi olaraq kimya terapiyasından və digər bahalı tibbi prosedularından keçməli olur. Digər dolanacaq yeri olmadığından, maddi rifahının artırılması və müalicə xərclərinin qarşılanması məqsədilə xüsusi mülkiyyətində olan yaşayış sahəsinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilməsinə və gələcəkdə icarədən əldə olunan gəlir hesabına dolanışığını və müalicə xərclərini təmin etmək istəmişdir. Cavabdehnə mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə dəyişdirilməsi ilə bağlı müraciət etsə də xx.xx.2019-cu il tarixli, 9/S-29-162 saylı məktubla ona sənədləri tam təqdim etməməyi səbəbi ilə imtina verilmişdir. Sonradan müəyyən etmişdir ki, təqdim etdiyi sənədlərdə yalnız qanunda nəzərdə tutulmuş binanın mərtəbəli planı təqdim edilməmişdir. Sənədlərinin qaydasında olması üçün borca girərək, həmin beşmərtəbəli binanın mərtəbəlilik planını da hazılayıb xx.xx.2019-cu il tarixdə digər sənədlərilə birlikdə ərizə ilə yenidən İcra Hakimiyyətinə müraciət etmişdir. Bundan əlavə xx.xx.2019-cu il tarixdə müraciətilə əlaqədar cavabdeh qurumun İcra Başçısının qəbuluna yazılmışdır. xx.xx.2020ci ildə Cavabdeh Başçısının əvəzinə müavini onu qəbul edib dinlədikdən sonra, müraciətinin araşdırılacağını bildirsə də, xx.xx.2020-ci il tarixdə ona cavabdehin ümumi şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli cavab məktubundan ona məlum oldu ki, yenidən ona guya sənədlər toplusunu tam təqdim etməməyi səbəbi ilə müraciətinə imtina cavabı verilmişdir. Səhhəti imkan vermədiyindən, bu işlə məşğul olmaq üçün etibarnamə verdiyi yaxın qohumu məhz hansı sənədin təqdim edilmədiyini soruşduqda, icra hakimiyyətinin Anar Qasımov adlı işçisi guya qapının açılmasına icazə sənədinin təqdim edilmədiyini bildirmişlər. İcra hakimiyyətinin nümayəndəsinə, o cümlədən sonradan danışığa qoşulan hüquqşünasına imtina cavabının əsassız olmasını, konkret olaraq qanunvericiliklə nəzərdə tutulmuş hansı sənədin təqdim edilməməsi səbəbindən imtina verilməsinin məktubda göstərilməli olduğu nəzərlərinə çatdırılsa da icra hakimiyyətinin işçiləri biganəlik nümayiş etdirərək, sadəcə məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Cavabdeh qurumun adından rayon İcra Hakimiyyəti Başçısının müavini Qurban İsmayılovun imza etdiyi 3/S-71/2-162 saylı, xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişlər ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada sənədlər toplusu tam şəkildə Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra qaldırdığı məsələyə yenidən baxıla bilər. Hesab edir ki, cavabdehin həmin məktubu əsassız olduğundan, qanunsuz sayılmaqla cavabdehin üzərinə xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi qoyulmalıdır. O, cavabdeh orqana təqdim etdiyi müraciət ərizəsinə açılması nəzərdə tutulan qapının ölçüsü, harada yerləşəcəyi və fasadda görülməli işlərə dair tam məlumatları əks etdirən eskiz layihəsini təqdim etmişdi və cavabdeh qurum sadəcə sahənin keçirilməsi ilə bağlı həmin qərarında buna dair tələbləri və görülməli işləri əks etdirməli idi. Lakin göründüyü kimi cavabdeh qurum üzərinə düşən öhdəliyi icra etmək əvəzinə, ondan qanunvericilikdə nəzərdə tutulmayan sənədləri tələb etməklə, ona əsassız olaraq məhkəmə çəkişməsinə cəlb edir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan İddiaçı Cavabdehnə S-71/2-162 saylı, 19.12.19-cu il qeydiyyat tarixli ərizə ilə müraciət edərək onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 2A saylı evin 139 saylı mənzilinin yaşayış sahəsinin təyinatının qeyriyaşayış sahəsinə dəyişdirilməsinə dair müvafiq sərəncam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş hüquqları müəyyənləşdirən sənədlərdən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi 2A saylı 5 mərtəbəli binada yerləşən 139 nömrəli mənzil çoxmənzilli binanın birinci mərtəbəsində yerləşir və Mənzil Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyində nəzərdə tutulmuş şərtlərinə cavab vermirdi. Hal-hazırda mənzil Mənzil Məcəlləsinin 20.2-ci maddəsində qeyd olunan tələblərinə cavab vermir. Yəni mənzilin pəncərə oyuqlarının qapı ilə və ya vitrinlə əvəz edilməsi layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh R-52-068, xx.xx.2019-cu il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlər toplusu tam şəkildə Cavabdehnə təqdim etdikdən sonra qaldırdığını məsələyə yenidən baxıla bilər. İddiaçını cavab qane etmədiyidən o məhkəməyə müraciət etməyi üstün tutmuşdur. Qüvvədə olan mənzil qanunvericiliyinin tələbinə görə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi bunun üçün əsaslar olub-olmaması müvafiq icra orqanı tərəfindən araşdırılaraq qəbul edilmiş qərar əsasında həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcələsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçılarınin səlahiyyətlərindədir. Həmin Əsasnamənin 4.17.2-ci maddəsinə əsasən şəhərin vahid inzibati ərazi kimi idarə olunması, ümumşəhər məsələlərinin səmərəli həlli, şəhərin sosialiqtisadi inkişafı məsələlərinin və səlahiyyətlərinə aid olan digər məsələlərin həllini təmin etmək məqsədi ilə şəhər rayonlarının icra hakimiyyəti başçılarının fəaliyyətini əlaqələndirmək rayon bölgüsü olan şəhərlərin icra hakimiyyəti başçılarının əlavə səlahiyyətlərinə aiddir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 136 nömrəli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 05 nömrəli sərəncamında dəyişikliklər edilməsi haqqında” Sərəncamının 4-cü bəndi aşağıdakı redaksiyada verilmişdir. “şəxsi mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə məxsus olan, binaların 1-ci mərtəbəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin və zirzəmilərdəki qeyri-yaşayış sahələrinin pəncərə oyuqlarının qapı və ya vitrinlə əvəz edilməsi layihələri Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra, rayon icra hakimiyyəti başçılarının sərəncamları əsasında həyata keçirilməlidir”. Bu sərəncam normativ xarakterli aktdır və hazırda qüvvədədir. Bunu da qeyd etmək lazımdır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.3-cü maddəsinə əsasən normativ xarakterli akt bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydaları əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab etmişlər ki, Cavabdeh R-52-068, xx.xx.2019-cu il tarixli məktubu qanuni və əsaslı olmuşdur və iddia maddi hüquqi cəhətdən əsassızdır və bu səbəbdən təmin oluna bilməz. İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən məhkəmə tərəfindən iddiaçının oğlu X8 prosessual hüquq varisi kimi məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı prosessual hüquqi varisi X8 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanlarının qərarı əsasında həyata keçirilir. Eyni zamanda “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyətləri orqanları həyata keçirir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.12-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir. Məlum olduğu kimi, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.2-ci yarımbəndinə əsasən dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. İddiaçının iddia tələbində qeyd olunanlar Baş İdarənin səlahiyyətləri xaricindədir və bununla bağlı Baş İdarə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddia tələbi üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2004-cü il tarixli, ÖM seriyalı, 208265 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 2A saylı evin 46 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı, 139 saylı mənzili xx.xx.2004-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə ünvan 5 ünvanı üzrə İddiaçı adına tərtib olunmuş texniki pasportun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımzadə küçəsi, ev 2a ünvanında yerləşən 139 saylı mənzil 3 otaqdan, 59.10 kv.m. ümumi sahə, 46 kv.m. yaşayış sahəsi (yaşayış sahələri – 17 kv.m., 12 kv.m., 17 kv.m.), 13.1 kv.m. köməkçi sahədən (giriş – 5 kv.m., hamam ayaqyolu 3.2 kv.m., mətbəx 4.9 kv.m.) ibarətdir. Mənzilin yerləşdiyi bina 5 mərtəbəlidir, mənzil binanın 1-ci mərtəbəsində yerləşir, binanın özülü daş, dam örtüyü qırdan ibarətdir. - İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısına ünvanlanmış ərizədən görünür ki, iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 24 saylı binanın 139 saylı mənzilindən ibarət olan yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/S-71/2-162 №-li məktubdan görünür ki, mülkiyyətində olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə köməklik göstərilməsi barədə daixl olmuş ərizəsinə tərəflərindən baxılmışdır. Nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada sənədlər toplusu tam şəkildə rayon icra hakimiyyətinə təqdim etdikdən sonra qaldırdığı məsələyə yenidən baxıla bilər. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 02-TH/350 №-li məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 2A saylı binanın 139 saylı mənzilində mövcud pəncərənin qapı ilə əvəz edilməsi barədə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilir ki, yuxarıda qeyd olunan məsələ ilə əlaqədar yerli icra hakimiyyəti orqanına müraciət etməyini məqsədə müvafiq hesab edirlər. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/753 №-li məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 2A nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 139 nömrəli mənzilin təyinatının dəyişdirilməsi və pəncərə boşluğunun qapı ilə əvəz edilməsi barədə ərizəsinə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6-cı bəndinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda yerli icra hakimiyyəti orqanının qərarında belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısının göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməyini məqsədəuyğun hesab edirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 10/838 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər və ekspert qarşısında qoyulan suallar nəzərə alınmaqla Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 2A saylı evin, 139 saylı mənzilinin binanın birinci mərtəbəsində yerləşməsini, mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmamasını, faktiki olaraq sağında və solunda yerləşən sahələrin qeyri-yaşayış sahəsi olmasını, mənzilə gediş-gəlişin yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən təmin edilməsinin texniki cəhətdən mümkün olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi texniki cəhətdən mümkündür. - Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, 2A nömrəli binanın 139 nömrəli mənzili xx.xx.2004-cü il tarixdən İddiaçı xüsusi mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın təyinatının yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sərəncamın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan daşınmaz əmlakın pəncərə oyuqlarının qapı və ya vitrinlə əvəz edilməsi layihəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamasını əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.11-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətinə aiddir. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı təqdim edilir. Sahənin keçirilməsini həyata keçirən orqan həmin sənədlərdən başqa, digər sənədləri tələb edə bilməz. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yol verilir. Hazırki mübahisə ilə bağlı araşdırma zamanı qeyri-yaşayış sahəsin keçirilməsi istənilən mübahisəli mənzilin çoxmənzilli binanın birinci mərtəbəsində yerləşməsi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş sənədlərin tam formada cavabdeh inzibati orqana təqdim edilməsi müəyyən edilmişdir. Həmçinin iş üzrə keçirilmiş ekspert rəyi ilə mübahisəli mənzilin binanın birinci mərtəbəsində yerləşməsi, mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmaması, faktiki olaraq sağında və solunda yerləşən sahələrin qeyri-yaşayış sahəsi olması, mənzilə gediş-gəlişin yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən təmin edilməsinin texniki cəhətdən mümkün olması, bununla da mübahisəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin texniki cəhətdən mümkün olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. - 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. - 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 10/838 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə əsas sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunveiriclikdə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsindən imtinanın konkret halları müəyyən edilmişdir və o hallara cavabdeh inzibati orqanın öz imtinasında əsas gətirdiyi hal aid edilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, mübahisəli mənzilin faktiki olaraq sağında və solunda qeyri-yaşayış sahəsi yerləşir və məhz həmin mənzilə münasibətdə iddiaçının tələbinin təmin edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlilləri əsassız olmaqla formal mülahizələrə əsaslanmış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/S-71/2-162 saylı məktub qanunsuz hesab edilməli, ünvan 2 ünvanındakı yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Cavabdeh üzərinə qoyulmalıdır. İş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. - 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. - 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3/S-71/2-162 saylı məktub qanunsuz hesab edilsin. ünvan 2 ünvanındakı yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Cavabdeh üzərinə qoyulsun. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar