Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-186/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, təqaüdçü), cavabdehin nümayəndəsi X2 (Qazax rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala) qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “2011, 2012 və 2015-ci ilin 6 ayı üzrə ödənilmiş 1586.25 manat məcburi dövlət sosial sığorta haqlarının iddiaçının şəxsi vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 2011-ci ilin 6 ayı, 2012, 2013, 2014 və 2015-ci illər üzrə (6023,30 manat ) ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının şəxsi vərəqəsinə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyət göstərdiyi müddətdə Bakı şəhəri, Binəqədi rayonunda qeydiyatda olmağına baxmayaraq DSMF-nin Xaçmaz rayon şöbəsinin işçilərin tələbi ilə özünə və işçilərinə görə hesablanmış məcburi dövlət sosial sığorta haqlarını həmin şöbənin hesabına köçürmüşdür. 2011-2015-ci illərdə özünə və işçilərinə görə DSMF-nin Xaçmaz rayon şöbəsinin hesabına 6023.30 manat məbləğində vəsait köçürməyinə baxmayaraq hesabında 1 manat da olsa pul oturmamışdır. Ancaq həmin dövr ərzində DSMF-nin Binəqədi rayon şöbəsinin hesabına köçürdüyü 1453.00 manat tam olaraq onun şəxsi vərəqəsində əks olunub. 2016-cı ildə onun şəxsi vərəqisində 6023.30 manat əks olunmamışdır. xx.xx.2016-cı il tarixində DSMF-nin Xaçmaz rayon şöbəsinə ərizə ilə müraciət etmiş, Xaçmaz şöbəsindən şifahi olaraq ona bildirdilər ki, bu vəziyyət tək onda deyil, Nazirlik bunu bilir və yaxın vaxtlarda həllini tapacaq. Axırda onlar bildirdilər ki, texniki səbəbdən komputerlərin bütün proqramları pozulub, səlahiyyətlər onlardan alınıb, heç bir köməklik edə bilməyəcəyik. Dəfələrlə cavabdehə müraciət etmiş, xx.xx.2019-cu ildə 6-cı dəfə müraciət etməyinə baxmayaraq, ona heç bir cavab verilməmişdir. xx.xx.2020-ci il tarixində Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət etmiş, həmin müraciətindən sonra cavabdehin işçiləri ondan 6023.30 manatın fondun bank hesabına köçürməsini təsdiq edən qəbzlərin surətlərini tələb etdilər. Həmin qəbzlərin surətlərini cavabdehin işçilərinə təqdim etmiş, 6023.30 manatın cavabdehin bank hesabına köçürməyi təsdiqlənmişdir. xx.xx.2020 tarixli cavab məktubunda bildiriblər ki, "Məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaedənin şəxsi vərəqəsində qeyd olunmamışdır". 9.09.2020-ci il tarixində DSMF-nin direktor müavini Mətin Əsgər cənabının adına 2011-ci ilin 2,3,4, 2012-2013-2014-cü illərin 1,2,3,4cü rüblərinin və 2015-ci ilin 1,2,3-cü rüblərinin hesabatlarını və bank qəbzlərinin sutətlərini göndərmişdir. Şablon şəkilli cavabında onlar iddiaçıya Dövlət Vergi Xidmətinə müraciət etməyini tövsiyə ediblər. 3 saylı Ərazi Vergilər İdarəsinə sorğu ilə müraciət etmiş, cavabda bildirdilər ki, “müraciətinizdə qeyd etdiyiniz sosial sığorta üzrə ödənişləriniz və hesabatlarınız xx.xx.2019 cu il tarixindən əvvəlki dövrə aid olduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xaçmaz rayon xidmət nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur". Cavabdehin verdiyi cavablardan bələ görünür ki, 4,5 il ərzində mütəmadi olaraq hər ay məcburi dövlət sosial sığorta haqlarını ödədiyi halda 18 rübün hesabatlarını verməmişdir. Bələ olan halda 18 rübün hesabatlarını vermədiyinə görə nə xəbərdarlıq nə də ki, bir dəfədə olsun maliyyə sanksiyası tədbiq olunmamışdır. 2014-cü ilin 4-cü rübünün oktyabr ayında 181.50 manat, dekabr ayında 181.5 manat DSMF-nin Binəqədi şöbəsinə köçürdüyü pul onun hesabında oturub, həmin rübün noyabr ayında Xaçmaz şöbəsinə köçürdüyü 181.50 manat yox, 2015-ci ilin 1-ci rübün fevral ayında Binəqədi şöbəsinə köçürdüyü 182.00 manat hesabında oturub, yanvar və mart aylarında Xaçmaz şöbəsinə köçürdüyü 365.00 manat yox, 2015-ci ilin 3-cü rübündədə həmin hal baş vermişdir. Dəfələrlə DSMF-yə müraciət olunsa da müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sığortaedənin fərdi şəxsi hesab vərəqəsinə işlənməməsi barədə Fonda məktubla müraciət etmişdir. Fondun 29 iyun 2020-ci il tarixli **********5 nömrəli məktubu ilə cavab olaraq bildirilmişdir ki, sığortaedən İddiaçı tərəfindən təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar”da (Forma B1) 2014 (0730 fəaliyyət kodu üzrə) və 2015-ci (0700 fəaliyyət kodu üzrə) illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3) təqdim edilməmişdir. X1 sisteminin "Sığorta (Hesabat)" altsistemində sığortaedən tərəfindən 2014 və 2015-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların (Forma B3) təqdim edilməsi üçün müvafiq funksionallıq verilmişdir və qeyd olunan düzəlişləri etmək üçün “X3” (e-gov.az) Nazirliyin xidmətlərində qeyd olunmuş “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” bölməsinə daxil olaraq təqdim edilməsi bildirilmişdir. Həmçinin Fond tərəfindən İddiaçı bildirilmişdir ki, 2012-ci və 2013-cü ilin 1-ci, 2-ci, 3-cü 4-cü, 2014-cü ilin 1-ci, 2-ci, 3-cü rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabaflar təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaedənin şəxsi vərəqəsində qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq Fond tərəfindən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması və hesabatların təqdim edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunduğuna görə qeyd olunan dövrlər üzrə hesabatların təqdim edilməsi üçün həmin quruma müraciət edilməsi tövsiyə olunmuşdur. Həmin dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Həmin dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən sığortaedənlərə sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya (yəni sığortaedəni uçota aldığı DSMF orqanı) hesabat vermək vəzifəsi qoyulmuşdur. İddiaçı isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarliğı Agentliyinin 17 fevral 2021-ci il tarixli DA01/02-03-176 nömrəli məktubuna əsasən 2011-2015-ci illərdə ləğv edilmiş Fondun Xaçmaz rayon şöbəsinə təyinatında “muzdlu işləyənlərin əmək haqlarından sosial ayırmalar” qeyd edərək 6023,30 manat ödəniş etməsinə baxmayaraq həmin dövrdə DSMF orqanına hesabat verməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə 10 iyun 2022-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmənin 2021- 2022-ci ilin may ayına kimi keçirilmiş məhkəmə iclaslarının nəticəsi olaraq 4436 manat iddiaçının şəxsi hesabına bərpa olunmuşdur.Ancaq 1586,25 manat (2011-ci il üçün 191.75 manat, 2012-ci il üçün 306.0 manat və 2015-ci ilin 6 ayı üçün 1088,50 manat )şəxsi hesabına bərpa olunmamışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2011, 2012,2015-ci ilin 6 ayı üzrə ödənilmiş 1586.25 manat məcburi dövlət sosial sığorta haqlarının şəxsi hesabına bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi V.R.Zöhrabov iddia ərizəsinə uyğun məzmunda çıxış edərək iddianın yalnız 2015-ci ilə aid hissədə cavabdeh tərəfindən icra etmədiyini bildirərək, iddianın bu hissədə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.V.Qurbanova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli, **********5 nömrəli iddiaçıya ünvanladığı məktubuna əsasən bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, sığortaedən İddiaçı (VÖEN.**********) tərəfindən təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda (Forma B1) 2014 (0730 fəaliyyət kodu üzrə) və 2015-ci (0700 fəaliyyət kodu üzrə) illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma 53) təqdim edilməmişdir. Belə ki, “X1 Sistemi”nin "Sığorta (Hesabat)" altsistemində sığortaedən tərəfindən 2014 və 2015-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatların (Forma B3) təqdim edilməsi üçün müvafiq funksionallıq verilmişdir və qeyd olunan düzəlişləri etmək üçün “X3” (e-gov.az) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərində qeyd olunmuş “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" bölməsinə daxil olaraq təqdim edə bilərsiniz. Həmçinin sığortaedən tərəfindən 2012-ci və 2013-cü ilin 1-ci, 2-ci, 3-cü 4-cü, 2014-cu ilin 1-ci, 2-ci, 3-cü rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar” təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaedənin şəxsi vərəqəsində qeyd olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli iddiaçıya ünvanladığı məktubuna əsasən bildirilmişdir ki, onun işlədiyi dövrlər ərzində fəaliyyət göstərdiyi müddətdə və fərdi hesablarda öz əksini tapmışdır: 2015-ci ilin 0703-fəaliyyəti üzrə 525,00 manata uyğun olaraq 157,50 manat, 2015-ci ilin 0100-fəaliyyəti üzrə 3000,00 manata uyğun olaraq 750,00 manat, 2016-cı ilin 0703fəaliyyəti üzrə 1260,00 manata uyğun olaraq 378,00 manat, 2016-cı ilin 010-fəaliyyəti üzrə 7200,00 manata uyğun olaraq 1800,00 manat. 2015-2016-cı SSN **********179 X9 3400.00 - 850.00 manat, 2015-2016-cı SSN **********435 X7 3400.00 - 850 00 manat, 2015-2016-cı SSN **********033 X5 3400.00 - 850.00 manat. İddiaçı 2011, 2012, 2013, 2014 və 2015-ci illər üzrə Baş Dövlət Xəzinədarlığın hesabına ödənilmiş məcburi sosial sığorta haqlarına dair qəbzlərin surətlərini, Dövlət Sosial Müdafiə Fonduna və 3 saylı Ərazi Vergilər İdarəsinə ünvanladığı müraciət ərizələrinin, “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ın surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi xx.xx.2021-ci il tarixli DA 01/02-03-176 nömrəli məktubu ilə İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon Şöbəsinin hesabına 2011- 2015-ci illər ərzində ödənilmiş vəsaitlərlə bağlı məlumatı məhkəməyə təqdim etmişdir. Həmin məlumatda göstərilmişdir ki, İddiaçı (VÖEN **********) tərəfindən 2011-ci ildə cəmi 713,00 manat, 2012-ci ildə cəmi 1195,00 manat, 2013-cü ildə cəmi 1292,00 manat, 2014cü ildə cəmi 1733,80 manat və 2015-ci il cəmi 1088,50 manat Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon Şöbəsinin hesabına vəsait köçürülmüşdür. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşgul olan Azərbaycan Respublikasının vətəndaşıdır, müntəzəm olaraq Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinin hesabına müvafiq məbləğlərdə məcburi dövlət sosial sığorta haqqları üzrə vəsait köçürmüşdür. Lakin cavabdeh tərəfindən 2011-ci ildən 2015-ci ilədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqlarını iddiaçının sosial sığorta hesabında qeyd edilməmişdir. İddiaçı 2011-ci ildən 2015-ci ilədək ödədiyi, lakin onun sığorta hesabına köçürülməmiş 6023,30 manat məcburi dövlət sosial sığorta ödənişlərin müvafiq hesabda qeyd olunmasını tələb etmişdir. Cavabdeh tərəfindən isə bu tələb “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”ın (Forma 53) təqdim edilməməsi səbəbindən təmin edilməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə çəkişməsi gedişatında cavabdeh tərəfindən 4628,50 manat məbləğ 2011, 2013, 2014-cü illər üzrə bərpa olunmuş, iddiaçı 2015-ci il üçün isə 1088.50 manat bərpa olunmadığından həmin dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların sığortaolunanın, yəni iddiaçının şəxsi vərəqəsində bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə görə, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir ki: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır;... 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunmuş qanunvericilik normalarından göründüyü kimi şəxsə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin müəyyən edilməsi üçün, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, fərdi hesabda toplanması zəruri şərtdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Həmin Qanunun 8-ci maddəsində sosial sığortanın iştirakçıları göstərilmişdir. Bu sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq;.. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək. Həmin Qanunun 11-ci maddəsinə əsasən, sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək;sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. İşin faktiki hallarına əsasən iddiaçı tərəfindən 2011, 2012, 2013, 2014 və 2015-ci illər üzrə müvafiq tarixlərdə Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsinin hesabına köçürülmüş məcburi dövlət sosial sığorta haqlarının onun şəxsi vərəqəsində bərpa edilməsini cavabdehə müraciət edərək tələb etmiş, lakin həmin vəsaitər cavabdeh tərəfindən fərdi hesabına daxil etməyərək, məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlar sığortaolunanın şəxsi vərəqəsində qeyd olunmamışdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı (VÖEN **********) tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda 2014 (0730 fəaliyyət kodu üzrə) və 2015-ci (0700 fəaliyyət kodu üzrə) illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir. Belə ki, məhkəmə inzibati işin araşdırılması zamanı müəyyən etmişdir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı sığortaçı kimi iddiaçının (sığortaolunan) Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsinin hesabına 2015-ci ildə ödədiyi cəmi 1088,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqını müvafiq fərdi hesabında qeydə almamışdır. İddiaçının ödədiyi vəsaitlərin şəxsi hesabına bərpa olunmasını tələb etdiyi 2011, 2013, 2014-cü illərə aid dövrlər üzrə ödənişlər artıq cavabdeh tərəfindən fərdi hesab vərəqəsində bərpa olunaraq fərdi hesabda göstərilmişdir. Qeyd olunan bu hallar işə əlavə edilmiş sənədlərlə, 2011-2015-ci illər üzrə ödənilmiş məcburi sosial sığorta haqlarına dair qəbzlər, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar ilə təsdiq olunmaqla yanaşı, cavabdeh tərəfindən də etiraf olunmuşdur. Eyni zamanda məhkəmənin sorğusu əsasında AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən təqdim olunmuş məlumata əsasən İddiaçı tərəfindən DSMF-nin Xaçmaz rayon şöbəsinə 2011-2015-ci illərdə vəsaitlər ödənilmiş, 2015-ci il üçün 1088,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1-ci maddəsinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Fondun vəzifələri aşağıdakılardır: 3.1.4. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında məcburi dövlət sosial sığortası sahəsində sığortaedənlərin və sığortaedənlərin məlumatları əsasında sığortaolunanların uçotunu aparmaq, habelə sığortaolunana dövlət sosial sığorta nömrəsi əsasında fərdi şəxsi hesab açmaq; 3.1.5. sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək; 3.1.6. sığortaolunanın rəsmi müraciətinə əsasən, ona fərdi şəxsi hesabındakı məlumatları əldəetmə qaydasını izah etmək; 3.1.7. məcburi dövlət sosial sığortası üzrə daxilolmaların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; 3.1.8. sığortaedənlərdən və sığortaolunanlardan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların (“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə dair məlumatlar istisna olmaqla) vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 3.1.9. məcburi dövlət sosial sığorta vəsaitlərini idarə etmək; 3.1.10. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar izahatlar (həmin Qanunun 9-1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə dair izahatlar istisna olmaqla) vermək və normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; 3.1.11. sığortaedənlərin məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə hesabatlarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən əldə etmək, sosial sığorta sahəsində xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) elektron formada həyata keçirmək;.. Cavabdeh inzibati orqan olan Dövlət Sosial Müdafiə Fondunun (Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının) sığortaçı qismində sosial sığorta sahəsində fəaliyyəti publik-hüquqi fəaliyyətdir və normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Halbuki, cavabdeh tərəfindən uzun müddət ərzində iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarını özündə saxlamaqla, müvafiq hesaba köçürməməklə iddiaçının sosial təminat hüququnun pozulmasına, məhdudlaşdırılmasına şərait yaratmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçının şəxsi vərəqəsinə 2015-ci ilin 6 ayı üzrə ödənilmiş 1088,50 manat məcburi dövlət sosial sığorta haqlarının bərpa edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə (2011, 2012-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının şəxsi hesabına bərpa edilməsi hissəsində) təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı şəxsi vərəqəsinə 2015-ci ilin 6 ayı üzrə ödənilmiş 1088,50 manat məcburi dövlət sosial sığorta haqlarının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-186/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-186/2023
01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver