Məhkəmə qərarları › İş №2-1(112)-1860/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1860/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1860/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 1969-1971-ci illər, habelə 01.12.1988-12.09.1989-cu ilədək olan müddət, yəni 03 il 09 ay 11 gün sığorta stajının nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı orta təhsil aldığı vaxtda, həmçinin Ertmənistandından deportasiya olunduğu vaxtadək kolxozda işləmiş, həmin illər 1969-1971 və 1988-1989-cu illəri əhatə edir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən həmin illər sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin illərin sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya münasibətdə etiraz edir və hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilərkən onun təqdim etdiyi əmək kitabçasında qeyd edilən 1969-1971-ci il tarixlərində Ermənistan Respublikasında kolxozda işlədiyi müddətdə azyaşlı olduğu üçün 50 adam/günü işləyərək normanı tam yerinə yetirməmişdir və bu səbəbdən (32/50=064) həmin dövrlərdə 6 ay sığorta stajı hesablanmışdır. Əlavə olaraq əmək kitabçasında olan illər və təhsil illəri nəzərə alaraq iddiaçının 01.01.2006-cı il tarixədək 31 il 08 ay stajı vardır. İddiaçının 01.12.1988-ci il tarixindən 12.09.1989-cu il tarixinədək Ermənistan Respublikasında kolxozda işlədiyi dövrün əmən günləri əmək kitabçasında öz əksini tapmadığı üçün sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçıya 15.02.2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, əmək pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləği 396,54 manatadək artırılmışdır. İddiaçının müraciəti əsasında son olaraq cavabdeh iddiaçının 1970-1971-ci illərdə Ermənistan Respublikasında kolxozda işlədiyi dövrü (32/50=064=06 ay) nəzərə alaraq pensiya məbləğini 423,04 manat müəyyən etmişdir. Hazırki iddia tələbindən göründüyü kimi, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:

1. 1969-1971-ci il tarixlərində Ermənistan Respublikasında işlədiyi dövrün sığorta stajına daxil edilməsi;

2. 01.12.1988-12.09.1989-cu il tarixlərində Ermənistan Respublikasında işlədiyi dövrün sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtina məktubundan və məhkəmə icraatı zamanı təqdim etdiyi izahatdan da göründüyü kimi, cavabdeh iddiaçının müraciəti üzrə onun kolxozda işlədiyi müddətin bir hissəsini nəzərə almış, digər hissədə isə imtina üçün iki əsas gətirmişdir: -1969-cu ildə işlədiyi müddətdə azyaşlı olması; -01.12.1988-12.09.1989-cu il tarixlərində Ermənistan Respublikasında kolxozda işlədiyi müddətin əmək kitabçasında göstərilməməsidir. Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi birinci əsasa münasibət bildirir. Belə ki, cavabdehin iddiaçının 1969-cu ildə Ermənistsan Respublikasının Xalisa kəndi Myasnikyan adında kolxozda işlədiyi dövr və adam günü norması əmək kitabçasında göstərildiyi halda, həmin müddəti nəzərə almamış və bu halı onunla əsaslandırmışdır ki, həmin dövrdə iddiaçı azyaşlı hesab edilirdi. Bu səbəbdən də həmin il üzrə işlədiyi müddətin sığorta stajına daxil edilməsi mümkün deyildir. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizə ilə razılaşmır və bildirir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, onun 1969-cu ildə 14 yaşı tamam olmuşdur ki, bu da həmin vaxtda qüvvədə olan Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin müddəası baxımından həmin yaşda işləməsi qanunazidd sayılmadığından, sözügedən illərin sığorta stajına daxil edilməsi də mümkündür. Belə ki, Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi hazırda qüvvədə olan əmək münasibətlərini tənzimləyən qanunvericilik əmək müqaviləsini on beş yaşına çatmış fiziki şəxslə bağlanmasını mümkün hesab etmişdir. Nəzərə alınmalıdır ki, hazırki iddia üzrə mübahisəli dövr qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənmir. Çünki, mübahisəli dövr 1969-cu ili əhatə etdiyindən, iddiaçının hüquq münasibətləri məhz həmin dövrdə qüvvədə olan qanunvericilik ilə tənzimlənir. Belə ki, 1922-ci il oktyabrın 30-da ZSFSR MİK-in 9-cu çağırış 4-cü sessiyasında “Əmək haqqında qanunlar məcəlləsi” qəbul edildi. Bu Məcəllə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Əmək haqqında qanunlar məcəlləsinin qüvvəyə mindirmək haqqında” 30 dekabr 1922-ci il tarixli qərarı ilə əmək məsələlərinin tənzimlənməsində hüquqi baza olmuşdur. Məcəllə 1971-ci ilə qədər, yəni Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsinin qəbul etdiyi tarixədək qüvvədə olmuşdur. Məhkəmə bildirir ki, həm Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə, həmçinin ondan əvvəl qüvvədə olmuş “Əmək haqqında qanunlar məcəlləsi”nə nəzər yetirdikdə isə məlum olur ki, qanunvericilik on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 1969-cu ildə Xalisa kəndi Myasnikyan adına kolxozda işlədiyi dövrdə yaşı 14 olduğundan, onun Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin tələbləri baxımından işləməsində yaş həddi ilə bağlı şərtin pozulmasından söhbət gedə bilməz. Məhkəmə, onu da xüsusi olaraq vurğulanmasını zəruri hesab edir ki, hətta köhnə əmək qanunvericiliyində 14 yaşında şəxsin əmək fəaliyyətinə cəlb edilməsi yolverilməz hesab edilsə belə, hazırki halda vəziyyət iddiaçının ziyanına dəyişmir. Bununla bağlı qeyd edilməlidir ki, şəxsin əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı yuxarıda göstərilən ehtiman olunan pozuntu işəgötürənin məsuliyyətini müəyyən edən hal olub, 14 yaşında pensiya təyini üçün sığorta stajına hesab edilən dövr üzrə əmək fəaliyyətini həyata keçirilmiş şəxsin pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Belə ki, iddiaçının 14 yaşında işləməsi onun əmək stajını həmin dövrdə toplamasını istisna etmir. Belə ki, iddiaçı 15 yaşında necə işləyibsə, 14 yaşında da elə əmək fəaliyyətini göstərmiş və onun işləməsi də sənədlərlə təsdiq edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2024/2021 saylı iş üzrə qəbul etdiyi 17.11.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Cavabdehin başqa bir dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən əmək müqaviləsi 15 (on beş) yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. Ona görə də 1970-1971-ci illərdə kolxozda işlədiyi illərin sığorta stajı kimi nəzərə alınması qanuna ziddir. Məhkəmənin kollegiyası cavabdehin bu dəlilinidə əsassız hesab edərək qeyd edir ki, 1971-ci il tarixdə qüvvəyə minmiş Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinə (İşə qəbul etməyə yol verən yaş) əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.” Məhkəmə diqqətə çatdırır ki, həm əvvəl qüvvədə olmuş qanunvericilik, həmçinin də hazırki məhkəmə təcrübəsi ona imkan verir ki, iddiaçının 1969-cu ildə Xalisa kəndi Myasnikyan adına kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilsin. Nəzərə alınmalıdır ki, vətəndaşın kolxozda işlədiyi müddətin müəyyən edilməsi fərqli hesablama qaydasında aparılır. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə əmək kitabasında olan məlumatları nəzərə alındıqda müəyyən edilir ki, minimum əmək iştirakı norması 1969-cu ildə 50 olmuşdur. Buna qarşılıq iddiaçı 1969cu ildə 3 gün işləmişdir. Beləliklə, iddiaçı 1969-cu ildə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin il ona tam əmək stajı kimi hesablana bilməz. Həmin il iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 3 x 12 = 36/50 =0,72 (30x0,72=21 gün) . Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1969-cu ildə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 21 gün iş stajına malik olduğu müəyyən edilir. Digər tərəfdən məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdeh iddiaçının həmin kolxozda işlədiyi 1970-1971 müddəti nəzərə alarkən həmin dövrü 6 ay (32/50=064) olaraq nəzərə almış və sığorta stajına daxil edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin müddət düzgün müəyyən edilməmişdir. Çünki, yuxarıda göstərildiyi kimi faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçı 1970-ci ildə 8 gün, 1971-ci ildə isə 24 gün işləmişdir. İddiaçının həmin ildə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (8+24) x 12 = 384/50 =7,68 = 7 ay 20 gün (30x0,68=20 gün) .Göründüyü kimi, cavabdeh iddiaçının 1970-1971-ci ildə işlədiyi müddəti 06 ay kimi nəzərə alsa da, müəyyən edilmiş hesablama qaydası əsasında onun faktiki işlədiyi müddət 7 ay 20 gün təşkil etmişdir ki, bu da iddiaçının 1 ay 20 gün müddətin sığorta stajına daxil edilmədiyə səbəb olur. Belə olan halda Məhkəmə hesab edir ki,iddiaçının Ermənistsan Respublikasının Xalisa kəndi Myasnikyan adında kolxozda 1969-cu ildə işlədiyi (21 gün) və 1970-1971-ci illərdə nəzərə alınmamış müddət (1 ay 20 gün) onun sığorta stajına daxil edilməlidir. Məhkəmə iddiaçının 01.12.1988-12.09.1989-cu il tarixlərində işlədiyi müddətin sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehin imtinasını əsaslı sayır və bu halı aşağıda göstərilər müddəalar ilə əsaslandırır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. - 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın 01.01.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 01.01.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –ci 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Məhkəmə diqqətə çatdırır ki, pensiya münasibətlərini tənzimləyən qanunvericilik və digər normativ hüquqi aktların tələbləri baxımından vətəndaşın 01.01.2006-cı il tarixədək sığorta stajının müəyyən edilməsi əmək kitabçası əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, iddiaçı 01.12.1988-12.09.1989-cu il tarixlərində Ermənistan Respublikasında kolxozda işlədi müddətin sığorta stajına daxil edilməsi ilə bağlı tələb irəli sürsə də, bu hissədə iddiaçının tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, iddiaçının əmək kitabçasında həmin illər əks olunsa da, sözügedən illərdə əmək günləri əmək kitabçasında əks olunmamışdır. Bundan başqa, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı da müəyyən olunmuşdur ki, Ermənistan Respublikasının inzibati ərazi vahidləri çərçivəsində fəaliyyət göstərmiş idarə, müəssisə və təşkilatların arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivlərində mühafizə edilmir. Belə olan halda Məhkəmə hesab edir ki, hər nə qədər də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında əks olunsa da, kolxozda işləyən şəxslərin sığorta stajı üçün kolxozun il üzrə minimum əmək iştirakı norması və onun işlədiyi gün sayı məlum olmalıdır ki, hazırki iddia üzrə bu halın məhkəmə tərəfindən müəyyən edilməsi mümkün olmamış, bununla yanaşı isə iddiaçı bu halı özündə əks etdirən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası qismən - iddiaçının yaranmış hüquqlarının pozulmasına səbəb olduğundan, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. İddiaçı Ermənistsan Respublikasının Xalisa kəndi Myasnikyan adında kolxozda 1969-cu ildə işlədiyi (21 gün) və 1970-1971-ci illərdə nəzərə alınmamış müddətin (1 ay 20 gün) onun sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar