Məhkəmə qərarları › İş №2-1(112)-1861/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1861/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1861/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Əzizbəyov (indi Xəzər) rayon İcra Hakimiyyəti başçısının 13.09.1993-cü il tarixli, 629/637 nömrəli Sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 13.09.1993-cü il tarixli, 629/637 nömrəli sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən hazırki vaxtadək ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 13.09.1993-cü il tarixli, 629/637 nömrəli sərəncamı ilə fərdi ev tikmək üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi həmin vaxtdan hal-hazıra kimi iddiaçının istifadəsindədir. İddiaçı qanuni əsaslarla əldə etdiyi və faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə adına çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının ərizəsininin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina məktubunu əsasız hesab edir. Belə ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi məhz icra hakimiyyəti orqanının qərarı əsasında verilmiş və həmin qərarı hazırda qüvvəsində olmaqla dəyişdirilməmiş və ləğv edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, torpağa dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər - torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşir. Eyni zamanda torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 13.09.1993cu il tarixli 629/637 nömrəli sərəncamında torpaq sahəsi 1200.0 kv.m, faktiki 739.0 kv.m torpaq sahəsi (azalma ilə bağlı razılıq ərizəsi təqdim olunmayıb) istifadə edilməkdədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə torpaq sahəsinin plan və ölçüsü əlavə edilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi, vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Yeganlı Tovuz Valeh qızı iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, 13.09.1993-cü il tarixli vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında sərəncamından görünür ki, İddiaçı Zirə qəsəbəsi, Qışlaq sahəsində ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********28 nömrəli, 27 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ********** nömrəli 28.04.2021-ci il tarixli ərizənizə baxılaraq aparılan araşdırma zamanı məlum olmuşdur ki, İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisi təqdim edilmədiyindən, göstərilən ərazinin sərəncam ilə ayrılan torpaq sahəsinə aid olub-olmaması təyin etmək mümkün olmamışdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşir. Torpaq sahəsinin ayrılması barədə Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 629/637 nömrəli, 13.09.1993-cü il tarixli sərəncamında torpaq sahəsi 1200.0 kv.m .faktiki 739.0 kv.m torpaq sahəsi (azalma ilə bağlı razılıq ərizəsi təqdim olunmayıb) istifadə edilməkdədir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, 13.09.1993-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsi, Qışlaq sahəsində fərdi evin tikintisi üçün 1200.0 kv metr torpaq sahəsi ayrılmışdır, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır., 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir., İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 –ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. Həmin Qanunun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur.( “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri) İşin faktiki hallarına görə iddiaçının istifadəsində və sahibliyində olan və hal-hazırda üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi yaşayış evi tikmək üçün Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, 13.09.1993-cü il tarixli sərəncamı ilə ayrılmışdır . Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqların yaranması üçün əsaslardan biridir. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67.3-cü maddəsinə uyğun olaraq torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. İddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi məhz icra hakimiyyəti orqanının qərarı əsasında verilmiş və həmin qərar hazırda qüvvəsində olmaqla dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Cavabdeh iddiaçının torpaq üzərində yaranmış hüququnun dövlət qeydiyyatına alınmasından imtinasının əsası kimi - torpaq sahəsinin faktiki olaraq 739.0 kv.m olmaqla, icra hakimiyyətinin 629/637 nömrəli, 13.09.1993-cü il tarixli sərəncamında göstərildiyi 1200.0 kv.m-dən az olması, azalma ilə bağlı razılıq ərizəsinin təqdim edilməməsi göstərmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya sənəd üzrə məxsus torpaq sahəsinin faktiki istifadədə olan hissəsindən artıq hissəsinə başqa bir şəxsin adına mülkiyyət hüququnun (və ya hüquqmüəyyənedici sənədin) olmasını təsdiq edən heç bir sübut ( başqa şəxsin müraciəti və.s) təqdim edilməmişdir. Eyni zamanda hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş (iddiaçıya torpaq sahəsi ayrılması barədə) Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, 13.09.1993-cü il tarixli sərəncamının həqiqiliyi heç bir şübhə doğurmur, belə ki, qeyd edilən sərəncam Azərbaycan Respublikasınn Milli Arxiv Fondunun sənədlərində də mövcuddur. Bundan başqa cavabdeh iddiaya dair verdiyi etirazında iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədin - torpaq sahəsinin yerləşmə cizgisinin- təqdim edilmədiyini qeyd etmişdir. Halbuki, qanunverici tərəfindən torpaq sahəsinin yerləşmə cizgisinin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri olması, yəni hüquqmüəyyənedici sənəd olması göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, 13.09.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 629/637 nömrəli, 13.09.1993-cü il tarixli Sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar