Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1861/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “hüquqi ünvan kimi silinmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi şəxslərin Dövlət reyestrindəki hüquqi ünvana dair məlumatın dəyişdirilərək Bakı şəhəri, ünvan 2 ünvanın ləğv edilməsinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanda yerləşən əmlak onun xüsusi mülkiyyətindədir. X10 adlı şəxs mənzili kirayə götürəcəyini bildirmişdir və mənzilə internet xəttinin çəkilməsi ilə bağlı ondan mənzilə dair çıxarışın surətini istəmişdir və iddiaçı çıxarışın surətini ona vermişdir. Lakin bir müddət sonra işlərinin alınmadığını və kirayə üçün də mənzil lazım olmadığını bildirmişdir. Bir müddət keçəndən sonra ona məlum olmuşdur ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçərkən hüquqi ünvanı iddiaçıya məxsus mənzil göstərilmişdir və hüquqi şəxsin hüquqi ünvanı kimi vergi orqanında qeydiyyatdan keçmişdir. Onun bu barədə heç bir məlumatı olmamışdır. Belə ki, MMC-nin hüquqi ünvanı kimi qeyd edilməsi barədə razılıq ərizəsi verməmişdir və notariat kontorunda təsdiq edilməmişdir. Ümumiyyətlə ona məxsus mənzilin hüquqi şəxsin olduğu yer kimi qeydə alınması barədə ona bildirilməmişdir və hər hansı bir razılaşma olmamışdır. O, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət edərək Cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi və ləğv edilməsini xahiş etmişdir. Verilmiş cavabda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə və "Hüquqi şəxslərin Dövlət qeydiyyatı və Dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinə istinad edilmiş və Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi bildirilmişdir. Göründüyü kimi ona məxsus mənzil hüquqi şəxsin nə olduğu, nə də fəaliyyət göstərdiyi yer olmamışdır. Qanunsuz olaraq iddiaçıya məxsus mənzilin ünvanı hüquqi ünvan kimi reyestrdə qeydiyyata alınmışdır. Hüquqi şəxs Dövlət reyestrində qeydiyyata alınarkən ünvanın hüquqi ünvan kimi istifadə edilməsinə yazılı razılıq ərizəsi olmadığından qeydiyyata alınmasından imtina edilməli idi. Qeyd etmişdir ki, onda olan məlumata görə hüquqi şəxsin təsisçisi və qanuni nümayəndəsi burada yoxdur, fəaliyyəti dayandırılmışdır. Cavabdeh tərəf hüquqi şəxsin verdiyi məlumatları yoxlayarkən qanunvericiliyin tələblərinə riayət etməmişdir, hüquqi ünvan verilməsi üçün yazılı və təsdiq edilmiş razılıq ərizəsi olmadığından imtina etməli olduğu halda imtina etməmişdir və bu səbəbdən də hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək və hüquqi ünvanın ləğv edilməsi barədə tədbirlər görməli idi. Tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir.Hüquqi ünvanın ona məxsus mənzilin göstərilməsi səbəbindən onun bir mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Bildirişlər və məlumatların gəlməsi onda narahatlıq yaradır və onun icazəsi olmadan ünvanının hüquqi şəxsin ünvanı kimi istifadə edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11076/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş və “Block Tech" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması 'Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən müvafiq icra orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 14.1.2ci maddəsinə əsasən qurumun hüquqi ünvanı dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməli məlumatdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, hüquqi şəxsin olduğu yerin - hüquqi ünvanın Cəmiyyətin nizamnaməsində qeyd olunması qanunla nəzərdə tutulduğundan, nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə edildiyindən hüquqi ünvanın dəyişməsi üçün təsisçinin qərarının əsli, nizamnamənin hüquqi ünvanı göstərilən bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi cavabdeh orqana təqdim edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan iş hesab edilir. inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Hazırkı iddia predmetindən göründüyü kimi iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlətinə aid olmayan vəzifənin qoyulması tələbi ilə İnzibati məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-cı və 48.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə və üçüncü şəxsə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********888600 nömrəli məktubuna əlavə edilmiş "xxxx" MMC-nin dövlət qeydiyyat sənədlərinin surətindən görünür ki: -Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli, **********078400 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2019-cu il tarixdə ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1007, ünvan 3 X7 Hajı Abdul (Pakistan İslam Respublikası)-100%, qanuni təmsilçi X7 Hajı Abduldur. - xx.xx.2019-cu il tarixli kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizədə qeyd olunmuşdur ki, hüquqi şəxsin adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ünvanı poçt indeksi AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanı, rəhbər və qanuni təmsilçi X7 Hajı Abdul, Pakistan İslam Respublikası vətəndaşı. -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərara əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilməsi, Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, Cəmiyyətin nizamnamə kapitalının hər birinin nominal dəyəri 1 (bir) manat olan 10 (on) paydan ibarət olmaqla 10 (on) manat məbləğində müəyyən edilməsi, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Pakistan İslam Respublikası vətəndaşı X9 X11 təyin edilməsi, yeni yaradılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə ərizə ilə müraciət edilməsi qərara alınmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci maddəsinə əsasən cəmiyyətin hüquqi ünvanı ünvan 4sçisi: X9 X11, nizamnamə kapitalı 10 manat – 100 faiz, 10 paydan ibarətdir. -Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ ******* nömrəli Azəbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətinə əsasən Pakistan İslam Respublikası vətəndaşı, X7 Hajı Abdul yaşayış yeri ünvan 5 ünvanıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-22238-1222 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən, xx.xx.1997-ci il təvəllüdlü X3 isə xx.xx.2021-ci il tarixdən hazıradək sorğu etdiyiniz ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-24622-1222 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanında xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixdən hazırkı vaxtadək qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri X2 və İddiaçıdır. Onların hər biri bu miras əmlakdan ½ hissə pay almalıdırlar. Miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37 ünvanında yerləşən ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 47,4 kv.m olan 2 otaqlı 29 nömrəli mənzildən ibarətdir. -xx.xx.2020-ci il tarixli X2 və İddiaçı arasında miras payın bölüşdürülməsi müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, 29 nömrəli mənzili tam olaraq keçir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********377100 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2.-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12-ci maddəsinə əsasən, kommersiya qurumları üçün qeydiyyatla bağlı müraciət ərizəsinin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əlavə olaraq bildiririk ki, Cəmiyyətə hüquqi ünvan dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün idarəyə müraciət etməli olduğu və lazımi sənədlərin siyahısı barədə müvafiq məktub ünvanlanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli, **********416000 nömrəli məktubda bildirilmişdir ki, Cəmiyyətə hüquqi ünvan dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün idarəyə müraciət etməli olduğu və lazımi sənədlərin siyahısı barədə müvafiq məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Mülki Məcəllənin 91.3.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2,-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12-ci maddəsinə əsasən, kommersiya qurumları üçün qeydiyyatla bağlı müraciət ərizəsinin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göstərilənlərə uyğun olaraq, qanunvericiliklə Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi mümkünsüzdür. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanında xx.xx.2020-ci ildən qeydiyyatda olmaqla həmin mənzilin xüsusi mülkiyyətçisidir. İddiaçının yaşadığı mənzilin ünvanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus mənzil ünvanının adı çəkilən hüquqi şəxsin ünvan məlumatından çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qanunla qeydiyyat orqanına öz təşəbbüsü ilə hüquqi şəxsin hüquqi ünvanını dəyişdirmək səlahiyyətinin verilmədiyini, hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinin hüquqi şəxsin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğu, bunun üçün hüquqi şəxsin reyestr məlumatının dəyişdirilməsi ilə bağlı ərizə, həmin dəyişikliyi təsdiq edən sənədlər ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalı olduğunu qeyd edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə görə hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. -2.0.7-ci maddəsinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.15-ci maddəsinə əsasən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyət – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə xarici ölkədə dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. -5.1-ci maddəsinə görə hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. -5.2-ci maddəsinə əsasən ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. -5.3-cü maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti 5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd 5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 5.4.8.təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyrikommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi; 5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd. -14.1-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;(...) Sadalanan normalardan müəyyən olunur ki, xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər sırasında təsisçi, qanuni təmsilçi olan fiziki şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədin surəti ilə yanaşı, həm də hüquqi şəxsin hüquqi ünvanını təsdiq edən sənədin surəti təqdim edilir. Hazırkı iş üzrə üçüncü şəxsin təsis sənədlərindən görünür ki, "xxxx" MMC xx.xx.2019cu il tarixdə dövlət qeydiyyatına alınmaqla təsisçisi və rəhbəri (qanuni təmsilçisi) Pakistan İslam Respublikası vətəndaşı X7 Hajı Abduldur. Qeyd edilən hüquqi şəxsin hüquqi ünvanı kimi ünvan 7ə məlumatı həmin hüquqi şəxsin təsisçisi X7 Hajı Abdul tərəfindən ərizə qaydasında doldurulmuşdur. Məhkəmə sorğusu ilə əldə edilmiş məlumatardan müəyyən olunur ki, hüquqi şəxsin tək təsisçisi olmuş X7 Hajı Abdul xarici ölkə vətəndaşı olmaqla müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikası ərazisində yaşayış yeri kimi ünvan 5 ünvanı qeyd edilmişdir. Başqa sözlə, təsisçinin müvəqqəti yaşayış üzrə qeydiyyat ünvanı ünvan 8r. Hüquqi şəxsin qeydiyyatı zamanı X7 Hajı Abdul hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı sənədlər sırasında hüquqi ünvan kimi seçdiyi və ərizədə qeyd etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, 29 nömrəli mənzilə dair hüquqi bağlılığını təsdiq edən hər hansı sənədi təqdim etməmiş və ya belə bir sənədə istinad etməmişdir. Beləliklə, müəyyən olunur ki, hazırkı halda hüquqi şəxsin təsisçisi və rəhbəri (qanuni təmsilçisi) eyni şəxsdir, təsisçisi tərəfindən hüquqi şəxsin ünvanı kimi seçdiyi mənzilə dair hüquqmüəyyənedici sənəd (mülkiyyət, istifadə, icarə, mülkiyyətçinin razılıq ərizəsi və s.) təqdim edilməmişdir. Cavabdeh orqan hüquqi ünvan dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün MMC-nin müraciət etməli olduğu və bununla bağlı lazımı sənədlərin siyahısı barədə məktubu MMC-yə ünvanladığını bildirsə də məhkəmə hesab edir ki, MMC-nin ilkin qeydiyyatı zamanı təsisçinin hüquqi ünvan kimi ərizəni doldurarkən həmin ünvanla hər hansı hüquqla bağlılığına dair hüquqi sənədi tələb etmədiyi və müvafiq qeydiyyat qovluğuna əlavə etmədiyi halda sonradan hüquqi ünvanla bağlı dəyişiklik üçün ünvana dair lazımı sənədlərin təqdim edilməsi ilə bağlı mövqeyi əsaslı deyildir. Məhkəmə cavabdehin “hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyətinin məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğu, reyestr aparan inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi” ilə bağlı dəlilinə qiymət verərəkən məhkəmə o halı nəzərə alır ki, hüquqi şəxsin qeydiyyatın qaydaları, həmin qaydaları bilavasitə tətbiq və nəzarət edən vergi orqanının səlahiyyətləri hər bir halda mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi üçüncü şəxsin qeydiyyat sənədlərinin etibarsızlığına deyil, hər bir halda təsis edilmiş hüquqi şəxsin hüquqi ünvan kimi iddiaçının mülkiyyətində olan mənzilə aid ünvanla qeydə alınmasına qarşı yönəlmişdir. Bu halda iddiaçının mülkiyyətçi statusundan irəli gələn hüquqları qorunmalı və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən: -İ. Hər kəsin mülkiyyət hüququ vardır. -İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Məhkəmə kollegiyası cavabdehin dəlillərinə uyğun olaraq nəzərə alır ki, iddiaçı özünün mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı üçüncü şəxsə (hüquqi şəxsin təsisçisinə) qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq tələblə çıxış edə bilərdi. Lakin nəzərə alınmalıdır ki, iddiaçı özünün qanunla qorunan hüquqlarını müdafiə etmək üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş müdafiə üsulunu və vasitəsini seçməkdə sərbəstdir. Cavabdehin də istinad etdiyi hazırkı iş üzrə hüquqi şəxsin reyestr məlumatının dəyişdirilməsi ilə bağlı ərizə, həmin dəyişikliyi təsdiq edən sənədlər ilə birlikdə qeydiyyat orqanına təqdim olunmaması həmin ünvanın aid olduğu əmlakın mülkiyyətçisini Konstitusiya və digər qanunlarla ona verilmiş hüquqlardan irəli gələn hazırkı məzmunda tələb irəli sürmək (inzibati orqanının üzərinə öhdəlik qoyulmasını tələb etmək) hüququna təsir etmir. (Qeyd edilən hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-3215/2019 saylı Qərarında da ifadə olunmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 58/37, mənzil 29 ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1861/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1861/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver