Məhkəmə qərarları › İş №2-1(112)-1861/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1861/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1861/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçının doğum tarixində düzəliş edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı «iddiaçının doğum tarixində düzəliş edilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1 noyabr 1960-cı il tarixdə Tovuz rayonunun Böyük Qışlaq kəndində doğulmuşdur və bu barədə akt qeydləri aparılmaqla ona doğum haqqında şəhadətnamə verilmişdir. 3 mart 2015-ci il tarixdə iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsində doğum tarixi qrafasında “XX.XX.1962” qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsində doğum tarixinin düzgün yazılmaması səbəbindən iddiaçının hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. İddiaçı şəxsiyyət vəsiqəsindəki səhv məlumatın düzəldilməsi, yəni doğum tarixinin xx.xx.1960” göstərilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Binəqədi RPİ-yə ərizə ilə müraciət etmişdir. Lakin bununla bağlı tədbir görülməmiş və ərizəyə cavab verilməmişdir. Bununla da cavabdeh tərəfindən hərəkətsizliyə yol verilmişdir. Halbuki şəxsiyyət vəsiqəsində düzəliş edilməsi üçün əsaslar mövcuddur. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məlumatları şəxsiyyət vəsiqəsinə və ya vəsiqənin elektron daşıyıcısına daxil edən vəzifəli şəxs onların düzgünlüyünə görə cavabdehdir. Cavabdeh tərəf məlumata düzəliş etməli olduğu halda, heç bir tədbir görməmişdir. Təqdim edilən sənədlərdən də görünür ki, iddiaçının doğum tarixi 1 noyabr 1960-cı ildir. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı ərizəni poçt vasitəsilə 9 iyun 2023-ci il tarixdə göndərsə də, ona cavab verilməmişdir və artıq ərizənin verilməsi tarixindən 35 gündən çox vaxt keçmişdir. Göstərilənlərə əsaslanaraq, iddiaçıya 3 mart 2015-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin doğulduğu yer və tarix hissəsində olan məlumata düzəliş edilməsi, doğum tarixinin 01 noyabr 1960 kimi yazılmaqla şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Binəqədi RPİ-nin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və şəxsiyyət vəsiqəsində doğum tarixinin 1 noyabr 1960-cı il kimi göstərilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Tovuz rayonu Böyük Qışlaq kənd İcra Nümayəndəliyi tərəfindən 10 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-T 112477 nömrəli doğum haqqında şəhadətnaməmin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1 noyabr 1960-cı il tarixdə Tovuz rayonunun Böyük Qışlaq kəndində doğulmuşdur və bu barədə İcra Nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında 1960-ci ilin 11-ci ayının 26-cı günündə 99 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ tərəfindən İddiaçı ünvanlanmış 19 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı doğum haqqında şəhadətnamədə doğum tarixinin xx.xx.1960 olduğunu lakin, şəxsiyyət vəsiqəsində doğum tarixinin “XX.XX.1962” kimi qeyd edildiyini və doğum tarixinin dəyişdirilərək doğum haqqında şəhadətnaməyə uyğun düzəldilməsini, ona uyğun yeni şəxsiyyət vəsiqəsi ilə təmin olunmasını xahiş edilmişdir. Aidiyyəti məsələ ilə bağlı uyğun olaraq, Asan Xidmət Mərkəzlərində Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi şöbəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad kolleci tərəfindən məhkəməyə ünvanlanmış 31 yanvar 2024-cü il tarixli 04/018 saylı məktubunda X1 1981 – 1983-cü illərdə Bakı Maliyyə Kredit Texnikumunda təhsil aldığı və məzun olduğu qeyd edilmişdir. Həmçinin məktuba qoşma edilən AN 237031 saylı orta təhsil haqqında attestatda “həmin attestat verilir 1960-cı ildə Azərbaycan SSR, Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş İddiaçı ona görə ki, o, 1979-cu ildə Azərbaycan SSR, Tovuz rayonu, Böyük Qışlaq kənd orta məktəbin tam kursunu nümunəvi davranış və aşağıdakı qiymətlərlə bitirmişdir” kimi qeyd öz əksini tapır. İş materiallarında olan Tovuz RİH Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 6 fevral 2024-cü il tarixli məktubunda qeyd edilir ki, Böyük Qışlaq kənd XDS İcraiyyə Komitəsinin Tovuz Rayon Dövlət Arxivində saxlanılan 1983 – 1985-ci il tarixli 6 saylı təsərrüfatbaşına kitabın 388-ci şəxsi hesabında vətəndaş İddiaçı atası Hüseynov Məhəmməd H.qulu oğlunun təsərrüfatında onun qızı kimi göstərilmişdir. Tovuz rayon Dövlət arxivindən daxil olmuş 1983 – 1985-ci il tarixli 6 saylı təsərrüfatbaşına kitabın 388ci şəxsi hesabından çıxarışda İddiaçı doğulduğu il “1960” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 12.7-ci maddəsinə görə uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 3-cü maddəsinə görə şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) aşağıdakı məlumatlar daxil edilir: bu maddənin birinci hissəsində göstərilən məlumatlar; vətəndaş soyadını və (və ya) adını dəyişdiribsə, əvvəlki soyadı və (və ya) adı; vətəndaşın yaşadığı yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, əl-barmaq izləri, hərbi vəzifəsi; vətəndaşın valideynlərinin soyadı və adı; vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyad dəyişdiribsə, nikahdan əvvəlki soyad da göstərilir); vətəndaşın uşaqlarının soyadı və adı; vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır); şəxsiyyət vəsiqəsini verən orqanın adı və vəsiqənin verilmə tarixi; «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»də nəzərdə tutulduğu halda digər məlumatlar. Həmin Qanunun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Həmin maddənin “Qeyd” hissəsində göstərilir: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Hazırkı işin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı “ASAN1” tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” 3 mart 2015-ci il tarixdə verilmiş (AZE seriyalı ******** nömrəli) və iddiaçı həmin sənəddəki “doğulduğu yer və tarix”ə dair əks olunan məlumatın səhv göstərildiyini iddia edir və dəyişdirilməsini tələb edir. Lakin cavabdeh həmin sənəddə iddiaçının göstərilməsini tələb etdiyi doğum tarixini dəyişmir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində, doğum akt qeydində və iddiaçının orta təhsili haqqında attestatda doğulduğu tarix “1 noyabr 1960-cı il” kimi qeyd edildiyindən, onun doğum tarixinin dəyişdirilməsi, daha dəqiq desək düzəliş edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Odur ki, cavabdeh Binəqədi RPİ-nin imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə iddiaçının iddiasını əsaslı sayır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı onun doğum tarixi “xx.xx.1960” göstərilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı onun doğum tarixi “xx.xx.1960” göstərilməklə yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar