Məhkəmə qərarları › İş №2-1(112)-1862/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1862/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1862/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “X5 şəhid statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, mərhum oğlu X5 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, oğlu xx.xx.1975-ci il təvəllüdlü X7 xx.xx.Ncü ildən xx.xx.N-cü ilədək Milli ordu sıralarında hərbi xidmət etmişdir. xx.xx.N-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Bununla bağlı müvafiq arayışlar alınmışdır. Oğlu vəfat etdikdən sonra ona şəhidlik vəsiqəsi verilmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar 11.000 manatın verilməsi üçün müraciət edərkən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi X6 Arxivi tərəfindən verilən arayışa əsasən bildirilmişdir ki, xx.xx.N-cü il tarixində tank taburunun sıravi əsgəri X8 özünə qəsd elədiyi üçün (həlak olduğu üçün) hərbi hissənin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Halbuki. Azərbaycan Respublikası Hərbi Məhkəmə Tibbi Ekspertiza Bürosu tərəfindən verilən arayışda “ölümün səbəbi müəyyən olunmamışdır” kimi qeyd olunmuşdur. Həmçinin, cavabdeh tərəfindən də şəhid statusunun verilməsindən imtina olunmuşdur. Halbuki, onlar uzun illər güzəştlərdən istifadə etmiş, oğlunun şəkli şəhid kimi evlərinin qarşısında vurulmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(112)-1862/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininSabunçu rayon İdarəsinin etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı məxsus xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1947-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhər Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli 35 saylı arayışda göstərilmişdir ki, X7 xx.xx.N-cü ildə Sabunçu hərbi Komissarlığı tərəfindən Milli ordu sıralarına çağırılmış, xx.xx.N-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycan Respublikası Hərbi Məhkəməsi Tibbi Ekspertizası Bürosunun möhürü ilə təsdiq olunmuş rəydən görünür ki, X1 ağ ciyərin və ürəyin zədələnməsi, döş qəfəsinin sol yarısının dəlib keçən güllə yarası nəticəsində xx.xx.N-cü ildə kəskin qanitirmə ilə vəfat etmiş, meyidi hərbi hissənin silah anbarında güllə yarası ilə tapılmışdır. Bakı şəhəri Balaxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş İİ-ЖГ seriyalı 417806 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.N-cü ildə “kəskin qanitirmə güllə yarası” nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X6 Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-2810 saylı arxiv arayışında göstərilmişdir ki, N №li hərbi hissə komandirinin xx xxx Ncü il tarixli 123 №li əmrində (əsas: §-4, səh-143, sıra-15, əmrdə atasının adı “Astam” yazılmışdır) Sabunçu RHK-dan çağırılmış X2 hərbi hissənin tərkibinə gəldiyi qeyd edilməklə bütün növ təminatlardan istifadə etmək hüququ verilərək V MAT-a təyin olunması barədə məlumat vardır. N №li hərbi hissə komandirinin xx xxx N-cü il tarixli 135 №li əmrilə (əsas: §-5, səh-176, sıra-22) xidmətini davam etdirmək üçün V MAT-ın əsgəri X7 tahk taburuna təyin olunmuşdur. N №li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh7) xx.xx.N-cü il tarixində Sabunçu RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü X3 vəfat etdiyi üçün hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 227 №li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №li hərbi hissə komandirinin xx xxxxxxxx N-cü il tarixli 227 №li əmrində (əsas: xx.xx.N-xx.xx.N, §-4, səh- 120, əmrdə atasının adı “Aslan” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.N-cü il tarixində tank taburunun sıravi əsgəri X4 özünə qəsd elədiyi üçün (həlak olduğu üçün) hərbi hissənin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli B/3840 №li məktubda müraciətçiyə bildirilmişdir ki, Xidmətin Sabunçu rayon idarəsinin arxiv sənədlərinə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-2810 nömrəli arayışına və xx.xx.N-cü il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, mərhum X7 xx.xx.N-cü il tarixdə N saylı hərbi hissədə xidmət keçərkən özünə qəsd etməsi səbəbindən “güllə yarasından çoxlu qan itirmə” nəticəsində vəfat etmişdir. Məlum olduğu kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Mövcud qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən vəfat etmiş şəxslərin “şəhid” hesab edilməsi nəzərdə tutulmadığı üçün, mərhum övladı - X5 “şəhid” statusunun verilməsi mümkün olmamışdır. Bundan başqa keçmiş hərbi qulluqçuların ölüm səbəbinin araşdırılması və işə yenidən baxılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricində olduğu üçün qeyd olunan məsələ ilə əlaqədar prokurorluq və ya məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən; Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2511 №li məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X6 Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-2810 saylı arxiv arayışında N saylı hərbi hissənin tank taborunun siravi əsgəri X7 (ata adı hərbi hissənin əmrlər kitabında “Aslan” və “Astam” kimi qeyd olunmuşdur) xx.xx.N-cü il tarixində özünə qəsd elədiyi üçün hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli müvafiq əmri ilə hərbi hissənin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş X6 Arxivinin möhürü ilə təsdiq olunmuş N saylı hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 227 saylı əmrindən görünür ki, N saylı hərbi hissənin tank taborunun siravi əsgəri X7 (ata adı əmrdə “Aslan” kimi qeyd olunmuşdur) xx.xx.N-cü il tarixində özünə qəsd elədiyi üçün hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli müvafiq əmri ilə hərbi hissənin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Sumqayıt Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli hp- 14/1867 saylı arayışdan görünür ki, mərhum X3 barəsində Sumqayıt Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi yoxdur. Gəncə Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli HP- 15/1639 saylı arayışdan görünür ki, mərhum X3 barəsində Gəncə Hərbi Prokurorluğunda onun xidməti vəzifəsini yerinə yetirərkən güllə yarası alması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi və ya araşdırma materialı yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2020ci il tarixli 1/B-7250 saylı arayışdan görünür ki, xx.xx.N-cü il tarixdən (atəşkəs dövründən) sonra heç bir hər hissə döyüşən hərbi hissə deyil. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə iddiaçının mərhum oğlu X3 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasıiş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar