Məhkəmə qərarları › İş №2-1(112)-1863/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1863/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1863/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «əlilliyə görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, iddiaçı Cavabdeh2ndə işlədiyi dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmamış pensiya kapitalına görə ödənişlərlə bağlı ikinci qrup əlilliyə görə əmək pensiyası təyin olunmamışdır. İddiaçı cavabdehə müraciət etmiş, həmin qurumdan isə bildirilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən İİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqdan təyin edilir. Onun təqdim etdiyi sənədlərdə isə, 7 il 8 ay sığorta stajı yoxdur (çatışmır). Sığorta stajının 2 il 1 ay təşkil etdiyi qeyd olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, İPM-in 1 – 3, 33, 68-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 149, 151-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı 16 iyun 2020-ci il tarixdə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. O, ərizəsində ikinci qrup əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Məsələnin həllindən 26 iyun 2020-ci il tarixli məktubla imtina olunmuşdur. İmtina cavabı onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərə əsasən onun əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 7 il 8 ay sığorta stajı yoxdur. «Əmək pensiyaları haqqında» AR Qanununun 12.1-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı məhkəməyə təqdim etdiyi əmək kitabçasına əsasən o, 8 oktyabr 2008-ci il tarixdən 15 fevral 2012-ci il tarixədək Cavabdeh2 KM-də çalışmışdır. Həmin illərə uyğun olaraq, iddiaçının ümumi olaraq 3 il 4 ay 7 gün sosial sığorta stajı mövcuddur. Lakin İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliyə əsasən 7 il 8 ay sosial sığorta stajı tələb olunur. Tələb olunan sosial sığorta stajı belə hesablanır: (38 – 15) x 4 = 92 ay = 7 il 8 ay. Göründüyü kimi, ikinci qrup əlil kimi hazırkı iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 7 il 8 ay sosial sığorta stajı tələb olunmasına baxmayaraq, İddiaçı 3 il 4 ay 7 gün sosial sığorta stajı mövcuddur. Qeyd edilən sosial sığorta stajı isə, «Əmək pensiyaları haqqında» AR Qanununun tələblərinə əsasən İİ qrup əlillərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün kifayət deyildir. İddiaçı İİ qrup əlillik dərəcəsi 6 mart 2020-ci il tarixdə təyin edilmişdir. Həmin tarixdən ərizəçiyə 130 manat məbləğində əlilliyə görə sosial müavinət təyin edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, istisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada pozulmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsussiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (AR Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh tərəf sonradan iddiaya qarşı yazılı etiraza aşağıdakı məzmunda “əlavə” ərizə təqdim etmişdir: - İddiaçı məhkəməyə təqdim etdiyi əmək kitabçasına əsasən o, 8 oktyabr 2008-ci il tarixdən 15 fevral 2012-ci il tarixədək, 12 sentyabr 2012-ci il tarixdən 25 fevral 2014-cü il tarixədək Cavabdeh2 KM-də, 16 iyun 2015-ci il tarixdən 24 avqust 2017-ci il tarixədək “X3 LTD” Şirkətinin Bakı Filialında çalışmışdır. Həmin illərə uyğun olaraq, iddiaçının ümumi olaraq 6 il 11 ay 16 gün sosial sığorta stajı mövcuddur. Lakin İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliyə əsasən 7 il 8 ay sosial sığorta stajı və 13.800 pensiya kapitalı tələb olunur. Tələb olunan sosial sığorta stajı belə hesablanır: (38 – 15) x 4 = 92 ay = 7 il 8 ay. Göründüyü kimi, ikinci qrup əlil kimi hazırkı iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 7 il 8 ay sosial sığorta stajı tələb olunmasına baxmayaraq, İddiaçı 6 il 11 ay 16 gün sosial sığorta stajı mövcuddur. Həmçinin, iddiaçının tələb olunan 13.800 pensiya kapitalına qarşılıq olaraq 5.399,35 manat pensiya kapitalı mövcuddur. Qeyd edilən sosial sığorta stajı isə, «Əmək pensiyaları haqqında» AR Qanununun tələblərinə əsasən İİ qrup əlillərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün kifayət deyildir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nünayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda (əlavədə) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, 3 mart 1982-ci il tarixdə doğulmuş İddiaçı qeydiyyat ünvanı Cəbrayıl rayonunun Balyand kəndi göstərilmişdir. İş materiallarında olan İddiaçı adına açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin əmək kitaçasında onun 8 oktyabr 2008-ci il tarixdən 25 fevral 2014-cü il tarixədək olan dövrdəki əmək fəaliyyətinə dair qeydlər aparılmışdır. Məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 3 mart 1982-ci il tarixdə doğulmuşdur, əmək kitabçasında onun 2008-ci ilin oktyabr ayından 2014-cü ilin fevral ayınadək – 6 il 11 ay 16 gün əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Ona 6 mart 2020-ci il tarixdə ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir (işin mübahisə olunmayan halıdır). İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırır ki, iddiaçının pensiya kapitalı tələb olunan 13.800 manat məbləğin qarşılığında 5.399,35 manat təşkil edir, sıöorta stajı isə 7 il 8 ay müddətin qarşılığında 6 il 11 ay 16 gündür. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» AR Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Göründüyü kimi, əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: 1) ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər üzrə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi əmək kitabçası mötəbər hesab olunur. Lakin onun əmək kitabçasındakı iş illərı ona əlilliyə görə əmək pensiyası təyinatı üçün tələb olunan 7 il 8 ay sığorta stajını toplamış olmur. Belə ki, əlillik dərəcəsi verilərkən iddiaçının 38 yaşı tamam olduğundan, ona münasibətdə əlilliyə əmək pensiyasının təyinatının şərtlərindən biri kimi 92 ay (38 yaş – 15 il = 23 il, 23 x 4 ay = 92 ay), yəni 7 il 8 ay sığorta stajı toplanmalıdır. Halbuki, əmək kitabçasındakı qeydlərə əsasən onun sığorta stajı 7 ilə yaxındır. Həmçinin nəzərə alınmalıdır ki, ikinci qrup əlil kimi ona əlilliyə görə əmək pensiyasının təyinatını şərtləndirən digər hal – yetərli pensiya kapitalının toplanması da mövcud deyil. Yəni, tələb olunan 13.800 manat pensiya kapitalının qarşılığında iddiaçının pensiya kapitalı 5.399,35 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətrə gəlir ki, İddiaçıov Tərlan oğlunun əlilliyə görə əmək pensiyası hüquqü yaranmamışdır. Odur ki, cavabdehin iddiaya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «əlilliyə görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «əlilliyə görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar