Məhkəmə qərarları › İş №2-1(112)-1863/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1863/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1863/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2, 3-cü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (3-cü şəxs: "xxxx" QSC) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 55 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" QSC 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli 55 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin inşası üçün icarə əsasında cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin Sərəncam Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən verilmiş "Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında" xx.xx.2020-ci il tarixli rəyə əsasən qəbul edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sözügedən rəyi mübahisələndirmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cii il tarixli, 2-1(112)-8712/2024 saylı qərarı ilə iddia mümkün sayılmamış, mübahisələndirilən rəyin hüquqi nəticə yaratmadığı bildirilmişdir. Bu səbəbdən əlavə vaxt itkisinə yol verməmək məqsədi ilə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 55 saylı sərəncamını mübahisələndirmişdir. Belə ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati aktda mümkün hüquqi müdafiə vasitələri, qaydaları və müddəti nəzərdə tutulmadığından hazırkı aktdan şikayət müddəti 6 ay təşkil edir. Mübahisələndirilən Sərəncamdan göründüyü kimi, həmin Sərəncamın icrası "xxxx" QSC-yə həvalə edilmişdir. Sərəncamın əsas tələbi köhnə tipli tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əsasında münasibətlərin həlli olmuşdur. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" QSC mülkiyyətçilərin razılığı olmadan onlara aid mənzillərin söküntüsünə yol vermiş və bu da sonuncularla QSC arasında məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında mübahisə predmetinə çevrilmişdir. Belə ki, Sərəncamın qəbul tarixi 2020-ci il olmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə səhər radələrində özlərini "xxxx" QSC-nin nümayəndəsi qismində təqdim edən bir qrup şəxslər tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı binanın hasara alınma işlərinə başlanılmışdır. Hasara alınma işlərinin Bakı şəhəri İcra Hakimiyyətinin Sərəncamına əsasən aparıldığı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, göründüyü kimi, ayrılmış ərazidə aparılacaq tikinti ilə bağlı "xxxx" QSC tərəfindən ərazinin müvəqqəti hasara alınmasına icazə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə deyil, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 190 saylı xx.xx.2020-ci il tarixli sərəncamı ilə verilmişdir. Hasara alınmanın sərhədləri və QSC-yə ümumiyyətlə ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəsmi sənədlərlə müəyyən edilmişdir. Səlahiyyətli dövlət orqanları tərəfindən obyektin tikintisinə rəsmi icazələr verilmişdir. QSC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında və Cəmiyyət tərəfindən tənzimlənməsi şərti ilə sərəncam icra edilir. İddiaçının mübahisələndirdiyi inzibati aktın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciəti olmamışdır, mübahisələndirmə haqqında iddia müraciətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bu kontekstdə iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən hazırkı iddianın irəli sürülməsi üçün iddia müddətinə riayət edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaya dair yazılı münasibətə uyğun çıxış edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmiş, səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 55 saylı Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Yəni, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İPM-də göstərilmişdir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (2.2.1). Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər (32.1). Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1). İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. Göründüyü kimi iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 55 saylı Sərəncamının verilməsindən təxminən 4 il sonra həmin sərəncamı mübahisələndirmişdir. Bununla da o, inzibati aktln mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Qeyd edilməlidir ki, iddiaçı bundan əvvəl iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən verilmiş “Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında Rəy”in ləğv edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin işdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. İddiaçı həmin iş üzrə iddia ərizəsində Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 55 saylı Sərəncamına istinad etmiş, lakin həmin sərəncamı mübahisələndirməmişdir. Buradan da görünür ki, iddiaçı həmin sərəncamdan çox əvvəllər məlumatlı olmuşdur. O, öncə qeyd olunan rəyi mübahisələndirmiş, iddiası mümkün sayılmadıqdan sonra isə hazırkı sərəncamın ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi mübahisələndirmə haqqında iddia üçün iddia müddəti müəyyən edilmişdir ki, iddiaçı həmin müddəti ötürmüşdür. Yaranmış vəziyyət isə hazırkı işə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar