Məhkəmə qərarları › İş №2-1(112)-1864/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1864/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1864/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı Anatoliyevnanın, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Anatoliyevnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Anatoliyevna cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. O, yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı 13 aprel 2021-ci il tarixdə ərizə ilə müvafiq sənədləri – əmək kitabçası, ali təhsil haqqında diplomun surətini təqdim edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST" Mərkəzinə müraciət etmişdir. Pensiya təyinatı ilə bağlı müraciət edilən həmin dövrdə qadınlar üçün pensiya yaşı “62 yaş” müəyyən olunmuşdur və bu barədə cavabdehin müvafiq məktubunda da qeyd olunmuşdur. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 3 iyul 2021-ci il tarixli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Cavabdeh orqan öz məktubunda qeyd etmişdir ki. təqdim edilən əmək kitabçası və ali təhsil haqqında diplomun surətinə əsasən ümumi stajı 19 il 4 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. Ali təhsil haqqında diplomun surətini təqdim etsə də, cavabdeh orqan ümumi stajı hesablayarkən təhsil müddətini nəzərə almamışdır və hesablanan 19 il 4 ay müddətə təhsil dövrü daxil deyil. İddiaçı 1 sentyabr 1975-ci il tarixdən 16 iyun 1980-ci il tarixədək “riyaziyyat" ixtisası üzrə təhsil almışdır. Bu faktı təsdiq edən D-l 375456 nömrəli ali təhsil haqqında diplom mövcuddur (surəti əlavə edilir). Yuxarıda qeyd olunanlara əsasən artıq əmək fəaliyyətinə başlayanda onun qanunvericiliyə uyğun olaraq 4 il 9 ay ümumi iş stajı olmuşdur. Belə ki, 1 oktyabr 1956-cı il tarixdən qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət təminatı haqqında» SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir. Həmin Qanunun 109-cu maddəsinin “i” yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmçinin məktubda qeyd olunmuşdur ki, 15 iyul 2001-ci il tarixdən 5 oktyabr 2002-ci il tarixədək işlədiyi “Hasan Özaltın” firmasının və 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından, həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. İddiaçı yuxarıda qeyd olunan müəssisələrdə işlədiyi dövrlər barədə müvafiq olaraq əmək kitabçasında qeyd edilmişdir. Həmçinin, iddiaçının 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək "Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsində iqtisadçı vəzifəsində işləməsi və aldığı maaşlar barədə arayış da təqdim olunmuşdur (arayışın əsli əlavə olunur). Cavabdeh orqan arxiv sənədlərin saxlanıldığı ünvanın məlum olmaması səbəbini gətirərək iddiaçının “Hasan Özaltın” firmasında və “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajının araşdırılmasına heç bir təşəbbüs göstərməmişdir. Halbuki, cavabdeh sosial sığorta stajının araşdırılması üçün lazım olan arxiv sənədlərin əldə olunması, habelə həmin müəssisələrin hazırkı ünvanları və digər məlumatların öyrənilməsi məqsədilə Dövlət Vergi Xidməti və digər əlaqəli qurumlara müraciət etməli idi. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin, inzibati orqan təqdim edilən sübutlarla kifayətlənmədikdə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hazırkı ərizəyə əlavə olunan, Dövlət Vergi Xidmətinin vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə internet vergi idarəsinin çıxarışından “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisənin ünvanı və barəsində digər məlumatlar aydın olaraq görünür. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının 19 il 4 ay əmək stajından əlavə olaraq 1 sentyabr 1975-ci il tarixdən 16 iyun 1980-ci il tarixədək təhsil aldığı dövrü (4 il 9 ay) və 15 iyul 2001-ci il tarixdən 5 oktyabr 2002-ci il tarixədək “Hasan Özaltın” firmasında (1 il 2 ay 20 gün) və 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsində (1 il 7 ay 25 gün) işlədiyi dövrləri hesabladıqda, onun ümumi stajı 26 il 11 ay 15 gün təşkil edir. Ümumi sığorta stajı qanunla tələb olunan stajdan çox olduğundan, ona yaşa görə əmək pensiyası təyin edilkməli idi. Beləliklə, cavabdehin sözügedən imtina məktubu qanunsuz və əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.1, 14.2-ci maddələrinə, İPM-in 12.1, 12.2, 14.3-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1, 22.1, 24-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, iddiaçıya 62 yaşdan – 20 dekabr 2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı ürzə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçı hüququnun yarandığı 20 iyun 2018-ci il tarixə qadınların pensiya yaşı 60.5 yaş müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının təqdim etdiyi 23 avqust 1980-ci il tarixdə tərtib edilmiş əmək kitabçasına və ali təhsil haqqında diplomun surətinə əsasən ümumi sığorta stajı qanunvericiliklə tələb edilən 25 ildən az olduğundan, 1 yanvar 2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək, həmçinin hazırki günədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən 1 yanvar 2006-cı il tarixədək yaranan ümumi iş stajına uyğun olaraq hesablanan pensiya kapitalı tələb edilən pensiya kapitalından az olduğundan, yəni əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. İş üzrə zərurət yarandığından cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən yenidən araşdırılma aparılaraq (Filialın 23 noyabr 2021-ci il tarixli məktubunun əsli əlavə edilir) müəyyən edilmişdir ki, İddiaçı təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən 1 sentyabr 1975-ci il tarixdən 16 iyun 1980-ci il tarixədək olan dövr üzrə 4 il 9 ay 15 gün, əmək kitabçasına əsasən 18 avqust 1980-ci il tarixdən 27 sentyabr 1989-cu il tarixədək olan 9 il 1 ay 9 gün, 2 oktyabr 1989-cu il tarixdən 8 may 1993-cü il tarixədək 3 il 7 äy 6 gün olmaqla işlədiyi dövr üzrə 1 yanvar 2006-cı il tarixədək ümumilikdə sığorta stajı 17 il 6 ay təşkil edir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən vətəndaşın pensiya hüququ yararan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən təhsil müddəti sığorta stajına əlavə edilmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X3 və araşdırma şöbəsinin 5 noyabr 2021-ci il tarixli aktına əsasən İddiaçı 2002 – 2004-cü illərdə “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsində işləməsi faktının araşdırılması zamanı məlum olmuşdur ki, həmin müəssisənin arxiv sənədləri saxlanılmır (aktın surəti əlavə edilir). Bu səbəbdən həmin dövrlərin sığorta stajını araşdırmaq mümkün olmamışdır. X6 Monitorinq və araşdırma şöbəsinin 12 noyabr 2021-ci il tarixli aktına əsasən İddiaçı 1993 – 1999-cu illərdə “Spektr” kiçik müəssisəsində işləməsi faktının araşdırılması zamanı adıçəkilən müəssisənin arxiv sənədləri saxlanılmadığından, həmin dövrlərin sığorta stajını araşdırmaq mümkün olmamışdır (aktın surəti əlavə edilir). Eyni zamanda, Monitorinq və araşdırmalar şöbəsinin 3 iyun 2021-ci il tarixli xidməti məruzəsinə əsasən iddiaçının əmək kitabçasına əsasən 15 iyun 2001-ci il tarixdən 5 oktyabr 2002-ci il tarixədək işlədiyi “Hasan Özaltın” firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından, həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 oktyabr 2021-ci il tarixli **********18 nömrəli məktubuna əsasən “Hasan Özaltın” firması barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır (məktubun əsli əlavə edilir). Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 19 oktyabr 2021-ci il tarixli 4/2035 nömrəli məktubunda qeyd olunmuşdur ki, “Hasan Özaltın” firmasının və “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinin arxiv sənədləri arxivə mühafizə üçün təhvil verilməmişdir (məktubun əsli əlavə edilir). Halbuki «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 1 yanvar 2006-cı il tarixədək olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinin 19 oktyabr 2021-ci il tarixli 25 nömrəli məktubuna əsasən müəssisənin arxiv sənədləri olmadığına görə Lyubov Anatolyevanın işlədiyini təsdiq etmək mümkün deyildir (məktubun əsli əlavə edilir). Bu isə, iddia ərizəsinə əlavə edilmiş iddiaçının “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsində 2002-ci ilin oktyabr ayından 2004-cü ilin may ayınadək aldığı əmək haqqı barədə tarixi və nömrəsi məlum olmayan arayışla ziddiyyət təşkil edir. Belə ki, sözügedən arayışda iddiaçının 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək işləməsi təsdiq edilmiş və iddiaçının həmin dövrdə aldığı əməkhaqqı məbləğləri göstərilmişdir. Müəssisənin arxiv sənədləri olmadan iş stajının təsdiqi və əməkhaqqı barədə həmin arayışın hansı sənədlərə əsasən tərtib edildiyi məlum olmamaqla mötəbər deyildir. İddiaçının isə əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirən stajı nə Dövlət arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Buna görə hesab edilir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 14.3, 47.2-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Anatoliyevna iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasındakı qeydlərə əsasən o, 1975 – 1980-ci illərdə (4 il 9 ay 15 gün) X1 təhsil almış, 1980 – 1989-cu illərdə (9 il 1 ay 8 gün) Bakı Radio Zavodunda, 1989 – 1991-ci illərdə (1 il 3 ay 19 gün) Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi Su Problemləri AzETİ-də, 1991 – 1993-cü illərdə (2 il 4 ay 6 gün) Azərbaycan SSR DTK-da işləmişdir. Əmək kitabçasına əsasən sonuncu qeyd olunan təşkilatdan 7 may 1993-cü il tarixdə işdən azad olunduqdan sonra iddiaçı 1 iyul 1993-cü il tarixdən 25 avqust 1995-ci il tarixədək (2 il 1 ay 24 gün) “Spektr” KM-də, 28 avqust 1995-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək (1 il 7 ay 18 gün) “Spektr-N” elmi-texniki müəssisədə, 16 aprel 1997-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək (2 il 8 ay 14 gün) “Spektr-M” gəmi təmiri müəssisəsində, 15 iyul 2001-ci il tarixdən 5 oktyabr 2002-ci il tarixədək (1 il 2 ay 20 gün) “Hasan Özaltın” firmasında, 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsində işləmişdir. İddiaçı diplom və əmək kitabçasına əsasən 25 ildən artıq sosial sığorta stajının olması nəzərə alınaraq, ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının 2002 – 2004-cü illərdə işlədiyi “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinin və 1993 – 1999-cu illərdə işlədiyi “Spektr” KM-in arxiv sənədləri saxlanılmadığından, eləcə də 2001 – 2002-ci illərdə işlədiyi “Hasan Özaltın” firmasının faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından, habelə firmanın qeydiyyata alınması barədə məlumat aşkar edilmədiyindən, həmin dövrlərin araşdırılması mümkün olmamışdır, bununla da iddiaçının ümumilikdə ali təhsil dövrü də nəzərə alınmaqla 17 il 6 ay sosial sığorta stajı toplanmış olur, bu isə tələb olunan 25 il müddətdən azdır, onun 1 yanvar 2006-cı il tarixdən pensiya hüququ yararan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırkı iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, adları aşağıda qeyd edilən hüquqi şəxslərin dövlət qeydiyyatı və fəaliyyət dövrü barədə müvafiq məlumatın təqdim edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə 13 dekabr 2021-ci il tarixdə məktub ünvanlamışdır: - “Spektr” kiçik müəssisəsi, “Spektr-N” elmi texniki müəssisəsi, “Spektr-M” gəmi təmiri müəssisəsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanlanmış 1 fevral 2022-ci il tarixli cavab məktubunda aşağıdakılar bildirilir: - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində olan reyestrdə “Spektr” kiçik müəssisəsi adlı bir neçə kommersiya qurumu aşkar edilmiş, “Spektr-N” elmi texniki müəssisəsi və “Spektr-M” gəmi təmiru müəssisəsi adlı kommersiya qurumları isə aşkar edilməmişdir. Bu səbəbdən, müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına müvafiq sorğuya cavab olaraq ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli məktubunda “Hasan Özaltın” fiması barədə dövlət əmlakının Registrində məlumatın qeydiyyata alınmadığı bildirilmiş və tələb olunan məlumatın əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Dövlət Vergi Xidmətinin DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 18 oktyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Dövlət reyestrində “Hasan Özaltın” firmasının 6 iyun 1996-cı il tarixdə 29684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin firma 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 19 oktyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - “Hasan Özaltın” firmasının və “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinin müvafiq sorğuya cavab olaraq DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 19 oktyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinin bu çox illər ərzində bir neçə dəfə yerdəyişmələrini nəzərə alaraq arxiv sənədlərinin olmadığına görə İddiaçı Anatolyevanın müəssisədə işlədiyinin təsdiqlənməsi mümkün olmur. İş matteriallarında olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin müvafiq sorğuya cavab olaraq DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 4 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən X8 Kiçik Müəssisəsi Ədliyyə Nazirliyi tərəfindən 22 sentyabr 1994-cü il tarixdə 16640 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. 28 yanvar 1998-ci il tarixdə ********* saylı şəhadətnamə ilə X8 Kiçik Müəssisəsi vergi orqanında uçota alınmışdır. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında» 17 may 2005-ci il tarixli 91 nömrəli qərarına əsasən 9 rəqəmli VÖEN şəhadətnaməsi ilə aparılan bütün əməliyyatlar 1 iyul 2005-ci il tarixdən dayandırılmışdır. Bu səbəbdən X11 Müəssisəsi 17 dekabr 2004-cü il tarixdə ********** saylı VÖEN şəhadətnaməsi ilə təkrar uçota alınmışdır. Həmçinin uçot baza məlumatlarına əsasən X8 Kiçik Müəssisəsindən (VÖEN **********) 7 oktyabr 2002-ci il tarixdən 1 iyun 2004-cü il tarixədək 482,62 manat vergi ödənişi daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdr ki, iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə 14 iyun 2021-ci il tarixdə daxil olduğundan, Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli 365- VİQD nömrəli Qanununun 1.1-ci bəndi ona münasbətdə şamil edilmir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin maddədə nəzərdə tutulmuşdur ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanunvericiliyinin qüvvədə olan tələbləri müvafq yaş həddinə çatmış qadınlara yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakı hallardan hər hansı birinin mövcud olması ilə şərtləndirir: 1) sığorta stajından asılı olmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; 2) 25 il sığorta stajının olması. İlk növbədə nəzərə alınmalıdır ki, məhkəmə icraatında iddiaçının 1 yanvar 2006-cı il tarixdən pensiya hüququ yararan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilir. İddiaçının sosial sığorta stajı ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının diplomunda göstərilən təhsil illəri və əmək kitabçasında qeyd olunan iş fəaliyyətinin bir hissəsi, yəni 17 il 6 ay müddət mübahisələndirilmir və sosial sığirta stajı kimi nəzərə alınır. İddiaçının Əmək kitabçasında əks olunan fəaliyyət üzrə mübahisələndirilən iş stajı 1993 – 1999-cu illərdə “Spektr” KM, “Spektr-N” elmi texniki müəssisəsinə və “Spektr-M” gəmi təmiri müəssisəsinə, 2001 – 2002-ci illərdə “Hasan Özaltın” firmasına və 2002 – 2004-cü illər üzrə “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinə, aiddir. Aidiyyəti orqandan məhkəmənin və cavabdeh tərəfin müvafiq sorğuları üzrə alınmış məlumatlara əsasən iddiaçının əmək kitabçasında onun 1993-cü ildən sonrakı dövrə aid əks olunanlar dolaysı ilə də olsa qismən təsdiqlənir. Məhkəməyə daxil olmuş həmin məlumatda “Spektr” KM-in hüququ şəxs kimi dövlət qeydiyyatına alınması təsdiqlənir, lakin “Spektr-N” elmi texniki müəssisəsi və “Spektr-M” gəmi təmiri müəssisəsi adlı qurumların reyestrdə qeydiyyatıın aşkar olunmadığı bildirilmişdir. Odur ki, iddiaçının 1 iyul 1993-cü il tarixdən 25 avqust 1995-ci il tarixədək “Spektr” KM-dəki əmək fəaliyyəti sosial sığorta stajına daxil oluna bilər, lakin 28 avqust 1995-ci il tarixdən 15 aprel 1997-ci il tarixədək “Spektr-N” elmi-texniki müəssisədə və 16 aprel 1997-ci il tarixdən 30 dekabr 1999-cu il tarixədək “Spektr-M” gəmi təmiri müəssisəsində işlədiyi müddət, həmin qurumların hüquqi şəxs kimi qeydiyyatı təsdiqlənmədiyindən sosial sığorta stajına daxil oluna bilməz. Nəzərə alınmalıdır ki, qanunvericilik 2002-ci ilin 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajının nəzərə alınmasını məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirmir. Bundan başqa, “Hasan Özaltın” firması 6 iyun 1996-cı il tarixdə dövlət qeydiyyatına alınsa da, iddiaçının həmin firmada 15 iyul 2001-ci il tarixdən 1 yanvar 2002-ci il tarixədək olan dövr sığorta stajına daxil edilə bilər, çünki, qanunvericilik 1 yanvar 2002-ci il tarixdən sonrakı dövrün sosila sığorta stajına daxil ediməsi üçün həmin dövrdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini tələb edir, lakin müəssisənin sənədləri aşkar olunmasığı halda, sosial sığorta haqlarının ödənilib-ödənilməməsini müəyyən etmək mümkün deyil. Odur ki, iddiaçının həmin müəssisədəki fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən sonrakı sosial sığorta stajı kimi nəzərə alına bilməz. Həmçinin iddiaçının 2002 – 2004-cü illərdə işlədiyi “Vəfa” müstəqil çoxsahəli kiçik müəssisəsinin də arxiv sənədlərinin aşkar olunmaması həmin dövrdə ona münasibətdə sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsini mümkünsüz edir. Bu səbdən iddiaçının qeyd olunan dövr üzrə fəaliyyəti də sosial sığorta stajına daxil edilməməlidir. Qeyd olunanların məcmusunda iddiaçının cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən mübahisələndirilməyən (ali təhsil dövrü də nəzərə alınmaqa) 17 il 6 ay sosial sığorta stajına “Spektr” KM-dəki 2 il 1 ay 24 gün və “Hasan Özaltın” firmasındakı 5 ay 15 gün staj əlavəı olunduqda, 20 il 8 gün təşkil edir ki, bu da qanunla tələb olunan 25 il sığorta stajından azdır. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçıın fərdi hesabında “əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən” pensiya kapitalı qeydə alınmadığından və 25 il sığorta stajı toplanmadığından, ona yaşa görə əmək pensiyası təyinatından imtina edilməsi əmək qanunvericiliyinin müddəalarına zidd qiymətləndirilməməli və inzibati icraat cavabdeh inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 19 və 24-cü maddələrinin tələbləri gözlənilməklə aparılmış sayılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Anatoliyevnanın cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Anatoliyevnanın cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar