Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1864/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Üçüncü şəxslər X15, X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X16, X13, X7, X4, X17, X15, X18) “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ( “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadları ilə X16, X13, X7, X4, X17, X15, X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Maştağa tərəvəzçilik-südçlükü ərazisində X8 0,25 ha torpaq sahəsi ayrılmış, Sovxozun 04 fevral 1964-cü il tarixli qaytanlanmış torpaq kitabında ata adı qeyd edilmiş, torpaq sahəsinə yerli icra hakimiyyəti orqanı tərəfindən yerləşmə sxemi tərtib edilmişdir. Cavabdehə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair müraciət edilmiş, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun 04 fevral 1964-cü tarixli qaytanlanmış torpaq kitabına əsasən 75 saylı siyahıda hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Torpaq Məcəlləsinə əsasən yerdə naturada hüdudlar müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmiş, sovxoz tərəfindən deyil, sonradan Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisi tərtib edilmiş, torpaq sahəsinə digər şəxslər X16, X13, X7, X2 müraciəti olmuşdur. Faktiki torpaq sahəsi 0,3301 kv.m-dir. Tərəflərin izahatları: Üçüncü şəxs C.Qurbanov iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Ə.Atalıyev iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilmişdir ki, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun 04 fevral 1964-cü tarixli qaytanlanmış torpaq kitabına əsasən 75 saylı siyahıda hüquq sahibinə torpaq sahəsi ayrılan zaman Torpaq Məcəlləsinə əsasən yerdə naturada hüdudlar müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmiş, sovxoz tərəfindən deyil, sonradan Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə cizgisi tərtib edilmiş, digər şəxslərin müraicəti torpaq sahəsinə olmuşdur. Abşeron Rayon Dövlət Arxivinin arayışından görünür ki, X8 Maştağa Tərəvəzçilik- Südçülük Sovxozunun qaytanlanmış torpaq kitabında 75 nömrəli siyahı üzrə 0,25 ha ölçüdə şəxsi istifadədə olan torpaq sahəsi ayrılmışdır. Notariat ofisinin məktubundan görünür ki, həmin şəxsin vəfati ilə əlaqədar olaraq iddiaçı vərəsəlik işinin açılması ilə əlaqədar müraciət etmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin məktubundan və yerləşmə sxemindən görünür ki, 2500 kv.m iddiaçının atasına ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib edilərək təsdiq edilmişdir. Müayinə aktından görünür ki, torpaq sahəsi sərhədləri mişar daşı ilə hasarlanmışdır. Faktiki sahə 0,3301 kv.m təşkil edir. İddia olunan torpaq sahəsinin ətrafında və yaxın qonşuluğunda mülkiyyət hüquqları dövlət qeydiyyatından keçmiş qeydlər üzrə cavabdehin arxiv qovluğunda olan sənədlərdən görünür ki, X9 ayrılmış torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun sənədləri və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin hüquqmüəyyənedici sənədə istinadla tərtib edilmiş və təsdiq edilmiş yerləşmə cizgisi əsasında mülkiyyət hüquqları üzrə müxtəlif şəxslərin adına qeydiyyatdan keçmişdir. X3 adına olan hüquqmüəyyənedici sənədə dair yerləşmə cizgisi də Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Eləcə də, X1 adına olan hüquqmüəyyənedici sənəd üzrə də yerləşmə cizgisi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İmtina məktublarından görünür ki, Ş.Mövlamovaya, A.Babayevə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsi Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun ərazisində yerləşir. Yerləşmə cizgisi Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmişdir. Sovxozun əmri, əmrin arxiv arayışı və qanunauyğun yerləşmə sxemi təqdim edilməmişdir. İmtina məktublarından görünür ki, Ə.İbrahimova, A.Məmmədova mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina onunla əsaslandırılmışdır ki, yerləşmə cizgisi Sovxoz tərəfindən deyil, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. 14 oktyabr 2021-ci il tarixli bildirişdən görünür ki, A.Babayevin müraciəti əsasında təqdim edilən sənədlərin mötəbərliyinin şübhə ola biləcək hallarla bağlı araşdırmanın aparılması üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 14.1-ci maddəsinə uyğun olaraq ərizənin icrası dayandırılmışdır. Ərizələrdən görünür ki, Ə.İbrahimov, H.İbrahimov, A.Məmmədov onun adına Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş yerləşmə cizgilərinin ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir. Yerləşmə cizgilərindən görünür ki, X5 yerləşmə cizgisi Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri tərəfindən tərtib edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdehdən daxil olmuş müraciət əsasında X16, X7, X4 tərəfindən təqdim edilmiş sənədlərin mötəbərliyinin yoxlanılması barədə materiala baxılmış cinayət işinin başlanılması rədd edilmişdir. Abşeron Rayon Dövlət Arxivinə göndərilmiş sorğu əsasında X7 və X11 adının Abşeron Rayon XDS İK-nin 195 nömrəli 20 sentyabr 1991-ci il tarixli qərarında aşkar edilmədiyi bildirimiş, Ə.İbrahimov və A.Məmmədova aid arxiv çıxarışları 17 nömrəli xx.xx.1999-cu il tarixli əmrinə uyğun olaraq məhkəməyə göndərilmişdir. Adıçəkilən sənədlərə Abşeron Rayon İcra Hakimiyyəti və Arxiv tərəfindən yerləşmə cizgiləri əlavə edilməmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin məktubundan görünür ki, 2500 kv.m torpaq sahəsi iddiaçının adından çıxış edən X10 faktiki istifadəsindədir. "xxxx" ASC tərəfindən verilmiş məktubdan görünür ki, adıçəkilən ünvanda X10 adı üzrə elektrik enerjisinin təchiz edilməsi üzrə məlumat mövcuddur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 12.1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır. 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. İddia olunan mübahisəli 2500 kv.m torpaq sahəsinə dair iş üzrə təqdim edilən sənədlərdən görünür ki, məxsus olma haqqında arayışın verilməsi tələb olunan sahəyə dair Sovxozun qaytanlanmış torpaq kitabından 75-ci siyahı üzrə iddiaçının atası Ə.Cəlilova faktiki istifadədə olan 2500 kv.m torpaq sahəsinin ayrılması qərara alınmış, həmin sahəyə dair yerləşmə cizgisi tərtib edilməmiş, həmin cizgi sonradan ərazinin yerləşdiyi aidiyyəti yerli icra hakimiyyəti orqanı kimi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Cavabdehin də əsas imtina əsası qismində də məhz həmin hal təşkil edir. Belə ki, cavabdeh hesab edir ki, yerləşmə cizgisi sovxoz tərəfindən tərtib edilməli idi, sonradan yerləşmə cizgisinin Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilməsi imtinanın qanuniliyi üçün əsasdır. Məhkəmə cavabdehin həmin imtina dəlili ilə razılaşmır. Belə ki, Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. Maddə 29. torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalqdeputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 56. ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Maddə 57. yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nörəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında”Əsasnamə: Bənd 2.Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır. Bənd 3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir. Bənd 4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: -qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: -mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; -mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; -məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; -torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; -istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; -torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; -torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması. -Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İş materiallarından müəyyən edilir ki, həmin dövrdə səlahiyyətli olan Sovxoz sənədi əsasında torpaq sahəsi iddiaçının adına naturada təhvil verilmiş olsa da, həm həmin sənəd tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi verilməmiş, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair ayrıc aktı vətəndaşa təqdim edilməmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Məhkəmə qeyd edir ki, yerli icra hakimiyyəti orqanı düzgün və əsaslı olaraq torpaq sahəsinin ayrılması barədə sovxoz sənədinin ləğv edilmədiyini, geri çağrılmadığını, dəyişdirilmədiyini və hal-hazırda öz hüquqi qüvvəsini saxladığını nəzərə almış və onun yurisdiksiyasında olan sahəyə dair sovxozun hal-hazırda ləğv olunması da nəzərə alınmaqla yerləşmə cizgisini tərtib etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Göründüyü kimi yerli icra hakimiyyəti orqanının yerləşmə cizgisi torpaq sahəsinin ayrılması üzrə dövlətin torpaq sahəsinin ayrılması üzrə səlahiyyətlərinin tam icrasının həyata keçirilməsinə yönəlmiş tədbir olmuş, hüquqmüəyyənedici sənədin mötəbərliyinə etimad hüququnun realizəsinə xidmət etmiş, arxiv arayışından çıxarışda da məhz deyildiyi kimi şəxsi istifadədə olan 2500 kv.m torpaq sahəsini koordinatları, yerləşmə və digər texniki xüsusiyyətlərinin müəyyən edilməsinə yönələn qanunauyğun faktiki xarakterli hərəkət kimi yerləşmə cizgisinin tərtibatını həyata keçirmişdir. Həmin yerləşmə cizgisi də, hüquqmüəyyənedici sənəd kimi mötəbərdir, ləğv edilməmişdir, öz qüvvəsini saxlamaqdadır. Mövcud formalaşmış məhkəmə təcrübəsi ilə də müəyyən edilir ki, yerli icra hakimiyyəti orqanlarının, eləcə də ləğv edilmiş kolxoz,sovxozlar tərəfindən ayrılmış torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənədin mötəbərliyi şübhə altına alınmadığı təqdirdə torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi üzrə səlahiyyətli qurum məhz torpaq sahəsinin yerləşdiyi yerli icra hakimiyyəti orqanı kimi tanınmışdır ki, hal-hazırda Sabunçu Rayon İcra Hakimiyyətini cizginin tərtib edilməsinə yönələn hərəkəti həmin təcrübəyə uyğun, cavabdehin həmin cizgini nəzərə almaması isə təcrübə uyğunsuzluğu özündə ehtiva etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda və ətrafında yerləşən torpaq sahələrinə dair istər Sovxoz, istər yerli icra hakimiyyəti orqanları tərəfindən verilən sərəncam, əmr və digər hüquqmüəyyənedici sənədlər üzrə də yerləşmə cizgisi həmin sənədlərin verildiyi tarixdən on illər sonra tərtib edilib, təsdiq edilmiş və cavabdeh tərəfindən də mötəbərliyi şühbə altına alınmadan mülkiyyət hüququna dair həmin torpaq sahələrinə adıçəkilən yerləşmə cizgiləri əsasında qeydlər aparılmışdır ki, məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftarın tətbiqinə heç bir zərurət mövcud deyildir. Necə ki, digər sənədlər üzrə yerləşmə cizgisi Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tanınmışdır, cavabdeh tərəfindən hazırkı halda da mülkiyyət hüququna dair hüquq tanınmalıdır. Qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Digər tərəfdən nəzərə alınmalıdır ki, torpaq sahəsinin faktiki ölçüsünün artıq olması da iddianın təminini istisna etmir. Belə ki, iddiaçı məhz 2500 kv.m torpaq sahəsinə dair iddia qaldırır, faktiki sahə isə arayışın verilməsinə dair tələblə ehtiva edilmir. Torpaq sahəsinə digər şəxslərin müraciətinə dair məhkəmə isə qeyd edir ki, digər şəxslərin torpaq sahəsinə müraciətinin mövcud olması, hazırkı iddianın təminini istisna edən hal qismində çıxış etmir. İlk növbədə məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, mötəbərliyi hər hansı şübhə doğurmayan iddiaçının atasına ayrılmış torpaq sahəsi 1964-cü il tarixdə, üçüncü şəxslərə torpaq ayırma və iddia verilmədən on illərlə öncə ayrılmış, həmin sənəddə məhz şəxsi istifadədə olma ifadəsi xüsusi ilə vurğulanmışdır ki, cizginin sonradan tərtib edilməsi, torpaq sahəsinin naturada uzun illərdir ki, istifadə vəziyyətini aradan qaldırmır. Digər tərəfdən Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin sahə üzrə verilmiş yerləşmə cizgilərinin ləğv edilməsinə dair ərizələr də məhkəməyə təqdim edilmişdir ki, işin mübahisəli vəziyyəti hazırkı halda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş yerləşmə cizgiləri, həmin sənədlər əsasında olmuşdur. Məhkəmə bu istiqamətdə araşdırma aparmış və müəyyən etmişdir ki, imtina məktublarında adıçəkilən üçüncü şəxslərin müraciətlərinə əlavə edilən hüquqmüəyyənedici sənədlərdən bəziləri ümumiyyətlə arxivdə aşkar edilməmiş, aşkar edilən hüquqmüəyyənedici sənədlər mövcud olsa belə, buna dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edildiyi iddia edilən cizgilərlə əlaqədar hər hansı arxiv sənədi olmamış, müvafiq sorğulara cavablarla nə Abşeron Rayon Dövlət Arxivi, nə də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərin adına həmin sahə ilə bağlı yerləşmə cizgisi təqdim edilməmişdir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, həmin cizgilər tərtib edilsə belə, torpaq sahəsinin Sabunçu Rayon ərazisində olması və hüquqmüəyyənedici sənədin tarixi baxımından iddiaçı tərəfindən iddia olunan sahə ilə əlaqədar təqdim edilən hüquqmüəyyənedici sənəd və yerləşmə cizgisi arayışın verilməsi üçün əsas qismində çıxış edir. Belə ki, ətraf və qonşuluqda olan sahələrə dair yerləşmə cizgilərindən görünür ki, cizgilər hamısı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həmin sahəyə dair hər hansı cizgi mövcud olmamışdır. Odur ki, mötəbər hesab edilsə belə, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən cizgi ilə Sabunçu Rayon İcra Hakimiyyətinin ərazisində sonuncu tərəfindən tərtib edilmiş cizginin mötəbərliyinin şühbə altına alınması yol verilməzdir ki, lakin göstərilən məsələ üzrə əlavə qiymətləndirmə aparılması zərurəti mövcud deyildir. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı cizginin tərtib edildiyi, arxiv nüsxəsinin olduğu müəyyən edilmir. Doğrudur cinayət işinin başlanılması barədə rədd qərarında üçüncü şəxslər tərəfindən cizginin saxtalaşdırılmasına münasibətdə fakt müəyyən edilməsə də, məhkəmə hesab edir ki, əmlak orqanı tərəfindən mötəbərliyinə şübhə ilə yanaşılan həmin yerləşmə cizgilərinin arxiv nüsxəsinin aşkar edilməməsi, eləcə də, iddia olunan sahəyə dair müəyyən hüquqmüəyyənedici sənədlərin ümumiyyətlə aşkar edilməməsi, eləcə də iddiaçının atasına torpaq ayırmanın 1964-cü il tarixdə olması nəzərə alınmaqla iddianın təmini üçün kifayət qədər əsasların mövcudluğu müəyyən edilir. Bundan əlavə, digər üçüncü şəxslərə verilən imtinalardan görünür ki, ərazinin məhz Sovxoz ərazisi olması da xüsusi olaraq vurğulanmışdır ki, iddiaçının atasına da məhz həmin Sovxoz ərazisində, sovxoz sənədi əsasında torpaq sahəsi ayrılmışdır. Bundan əlavə, məhkəmə tərəfindən torpaq sahəsinin faktiki olaraq kimin istifadəsində olması məsələsini də araşdırmış və müəyyən etmişdir ki, iddiaçının atası, daha sonra iddiaçı tərəfindən istifadə edilmiş həmin torpaq sahəsi hasarlanmış formada həmin şəxsin adından çıxış edən C.Qurbanovun faktiki istifadəsində olmuşdur. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyətinin və "xxxx" ASC-nin təqdim etdiyi məhkəmə sorğularına dair cavab məktublarından görünür ki, 2500 kv.m torpaq sahəsində iddiaçının adından C.Qurbanov istifadə edir, həmin sahəyə elektrik enerjisinin təmin edilməsinə dair sonuncunun adina məlumat mövcuddur. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin mülkiyyətçisi, onun vərəsəsi, istifadəçisi faktiki istifadəni istədiyi şəxsə güzəşt etmək, ötürmək hüququna malikdir ki, məhkəmə iclasına audio-video yazı vasitəsi ilə qoşulan iddiaçının, C.Qurbanovun izahatından, eləcə də təqdim edilən sənədlərdən görünür ki, torpaq sahəsi iddiaçının iradəsi əsasında C.Qurbanovun istifadəsindədir və digər müraciət edən şəxslərin həmin torpaq sahəsindən hər hansı dövrdə istifadə etməsi öz təsdini tapmır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Digər tərəfdən məhz 22.2-ci maddədə nəzərdə tutulan hüququn məxsus olması haqqında arayışın verilməsinə dair iddia üzrə məhz mülkiyyət hüququnun xüsusi olaraq göstərilməli olması da məhkəmə hesab edir ki, zəruridir. Belə ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; Göründüyü kimi mülkiyyət hüququna dair çıxarışlarda olduğu kimi arayış da daşınmaz əmlak üzərində hüququn növünün göstərilməsi mütləqdir ki, 7.1-ci bəndin tələbindən də görünür ki, həm mülkiyyət və digər əşya hüquqları, misal istifadə və s hüquqları üzrə arayış verilə bilər. Bu səbəbdəndir ki, necə ki, mövcud məhkəmə təcrübəsində hüquqların dövlət qeydiyyatına əsas olan işlər üzrə mülkiyyət və digər hüququn göstərilməməsi, yuxarı instansiya məhkəmələri tərəfindən yenidən araşdırmanın aparılması ilə əlaqədar və hüququn növünün müəyyən edilməsi ilə əlaqədar aşağı instansiya məhkəmələrinə qərarın ləğv edilərək iş materiallarının göndərilməsinə əsas olur ki, məhkəmə hesab edir ki, arayışın verilməsinə dair işlər üzrə də hansı hüququn göstərilməməsi də həmin qiymətləndirməyə və mövqeyə tabedir. Odur ki, hüququn növünün göstərilməsi mütləqdir. Qeyd olunmalıdır ki, Qanunun 22.2-ci maddəsində redaksiyanın “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir” formasında olması da vəziyyəti dəyişmir. Belə ki, necə ki Qanunun 8-ci maddəsi eləcə də, digər aidiyyəti maddələrindən də aydın olur ki, yuxarıda istinad edilən Qanun təkcə mülkiyyət hüququna aid yox, mülkiyyət və digər əşya hüquqlarına da aiddir. Yəni, 8-ci maddəyə istinadla necə ki, mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınır və bu zaman hansı hüququn qeydiyyata alınmalı olması müraciət və iddiada göstərilməlidirsə, 22-ci maddəyə istinadla da hansı hüququn məxsusluğu baxımından hüququn konkret növü göstərilməlidir. Odur ki, hazırkı halda iddia məhz mülkiyyət hüququnu məxsusluğu ilə əlaqədar olmalı və hüququn növü konkret olaraq göstərilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı ş, Sabunçu rayonu, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən 2500 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun X8 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov