Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1865/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Bakıxanov Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli 0- 033 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin sədr müavini K.A.Nəsirova tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 0-033 nömrəli İnzibati Akt olan qərarla iddiaçıdan 621 manat məbləğində əmlak vergisinin, 28manat 80 qəpik məbləğində isə torpaq vergisinin, cəmi 712 manat 80 qəpik məbləğində pulun tutulması qərara alınmış, həmin qərar icraya yönəldilərək, Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə icra üçün göndərilmişdir. İddiaçının həmin qərardan yalnız icra məmurunun çağırışına əsasən qeyd olunan şöbəyə gedərkən məlumat almışdır, bələdiyyə sədrinin müavininin göstərilən qərarının surəti və qərarı 10 gün müddətinə könüllü icra etməyi barədə icra məmurunun bildirişi və icraata götürmək haqqında qərarı ona verilmişdir. Qeyd etdiyi kimi bələdiyyə sədrinin müavini A.K.Nəsirovanın göstərilən qərarının surətini Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmurundan alaraq tanış olduqdan sonra hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Belə ki, qeyd olunan bələdiyyə sədrinin müavini A.K.Nəsirovanın mövcud qərarının “Bələdiyyələrin statusu haqqında” Qanuna, Azərbaycan Respublikası Vergi Məcəlləsinə, “Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə”yə və digər bələdiyyə aktlarına tamamilə zidd olmaqla qanunsuz və əsassız olduğunu qeyd edir, qərəzli, məqsədli, ədalətsiz olduğuna, əsil özbaşınalığın nəticəsi olaraq qəbul olunduğuna, səlahiyyəti olmayan bələdiyyə qulluqçusu tərəfindən qəbul olunduğuna, qanunsuz olaraq icraya yönəldilməklə onu hüquqlarını pozduğuna görə onunla heç cür razılaşmır və hesab edir ki, hazırkı iddia ərizədə göstərdiyi əsaslara və səbəblərə görə həmin qərar məhkəmə qaydasında ləğv edilməli, bu qərarı imzalayaraq qəbul etmiş və qanunsuz olaraq icraya yönəltmiş bələdiyyə sədrinin müavini A.K.Nəsirovanın hərəkətləri qanunsuz sayılmalıdır. Cavabdeh Bakıxanov Bələdiyyəsinin sədr müavini A.K.Nəsirovanın hərəkətlərinin və qəbul etdiyi mövcud qərarının birinci qanunsuzluğunu ondan ibarətdir ki, həmin sədr müavinin haqqında söhbət gedən qərarı və ümumiyyətlə qərar qəbul etməyə səlahiyyəti yoxdur. Belə bir qərar qəbul etməyə, ümumiyyətlə qərar qəbul etməyə hətda bələdiyyə sədrinin də hüququ yoxdur. Çünki, “Bələdiyyələrin statusu haqqında” qüvvədə olan Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4-cü bəndinə əsasən bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır, qanunun həmin maddəsinin 5-ci bəndinə əsasən isə bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini həyata keçirir. İstinad olunan qanunun qeyd olunan maddəsinin göstərilən bəndlərinin mənasından da aydınca başa düşülür ki, bələdiyyə sədri bələdiyyənin kollegial olaraq qəbul etdiyi qərarları imzalayır, özü təkbaşına qərar qəbul etmir. Əgər bələdiyyə sədri özü təkbaşına qərar qəbul etmirsə və bələdiyyənin qərarlarını imzalayırsa, sədr müavininə qanunun yuxarıda istinad olunan maddəsinin 5-ci bəndinin mənasından da göründüyü kimi sədrə aid edilən səlahiyyətləri yoxdur. Belə olduğu halda, cabadeh bələdiyyənin sədr müavini A.K.Nəsirova qanunu pozaraq və qanunla ona verilmiş səlahiyyətini əsil özbaşınalıq edərək aşmaqla vergilər və yerli ödənişlər haqqında iddiaçı barəsində göstərilən qərarı qəbul etmişdir. Halbuki, həmin bələdiyyə sədrinin müavini qeyd olunan qərarı qəbul edərkən bələdiyyə sədrini əvəz etmişdirsə belə yalnız bələdiyyənin ümumi yığıncağının qəbul etdiyi qərarı imzalaya bilərdi, onun haqqında söhbət gedən qərarı təkbaşına qəbul etməyə səlahiyyəti olmamış və ola da bilməz. Yuxarıda istinad olunan Qanunun 43-cü maddəsinin 3-cü bəndinə əsasən yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Buna baxmayaraq o, qanunun yuxarıda qeyd olunan tələbini və iddiaçının hüququnu özbaşınalıq edərək pozmuş, bu qanunsuzluğu azmış kimi, qəbul etdiyi həmin qanunsuz qərarı özünün qanunsuz hərəkətlərini davam etdirərək icraya yönəltməklə Sabunçu rayon İcra və probasiya şöbəsinə icra üçün göndərmişdir. Cavabdeh bələdiyyənin sədr müavininin məlum qərarının ikinci qanunsuzluğunu ondan ibarətdir ki, həmin qərar qəbul olunarkən və ondan əvvəl də onun əmlakının yerləşdiyi ünvana heç bir bələdiyyə qulluqçusu gəlməmiş, əmlakının və torpağın ölçüsü, həcmi müəyyən edilməmiş, iddiaçının iştirakı ilə heç bir yoxlama aparılmamış, onun heç bir dəlili, sübutu qəbul edilməmişdir, qeyd olunan qərar bağlı, qapı arxasında, iddiaçının məlumatı olmadan, ona heç bir xəbərdarlıq edilmədən qəbul edilmişdir. Ona görə də cavabdeh bələdiyyənin sədr, müavini qəbul etdiyi qərarda guya əmlak vergisi borcu olan əmlakının düzgün olmayaraq Bakıxanov qəsəbəsinin L.Məmmədbəyova küçəsində yerləşən 13 saylı ünvan olduğunu göstərmişdir. Halbuki, iddiaçıya məxsus olan əmlak Bakıxanov qəsəbəsi Leyla Məmmədbəyova küçəsindəki 223 saylı evdən ibarətdir. Cavabdeh bələdiyyənin sədr müavininin ləğv edilməsini məhkəmədən xahiş etdiyi qərarının üçüncü qanunsuzluğu ondan ibarətdir ki, həmin qərarda guya iddiaçının vergi ödəyicisi kimi elektron uçot sistemində yaranmış vergi borcu ilə əlaqədar xx.xx.2019-cu il tarixli bələdiyyə aktına və bələdiyyənin xx.xx.2015-ci il tarixli 06 saylı iclas protokoluna əsaslanılsa da birincisi, onun qərarda qeyd olunan bələdiyyə aktından və iclas protokolundan heç bir məlumatı yoxdur, iddiaçı təkrarən qeyd edir ki, nə bələdiyyənin qərarı imzalamış sədr müavini, nə də digər heç bir bələdiyyə qulluqçusu və ya qulluqçuları, vergi inspektoru onun yaşadığı ünvana gəlməmiş və yuxarıda qeyd etdiyi kimi onun əmlakı ilə maraqlanmamış, əmlak vergisi ödəməməyi barədə ona heç bir irad tutlmamış, iştirakı ilə heç bir akt, o cümlədən qərarda qeyd olunan xx.xx.2019-cu il tarixli akt tərtib edilməmişdir. Qərarda qeyd olunan tarixdə bələdiyyənin guya keçirilmiş iclas protokolundan da heç bir məlumatı yoxdur. Cavabdeh bələdiyyənin sədr müavininin hüquqlarını və qanunları pozan məlum qərarının dördüncü qanunsuzluğu ondan ibarətdir ki, ondan vergi ödəyicisi kimi uçota alınmağı barədə qanunda nəzərdə tutulan formada və ümumiyyətlə ərizə alınmamış, vergi ödəyicisi kimi uçota alınmağı barədə ona qanunun tələb etdiyi formada və məzmunda şəhadətnamə verilməmişdir. Belə olduğu halda onun cavabeh bələdiyyədə vergi ödəyicisi kimi elektron uçota alınmağının özü də qanunsuzdur. Cavabdeh bələdiyyənin sədr müavininin şikayət etdiyi qərarının beşinci ;qanunsuzluğunu açıqlayaraq bildirildi ki, həmin qərar qanunsuzluqlarla qəbul edildiyinə görə orada onun Vergi Məcəlləsinin 196, 197 və 198-ci maddələrini pozmağının və büdcəyə xeyli ziyan vurmağının göstərilməsinin özü də qanunsuz olmaqla həmin Məcəllənin qeyd olunan maddələrinin göstərilməsinə birincisi heç bir zərurət və əsas yoxdur, ikincisi isə Vergi Məcəlləsinin 200.1 -ci maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi müvafiq icra hakimiyyəti oranının müəyyən etdiyi qaydada binaların inventar dəyərinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Lakin, cavabdeh bələdiyyənin sədr müavininin qanunsuz qərarı ilə iddiaçıdan 621 manat məbləğində əmlak vergisi tutulması qərara alınsa da vergi obyekti olan əmlakının inventar dəyərinin neçə manat təşkil etdiyi, bu barədə müvafiq təsdiqedici sənədin olub-olmadığı ümumiyyətlə cavabdeh bələdiyyə tərəfindən araşdırılmamış, bu barədə əmlaka dair nə mülkiyyət sənədi, nə də əmlakın texniki pasportu əldə edilməmiş, bunların əsasında hesablanmalı olduğu halda əmlak vergisi cavabdeh bələdiyyə tərəfindən qanunun bu göstərişinə əməl edilməmişdir. Ona görə də şikayət etdiyi qərarda iddiaçıdan tutulması qərara alınmış əmlak vergisinin hansı hesabdan, hansı inventar dəyərindən necə hesablandığı da bilinmir və bilinə də bilməz. Cavabdeh bələdiyyənin sədr müavininin qərarının altıncı qanunsuzluğu ondan ibarətdir ki, həmin qərarda Bakıxanov Bələdiyyəsinin xx.xx.2015-ci il .tarixli, 06 saylı iclas protokoluna əsaslanılaraq həmin protokolla onun əmlak və torpaq vergisini ödəmədiyi, ümumiyyətlə əmlak və torpaq vergisinin ödənilməsindən bəhs olunduğu vurğulansa da, həmin qərar bağlı qapı arxasında səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən təkbaşına yazılmasının nəticəsidir ki, araşdırılmamış, nəzərə alınmamışdır ki, iddiaçının yaşadığı əmlak 2016-cı ildə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Deməli iddiaçının yaşadığı ev əmlak olaraq əmlak vergisinin obyekti yalnız 2016-cı ildən başlayaraq ola bilər. Bu barədə Vergi Məcəlləsinin qanunsuz aktın özündə də göstərilən maddələrində və digər maddələrində də açıq aydın göstərilmişdir. Buna baxmayaraq cavabdeh bələdiyyənin sədr müavini K.A.Nəsirova qərəzli qanunsuzluq edərək səlahiyyəti olmadan imzaladığı və üstəlik də icraya yönəltdiyi qərarı qəbul edərkən nəzərə almamışdır ki, əmlak vergisi ödəmədiyi göstərilən əmlak 2015-ci ildə onun xüsusi mülkiyyəti olmamışdır. Əgər belədirsə, ondan əmlak vergisinin tutulması barədə qanunsuz qərarını həm də bələdiyyənin 2015-ci il taixli iclas protokolu ilə əsaslandırmağa onun hansı hüquqi, əsası olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 208.1 -ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Lakin, cavabdeh bələdiyyənin sədr müavini K.A.Nəsirova iddiaçının şikayət etdiyi qanunsuz qərarı qəbul etməzdən əvvəl iddiaçının yuxarıda qeyd etdiyi kimi onun yaşadığı ünvanda hər hansı ölçmə, hesablama aparılıb aparılmadığını, onun mülkiyyətində və istifadəsində torpaq sahəsinin olub olmadığını, bu barədə hüquqverici sənədin olub-olmadığını araşdırmamış, qanunsuz və əsassız olaraq ondan faiz və maliyyə sanksiyası ilə birlikdə cəmi 91 manat 28 qəpik məbləğində torpaq vergisinin tutulmasını qərara almışdır. Cavabdeh bələdiyyənin sədr müavininin qəbul etdiyi məlum qərarı ilə ondan əmlak və torpaq vergisi tutulması qərara alınarkən “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi kobud surətdə pozularaq vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanma qaydası müəyyən edilmədən təkbaşına və qanunun bu tələblərinə əməl edilmədən ondan cəmi 712 manat 80 qəpik məbləğində pulun tutulması qərara alınmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehətəqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus ASAN 4 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə Gədəbəy rayonunda doğulmuş İddiaçı ünvan 3 Q ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəs., Leyla Məmmədbəyova küçəsi, ev 223 unvanda yerləşən 0.06 ha torpaq sahəsində 325,5 kv.m olan sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 320 nömrəli reyestr kitabının 29864 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 0-033 nömrəli qərarı ilə İddiaçı ünvan 4 ünvan üzrə evə vergi ödəyicisinin elektron uçot sistemində yaranmış vergi borcu ilə əlaqədar xx.xx.2019-cu il tarixli bələdiyyə aktına və xx.xx.2015-ci il tarixli Bakıxanov Bələdiyyəsinin 06 saylı iclas protokoluna əsasən vergi ödəyicisi Vergi Məcəlləsinin 196, 197 və 198-ci maddələrini pozaraq yerli (bələdiyyə) büdcəyə xeyli ziyan vurduğundan, İddiaçıünvan 4 ünvanda yerləşən əmlaka görə 621 manatəmlak, 28,80 manat torpaq vergisi, 23 manat faiz, 40 manat maliyyə sanksiyası olmaqla, cəmi 712,80 manat məbləğində verginin hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İş materiallarından görünür ki, iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə birinci dəfə xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsində də mübahisələndirilən qərarı İcra şöbəsindən əldə etdiyini qeyd etmiş, sonradan xx.xx.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək, inzibati iş üzrə icraata xitam verilmişdir. Belə olan halda hazırda iddiaçı tərəfindən mübahisələndirilən qərarı iddiaçı artıq xx.xx.2019-cu il tarixdə əldə etmiş olsa da, hazırki iddia ərizəsi ilə məhkəməyə yenidən xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müvafiq olaraq mübahisələndirilən qərarın ona təqdim olunduğu müddətdən 1 (bir) ay 20 gün keçdikdən sonra, yəni məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Bakıxanov Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev