Məhkəmə qərarları › İş №2-1(112)-1865/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1865/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1865/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 1984-cü il tarixli Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 27 noyabr 1984-cü il tarixli Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən mənzil verilmiş, iddiaçılar hazırki günədək həmin mənzildə yaşayıb, ondan istifadə edirlər. Həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu onların müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar imtina məktubunu əsassız hesab edirlər və onların hüquqlarının pozulmasına səbəb olduğunu bildirilər. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yeləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd edilən ünvanda yerləşən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən yerli baxış keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:

1. Mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi;

2. Mütəxəssislər tərəfindən mənzilə baxış keçirilməmisidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Qanunvericiliyin tələbindən də göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı (XDS qərarı, qeydiyyat vəsiqələri, mənzili tikinti kooperativinin qərarı və s) dəqiq müəyyən edilib ki, həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Nəzərə alınmalıdır ki, bu əsaslardan biri də rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları təşkil edir.Doğrudur ki, həmin qərarların mövcudluğu vətəndaşın mənzil üzərində mülkiyyət hüquqlarının yaranması üçün əsasdır. Bu zaman nəzərə alınmalıdır ki, həmin qərarın təkcə mövcudluğu deyil, həmçinin faktiki olaraq daşıdığı mahiyyət də önəmlidir. Misal olaraq rayon xalq deputatları sovetləri icraiyyə komitələsi tərəfindən iki qərar qəbul olunub: 1) yaşayış sahəsinin vətəndaşın istifadəsinə (mülkiyyətinə) verilməsi; 2) yaşayış sahəsinin vətəndaşın müvəqqəti istifadəsinə verilməsi. Məhkəmə qeyd edir ki, göstərilən hər iki halda şəxsin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün dəyərləndirmə fərqli olaraq qiymətləndirilir. Belə ki, 2-ci qəbul edilmiş qərar 1-ci qəbul edilmiş qərardan fərqli olaraq “müvəqqəti” ifadəsi ilə xarakterizə olunur. Yəni, vaxtı ilə səlahiyyətli olan orqan tərəfindən yaşayış sahəsi həmişəlik deyil, müəyyən bir müddətə şəxsə verilmişdir. Bu səbəbdən də həmin qərar ilə şəxsin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını reallaşdımaq hüquqi aspektdən cəhətdən qeyri mümkündür. Bəhs edilən qanunvericiliyin müddəalarını hazırki iddiaya tətbiq etməzdən əvvəl, məhkəmə iddiaçıların hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi “26 Bakı Komissarları” tərəfindən verilmiş qətnamə üzrə hüquqi qiymətləndirmə aparır. Belə ki, həmin qətnamə ilə Bakı şəhəri, Vaqif prospekti 9 ünvanında yerləşən yaşayış evinin bərpası təmin edilənədək X1, X2, Cəbi-zadə Şərqiyyə Əziz qızının, X3, İddiaçı2 müvəqqəti olaraq ünvan 3 ünvanına köçürülməsi qət edilmişdir. Məhkəmə tərəfindən həmin qətnamənin mövcudluğu ilə bağlı araşdırma aparılmış, ümumiyyətlə qətnamələrin Dövlət Arxivinin Bakı filialında saxlanılmadığı müəyyən olunmuşdur. Baxmayaraq ki, həmin qətnamənin mövcudluğunu müəyyən etmək olmasa da, məhkəmə tərəfindən 26 Bakı Komissarları rayon X4 icraiyyə komitəsi tərəfindən verilmiş 27.11.1984-cü il tarixli qərarı aşkar olunmuşdur. Belə ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan 26 Bakı Komissarları rayon X4 İcraiyyə Komitəsi tərəfindən verilmiş 27.11.1984-cü il tarixli, 116/2999 №-li qərarın təsdiq olunmuş nüsxəsindən görünür ki, baş vermiş zəlzələ nəticəsində Bakı şəhəri, Vaqif prospekti 9 ünvanında yerləşən yaşayış evinin bərpası ilə əlaqədar 2№-li mənzildə yaşayan X1 (5 nəfər ailə tərkibi ilə birlikdə) və 1 №-li mənzildə yaşayan A.E.Lobaçevun (1 nəfər ailə tərkibi ilə/özü) müvəqqəti 4 otaqlı 26№-li mənzilə köçürülmə qərara alınmışdır. Doğrudur ki, 26 Bakı Komissarları rayon X4 icraiyyə komitəsi tərəfindən verilmiş qərarlar mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas ola bilər. Belə ki, ümumməlum olar arqumentdir ki, Səbail rayonu Bakı şəhərinin ən qədim rayonu olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə «Bayıl- Bibi-Heybət», 1931-ci ildən «Stalin», 1960-cı ildən isə «26 Bakı Komissarları» adını daşımış və 29 aprel 1992-ci ildən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 112 saylı qərarına əsasən Səbail rayonu adlandırılmışdır. Göründüyü kimi “26 Bakı Komissarları” rayon xalq deputatları sovetləri icraiyyə komitəsi vaxtı ilə yaşayış sahəsini ayırmaq hüququna malik olan orqanlardan biri olmuşdur. Lakin nəzərə alınmmalıdır ki, həmin qərarın mövcudluğu hazırki iddia üzrə iddiaçıların yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab olunmur. Çünki, həmin qərardan da göründüyü kimi qərarın əsas mahiyyəti iddiaçıların (ailə tərkiblərində) yaşayış sahəsinə daimi deyil, müvəqqəti olaraq köçürülməsi ilə bağlıdir ki, bu zaman müvəqqəti müddət kimi onların baş vermiş zəlzələyədək yaşadığları evin bərpasını əhatə edən müddətdir. Bundan başqa, iddiaçılar ilə yanaşı həmçinin 1 №-li mənzildə yaşayan A.E.Lobaçevun da həmin mənzilə müvəqqəti köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçılar yaşayış sahəsinə münasibətdə təqdim etdikləri qətnamə nə İdarədə, nə Səbail rayon İcra Hakimiyyətində, nədə ki Dövlət Arxivinin Bakı filialında aşkar olunmamışdı. “26 Bakı Komissarları” rayon xalq deputatları sovetləri icraiyyə komitəsi tərəfindən verilmiş qərar isə həm iddiaçıların, həmçinin də digər fiziki şəxsin yaşayış sahəsinə müvəqqəqəti köçürülməsi ilə bağlı olduğundan, həmin qərar iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas hesab olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən mənzilə münasibətdə hüquqmüəyyənedici sənədlərin təqdim olunması ilə bağlı aidiyyəti üzrə inzibati orqana sorğu verilmiş və sorğuya cavab məktubunda həmin yaşayış sahəsi olan, yəni ünvan 4 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar olunmadığı bildirilmişdir. Göründüyü kimi, yaşayış sahəsinə münasibətdə təkcə iddiaçıların deyil, ümumiyyətli yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata keçərək hər hansı digər fiziki şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olması halı da müəyyən olunmamışdır. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçılar tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə imtina məktubunun ikinci hissəsi ilə bağlı isə qeyd edir ki, iddia tələbinin təmini üçün nəzərdə tutulmuş digər şərtlər ödənilmədiyindən qeyd olunan hal barədə hər hansı araşdırmanın və qiymətləndirmənin aparılmasına da zərurət mövcud deyil. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar