Məhkəmə qərarları › İş №2-1(112)-1865/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1865/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1865/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi, vəkil Nümayəndə, üçüncü şəxs Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Binəqədi qəsəbə Bələdiyyəsinin 310 nömrəli, xx.xx.2006-cı il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədlərlə onun adına rəsmiləşdirilmiş 1000 kv.metr torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 310 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ona ayrılmış 1000 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-11296/2024 saylı qərardadı ilə Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi adi cəlbetmə qaydasında, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisində Binəqədi qəsəbə Bələdiyyəsinin 310 saylı, 30 mart 2006-cı il tarixli qərarı və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədlərlə birgə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd olunan torpaq sahəsini Binəqədi qəsəbə Bələdiyyəsi onun mülkiyyətinə ayırmışdır. O, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müsbət cavab verilməmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********02 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Sahə dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X3 Şirkətinin) ərazisidir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bütövlüklə yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zolağında yerləşir. Bundan əlavə, torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Torpaq sahəsinə dair təqdim edilən ilkin cizgidə istinad və məsafələr, o cümlədən perimetrik ölçülər göstərilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Sahədə mərzçəkmə işləri aparılmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilən koordinatlarda yerləşən 1001 kv.metr torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə “SOCAR”-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X5” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi “SOCAR”-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı (d-219 mm, istifadəyə verildiyi tarix-1979cu il) magistral neft kəmərinin 0,5 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, torpaq sahasi ona qanuni əsaslarla ayrılmış və onun faktiki istifadəsindədir. Onun əldə etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, həmin ərazidə yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Lakin, həmin çıxarışların aid olduğu şəxsləri şəxsən tanımır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə etdi və ona uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi iddia tələbinə etiraz etmədi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 310 saylı, 30 mart 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 1000 kv.metr boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqısatqı qaydasında iddiaçının mülkiyyətinə ayrılmışdır. İddiaçı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi 30 mart 2006-cı il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Seriya AİT, 678946 nömrəli, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı torpaq alqı-satqısı üçün 800 manat məbləğində pul ödəmişdir. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisi olmaqla dövlət mülkiyyətindədir. Həmçinin sahə 6-110 kVt-luq yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizəsində yerləşir. Bundan əlavə torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında göstərilmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər, istinad və məsafələr qeyd olunmamışdır. Torpaq sahəsinin bir tərəfindən sərhəddinin üzərindən 110 kv-lıq YGE hava xətti, digər tərəfdən isə sərhəddinin üzərindən 6-10KV-lıq YGE hava xətti keçir. Faktiki olaraq şərti sərhədlə göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün sənədlər toplusuna əlavə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 2006-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2006-cı il tarixli 310 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 1000 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahəyə dair sənəd təqdim edilməyib. Sahənin bir tərəfindən sərhəddinin üzərindən yüksək gərginlikli (110 kVt-lıq) elektrik hava xətti, digər tərəfdən sərhəddinin üzərindən isə yüksək gərginlikli (6-10 kVt-lıq) elektrik hava xətti keçir. Şərti sərhədlərlə göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahə tamamilə neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Süleymanov küçəsi, 1000 kv.m torpaq sahəsinin ətrafında yerləşən qeydiyyatdan keçmiş əmlaklara dair müvafiq sənədlərin surətinin verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən müəyyən edilmiş koordinatlara və elektron baza məlumatlara əsasən sorğuda qeyd olunan torpaq sahəsinin qonşuluğunda və yaxın ətrafda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı tərəfindən Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş əmlaklara dair çıxarışlar məhkəməyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının, həmçinin cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 310 saylı, 30 mart 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 1000 kv.metr boş torpaq sahəsinin ona ayrılmasına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının və etirazının əsasını o təşkil etmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Sahə dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X3 Şirkətinin) ərazisidir. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bütövlüklə yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zolağında yerləşir. Bundan əlavə, torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Torpaq sahəsinə dair təqdim edilən ilkin cizgidə istinad və məsafələr, o cümlədən perimetrik ölçülər göstərilmədiyindən sahənin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Sahədə mərzçəkmə işləri aparılmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Göründüyü kimi qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyi bələdiyyələrin səalhiyyətlərinə aid etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının müvafiq bələdiyyə qərarına istinad edərək qeydiyyata alınmasını xahiş etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X3 Şirkətinin) ərazisidir. Həmçinin, sahə tamamilə neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bununla bağlı cavabdeh tərəfindən tərtib edilmiş mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi torpaq sahəsi iddiaçıya bələdiyyə tərəfindən 2006-cı ildə ayrılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən bildirilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi “SOCAR”-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı (d-219 mm, istifadəyə verildiyi tarix-1979cu il) magistral neft kəmərinin 0,5 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Yəni, torpaq sahəsi iddiaçıya ayrılarkən artıq neft kəmərinin mühafizə zonasında olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən qeydiyyatdan keçmiş əmlaklara dair çıxarışlar təqdim etsə də, həmin ünvanların iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşməsinə dair hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən bildirilmişdir ki, müəyyən edilmiş koordinatlara və elektron baza məlumatlarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Süleymanov küçəsi, 1000 kv.m torpaq sahəsinin qonşuluğunda və yaxın ətrafda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında təqdim edilmiş çıxarışların aid olduğu şəxslərin məhkəmə iclasında şahid qismində iştiraklarının təmin edilməsi iddiaçıya təlkif edilsə də, o bunun mümkün olmayacağını bildirmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 310 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ona ayrılmış 1000 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar