Məhkəmə qərarları › İş №2-1(112)-1868/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1868/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1868/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsildə X2 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “diplomun tanınması” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universitetindən В16 200730 saylı, 30.06.2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12 sentyabr 2012-ci ildən 12 iyun 2014cü ilədək “Avropa Universiteti” Özəl Ali Təhsil müəssisəsinin “hüquq” fakültəsində əyani təhsil forması üzrə təhsil almışdır. 12 iyun 2014-cü il tarixli əmrlə müqavilənin şərtlərini pozduğuna görə xaric olunmuşdur. 22 avqust 2014-cü ildən 15 iyul 2015-ci ilədək Zaporojye İqtisadiyyat və İnformasiya Texnologiyaları İnstitutunun “xarici filologiya” fakültəsində qiyabi təhsil forması üzrə təhsil almışdır. 15 iyul 2014-cü il tarixli əmrlə öz istəyi ilə xaric olunmuşdur. 16 iyul 2015-il tarixli akademik arayış əsasında 01 sentyabr 2015-ci ildən Ukrayna Respublikası Taras Şevçenko adına Kiyev Milli Universitetinin filologiya ixtisasına 4-cü kursa bərpa olunmuş, həmin Universiteti bakalavr dərəcəsi üzrə bitirmiş və 30 iyun 2014-cü ildə diplom verilib. Həmin diplom Ukrayna Təhsil və Elm nazirliyi tərəfindən 13 iyul 2016-cı ildə apostil edilib. Həmin diplomun və verilmiş ixtisasın Azərbaycan Respublikasında tanınması üçün diplomu və qiymət cədvəlini tərcümə olunmuş formada və apostolla birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmişdir. Lakin Təhsil Nazirliyi həmin diplomu tanımaqdan imtina etdi. Təhsil Nazirliyi 13 mart 2018-ci il tarixli imtina məktubunda göstərib ki, Ukrayna Respublikası T. Şevçenko adına Kiyev Milli Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə, ümumiyyətlə, iddiaçı olmadığından diploma əlavə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Qeyd edilən ali təsil müəsissəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Nazirlik həmçinin göstərib ki, iddiaçı təhsil müddətinin birinci və ikinci ilində Ukrayna Respublikası Avropa Universitetinin Gürcüstan filialında təhsil almışdır. Lakin qeyd olunan universitetinin adı Ukrayna Respublikasının Milli X6 Mərkəzinin təqdim etdiyi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında göstərilməmişdir. Təhsil Nazirliyi Ukrayna Respublikasının T. Şevçenko adına Milli Ukrayna Universiteti tərəfindən verilmiş В16 200730 nömrəli, 30.06.2018-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsini qeyd etmiş və imtina iddiaçıya 08 aprel 2019cu il tarixli məktubla 15 aprel tarixində təqdim edilib. İddia ərizəsinə əlavə olunan diplom və qiymət cədvəllərindən də görünür ki, iddiaçı Taras Şevçenko adına Kiyev Milli Universitetində bakalavr dərəcəsi üzrə təhsil almış və bu barədə ona bakalavr diplomu verilmişdir. Həmçinin həmin diplomla yanaşı onun təhsil müddəti ərzində imtahanlardan aldığı qiymətləri əks etdirən qiymət cədvəli də verilmişdir. Təhsil Nazirliyi iddia edir ki, o, ümumiyyətlə, Ukraynada olmamışdır. Halbuki ümumvətəndaş pasportuna baxdıqda, onun Ukraynada olduğu təsdiq edilir, pasportda ölkəyə giriş çıxış möhürləri vurulub. Odur ki, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 02.03.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə əvəz edilməsi xahiş edilmiş, Məhkəmənin 2-1(112)-1868/2021 saylı 02 mart 2021-ci il tarixli qərardadları ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 25.09.2020-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh iddiaya dair yazılı etirazını dəftərxana vasitəsi ilə təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə, ümumiyyətlə, olmamışdır. Həmçinin iddiaçı tədris ilinin 1 və 2-ci ilində Ukraynanın Avropa Universitetinin Gürcüstanda yerləşən filialında təhsil aldığı illər ərzində qanunsuz fəaliyyət göstərməsi məlum olmuşdur. Bununla yanaşı iddiaçı AR İPM-nin 38.2-ci maddəsinə uyğun olaraq bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilən iddia müddətini buraxmışdır. Buna görə də iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının ixtisasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları’’na uyğun gəlmədiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alınaraq iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə işə o olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsildə X2 nümayəndəsi X7 iddiaçının məcburetmə haqqında qaldırdığı iddia üzrə prosessual müddətin ötürüldüyünü qeyd edərək, iddianin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı hazırki tələblə 16.09.2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə elektron müraciət etmiş, inzibati orqan tərəfindən 19.03.2018-cu il tarixdə elektron xidmət vasitəsilə ərizəçiyə cavab verilmiş və 12.03.2018-ci il tarixli 23-04-144/ANİ saylı məktub elektron ərizədə qeyd edilmiş ünvana göndərilmişdir. İş materiallarına əlavə edilmiş 12.03.2018-ci il tarixli 23-04-144/ANİ saylı məktubdan görünür ki, ərizəçinin elektron müraciətinə baxılmış və elektron cavabı ilə nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı təhsil aldığı müddət qarşılığında həmin ölkədə ümumiyyətlə olmadığından və təhsil müddətinin bir və ikinci ilində Ukrayna Respublikası Avropa Universitetinin Gürcüstan filialının adı, Ukrayna Respublikasının Milli X6 Mərkəzinin təqdim etdiyi akkreditə olunmuş ali təhsil müəssisələrinin siyahısında göstərilmədiyi üçün bu əsasla müraciətin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı 18.03.2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə ərizə ilə müraciət etmiş, həmin orqanın 08.04.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, inzibati orqanın 13.03.2018-ci il tarixli 23-04-144/ANİ saylı məktubu ilə elektron ərizəsində qeyd etdiyi ünvana müvafiq elektron xidmət vasitəsilə məlumat verilmiş, İPM-nin 38-ci maddəsinə uyğun olaraq 30 gün müddətində məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə 23.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.2-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməməsi və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunverici orqan məcburetmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir: İnzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 13.03.2018-cı il tarixli elektron bildirişlə, həmçinin sonradan 2-ci dəfə müraciətinə 08.04.2019-cu il tarixli məktubla diplomunun tanınmasından imtina edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məcburetmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra, yəni müraciətinə ilk imtina cavabı təqdim olunduğu müddətdən 2 ildən çox vaxt keçdikdən, ikinci imtina cavabı təqdim edildiyi müddətdən isə 1 ildən çox vaxt keçdikdən sonra, yəni 23.09.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq, iddia müddəti ötürülmüşdür. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsildə X1rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “diplomun tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar