Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1868/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCARın) nümayəndəsi və vəkili X12 və üçüncü şəxs “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-5 saylı torpaq sahəsinin X1na məxsus olması barədə arayışın iddiaçının adına verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-5 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-5 saylı torpaq sahəsinin X1na məxsus olması barədə arayışın iddiaçının adına verilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.
3. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi 31 yanvar 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində, xx.xx.2025-ci il tarixli Qərardadı ilə “Gəmitəmirçisi” Bağçılıq – Yoldaşlıq Cəmiyyəti məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı ilə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Xəzər Dəniz Gəmitəmiri İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. 1995-ci il 17 iyul tarixində “Gəmitəmirçisi” bağçılığın üzvü X9 təqdim etdiyi ərizəsi əsasında bağçılıqyoldaşlıq təsərrüfatı üzvlüyündən çıxmış və onun istifadəsində olan A-5 saylı 0,06 ha sahəsinin üzərində olan hüquqları etibarsız sayılmışdır. X1 17 iyuul 1995-ci il tarixli 06 saylı protokolu ilə bağçılıq-yoldaşlıq təsərrüfatına üzv seçilmiş və həmin A-5 saylı 0,06 ha bağ sahəsi onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli, a-497787 nömrəli torpaq sahəsinin kadastrından göründüyü kimi Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 600 kv.m olan A-5 saylı bağ sahəsi X1nun adına qanuniləşdirilmiş kadastr verilmişdir. xx.xx.2017-ci il tarixində X2 vəfatı ilə əlaqədar iddiaçı xx.xx.2017-ci il tarixindən Bakı şəhəri, 6 saylı notariat kontorunun 28 fevral 2019-cu il tarixli, X-401 nömrəli məlumat ilə miras qoyanın hüquqi varisi müəyyən edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinə, yəni Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 600 kv.m A-5 saylı bağ sahəsinə dövlət reyestrindən çıxarış almaq üçün xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı 30 may 2024-cü ildə cavabdehə təkrar müraciət etmiş, lakin cavab məktubuna əsasən iddiaçının müraciətinin icrasından yenidən imtina edilmişdir.
6. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1nun adı aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsinin 100.0 kv.m hissəsi bağçılıq-yoldaşlıq təsərufatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.
7. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir
İİ. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
10. Azərbaycan Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığın nümayəndəsi izahatında bildirmişdir ki - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində mübahisəli ərazidə fərdi yaşayış evləri mövcuddur və həmin evlərə dair çıxarışları var. Buna dair anoloji məhkəmə qərarlarıda mövcuddur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinın nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1951-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri 6 saylı notariat kontorunun 28 fevral 2019-cu il tarixli, X-401 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2017-ci ildə vərəsəllik işi açılıb və vərəsəlik dairəsi müəyyən olunmuş, İddiaçı miras qoyanın vərəsəsidir. “Bağçılıq yoldaşlığların layihələndirilməsi üçün torpaq sahələrinin ayrılması barədə ” Bakı şəhər xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli 16/358 nömrəli qərarına əsasən,”Xəzərdənizgəmitəmir” Gəmi Təmiri İstehsalat Birliyinə 200 üzvdən ibarət bağçılıq yoldaşlığı üçün torpağın ayrılması qərara alınmışdır. “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığının idarə heyətinin 17 iyul 1995-ci il tarixli 6 saylı protokolundan çıxarışa əsasən, verdiyi ərizə əsasında X9 bağçılıq yoldaşlığı üzvlüyündən çıxarılması, bağ sahəsinin üzərində olan bütün hüquqlarının etibarsız hesab edilməsi və X3 bağçılıq yoldaşlığına üzv qəbul edilməsi və istifadəsinə A-5(0.06 ha) saylı bağ sahəsinin ayrılması qərara alınmışdır. 18 iyul 1995-ci il tarixli Bağçının üzvlük kitaçısından görünür ki, X7 “Gəmitəmirçisi” kollektiv bağçılığının üzv olmaqla, Orconikidzə rayonu, Hövsan qəsəbəsində A5 nömrəli, 0,06 ha ibarət bağ sahəsinin istifadəçisidir. “Gəmitəmirçisi” Bağçılıq yoldaşlığın sol tərəf bağ sahələrinin situasiya planı “Gəmitəmirçisi” Bağçılıq yoldaşlıq tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, “Gəmitəmirçisi” BYC-nin sahəsində yerləşən A5 saylı bağ sahəsi İddiaçı 1995-ci il tarixindən istifadəsindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X4 Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 saylı və “Gəmitəmirçisi” b/y-nın xx.xx.1986-cı il tarixli 03 saylı və xx.xx.1995-ci il tarixli 06 saylı protokolları əsasında ayrılmış A-5 saylı bağ evi tikintisi üçün 600 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, bağ sahəsi hasar daxilindədir, sahədə iki mərtəbəli ev, həyət tikililəri mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********65 nömrəli “Daşınmaz əmlak üzərində hüquqlların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişində qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin 100.0 kv.m hissəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir.
İV. Məhkəmənin mövqeyi
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. - 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır
13. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
-9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. 22.1. Etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: 3.1. “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək.
İşin faktiki hallarına əsasən iddiaçının vərəsəsi olduğu X7 “Gəmitəmirçisi” bağçılıq yoldaşlıgının üzv qəbul edilmiş, ona A5 nömrəli bağ sahəsi verilmişdir, bu barədə bağçının üzvlük kitabçası və “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının idarə heyətinin 17 iyul 1995-ci il tarixli 6 saylı protokoldan çıxarış mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla X3 və onun ailənin istifadəsində olmuşdur və həmin bağ sahəsinə dair mülkiyyət hüququ mərhuma məxsus olması barədə arayışın verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. İşdə olan sənədlər: “Gəmitəmirçisi”Bağçılıq yoldaşlığının üzv olmasına dair üzvlük kitabçası və Cəmiyyətinin idarə heyətinin ümumi yığıncağının 17 iyul 1995-ci il tarixli 6 protokolundan çıxarışı X3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-5 saylı torpaq sahəsinə dair hüquqlarını təsdiq edir. Beləliklə cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillər əsassızdır iddiaçının hazırda mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsini tələb etdiyi torpaq sahəsi vərəsəsi olduğu mərhum X5 qanuni əsaslarla ayrılmışdır.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) iddiaya dair təqdim edilmiş etirazına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsinin dövlət ehtiyat fonduna verilən torpaq sahəsi olması müəyyən edilməmişdir. Bundan əlavə torpaq qanunvericiliyinin tələblərinə görə əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə sənaye torpağı sayılan DNŞ-nin torpaqları ətrafında xüsusi qoruyucu hüquqi rejimli mühafizə zonaları yaradılmalıdır.Lakin hazırkı mübahisəli torpaq sahəsində mövcud tikililər və yaşayış üçün 2 mərtəbəli ev vardır. Bundan əlavə qeyd edilməlidir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmışdır
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-5 saylı torpaq sahəsinin X1na məxsus olması barədə arayışın iddiaçının adına verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 18.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 19.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan A-5 saylı bağ sahəsinin X1na məxsus olması barədə arayışın İddiaçı adına verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova