Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1869/2020 04.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə (Ağdam rayonu, Umudlu kəndində qeydiyyatdadır, ixtisası: hüquqşünas, 20 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (ünvan 1i ünvanında qeydiyyatdadır, ixtisası: hüquqşünas, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş İdarəsində hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “cavabdeh tərəfindən 24 aprel 2016-cı il tarixdən 24 aprel 2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş,lakin ödənilməmiş sosial müavinətın iddiaçıya ödənilməsi” barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “cavabdeh tərəfindən 24 aprel 2016-cı il tarixdən 24 aprel 2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş,lakin ödənilməmiş sosial müavinətın iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin aprel ayından 1993-cü ilin iyun ayının 16-na kimi N saylı hərbi hissənin tərkibində Füzuli rayonu istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi üçün 2019-cu ilin aprel ayının 24-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona müharibəsi veteranı vəsiqəsi verilmişdir. İddiaçı əvvəlki illərə görə ödənilməmiş sosial müavinətin verilməsi üçün 02 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Xətai rayon şöbəsinə ərizə ilə müraciət etmiş, lakin həmin müavinətin verilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtina məktubunu əsassız sayaraq məhkəmədə iddia qaldırmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiya dair etirazında və etiraza əlavədə bildirmişdirki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 24 aprel 2019-cu il tarixində veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin Xətai rayon Şöbəsi müharibə veteranı statusu aldığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixindən təqaüd təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçının tələbi qanuna zidd və əsassız olduğundan təmin edilməməlidir. İddiaçı “Sosial müavinətlər haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla hesab edir ki, 24 aprel 2016-cı il tarixdən 24 aprel 2019-cu il tarixə kimi müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət ona ödənilməlidir. Lakin, vətəndaşa veteran vəsiqəsi təqdim olunmamışdan əvvəlki dövr üzrə müavinətlərin ödənilməsi qanunvericiliyə ziddir. “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”n 1.4-cü bəndinə görə, birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Sadalanan müxtəlif qanunvericilik aktları normalarının əlaqəli təhlilindən məlum olur ki, qanunvericilikdə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri sosial müavinətlərin növləri arasında sadalanmamış, təqaüdlərlə sosial müavinətlər bir-birindən fərqləndirilməklə yalnız aylıq müavinətlərin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə iddiaçının hüququ yarandığı zaman “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməsi qərara alınmışdır. Yəni İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 24 aprel 2019-cu il tarixdə MA/seriyalı, 085557 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verildiyi zaman o və bu kateqoriyadan olan digər şəxslər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişlər. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı adı və vəsiqəsi” 24 aprel 2019-cu il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından hesab edirik ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnun olması istisna edilir. Yuxarıda qeyd olunanlara əlavə olaraq bildiririk ki, iddiaçıya sözügedən illər üçün sosial ödənişin ödənilməsini istisna edən növbəti məqam şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququnun veteran vəsiqəsini aldığı tarixdən yaranmasıdır. Buna görə də cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi etiraza və ona əlavə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının vəkili və cavabdehin nümayəndəsinin izаhаtlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi əsassızdır. İddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən sübut qismində şəxsiyyət vəsiqəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli, 085557 saylı müharibə veteranı vəsiqəsinin surətləri təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya aid “müavinət işi”nin surəti təqdim edilmişdir. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ona 24 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. “Müavinət işi”ndən görünür ki, 11 iyul 2019-cu il tarixli qərarla iddiaçıya 24 aprel 2019-cü il tarixdən təqaüd təyin edilmişdir. İddiaçı ona 24 aprel 2016-ci il tarixdən 24 aprel 2019-cu il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə iddiaçının tələbini əsassız hesab etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti 11 iyul 2005-ci il tarixli 257 saylı fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 21 aprel 2006-cı il tarixli 11/27-12 saylı və 08 noyabr 2007-ci il tarixli 11/27-10 saylı təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında «əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Güc strukturları (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyanın qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib ödənilməlidir. İşin təkzib olunmaz halıdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 24 aprel 2019-cu il tarixdə verilmişdir. 28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.” Beləliklə, yuxarıda qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 24 aprel 2019-cu il tarixindən verilmiş, Azərbaycan Respublikası Prezidentinin 641 saylı Fərmanı isə 15 aprel 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir, başqa sözlə, müharibə veteranı vəsiqəsi 24 aprel 2019cu il tarixdə, yəni, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanından sonra aldığı üçün iddiaçı 24 aprel 2019-cu il tarixindən sonra 80 manat məbləğində təqaüd almalı, əvvəlki 3 il üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1.-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “cavabdeh tərəfindən 24 aprel 2016-cı il 24 aprel 2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş,lakin ödənilməmiş sosial müavinətın iddiaçıya ödənilməsi” barədə iddia tələbirədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü, 68-ci, 69-cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “cavabdeh tərəfindən 24 aprel 2016-cı il 24 aprel 2019-cu il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş,lakin ödənilməmiş sosial müavinətın iddiaçıya ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1869/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1869/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver