Məhkəmə qərarları › İş №2-1(112)-187/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-187/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-187/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla evə yeni ünvan verilməsi və evin texniki pasportunun hazırlanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, 9 saylı evə yeni ünvan verilməsi və evin texniki pasportunun hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla X5 arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi 9 saylı evin bir hissəsini alqı-satqı müqaviləsi əsasında almış və onlar arasında bağlanmış 028996 saylı müqavilə xx.xx.1997-ci ildə 18-ci Bakı şəhəri Dövlət Notariat Kontorunda 3M a-06-1124 №-li Reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsində Xüsusu Mülkiyyət kimi qeydiyyatdan keçmişdir və bu barədə 26 №-li Reyestr kitabında, 3989 səhifə, qeydalma 30 №: 3776 xx.xx.1998-ci tarixdə qeydiyyat aparılmışdır. Bununla əlaqədar ona seriya MH № 120525 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Onun aldığı evin X3 məxsus evlə eyni ünvan olmasına baxmayaraq, evinin başqa istiqamətdə olan küçədən ayrı giriş-çıxışı vardır. Uzun müddət o, ailəsi ilə həmin evdə yaşamaqlarına baxmayaraq, xüsusi mülkiyyətində olan evə ayrı ünvan almamışlar. Onun xüsusi mülkiyyətində olan evinin eyni ünvanda yerləşən X3 heç bir aidiyyatı yoxdur və ona görə xüsusi mülkiyyətində olan evinə ayrı ünvan verilməlidir. O, bu barədə qonşu və evin ilkin sahibi X3 müraciət edərək evin ilkin texniki pasportunun sürətini verilməsi xahiş etmiş, lakin evin ilkin sahibi evin texniki pasportunun sürətini ona verməkdən imtina etmişdir. 1997-ci ildən onun xüsusi mülkiyyətində olan evinə yeni ünvan verilməli və evinin yeni texniki paspotu hazırlanmalıdır. İdarəyə ünvanladığı ilkin ərizəsi cavab olaraq bildirilmişdir ki, “guya evin inventarizasiyanın aparılmasına şərait yaradılmamışdır.” Bu belə deyildir. Belə ki, o ərizəsində həm ünvanını, həm də telefon nömrələrini qeyd etmişdir. Ona görə evin inventarizasiyanı aparmaq üçün onunla əlaqə saxlanılması zəruridir. Lakin idarə tərəfində onunla heç bir telefon əlaqəsi saxlanılmamışdır. Buna baxmayaraq o, təkrar Reyestr Xidmətinə müraciət edərək aldığı evə yeni ünvan və evin texniki pasportunun verilməsini xahiş etmişdir. İdarənin xx.xx.2019-cu il tarixli, **********88 saylı cavab məktubunda onun xahişindən imtina etmişdir. Cavabdehin onun ərizəsində imtina etməsi əsassızdır və onun mülkiyyət hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək imtinanın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Füzuli rayonunda doğulmuşdur. - 028999 №-li, xx.xx.1997-ci il tarixli müqavilənin surətindən görünür ki, X5 Bakı şəhəri TİB-dən verilmiş xx.xx.1994-cü il tarixli, 26 №-li reyestr kitabının 3989 səh. 30/3989 №-li qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evinin B hissəsini, 2 otaqlı, yaşayış sahəsi 35,4 kv.m., köməkçi otaq 5, sahəsi 38,2 kv.m 16 milyon manata İddiaçı satmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Seriya MH 120525 №-li, xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1 yaşayış evin B hissəsi İddiaçı, A hissəsi X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən məhkəməyə ünvanlanmış 7- 4166/17 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi 9 saylı evin texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********22 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, 9 saylı ev X2 adına xx.xx.1994-cü il tarixində ilkin qeydiyyatdan keçmişdir. 18 saylı DNK-nın 3MA-06- 1124 reyestrli, xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixində İddiaçı Allahqu oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********70 №-li, xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, 9 saylı fərdi yaşayış evinə aid texniki pasportun surətindən görünür ki, yaşayış evi 1968-ci ildə tikilmiş, 1972-ci ildə texniki inventarizasiya olunmuş, 1997-ci ildə dəyişiklik qeydə alınmışdır. Yaşayış ev “A” və “B” tikililərindən ibarətdir. “A” və “B” tikililləri bir-birindən təcrid olunmuş halda yerləşir. Hər bir tikilinin ayrı-ayrılıqda sanitar qovuşağı, giriş-çıxış qapıları vardır. “B” tikilisinin ümumi sahəsi 73,6 kv.m-dən ibarətdir. Ondan 35,4 kv.m. yaşayış sahəsi, 38,2 kv.m. köməkçi sahəsidir. - İdarənin iddiaçıya ünvanlandığı xx.xx.2019-cu il tarixli, **********88 №-li məktubdan görünür ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Sözügedən ünvanda yerləşən yaşayış evinə İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin bildirilmişdir ki, sözügedən yaşayış evi paylı mülkiyyətdə olduğundan razılıq ərizəsinin əlavə edilməsi məqsədəmüvafiqdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı üçüncü şəxs Xurşud Kərimovadan Bakı şəhəri, Xətal rayonu, 5-ci Rezervuar küçəsi, 9 saylı fərdi yaşayış evinin “B” hissəsini xx.xx.1997-ci ildə satın almış və həmin vaxtdan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan yaşayış evinə yeni ünvan verilməsi və texniki pasportun tərtib edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmamasına şərait yaradılmaması və paylı mülkiyyətdə olduğundan razılıq ərizəsinin əlavə edilməməsini əsas gətirərək iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. - 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. - 13.8-ci maddəsinə əsasən dövlət reyestrində hər bir daşınmaz əmlak barədə məlumat saxlanılan (göstərilən) bölmələr vardır. - 13.9-ci maddəsinə əsasən dövlət reyestrinin hər bölməsi aşağıda göstərilən üç fəsildən ibarətdir: 13.9.1. obyektin ünvanı (olduğu yer), adı (növü), sahəsi, onun təyinatı və digər zəruri məlumatlar. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli, 27 nömərli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının: - 1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — Komitə) tərəfindən həyata keçirilir. - 3.2.4-cü bəndinə görə daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda daşınmaz əmlak obyektinə ünvan verilir və ya dəyişdirilir. - 3.2.5-ci bəndinə əsasən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə daşınmaz əmlak obyektinə ünvan verilir və ya dəyişdirilir. - 3.3, 3.4, 3.5-ci bəndlərinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Ünvan reyestrində saxlanılan daşınmaz əmlak obyektinin ünvanına aid ərazi vahidlərinin, nəqliyyat infrastrukturu obyektlərinin mövcud və əvvəlki adları, onların əmələ gəlməsi və dəyişdirilməsi əsasları (tarixləri), ünvan verilmiş daşınmaz əmlak obyektlərinin növü, daşınmaz əmlak obyektinin nömrəsi haqqında, əhəmiyyət dərəcəsi göstərilməklə, daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmaması barədə, daşınmaz əmlak obyektinin sadələşdirilmiş verginin məqsədləri üçün ərazi üzrə zonası ilə bağlı məlumatlar açıq hesab edilir və maraqlı şəxsin və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsin sorğusu əsasında 2 (iki) iş günü ərzində arayış şəklində ona verilir. Məhkəmə qeyd edir ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi “A” və “B” tikilisindən ibarət olmaqla ayrı-ayrı iki hissədən ibarətdir. “B” tikilisinin mülkiyyət hüquqları İddiaçı məxsus olmaqla iddiaçı həmin daşınmaz əmlaka yeni ünvan verilməsini tələb edir. İddiaçı üçüncü şəxs Xurşud Kərimovanın onun mülkiyyətində olan yaşayış evi ilə heç bir əlaqəsi olmadığını, razılıq ərizəsi ilə bağlı müraciətinə isə üçüncü şəxs tərəfindən heç bir fikir bildirilmədiyini məhkəmə iclasındakı izahatında bildirmişdir. Göründüyü kimi Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, 9 saylı fərdi yaşayış evi hələ 1997-ci ildə naturada ayrılmaqla iki hissəyə bölünmüş və ayrı-ayrı şəxslərin, yəni iddiaçı və üçüncü şəxsin adlarına qeydiyyata alınmışdır. Qeydiyyata alınan əmlakların ayrılıqda yerləşməsi (bir dam altında olmaması) iş materiallarında olan texniki sənədlər də aydın əks olunur. Belə olan halda həmin reyestr məlumatlarına əsasən hətta yerində baxış keçirilməsinə zəruriyyət olmadan müvafiq ünvanda olan “A” və “B” tikililərinə “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydalarının 3.2.5-ci bəndinə əsasən ünvan verilməlidir. Ayrı-ayrı qeydiyyat aparılımış və ünvan verilmiş daşınmaz əmlaklara texniki pasportlar da ayrılıqda tərtib edilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, qeydiyyata alınmış əmlak paylı mülkiyyətin tərkib hissəsi olmadığından qaldırılan məsələnin müsbət həlli “A” tikilisinin mülkiyyətçisi olan Xurşud Kərimovanın hüquqlarını məhdudlaşdırmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, ev 9 ünvanında yerləşən İddiaçı mülkiyyəti kimi reyestrdə qeydiyyata alınmış “B” tikilisi üzrə yeni ünvanın verilməsi və evin texniki pasportunun hazırlanması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, ev 9 ünvanında yerləşən İddiaçı mülkiyyəti kimi reyestrdə qeydiyyata alınmış “B” tikilisi üzrə yeni ünvanın verilməsi və evin texniki pasportunun hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar