Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-187/2025 01.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.metr torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinə dair ona çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 77 saylı qərarına əsasən Bakı şəhər Biləcəri bələdiyyəsinin 221 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 1 ünvanda yaşayan X3 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış cizgi əsasında 600.0 kv.m torpaq sahəsi X3 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün iddiaçının adına sənədləşdirilmişdir. İstifadəsinə ayrılmış torpaq sahəsinin cizgi sənədi Bakı şəhəri Biləcəri bələdiyyəsi və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilməklə təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi 14 ildir iddiaçının istifadəsində olmaqla ailə üzvləri ilə orada yaşayır. Bələdiyyənin büdcəsinə torpağ rüsumunun ödənilməsi barədə qəbzdə mövcuddur. İddiaçının istifadəsində olan torpaq sahəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında saxlanılır. Biləcəri bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsinin İddiaçı adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi məqsədi ilə cavabdeh qeydiyyat idarəsinə ərizə ilə müraciət olunmuşdur. Lakin cavabdeh iddiaçının müraciəti üzrə rəsmi cavab verməmişdir. Hesab olunur ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, təqdim edilən Bakı şəhəri Biləcəri bələdiyyəsinin 77 nömrəli qərarı 08 fevral 2008-ci il tarixdə verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya cavab məktubu ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 49 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhər sakini, «20 Yanvar» faciəsi şəhidinin oğlu X4 Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. -Bakı şəhəri Biləcəri bələdiyyəsinin 07 aprel 2006-cı il tarixli, 221 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 49 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhər sakini, «20 Yanvar» faciəsi şəhidinin oğlu X1 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.metr torpaq sahəsi notarial qaydada qarşılıqlı razılaşmaya əsasən X1 adından ünvan 2 ünvanda yaşayan X3 adına alqı-satqı yolu ilə sənədləşdirilmişdir. -X9 Məsələləri Daimi Komissiyasının 05 fevral 2008-ci il tarixli, 02 nömrəli protokoluna əsasən Bakı şəhəri Biləcəri bələdiyyəsinin 221 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 1 ünvanda yaşayan vətəndaş X3 adına Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsinin vətəndaş X3 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 3 ünvanda yaşayan vətəndaş X5 adına sənədləşdirilməsi qərara alınmışdır. -Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 08 fevral 2008-ci il tarixli, 77 nömrəli qərarına əsasən Bakı şəhəri Biləcəri bələdiyyəsinin 221 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 2 ünvanda yaşayan vətəndaş X3 adına Biləcəri bələdiyyəsi hüdudlan daxilində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılmış əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsi vətəndaş X3 adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 3 ünvanda yaşayan vətəndaş X5 adına sənədləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3841 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən: -Göstərilən torpaq sahəsi faktiki olaraq 804.0 kv.metr təşkil edir. Sahə bir tərəfdən qonşu tikilinin çöl divarı ilə, üç tərəfdən isə mişar daş hasarla sərhədlənib. Sözügedən sahənin üzərində iki ədəd yarımçıq tikili mövcuddur. -İddiaçı Qurbanova (Əlləzova) Şəbnəm Valeh qızına Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 77 nömrəli qərarı ilə ayrılmış 600 kv.metr torpaq sahəsinin cizgisi ilə iddiaçının naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. -Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Biləcəri bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini nəzərə alaraq, iddiaçı Qurbanova (Əlləzova) Şəbnəm Valeh qızının adına ayrılmış 600 kv.metr torpaq sahəsi, Bakı şəhər Biləcəri bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. -Mərkəzə təqdim olunmuş kadastrportali.az elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması barədə hər hansı məlumat aşkar edilməmişdir. -Elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahəyə bitişik sahə dövlət reyestrində qeydiyyatdan keçmişdir (**********239-12301 reyestr nömrəsi ilə “Argo-1” müəssisəsinə məxsus sahə). Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 77 saylı qərarı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh qeydiyyat orqanına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin imtina dəlilləri bunlardır: 1. Torpaq ayrılmasına dair Bakı şəhəri Biləcəri bələdiyyəsinin 77 nömrəli qərarı, 08 fevral 2008-ci il tarixdə verilmişdir, 2. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir; 3. Faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsasən, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığını bələdiyyə tərəfindən verilmiş qərarın mövcudluğu ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, torpaqayırma sənədi qismində çıxış edən bələdiyyə qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatına əsas verir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlir. Məhkəmə təqdim edilmiş bələdiyyə qərarının hüquqi qüvvəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranması əsaslarından biridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan: -6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. -9.1. (28 oktyabr 2008-ci il tarixədək qüvvədə olmuş redaksiya) Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -9.1. (hazırda qüvvədə olan redaksiya) Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.” Məhkəmə istinad olunan qanunvercilik normalarına əsasən qeyd edir ki, göründüyü kimi, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Qanunvericiliyin tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. Hansı ki, hazırkı iş üzrə belə bir qərar və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mövcuddur. Baxmayaraq ki, cavabdeh torpaq sahəsinin verilməsi ilə bağlı bələdiyyə qərarının 08 fevral 2008-ci il tarixli olmasını hüquqi əsas kimi mübahisələndirərək iddianın rəddini tələb etsə də, məhkəmə belə mövqeni əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 23 oktyabr 2007-ci il tarixli, № 466-İİİQD nömrəli Qanunla edilmiş dəyişiklik nəticəsində həmin tarixdən etibarən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələr vasitəsilə əldə olunması hüquqi normaya çevrilmişdir. Hazırkı mübahisəyə gəldikdə isə, iş materiallarından aydın olur ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya açıq torpaq hərracı və ya müsabiqə yolu ilə deyil, birbaşa bələdiyyənin 08 fevral 2008-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikintisi məqsədilə ayrılmışdır. Lakin bu halda diqqətə alınmalı amil ondan ibarətdir ki, Biləcəri bələdiyyəsinin müvafiq qərarı iddiaçıya birbaşa torpaq sahəsi ayrılmasına dair qərar olmamış, yalnız həmin bələdiyyənin xx.xx.2006-cı il tarixli, 221 nömrəli qərarı ilə X3 adına ayrılan 600.0 kv.m torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, Biləcəri bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 77 saylı qərarı torpaq sahəsi üzərində hüquqların əldə edilməsi kimi deyil, müstəqil qaydada torpaqayırma səlahiyyəti olduğu dövrdə ayrılmış torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi kimi qiymətləndirilməlidir. Bu halda da bələdiyyə yalnız öz iradəsinə əsaslanmamış, bu rəsmiləşdirməni torpaq sahəsinin əvvəlki hüquq sahibinin, yəni əldə edənin yazılı razılığı ilə həyata keçirmişdir. Məhz bu razılıq, yəni əvvəlki istifadəçinin razılığı bələdiyyəyə torpaq sahəsini yeni şəxsə — iddiaçıya vermək üçün hüquqi baza kimi xidmət etmişdir. Bu isə o deməkdir ki, qərarın hərrac keçirilmədən qəbul edilməsi hazırki işin halları üzrə formal faktor kimi çıxış edir. Qeyd edilməlidir ki, inzibati icraat gedişində həyata keçirilmiş tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. Bu baxımdan, inzibati icraatın gedişində torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilibedilməməsi iddiaçının təqsiri ilə bağlı məsələ deyil və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. Odur ki, qeyd edilən hallar iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaması üçün əsas ola bilməz. O da nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair, həmçinin, istinad olunan əmr və sənədlərin həqiqətə uyğun olmamasına dair sübutlar təqdim edilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmiş, hazırda qüvvədədir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt ləğv edilməmiş, geri çağrılmamış, dəyişdirilməmiş və öz hüquqi qüvvəsini saxlamışdır ki, iddiaçı həmin inzibati aktda uzun illər ərzində etimad göstərərək faktiki olaraq həmin torpaq sahəsindən istifadə etmişdir. Cavabdehin imtina əsası kimi istinad etdiyi digər hallar- torpaq sahəsinin dövlət mülkiyyətində olması və yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi səbəbindən cizgidəki ərazinin iddia edilən sahə ilə eyniliyinin müəyyən edilməsinin mümkün olmaması isə iş üzrə təqdim edilmiş ekspertiza rəyi ilə təsdiqini tapmır. Əksinə, müvafiq tədqiqat nəticəsində iddiaçının naturada göstərdiyi sahənin Bakı şəhər Biləcəri bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşdiyi və bələdiyyə tərəfindən tərtib edilmiş cizgi ilə faktiki göstərilən sahənin üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə ekspertin rəyinin əsaslılığına şübhə yaradan hər hansı hal müəyyən etmədiyindən həmin rəyi mötəbər sübut kimi qəbul edir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki, göstərilən dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odu ki, iddia təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə prosessual xərclərə münasibətdə qeyd edir ki, AR İPM-in: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3841 ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İddia tələbi təmin edildiyindən qeyd olunan pul vəsaiti cavabdehə aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X2, kod 210005, (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22)) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Biləcəri bələdiyyəsinin 08 fevral 2008-ci il tarixli, 77 nömrəli qərarı ilə İddiaçı adına fərdi yaşayış evinin tikintisi üçün rəsmiləşdirilmiş 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində prosessual xərcin X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-187/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-187/2025
01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver