Məhkəmə qərarları › İş №2-1(112)-1870/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1870/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1870/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyətinin sərəncamı nəzərə alınmaqla 17 fevral 2000-ci il tarixdə fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi iddiaçıya ayrılmış, yerləşmə cizgisi yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsi hasara alınmaqla istifadədədir. Həmin torpaq sahəsi halhazırda Bakı şəhəri ərazi hüdudlarındadır. Cavabdehə çıxarışın verilməsi ilə bağlı müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, ona və ətrafındakı torpaq sahələri vətəndaşların istifadəsindədir və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, ayrılmış torpaq sahəsi X5 X2 ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, cizgidə dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Bundan əlavə direktorun əmrinin əsli təqdim edilməmişdir və torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Abşeron Rayon Dövlət Arxivinin çıxarışından görünür ki, 0,06 ha torpq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmışdır. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş 17 fevral 2000-ci il tarixli əmrdən çıxarışda da torpaq sahəsinin iddiaçıya ayrılması öz təsdiqini tapmışdır. Cavabdehin imtina məktubu onunla əsaslandırılmışdır ki, ayrılmış torpaq sahəsi X5 X2 ayrılmış torpaq sahəsinin ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, cizgidə dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən torpaq kənd təsərrüfatı təyinatlı olmaqla dövlət mülkiyyətindədir. Bundan əlavə direktorun əmrinin əsli təqdim edilməmişdir və torpaq sahəsinin perimetrik ölçüləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Yerləşmə cizgisindən görünür ki, həmin cizgi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. Məhkəmə sorğusuna cavabdehin cavab məktubundan görünür ki, ümumiyyətlə İstehsal Müəssisəsiin ayrıc aktının verilməsinə əsas olan sənəd, həmçinin ayrıc aktının kağız nüsxəsi cavabdehdə mövcud olmamış, yalnız ayrıc aktının elektron xəritəsi mövcud olmuşdur. Müayinə aktından görünür ki, torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmış və istifadəsindədir. Cavabdehin məhkəmənin iddia olunan torpaq sahəsinin ətrafında yerləşən dövlət reyestrindən qeydiyyatdan keçmiş əmlaka dair müvafiq sənədlərin təqdim edilməsinə dair sorğuya cavab məktubundan görünür ki, iddia olunan torpaq sahəsinin ətrafında, məhz X5 X3 tərəfindən həmin sərəncam əsasında, qeyd olunan 17 fevral 2000-ci il tarixli 06 saylı əmrdən çıxarış əsasında ayrılmış torpaq sahələrinə dair başqa şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş xəritə məlumatından görünür ki, iddia olunan ərazi Sovxozun Bakı şəhəri İcra Hakimiyyəti İdarəçiliyinə qaytarılmış ərazisinin səhrədləri daxilində yerləşir. X4 və Ekspertiza Mərkəzi MMC-nin vermiş olduğu rəydə isə qeyd edilmişdir ki, torpaq sahəsi Müəsissənin ayrıc aktından kənardır. Lakin, istifadədə olan torpaq sahəsinin koordinatları, ölçüsü 0,06 ha olması qeyd edilmiş, torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarına aid olması də göstərilmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş rəydə isə ayrılmış torpaq sahəsinin Müəssisəyə ayrılmış ərazinin hüdudları daxilində olması və yerləşmə cizgisinə uyğun olması müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. [4]

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; [7] 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); [8] 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün şəxsin daşınmaz əmlaka dair yuxarıda adıçəkilən hüquqmüəyyənedici sənədlərdən biri olmalıdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair yerli icra hakimiyyətinin sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair Müəssisənin əmrinin həmin sənədlərdən biri olması cavabdeh tərəfindən də mübahisə doğurmur. Cavabdeh tərəfindən mübahisələndirilən məsələlər başqadır ki, onlardan biri məhz torpaq sahəsinin ayrıc aktından kənar olması ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ümumiyyətlə torpaq sahəsinin ayrıc aktından kənarda yerləşməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edə bilməmiş, iş materialları ilə də müəyyən edilmişdir ki, ümumiyyətlə torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin balansına qaytarılarkən iddia olunan torpaq sahəsi məhz müəssisənin torpaq sahəsi hüdudları daxilində qaytarılmışdır. Bundan əlavə, məhkəmə sorğusuna əsasən iki mütəxəssis rəyi arasında ayrıc aktı daxilində yerləşib-yerləşməyə münasibətdə də ziddiyyətli mövqe nümayiş etdirilmişdir ki, ayrıc aktı daxilində yerləşmə barədə ziddiyyət məhkəmə hesab edir ki, rəyin tərtib edilmə xüsusiyyətləri də nəzərə alınmaqla iddiaçının xeyrinə həll edilməlidir. Belə ki, işin digər halları da bunu tələb edir. Belə ki, ümumiyyətlə cavabdeh ayrıc aktının kağız nüsxəsini və onun verilməsinə əsas olmuş heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir ki, ayrıc aktının tərtibatına əsas olan sənəd və onun kağız nüsxəsi mövcud olmadan ayrıc aktından kənar olma formasında mövqeyin cavabdeh tərəfindən əsaslandırılması məhkəmə hesab edir ki, yolverilməzdir və təkcə elektron məlumatlara istinad edilməklə mülkiyyət hüququnun realizəsinin məhdudlaşdırılması qəbuledilməzdir. Nəzərə alınmalıdır ki, ayrıc aktından kənarlaşma sübut edilmir, hətta sübut edilsə belə həmin hal üzrə təqsiri iddiaçının yox, torpaq ayırma zamanı texniki xətalara yol vermiş müəssisə və buna nəzarət etməyən yerli icra hakimiyyəti orqanı və aidiyyəti digər orqanların təqsiridir. Həmin qurumlar təqsirli olduğu halda, həmin təqsirin hüquqi nəticəsinin iddiaçıya münasibətdə tətbiq edilməsi məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun pozulması deməkdir. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Göründüyü kimi Ali Məhkəmənin mövqeyi də ayrıc aktına münasibətdə iddiaçının təqsirinin müəyyən edilməməsinə yönəlmişdir. Cavabdehin etirazından və imtina məktubundan görünür ki, ayrıc aktı ilə yanaşı, digər imtina əsasları da qeyd edilmişdir. Bu zaman, torpağın kənd təsərrüfatı təyinatlı olması, direktorun əmrinin əslinin təqdim edilməməsi, perimetrik ölçü və faktiki vəziyyət uyğunsuzluğu, yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilməməsi imtina əsası kimi göstərilmişdir ki, məhkəmə göstərilən dəlillərin də iddianın təminini istisna etmədiyi qənaətindədir. İlk olaraq qeyd edilməlidir ki, ümumiyyətlə əmrdən çıxarış mövcud olduğu halda, əmrin əslinin tələb edilməsi inzibati icraatla bağlı qanunvericiliyin tələblərinin kobud pozuntusudur. Perimetrik ölçü və faktiki vəziyyət fərqi və yerləşmə cizgisində dəqiq istinad və məsafələrlə bağlı hər hansı uyğunsuzluq da məhkəmə hesab edir ki, iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, həmin yerləşmə cizgisi səlahiyyətli olan qurum yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Həmin yerləşmə cizgisində hər hansı səhvin mövcudluğu aydındır ki, bütünlükdə dövlətin səhvi hesab edilməlidir ki, dövlət orqanının birinin səhvinin digər dövlət orqanı tərəfindən aşkar edilməsi və bunun iddiaçının ziyanına şərh edilməsi işin hallarına, o cümlədən etimad hüququna dair tələblərə uyğun hesab edilməməlidir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunur ki, hazırkı iş üzrə torpaq sahəsinə verilmiş yerləşmə cizgisi hər hansı qurum tərəfindən ləğv edilməmiş, qüvvədən salınmamışdır. Eyni zamanda, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış torpaq sahələrinə dair verilmiş əmr də ləğv edilməmiş, qüvvədən salınmamış, yerli icra hakimiyyəti orqanı tərəfindən həmin əmrə dair hər hansı irad daxil olmamışdır. Bu səbəbdəndir ki, həmin sərəncama əsaslanmaqla verilmiş əmr və həmin əmrə istinad edilməklə iddia olunan torpaq sahəsinə dair verilmiş yerləşmə cizgisi mötəbərdir və həmin sahəyə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməlidir. Məhkəmə, həmçinin hazırkı iddianın təmini üçün əsas olan xüsusi bir halın da qanunvericilik müddəalarına əsaslanmaqa qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.

Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Belə ki, məhkəmə sorğularına cavab məktubundan görünür ki, iddiaçının ətrafında olan torpaq sahələri yaşayış məntəqələri torpaqları olmaqla eyni sərəncama və Müəssisənin eyni əmrinə istinad edilməklə başqa şəxslərin mülkiyyətindədir və həmin torpaq sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir. Bu isə o deməkdir ki, eyni hüquqmüəyyənedici sənədə malik olan şəxslərdən bəzilərinə çıxarışlar təqdim edilir, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınır, lakin iddiaçının eyni sərəncam və eyni əmrdən çıxarışa əsasən hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-557/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi eyni Bağçılıq Yoldaşlığına eyni qaydada üzv qəbul edilmiş həmin şəxslərin hüquqları qeydiyyata alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Göründüyü kimi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması, yaşayış məntəqələrinə aid olması ətrafda verilən torpaq sahələrinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə də təkzib edilmiş, bundan əlavə, həmin hallarla təsdiq edilmişdir ki, cavabdeh eyni hallara münasibətdə fərqli yanaşma tətbiq etməkdədir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, X5 X1 05 saylı 17 fevral 2000-ci il tarixli əmri əsasında İddiaçı ayrılmış Bakı şəhəri Ramana qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçıyaverilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar