Məhkəmə qərarları › İş №2-1(112)-1871/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1871/2020

05.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1871/2020 05.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 04.09.2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 04.09.2019-cu ildən əvvəlki 3 il üçün, yəni 04 sentybar 2016-cı il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 04 sentyabr 2019-cu il tarixdə 086234 nömrəli müharibə veteranı vəsiqəsini almışdır. Hazırda o, müharibə veteranı vəsiqəsinin verilməsindən əvvəlki 3 il üçün müavinətin hesablanaraq ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ona ünvanlanan məktubda onun müraciətinin Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanın əsasında təmin edilməsindən imtina edilmiş və bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə cavabdehAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 04.09.2019-cu il tarixli 086234 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən İddiaçı “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi hüququna 04.09.2019-cu il tarixdən malik olmuş və həmin tarixdən də iddiaçıya Prezident təqaüdü təyin olunmuşdur. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cü il tarixdən tətbiq edildiyindən və iddiaçının 086234 nömrəli 04 sentyabr 2019-cu il tarixli müharibə veteranı vəsiqəsinə əsasən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi hüququna 04.09.2019-cu il tarixindən malik olmuşdur və həmin tarixdən də Prezident təqaüdü təyin olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezident təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası nəzərdə tutulmadığından, hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə verilmiş etiraz ərizəyə uyğun münasibət bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 04.09.2019-cu il tarixli, 086234 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin iddiaçıya ünvanladığı 07.11.2019-cu il tarixli, **********9 saylı məktubunda qeyd edilir ki, ƏƏSMN-i yanında DSMF-nun Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən iddiaçıya 04.09.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” 2019cu il aprelin 1-dən tətbiq edildiyi üçün təqaüdün əvvəlki dövr üçün ödənilməsi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının tələblərinə uyğun deyildir. Bu səbəbdən ona əvvəlki 3 illik dövr üçün müavinət təyin edilməsindən imtina edilmişdir. Məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən (275807 saylı pensiya işindən) görünür ki, iddiaçı 18.09.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı kimi sosial müavinət təyin edilməsini xahiş etmiş, iddiaçıya müharibə iştirakçısı olduğu üçün 80 manat məbləğində sosial müavinət 04.09.2019-cu ildən müddətsiz təyin edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya 04.09.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildikdən sonra iddiaçı qanunla müəyyən edilmiş imtiyazlardan istifadə etmək (müharibə veteranlarına verilən kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinəti almaq) hüququnu həyata keçirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən - 04.09.2019-cu ildən iddiaçının qeyd edilən təqaüdünü almaq hüququnun yarandığını bildirərək, əvvəlki 3 il üçün müavinətin ödənilməsi barədə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin sentyabr 2016-ci ildən, yəni müharibə veteranı vəsiqəsi verildiyi 04 sentyabr 2019-cu il tarixdən geriyə 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü’’nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir Beləliklə, “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1 -ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1- dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə "Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. 01.04.2019-cu il tarixindən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zamanhəm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından (04.09.2019-cu il) və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun əvvəlki üç ilə görə müavinət tələb etməyi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçıcavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 04.09.2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçıcavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı ona müharibə veteranlığına görə verilən müavinətin müharibə veteranı vəsiqəsini aldığı 04.09.2019-cu ildən əvvəlki 3 il üçün hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar