Məhkəmə qərarları › İş №2-1(112)-1871/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1871/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1871/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə qarşı “sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi” statusu və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi” statusu və vəsiqəsinin verilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 2021-ci ildə xəstəliyə görə hərbi xidmətə çağırışdan 3 illik müddətə möhlət verilmişdir. Onun hərbi xidmətə çağırışdan möhlət müddəti 2024-cü ildə başa çatmış və müayinə üçün cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə X4 göndərilmiş və həmin gün müayinədən keçmişdir. Onun barəsində X2 “Sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə” müvafiq Akt tərtib edilmiş və ona “OU-zəif dərəcəli miopiya 1,75 D ambliopiya miopik xoriozetinit’’ diaqnozu təyin edilmişdir. Həmin akt X5 tərəfindən cavabdehə göndərilmişdir. Lakin bu günədək cavadeh tərəfindən onun hərbi xidmətə yararlılıq vəziyyətinə aydınlıq gətirilməmiş və ona növbəti çağırışdan 3 illik müddətə möhlət verilməmişdir. O nümayəndəsi (atası) X1 vasitəsi ilə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək onun hərbi xidmətə yararlılıq vəziyyətinə dair müvafiq qərar qəbul edilməsini (çağırışdan möhlət verilməsini) xahiş etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmamasını imtina kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin aidiyyəti orqana göndərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan; Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X5” Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-12/2-70/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin 130 №li göndərişinə əsasən Mərkəzə müraciət etmişdir. Mərkəzdə həkim – oftalmoloq tərəfindən müayinə edilmiş və “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktı tərtib edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 1995-ci il təvəllüdlü İddiaçı aid Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X5” Publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktından (surəti) müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin 130 №li göndərişinə əsasən müayinə edilmiş və ona “OU-zəif dərəcəli miopiya 1,75 D ambliopiya miopik xoriozetinit’’ diaqnozu təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. İİ. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanun (1995-ci ildə qüvvədə olan redaksiyada) (2011-ci il 23 dekabr tarixli, 274-İVQ nömrəli Qanunla ləğv edilmişdir): ... Maddə 7. Vətəndaşların çağırış məntəqələrinə təhkim edilməsi Kişi cinsli vətəndaşlar 17 yaşının tamam olduğu il rayonlarda, şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış məntəqələrinə təhkim edilməlidirlər. ... Vətəndaşlar çağırış məntəqələrinə təhkim edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədilə mütəxəssis-həkimlər tərəfindən hökmən tibbi müayinə edilməli, habelə xidmət prosesində onlardan daha məqsədəuyğun istifadə etmək yolunu müəyyənləşdirmək üçün psixoloji müayinə edilməlidirlər. ... Maddə 10. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına aşağıdakı vəzifələr tapşırılır: çağırış məntəqələrinə təhkim edilən vətəndaşların tibbi müayinəsini təşkil etmək və hərbi xidmətdə istifadə üçün ilkin təyinatı müəyyən etmək; ... çağırışçıların tibbi müayinəsini təşkil etmək; ... Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanunda və bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək; Maddə 13. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı Müddətli hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər—cərrah, can həkimi, nevropatoloq, psixiatr, köz həkimi, qulaq—burun—boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: hərbi xidmətə yararlılıq haqqında; səhhətinə görə hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızlıq haqqında. Çağırışçının tibbi müayinəsinin nəticələri haqqında çağırış komissiyasının qərarından respublika çağırış komissiyasına şikayət verilə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Maddə 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. ... Maddə 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. Maddə 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq) iştirak etməlidirlər. ... Maddə 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. Maddə 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. Maddə 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. ... Maddə 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Maddə 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Maddə 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: ... 18.1.2. sağlamlıq vəziyyətinə görə; ... Maddə 18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. ... Maddə 20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Maddə 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Maddə 20.3. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Maddə 23.0. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər: ...23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. Bəzi hallarda hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər. ... 2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər. A — hərbi xidmətə yararlıdır; B — sıradankənar hərbi xidmətə yararlıdır; C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç — hərbi xidmətə müvəqqəti yararsızdır; D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Həkimmütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. ... 6.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə həvalə olunur. Şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq stomatoloq, dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlibaş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. 6.2. Hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. Təyin edilməsi üçün tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: - 2.1-ci bəndinə görə ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. Həmin Əsasnamənin 6.3-cü bəndinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Eyni zamanda Əsasnaməyə əsasən Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. Hərbi-həkim komissiyalarının (həkimuçuş komissiyalarının) qərarlar “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya 2021-ci ildə sağlamlıq vəziyyətinə görə çağırışa 3 il müddətinədək möhlət verilmişdir. İddia tələbinin hüququ əsasını təşkil edən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Həmin qanunun 20.2-ci maddəsində təsbit olunmuşdur ki, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Nəzərə alınmalıdır ki, həmin vətəndaşların hərbi xidmətə çağırışdan azad olması, onların təkrar şəhadətləndirilməsini tələb etmək hüququndan məhrum etmir. Belə ki, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblərini tənzimləyən normativ hüquqi aktın tələblərinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşların təkrar şəhadətləndirilməsi mümkündür ki, bu zaman dövlət və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri müəyyən olunsun. Qanunun tələblərinə müvafiq olaraq iddiaçı sağlamlıq vəziyyətinə görə çağırışa 3 il müddətinədək verilmiş möhlətin müddəti bitdiyi üçün cavabdeh isə Qanunla üzərinə qoyulmuş vəzifələrə müvafiq olaraq sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçının hərbi xidmətə yarar və ya yararsızlığının müəyyən edilməsi məqsədilə iddiaçının ambulator və ya stasionar tibbi müayinəsi təmin etmiş və nəticədə çağırışıçının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi”nə dair xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Nəticədə isə hazırki halda çağırışçının müddətli həqiqi hərbi xidmətə çağırılması qərara alınmışdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarından da göründüyü kimi Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək üçün tibbi müayinədən keçməyin və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarının məcburiliyi təsbit edilmişdir. Məhkəmə icraatı zamanı təqdim olunmuş müayinənin nəticəsi müvafiq olaraq rəsmiləşdirilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktında göstərilmişdir ki, tərtib olunmuş akta əsasən müayinə zamanı iddiaçıda “OU-zəif dərəcəli miopiya 1,75 D ambliopiya miopik xoriozetinit’’ diaqnozu təyin edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi ilə hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblərinə dair təsdiq edilmişxəstəliklərin konkret siyahısı müəyyən edilmişdir ki, çağırışçıların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsasdır. Başqa sözlə desək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsində öz təsbitini tapmamış istənilən xəstəlik çağırışçının hərbi xidmətə yararlı hesab edilməsi üçün əsasdır. Qeyd olunmalıdır ki, məhkəmə iddiaçıda mövcud olan hərbi xidmətə yararsız hesab edilməsi və ya sağlamlıq vəziyyətinə görə çağırışa möhlətin imkan verib-verməməsi baxımından da araşdırma aparılmış və müəyyən etmişdir ki, iddiaçıda müəyyən olunmuş xəstəliklər adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmədiyindən sağlamlıq vəziyyətinə görə çağırışa möhlətin verilməsi üçün kifayət etmir. Uyğunluğun olmaması isə hərbi xidmətə yararsız hesab edilməsi və ya sağlamlıq vəziyyətinə görə çağırışa möhlətin verilməsi üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Bu səbəbdən də iddia sübüta yetirilmiş sayıla bilməz. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar