Məhkəmə qərarları › İş №2-1(112)-1873/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1873/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1873/2024 09.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2019-cu ilin noyabr ayından hesablanmaqla aylıq müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətinin qanunsuz hesab edilməsi və istehsalat qəzası nəticəsində peşə əmək qabiliyyətinin 80 faiz itirilməsi ilə əlaqədar olaraq qanunla müəyyən olunmuş aylıq müavinətlərinin 2019-cu ilin noyabr ayından başlayaraq ödənilməsi və davam etdirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə Qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə başladıqdan sonra uzun illər Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən “X5” fabrikində işləmişdir. Həmin fabrikdə işlədiyi vaxtlarda, yəni 1989-cu ildə iş vaxtı əmək xəsarəti almış və peşə əmək qabiliyyətini müddətsiz (ömürlük) olaraq 80% itirmişdir. Eyni zamanda ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. Peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar qanunla ona düşən aylıq müavinətləri son illərə kimi yenidən təşkil olunan həmin müəssisə tərəfindən çox çətinliklə qismən də olsa, ödənilmişdir. Belə ki, “X5” fabriki Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 252 saylı Sərəncamına əsasən “X5” X4 Cəmiyyətinə çevrilmişdir. 2019-cu ilin oktaybr ayınadək çox çətinliklə ona aylıq müavinətlər ödənilsə də, 2019-cu ilin noyabr ayından etibarən heç bir müavinət ödənilməmişdir. Aylıq ödənişlərimin uzun müddət ödənilməməsi ilə maraqlandıqda məlum oldu ki, “X5” ATSC 2019-cu ilin noyabr ayından ləğv olunmuşdur. Həmin vaxtdan sonra uzun müddət müavinətin ödənilməsi barədə müxtəlif vaxtlarda, müxtəlif orqanlara etdiyi müraciətlərinin heç bir müsbət nəticəsi olmamışdır. Onlar yalnız Mülki Məcəllənin 1126-cı maddəsinə istinad edərək bildirirlər ki, iddiaçıya düşən aylıq müavinətlər ləğv olunmuş hüquqi şəxsin hüquqi varisi tərəfindən ödənilməlidir. Lakin həmin hüquqi şəxsin hansı hüquqi şəxs olması barədə heç bir məlumat vermirlər. Ona görə də Azərbaycan Respublikasının bu məsələlərlə məşğul olan nazirliyinə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə müraciət edərək əmək xəsarəti nəticəsində qanunla ona verilməli olan aylıq müavinətin ödənilməsini xahiş etmişdir. Lakin hazırda cavabdeh olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, 3171h-V-138760/2023 saylı məktubu ilə qanunsuz və əsassız olaraq xahişinin təmin olunmasından imtina etmişdir. Qeyd olunan faktlar ərizəsinə əlavə olunan sənədlərlə də tam təsdiq olunur. Cavabdehin imtina məktubunu rəsmi qaydada poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə almışam. Cavadeh imtinasını belə əsaslandırmışdır: "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘'Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxsləraylıq ödənc üzrə borcların tənzimləməsi Qaydaları"nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə uyğun olaraq özəllləşdirilməsi başa çatmayan çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsionu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsin Nazirliynin yerli orqanları və ya "DOST’' mərkəzləri tərəfindən həyata keçirilir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1126-cı maddəsinə uyğun olaraq, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ona yuxarıda qeyd olunan aylıq müavinətin Fond tərəfindən təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati İcraat haqqında’' Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. Belə hesab edilmişdir ki, cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Əmək xəsarəti ilə əlaqədar aldığı xəsarətə görə qanunla ona ödənilməli aylıq müavinət cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində bir vətəndaş kimi qanunla ona düşən aylıq müavinət almaq hüququ kobud şəkildə pozulur. Belə ki, işlədiyi müəssisə ləğv olunduğu halda onun digər hüquqi varisi yoxdursa, hüquqi varisi dövlət olduğu üçün və sosial müavinətlərin ödənilməsi vəzifəsi isə dövləti təmsil edən cavabdeh tərəfindən həyata keçirildiyindən, ona ödənilməli aylıq müavinətlər də cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının “Sosial təminat hüququ” adlanan 38-cı maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. İddiaçı hesab edir ki, 2019-cu ilin noyabr ayından başlayaraq əmək xəsarəti ilə əlaqədar aylıq müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

3. İddiaçının müraciətinə cavab olaraq təqdim edilmiş aylıq ödənc əvəzinə aylıq müavinət təyinatının mümkün olmaması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydalan”nın 5.1-ci, 5.2-ci və 5.3-cü bəndlərinə uyğun olaraq özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126-cı maddəsinə uyğun olaraq, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, ona yuxarıda qeyd olunan aylıq müavinətin Fond tərəfindən təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun mövcud olduğu iddiaçıya izah edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində 1989-cu ilədək Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən “X5” fabrikində işlədiyini, 1989-cu ildə iş vaxtı əmək xəsarəti aldığı üçün peşə əmək qabiliyyətinin 80%-ni müddətsiz (ömürlük) olaraq itirdiyini qeyd etmişdir. Eyni zamanda iddiaçıya 2-ci dərəcə əlillik təyin edilmişdir. Peşə əmək qabiliyyətini itirilməsi ilə əlaqədar qanunla ona düşən aylıq müavinətlər son illərə kimi yenidən təşkil olunan həmin müəssisə tərəfindən ödənilmişdir. “X5” fabriki Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 252 nömrəli saylı sərəncamına əsasən “X5” X4 Cəmiyyətinə çevrilmişdir. İddiaçıya 2019-cu ilin oktyabr ayınadək aylıq müavinətlər ödənilsə də, 2019-cu ilin noyabr ayından etibarən ona heç bir müavinət ödənilməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində “X5” ATSC-nin 2019-cu ilin noyabr ayında ləğv olunduğunu qeyd etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına əmək xəsarəti ilə əlaqədar olan 8000-9000 manat məbləğində müavinət borclarının ödənilməsinə və davamlı olaraq hər ay həmin müavinətin ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının müraciətinə baxaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2- V-138760/2023 nömrəli məktub ilə aylıq Ödəncin verilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən “İstehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir.” Həmin maddənin 3- cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126-cı maddəsinə uyğun olaraq, həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Yuxarıda qeyd olunan qanunvericliyin tələblərindən də göründüyü kimi, sözügedən ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, 2019-cu ilin noyabr ayından aylıq müavinətin ödənilməsi və davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məlumat verilməsi haqqında məktubda qeyd edilmişdir ki, “X5” X4 Cəmiyyəti xx.xx.2019-cu il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin vətəndaşın əlillik vəziyyəti haqqında məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.1998-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əmək zədəsi səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehin sorğusuna cavab olaraq məlumaın təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 252 nömrəli sərəncamı ilə “Azərkontrakt” Səhmdar Cəmiyyətinin tabeliyində olmuş Bakı X5 fabrikinin bazasında “X5” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2001-ci il tarixində tam başa çatdırılmışdır.

8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. İddia tələbi aylıq müavinatın ödənilməsi ilə bağlıdır.

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13. İddiaçının aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

16. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi: 1.1. Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

17. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları ilə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir: 3.1. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq); 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir.

18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. sosial müavinətlər- bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət.

19. Məhkəmə qeyd edir ki, aylıq müavinətlərin növləri “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həyata keçirilən ödənişin aylıq ödənc əvəzinə aylıq müavinət adlandırılmasına baxmayaraq, həmin növdə ödənişin adı faktiki olaraq Qanunun 4.0.1-ci maddəsində nəzərdə tutulmamışdır. Odur ki, aylıq ödənc əvəzinə aylıq müavinət “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan aylıq müavinət hesab edilmir.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət.

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

21. "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinə əsasən, İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər.

23. Məhkəmə qeyd edir ki, iddiaçının istehsalat qəzası aldığı “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 252 nömrəli sərəncamı ilə “Azərkontrakt” Səhmdar Cəmiyyətinin tabeliyində olmuş Bakı X5 fabrikinin bazasında “X5” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2001-ci il tarixində tam başa çatdırılmışdır. “X5” X4 Cəmiyyəti xx.xx.2019-cu il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır və iddiaçı həmin qurumun ləğv edilməsi tarixinədək həmin ödənişləri almışdır.

24. Məhkəmə hesab edir ki, iddiaçının istehsalat qəzası aldığı hüquqi şəxsin varisi “X5” Açıq Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldığından aylıq ödənc əvəzinə aylıq müavinət hüquqi şəxs ləğv olunduğundan zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Həmin qaydaların kapitallaşdırılmasına dair qaydaların təfsilatlı şəkildə tənzimlənməməsi iddiaçının qanunvericiliklə təsbit olunmuş hüququnu (aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi) istisna etmir.

25. Əhalinin Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs (aidiyyəti qurumu) məhz cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olduğundan iddiaya cavab verməli olan şəxs də elə həmin qurum hesab olunmalıdır.

26. Odur ki, iddia təmin edilməli və aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi öhdəliyi cavabdeh quruma həvalə edilməli, iddiaçıya hüquqi şəxsin ləğvi ilə əlaqədar ödənişlərin verilməsi 2019-cu ilin noyabr ayından dayandırıldığından aylıq ödənc əvəzinə aylıq müavinət almaq hüququ həmin dövrdən hesablanmaqla təmin edilməlidir.

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin. İstehsalat qəzası nəticəsində peşə əmək qabiliyyətinin 80 faiz itirilməsi ilə əlaqədar olaraq İddiaçı aylıq ödənc əvəzinə aylıq müavinətin 2019-cu ilin noyabr ayından hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar