Məhkəmə qərarları › İş №2-1(112)-1874/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1874/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1874/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1955-ci ildə Gürcüstan SSR, Tbilisi şəhəri, Qardabani rayonu, Soğanluği kəndində doğulmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamə itmişdir. Hazırki vaxtadək şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Sovet pasportu vardır. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət etsə də, ordan ona imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 2-1(112)-6708/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı məhkəməyə İPM-in 54-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Gürcüstan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına sorğu verilməklə, ona yəni xx xxxx 1955-ci ildə Gürcüstan, Qardabani rayonu, Poniçala kəndində doğulmuş (doğum akt qeydi 1955-ci ilin 9-cu ayın 09-cu günündə 96 № ilə Gürcüstan SSR, Tbilisi şəhəri, Qareubani rayonu, Soğanluği kənd sovetliyi tərəfindən qeydə alınmış) İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 3-cü şəxs X2 məhkəmə iclasında verdiyi izahatında, məhkəmə iclasında iştirak edən İddiaçı onun əri olduğunu qeyd edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və 3-cü şəxsin izahatlarını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İV-ТИ 528615 №-li Sovet Sosialist Respublikası İttifaqı vətəndaşının pasportunun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı Məmməd oğlu xx xxxx 1955-ci ildə Gürcüstan SSR, Qardabani rayonu, Poniçala kəndində doğulmuşdur. İİ-Tİ 326036 №li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx xxxx 1955-ci ildə Gürcüstan SSR, Qardabani rayonu, Poniçala kəndində doğulmuş İddiaçı ilə X3 1979-cu ilin sentyabr ayının 11-ci günündə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Mehtiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 06953459 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü X2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 (beş) otaqlı, 113 kv. metr yaşayış, 34,1 kv. metr köməkçi sahədən ibarət 202/21 nömrəli fərdi yaşayış evi X1 adına xüsusi mülkiyyət kimi xx.xx.2008-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 94 nömrəli reyestr kitabının 8581 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı ərizə ilə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət edərək təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixli, 975-05/75 saylı məktubla ərizəyə cavab olaraq, iddiaçının doğumunun xx.xx.1955-ci il tarixdə Gürcüstan SSR, Tbilisi şəhəri, Qardabani rayonu, Soğanluği kənd sovetliyi tərəfindən 96 saylı aktla dövlət qeydiyyatına alındığının məlum olması və şəxsiyyəti təsdiq edən sənəd olmadığından ərizənin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icra olunmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/2-6122/13 №li məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı vətəndaşlıq vəziyyətinə dair hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı barəsində hər hansı məlumat aşkar edilmədiyindən onun ailə üzvləri haqqında məlumatın göndərilməsi mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 598/05-76 №li məktubunda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı doğum haqqında akt qeydinə dair hər hansı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi Gürcüstan Respublikasında mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamə verilməsi mümkündür. Lakin iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı üçün, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun; 2-ci maddəsinin İİ bəndinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. 4-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. İİİ bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. 5-ci maddəsinin Vİİİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk etməlidirlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin; 3.0.2.-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs– heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin İ bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikasına gəldiyi zaman qanuni əsaslarla, yəni ona məxsus SSSR nümunəli pasportla gəlmiş, sadəcə həmin sənəd sonradan baş vermiş dəyişikliklər əsasında qüvvəsini itirmişdir. Lakin hər bir halda bu cür dəyişiklik şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç bir ayrı seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin 1. bəndinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Gürcüstan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına sorğu verilməklə xx xxxx 1955-ci ildə Gürcüstan, Qardabani rayonu, Poniçala kəndində doğulmuş (doğum akt qeydi 1955-ci ilin 9-cu ayın 09-cu günündə 96 № ilə Gürcüstan SSR, Tbilisi şəhəri, Qareubani rayonu, Soğanluği kənd sovetliyi tərəfindən qeydə alınmış) İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Gürcüstan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına sorğu verilməklə xx xxxx 1955-ci ildə Gürcüstan, Qardabani rayonu, Poniçala kəndində doğulmuş (doğum akt qeydi 1955-ci ilin 9-cu ayın 09-cu günündə 96 № ilə Gürcüstan SSR, Tbilisi şəhəri, Qareubani rayonu, Soğanluği kənd sovetliyi tərəfindən qeydə alınmış) İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar