Məhkəmə qərarları › İş №2-1(112)-1875/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1875/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1875/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X3 oglunun katibliyi Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X2 oglunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “hərəkətlərin (hərəkətsizliyin) qanun pozuntusu kimi tanınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1ə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ”Azərpoçt” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlərin hərəkətlərinin (hərəkətsizliklərinin) qanun pozuntusu kimi tanınması”nı xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin mədaxil qəbzindən və poçt xəbərnaməsindən göründüyü kimi, iddiaçı 17.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sifarişli xəbərnaməli məktub göndərmişdir. Poçt xəbərnaməsinin arxa tərəfindən alanın soyadı göstərilməli olduğu halda “şəxsən poçt qutusu verildi” yazılmışdır. Dövlət orqanları vətəndaşların müraciətlərini müvafiq qaydada qəbul etmirlər. Bununla bağlı cavabdehlərin hərəkətlərinin (hərəkətsizliklərinin) qanun pozuntusu kimi tanınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1875/2021 saylı 22 fevral 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1875/2021 saylı 22 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1439/2021 saylı 03.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1875/2021 saylı 22 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1439/2021 saylı 03.06.2021-ci il tarixli qərardadında məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırki iddia ilə bağlı iddiaçının şifahi məhkəmə baxışında iştirakı, onun dinlənilmə hüququ təmin edilmədən, hüquqi marağının nədən ibarət olması müəyyən edildikdən sonra ona müvafiq hüquqi yardım göstərilmədən, iddia tələbinin hansı cavabdehə qarşı uğurlu olma ehtimalını müəyyən etmədən hər iki cavabdehə qarşı iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş məhkəməyə daxil olduqdan sonra İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, onun dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasları təxirə salınmış, buna baxmayaraq iddiaçı məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarından görünür ki, iddiaçıya hüquqi yardım haqqında məktub təqdim edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı iddia tələbinin məzmununu dəqiqləşdirmədən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddiaya baxılmasını, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etdiyindən, məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cavabdehlər sırasından çıxarılaraq cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı irəli sürülmüş iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi izahatında bildirdi ki, iddiaçı tərəfindən 11.09.2020-ci il tarixdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş SP004749063AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub ”Azərpoçt” MMC-nin 1 saylı Filialının 14 saylı poçt şöbəsinin poştalyonu tərəfindən 11.09.2020-ci il tarixdə Komitənin girişində quraşdırılmış poçt qutusuna atılmışdır. Həmin məktub X1 İşlər və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən qəbul edilmişdir. Sifarişli xəbərnaməli məktubun qutuya atılmasının səbəbi isə “Xüsusi karantin rejimi ilə baglı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.05.2020-ci il tarixli 178 nömrəli Qərarına uygun olaraq dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması olmuşdur. Bununla da heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.10.2021-ci il tarixli 1464 nömrəli Fərmanının 1ci hissənə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.07.2018-ci il tarixli 292 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı müəyyən edilmişdir. Siyahının 1-ci hissəsində Azərpoçt MMC nəzərdə tutulmuşdur. Azərpoçt MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində ənənəvi poçt xidmətləri, qeyriənənəvi xidmətlər (bank, sığorta və s.), maliyyə xidmətləri - elektron ödənişlər (təqaüdlər, sosial müavinətlər, pul köçürmələr və s.), ödənişlərin toplanması (kommunal xidmətlər üçün ödənişlər, vergilər), depozitlər (müddətsiz və müddətli), digər əmanət xidmətlərinin satışı, mövcud pul köçürmələri sisteminin təkmilləşdirilməsi, debit kartlarının emissiyası (müştərilərin depozitləri əsasında), elektron hökumət xidmətləri - yerli və mərkəzi idarəetmə orqanları tərəfindən müxtəlif sertifikatların, biznes və şəxsi sənədlərin verilməsi, yerli və mərkəzi idarəetmə orqanlarına vergilərin, rüsumların və digər haqların ödənilməsi, elektron biznes xidmətləri - elektron ticarət, kiber-poçt və e-mail ünvanlarının açılması xidməti, internet şəbəkəsinə, məlumatlara və elektron bazalara çıxış və s. xidmətlər göstərən qurumdur. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 06.02.2016-cı il tarixli 0001 nömrəli qərar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.55-ci yarımbəndinə uyğun hazırlanmış və poçt rabitəsi xidmətlərinin göstərilməsi şərtlərini müəyyən edir, həmçinin poçt rabitəsi operatorları və poçt rabitəsi xidmətləri istifadəçiləri arasında qarşılıqlı münasibətləri tənzimləyir. Adıçəkilən qərarda poçt rabitəsi operatoru dedikdə “Azərpoçt MMC” nəzərdə tutulmuşdur. Hazırki tələbində iddiaçı 17.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərdiyi sifarişli xəbərnaməli məktubun poçt xəbərnaməsinin arxa tərəfində alanın soyadı göstərilməli olduğu halda “şəxsən poçt qutusu verildi” yazısı ilə baglı cavabdehin hərəkətinin (hərəkətsizliyinin) qanun pozuntusu kimi tanınmasını xahiş edir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). Məhkəmə əlavə olaraq iddiaçıya izah edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsi anlamında inzibati orqan çıxış edir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki hallarından da göründüyü kimi iddiaçının tələbi poçt rabitəsi operatoru olan “Azərpoçt MMC” və poçt rabitəsi xidmətləri istifadəçiləri arasında qarşılıqlı münasibətləri ilə əlaqədar oldugundan, mübahisəyə inzibati orqan sayılmayan poçt rabitəsi operatoruna qarşı xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3KİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar