Məhkəmə qərarları › İş №2-1(112)-1875/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1875/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1875/2024 03.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddaiçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “evə bitişik torpaq sahəsinə icazə müqaviləsinin bağlanılması” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermişdir. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavabdeh qismində iştirakçılığına xitam verilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-cü şəxs qismində iştirakçılığına xitam verilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində tanınmış və İddia tələbi “mülkiyyətində olmaqla, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 309,7 kv.m (həyətyanı və tikintialtı) torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermişdir. Dəqiqləşmə ərizəsi AR İPMnin 52-ci maddəsinin tələbləri də nəzərə alınmaqla iddia tələbi “ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi, onun yerləşdiyi 307,9 kv.m (tikinti altı və həyətyani sahə) torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının cavabdehə həvalə edilməsi formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Nizami r, Özbəkistan küç, 24 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Evin ümumi sahəsi 36,7 kv.m, həyətyani sahə isə 307,9 kv.m təşkil edir. Evin, vahid əmlak kimi torpaq sahəsi ilə birlikdə dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etsə də, müraciətin təminindən hüquqmüəyyənedici sənədlərin olmaması əsası ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsssızdır. İddia ərizəsinə etiraz: Etiraz onunla əsaslandırılmışdır ki, qeydiyyatdan keçmiş mənzilin yerləşdiyi torpaq sahəsi yaşayış binasının tərkib hissəsinə daxil olan mənzillərin mülkiyyətçiləri ilə ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Mənzilin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Ümumilikdə mənzilin yerləşdiyi torpaq sahəsi 244,7 kv.m təşkil edir. Tərəflər izahatları: İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MKİS-nin mühəndisi tərəfindən tərtib edilmiş həyətyani sahənin planında qeyd edilmişdir ki, həyətyani sahənin ölçüsü 307,9 kv.m təşkil edir. 14 iyul 2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, mənzilin yerləşdiyi torpaq sahəsi birdən artıq sahəyə xidmət üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mənzilin texniki pasportdan görünür ki, mənzilin otaq sayı 1, ümumi sahə 36,7 kv.m təşkil edir.Bina 1952-ci il tarixdə tikilmişdir, binanın ümumi sahəsi 115,0 kv.m təşkil edir. 1 mərtəbəli 3 mənzildən ibarətdir. 01 nömrəli 21 yanvar 2000-ci il tarixli qərardan görünür ki, Nizami Rayon Xalq Məhkəməsinin qərarına əsasən mənzilin şəxsi hesab vərəqəsi iddiaçının adına keçirilmişdir. MKİS-nin digər bir mənzilin sxemindən görünür ki, birinci mərtəbədə yerləşən iddiaçının istifadəsində olan mənzilin ölçüsü 35,6 kv.m təşkil edir. 17 aprel 2023-cü il tarixli imtina məktubunda da qeyd edilmişdir ki, qeydiyyatdan keçmiş mənzilin yerləşdiyi torpaq sahəsi yaşayış binasının tərkib hissəsinə daxil olan mənzillərin mülkiyyətçiləri ilə ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə yerləşir. Mənzilin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Müayinə aktından görünür ki, binanın yerləşdiyi torpaq sahəsi 244,7 kv.m təşkil edir. Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. İşin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan əmlak daşınmaz əmlakın dövlət reyestrində “fərdi yaşayış evi” kimi deyil, “mənzil”kimi qeydiyyata alınmışdır ki, belə olan halda, həmin əmlakın yerləşdiyi və ətrafdaki (bir hasar daxilində) torpaq sahəsi onun həyətyani torpaq sahəsi kimi qəbul edilə bilməz. Belə ki, qanunvericilik fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqları əvəzsiz olaraq mülkiyyətçilərə verilməsini şərtləndirmiş, mənzil kimi xidmət edən daşınmaz əmlakın yerləşdiyi binanın altındakı torpaq sahəsinin isə ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərinə mənsubluğunu tanımışdır. Ümumi paylı mülkiyyət hüququnu ehtiva edən anlayış Mənzil Məcəlləsinin və Mülki Məcəllənin müddəalarında əks olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edir ki, iddiaçının hazırda faktiki istifadəsində olan əmlakın vəziyyəti ilə, hüquqmüəyyənedici sənəd üzrə əmlakın vəziyyəti arasında fərqləndirmənin aparılması zəruridir. Belə ki, hüquqmüəyyənedici sənədlər üzrə, eləcə də, qeydiyyat vəsiqəsi və qeydiyyat vəsiqəsində dair qovluqda olan texniki pasportda əmlak mənzil kimi göstərilmiş, mənzil 1952-ci il tarixdə inşa edilmiş 3 mənzilli ümumi sahəsi 115 kv.m olan binada yerləşmiş, 1 otaqdan, 36,7 kv.m-dən ibarət olmuşdur. Həmin sənədlərdə iddiaçının hüquqmüəyyənedici sənəd üzrə istifadəsində 307,9 kv.m torpaq sahəsinin olması barədə hər hansı qeydiyyat aparılmamışdır. Buna dair təqdim edilən MKİS tərəfindən texniki ölçüləri əks etdirən sənəd isə, məhkəmə hesab edir ki, faktiki vəziyyətə uyğun olsa belə, iddiaçının hüquqmüəyyənedici sənəd üzrə 307,9 kv.m sahəyə mülkiyyət hüququnun mövcudluğu anlamına gəlmir. İddiaçının faktiki istifadəsi baxımından isə, məhkəmə qeyd edir ki, həqiqədən iddiaçının binanın yerləşdiyi torpaq sahəsini hasarlayaraq istifadə etməsi mümkündür. Doğrudur MKİS tərəfindən həmin ölçü 307,9 kv.m, müayinə aktında isə 244,7 kv.m kimi göstərilsə də, məhkəmə hesab edir ki, hər bir halda iddianın təmini əsası mövcud olmadığından, həmin ölçülərdə fərqləndirmə hər hansı əhəmiyyət daşımır. Belə ki, iddia olunan torpaq sahəsinin faktiki istifadəsi, hüquqmüəyyənedici sənəd üzrə istifadədən fərqli anlayışdır və iş materialları ilə də müəyyən edilir ki, iddiaçı fərdi yaşayış evinin yox, 1 mərtəbəli binanın bir hissəsində yerləşən, mənzilin qarşısında olan, heç bir hüquqmüəyyənedici sənədi olmayan, ümumi istifadədə olan torpaq sahəsini hasarlayaraq istifadə edir. Yuxarıda da qeyd edildiyi kimi, həmin sahə mənzil mülkiyyətçilərinin, yəni bina sakinlərinin ümumi mülkiyyətində olan əmlak hesab edilir ki, hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığı halda iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatından söhbət gedə bilməz. Mənzilə mülkiyyət hüququna dair hüquqmüəyyənedici sənədlər də həmin tələbin təminini ehtiva etməməkdədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-196/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi iddiaçı hazırda qeyd edilən 8 nömrəli mənzilin altında yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsini tələb edir və iddianın hüququ əsası kimi “Torpaq islahat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinad edir. Halbuki, “Torpaq islahat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, qanunverici mənzilin altında olan torpaq sahəsi deyil, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların xüsusi mülkiyyətə verilməsi imkanını təsbit edir. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımdan da hazırkı iddia uğurlu sayıla bilməz. Eləcə də, iddia edilən torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilən əsaslara dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu da sübuta yetirilmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar