Məhkəmə qərarları › İş №2-1(112)-1875/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1875/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1875/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə (bundan sonra mətndə X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli **********262800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” Qərarın ləğv edilməsi öhdəliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli **********262800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” Qərar qəbul etmişdir. Qeyd olunan Qərarın ləğv olunması ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına xx.xx.2024-cü il tarixdə müraciət olunmuş, lakin Apellyasiya Şurasının xx.xx.2024-cü il tarixli 53 nömrəli Qərarı ilə əsassız olaraq şikayətin təmin olunmasından imtina edilmişdir. X2 qeyd etmişdir ki, fərdi sahibkar xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 16700,00 AZN dəyərində olan riskli elektron qaimə-faktura üzrə aparılmış əməliyyatlar barədə təsdiqedici sənədlərin (təhvil-təslim aktları, müqavilələr, yol vərəqələri və s.) təqdim edilmədiyini, təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığını, qeyd edilən xidmətlərin həyata keçirilməsi üçün təqdim edilmiş bəyannamələrdə əsas vəsaitlərin (avadanlıqlar, nəqliyyat vasitələri, maşınlar və s.), mal qalığının, resursların və qaimələrin təqdim edildiyi dövrdə əmək müqaviləsi əsasında muzdlu işə cəlb edilmiş işçilərinin olmadığını nəzərə alaraq fərdi sahibkarın riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə şikayəti təmin edilməməlidir. “Sifarişçi” olan "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2022-ci il tarixli HO-001 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağlamışdır (Müqavilə əlavə olunur). Həmin müqavilənin 1.1ci bəndinə əsasən sifarişçinin təmin etdiyi materiallarla sifarişçinin istehsal sahəsində özünə məxsus alət və kiçik avadanlıqlar vasitəsilə emalat işlərini yerinə yetirməyi öz üzərinə götürmüşdür. Sifarişçi tərəfindən sifarişlərin sayı, qiyməti və digər şərtləri müqaviləyə əlavə olunan qiymət razılaşma protokolları ilə müəyyən olunur. xx.xx.2023 tarixli **********262800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” Qərarda riskli vergi ödəyicisi kimi hesab olunmaya səbəb kimi xx.xx.2022-ci il tarixli EBCL seriyalı 039089 nömrəli elektron qaimədə “Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı” sütununda xidmətin adının “Fasad konstruksiyası” göstərilməsi əsas götürülmüşdür. Həmin elektron qaimə tərəfindən tərtib olunarkən səhvən “Fasad konstruksiyası emelatı” sözünün əvəzinə “Fasad konstruksiyası” yazılmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında “Fasad konstruksiyası emelatı” sözü qeyd edilmişdir (akt əlavə olunmuşdur). İş və xidmətləri xx.xx.2022-ci il tarixli tarixli HO-001 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən həyata keçirilib. Qərarda qeyd edilən sənədlər cavabdehə yazılmış şikayət məktublarında təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh X4 və Uçotun Təşkili Baş İdarəsi ilə əvəz edilərək, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh X4 və Uçotun Təşkili Baş İdarəsinə təqdim edilmiş, cavabdeh X4 və Uçotun Təşkili Baş İdarəsindən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-4/2-274595/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən fiziki şəxs İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Aparılmış təhlillər zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 16,75 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Fasad konstruksiyası” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin qeyd edilən mallar (iş, xidmət) elektron qaimə-faktura üzrə iddiaçının alışında, idxalında müəyyən edilməmişdir. Həmçinin iddiaçının əsas fəaliyyət növünün obyekt tələb edən fəaliyyət sahəsi olmasına baxmayaraq, tərəfindən təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata qoyulmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə- fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Beləliklə AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”n 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023 tarixli **********262800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar qəbul olunaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş riskli elektron qaimə-fakturaların ləğv edilmədiyi, eyni zamanda iddiaçı tərəfindən təsərrüfat subyektinin (obyektinin) vergi orqanında qeydiyyata qoyulmadığı müəyyən edilmiş, odur ki, riskli əməliyyatlar üzrə kənarlaşmalar aradan qaldırılmadığı üçün İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Sifarişçi” olan "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2022-ci il tarixli HO-001 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağlamışam (Müqavilə əlavə olunur). Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçinin təmin etdiyi materiallarla Sifarişçinin istehsal sahəsində özümə məxsus alət və kiçik avadanlıqlar vasitəsilə emalat işlərini yerinə yetirməyi öz üzərimə götürmüşəm. Sifarişçi tərəfindən sifarişlərin sayı, qiyməti və digər şərtləri müqaviləyə əlavə olunan qiymət razılaşma protokolları ilə müəyyən olunur. xx.xx.2023 tarixli **********262800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” Qərarda riskli vergi ödəyicisi kimi hesab olunmaya səbəb kimi xx.xx.2022-ci il tarixli EBCL seriyalı 039089 nömrəli elektron qaimədə “Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı" sütununda xidmətin adının “Fasad konstruksiyası” göstərilməsi əsas götürülmüşdür. Həmin elektron qaimə tərəfimdən tərtib olunarkən səhvən “Fasad konstruksiyası emelatı” sözünün əvəzinə “Fasad konstruksiyası” yazılmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında “Fasad konstruksiyası emelatı” sözü qeyd edilmişdir.» İddiaçının qeyd etdiklərinə münasibətdə bildiririk ki, iddiaçının istinad etdiyi müqavilə ilə təqdim etdiyi elektron qaimə-fakturalar arasında ziddiyyət mövcuddur. Belə ki, elektron qaimə- fakturalar üzrə malların satışı qeyd olunmuş və həmin mallar ödəyicinin alışında və ya idxalında olmadığından əməliyyat riskli olaraq qiymətləndirilmiş və siyahıya əlavə edilmişdir. Həmçinin iddiaçı “Fasad konstruksiyasının emalatı”nı həyata keçirdiyini və qaimə-fakturada səhvən mal adı qeyd etdiyini bildirməsinə baxmayaraq, cari tarixədək səhvən mal adı qeyd edilmiş elektron qaimə-faktura dəqiqləşdirilərək dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Eyni zamanda təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin də təqdim edilmədiyi müəyyən olunmuşdur. Həmçinin iddiaçı qeyd etmişdir ki, iş və xidmətləri xx.xx.2022-ci il tarixli tarixli HO-001 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən həyata keçirmişdir. Vergi Məcəlləsinin 71.2-ci maddəsinə görə vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71- 1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71- 1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda-avansın alındığı gün. Həm Məcəllənin, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi malların alışı və satışının düzgün qaydada rəsmiləşdirilməsi vergi ödəyiciləri tərəfindən tərtib edilən elektron qaimə- fakturalarla müəyyənləşdirilir. Odur ki, uçot sənədlərini düzgün şəkildə aparmayan iddiaçının iddia ərizəsində istinad etdiyi müqavilə heç bir əhəmiyyət kəsb etmir. Qeyd olunanlarla yanaşı, iddiaçı tərəfindən xx.xx.2022-c il tarixdə cəmi 14.0 min manat dəyərində, xx.xx.2023-cü il tarixdə isə 19.8 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə “quraşdırma və qaynaq işləri, sütun birləşməsinin montaj və qaynaq işləri, fasad konstruksiyasının sahədə montajı” qeyd olunduğu müəyyən edilmişdir. Lakin qeyd edilən xidmətlərin həyata keçirilməsi üçün təqdim edilmiş bəyannamələrində əsas vəsaitlərin (avadanlıqlar, nəqliyyat vasitələri, maşınlar və s.) və qaimələrin təqdim edildiyi dövrdə əmək müqaviləsi əsasında muzdlu işə cəlb edilmiş işçilərinin olmadığı aşkar edilmişdir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2023 tarixli **********262800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edilmiş və 31 may 2024-cü il tarixli, 53 nömrəli qərara əsasən inzibati şikayət təmin edilməmişdir. Göründüyü kimi qeyd olunan riskli əməliyyatların mövcud olması İddiaçı barəsində qəbul edilən xx.xx.2023 tarixli **********262800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarın ləğv edilməsini mümkünsüz edir. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınmadır. Həmin məcəllənin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İş materiallarına əlavə edimiş Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-21/2-H-2983/2-43/2024/5113 №-li məktubu ilə Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2024-cü il tarixli, 53 №li qərarı İddiaçı göndərilmişdir. Bu konteksdə qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddia mümkündür.

FAKTİKİ HALLAR VƏ SÜBUTLAR

İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********262800 №-li qərarında qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022ci il tarixdə cəmi 16,75 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Fasad konstruksiyası” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən İddiaçı (1102013 622) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasını İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2024-cü il tarixli, 53 №-li qərarında göstərilmişdir ki; - Fərdi sahibkar tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış, belə ki, elektron qaimə-faktura əsasında xx.xx.2022-ci il tarixdə 16700 manat dəyərində "Fasad konstruksiyası" adda mallar təqdim edilməsinə baxmayaraq, qeyd olunan adda malların elektron qaimə-faktura və malların alış aktına əsasən alışında, yük gömrük bəyannamələri məlumatlarına əsasən idxalında müəyyən edilməməsi əmtəəsiz və ya riskli əməliyyatlar kimi qiymətləndirildiyindən xx.xx.2023-cü il tarixli məktubla fərdi sahibkar və ya səlahiyyətli nümayəndəsi Dövlət Vergi Xidmətin X6 üzrə Baş idarəsinə (bundan sonra- Baş İdarə) dəvət olunmuş və səbəblər ətraflı izah olunmaqla Baş İdarə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlan”nın 2.1.1 .-ci, 3.1.1 .-ci və 2.1.3.-cü yarımbəndlərinə uyğun olaraq “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********262800 nömrəli Qərar qəbul olunmuşdur. - Vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərinin azaldılması barədə Dövlət Vergi Xidmətinə ünvanlanmış müraciətlərinə baxılaraq 8 fevral 2024-cü il tarixli **********052000 nömrəli məktubla ətraflı cavab verilmişdir. - İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən təqdim edilmiş riskli elektron qaimə- fakturanın ləğv edilmədiyi, təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığı, təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı, qeyd edilən xidmətlərin həyata keçirilməsi üçün təqdim edilmiş bəyannamələrdə əsas vəsaitlərin (avadanlıqlar, nəqliyyat vasitələri, maşınlar və s.), mal qalığının, resursların və qaimələrin təqdim edildiyi dövrdə əmək müqaviləsi əsasında muzdlu işə cəlb edilmiş işçilərinin olmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılmasının mümkün olmadığı müəyyən edilmişdir. - Beləliklə, fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 16 700 manat dəyərində olan riskli elektron qaimə-faktura üzrə aparılmış əməliyyatlar barədə təsdiqedici sənədlərin (təhvil-təslim aktları, müqavilələr, yol vərəqələri və s.) təqdim edilmədiyini, təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığını, qeyd edilən xidmətlərin həyata keçirilməsi üçün təqdim edilmiş bəyannamələrdə əsas vəsaitlərin (avadanlıqlar, nəqliyyat vasitələri, maşınlar və s.), mal qalığının, resursların və qaimələrin təqdim edildiyi dövrdə əmək müqaviləsi əsasında muzdlu işə cəlb edilmiş işçiləriniin olmadığını nəzərə alaraq, fərdi sahibkarın riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə şikayəti təmin edilməməli, Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 24 fevral 2023-cü il tarixli **********262800 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 və 2.1.2-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda və aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə riskli vergi ödəyicisi hesab olunur. - Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 80.1.1-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.1-ci və 7.4.3-cü yarımbəndlərini rəhbər tutaraq İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası maraqlı şəxs X3 inzibati şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 24 fevral 2023-cü il tarixli **********262800 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qərara almışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikası Vergi Məcəlləsinin:

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” 1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə ilk növbədə riskli vergi ödəyicisi konsepsiyasının mahiyyətini açıqlamağı zəruri hesab edir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir (normanın mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan redaksiyası). Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Bu konteksdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın (mübahisələndirilən qərar qəbul edildiyi zaman qüvvədə olan redaksiyası) 2.1-ci bəndində riskli vergi ödəyicisi hesab olunmanın meyarları (bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda); aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) əks olunmuşdur. İstinad olunan Meyarların 3.1-ci bəndində (mübahisələndirilən qərar qəbul edildiyi zaman qüvvədə olan redaksiyası) isə riskli əməliyyat hesab olunan əməliyyatlar təsbit edilmişdir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi(artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Yuxarıda qeyd olunan normaların birgə təhlili nəticəsində o qənaətə gəlmək olar ki, bu konsepsiyanın yaradılmasının iqtisadi və legitim əhəmiyyəti var. Belə ki, bu konsepsiya vergi orqanlarına potensial vergidən yayınma hallarını və ya qanunsuz fəaliyyətləri aşkar etməyə imkan verməklə vergi sisteminin təhlükəsizliyini artırır, riskli vergi ödəyicilərinin identifikasiyası ilə vergi sisteminin daha ədalətli olmasına kömək edir, maliyyə cinayətkarlığı və vergi pozuntularının qarşısını alır. Riskli əməliyyatlar aparan şəxslərin iqtisadi bazarda mövcudluğu iqtisadi qeyrisabitliyə, investisiya mühitinin mənfi yöndə təsirlənməsinə, vergi ödəyiciləri arasında ədalətli rəqabətin pozulması (belə ki, onlar qanunsuz üstünlüklər əldə etdikdə, digər, hüquqi yollarla fəaliyyət göstərən şirkətlərin müvəffəqiyyətinə mane olur), vergi ödəyiciləri arasında ədalətsizliyin hiss olunmasına, insanların vergi sisteminə və dövlətə olan etimadının azalmasına səbəb ola bilər. Odur ki, riskli vergi ödəyicilərinin idarə edilməsi və onların fəaliyyətlərinin izlənməsi, iqtisadi bazar üçün vacibdir. Bu institut mütəşəkkil cinayətkarlıq və maliyyə manipulyasiyalarının aşkar olunmasında əhəmiyyətli rol oynayır. Həmçinin, riskli əməliyyatların izlənməsi, qanunsuz maliyyə axınlarını önləməyə xidmət edir. Bu, həmçinin vergi ədalətini və maliyyə sisteminin sağlamlığını qorumağa kömək edir. Belə ki, Meyarların 3.1-ci bəndinə əsasən, həm vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, həm də vergi ödəyicisinin aldığı malın sayından asılı olmayaraq (“0” və ya “N” sayda), həmin malın sayından artıq mal satması riskli əməliyyat hesab olunmalıdır. Əks hal, həm də ümumiyyətlə alış sənədi olmayan və mal təqdim edən vergi ödəyicilərinin, qismən alış sənədi olan vergi ödəyiciləri ilə müqayisədə bazarda üstünlük əldə etməsinə, o cümlədən malların ümumiyyətlə alış sənədi olmadan alınmasına əsassız stimul yaratmış olar. Odur ki, işin hallarına hazırkı qərarda əks olunan mövqeni nəzərə almaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın (mübahisələndirilən qərar qəbul edildiyi zaman qüvvədə olan redaksiyası) 3.1-ci maddəsi baxımından hüquqi qiymət verərək, hesab edir ki, hazırki iş üzrə iddiaçı olan vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, **********262800 №-li qərarı qəbul etməkdə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-215/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında olan məhkəmənin mövqeyi ilə eynilik təşkil edir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar