Məhkəmə qərarları › İş №2-1(112)-1876/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1876/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1876/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı İddiaçı Cavabdeh publik hüquqi şəxsə qarşı “cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi və iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 2005-ci ildən etibarən ikinci qrup əlildir. Əlilliyin səbəbi isə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar işlərdə aldığı xəsarətlərdir. xx.xx.2012-ci ildən isə iddiaçıya müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər 2021- 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İddiaçı ( həyat yoldaşı və 2 oğlu) Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Lakin buna baxmayaraq cavabdeh tərəfindən iddiaçı (ailəsi) mənzillə təmin olunmur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 202 -ci il 25 yanvar tarixli, 2449 nömrəli Sərəncamının icrası ilə əlaqədar, yəni iddiaçıya mənzil və ya fərdi yaşayış evinin verilməsi üçün ƏƏSMN-e müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlanmışdır.Həmin məktubla imtinanın səbəbi kimi güya istifadəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Babək küçəsi ünvanında ümumi sahəsi 190 kvadrat metr olan mənzilin olduğunun aşkar olunması göstərilmişdir. Halbuki həmin mənzil iddiaçıya məxsus deyildir, X3 məxsusdur. İddiaçı və ailəsi həmin evdə müvəqqəti məskunlaşmışdır, iddiaçı və ailəsi gec və ya tez həmin evi tərk etməlidir.Cavabdehin isə mövqeyindən belə çıxır ki, sərəncamın təsir dairəsinə düşən şəxslər yalnız ailələri ilə birlikdə küçədə qaldığı halda, istifadələrində heç bir yaşayış sahəsi olmadığı halda mənzillə təmin oluna bilərlər. Halbuki Xəzər rayon İH tərəfindən iddiaçı (ailəsi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Bu o deməkdir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı vardır. Digər tərəfdən cavabdehin göstərilən əsasla imtina vermək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına əsasən şəxsin sərəncamda göstərilən kateqoriyalardan birinə aid olması və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması faktı onun mənzillə təmin edilməsinə kifayət edir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması isə ƏƏSMN və ya Nazirliyin digər qurumlarının deyil, yerli icra hakimiyyətlərinin səlahiyyətində olan məsələdir. İmtina məktubundan da görünür ki, cavabdeh iddiaçının və ailəsinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını və iddiaçının Çemobil AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxs kateqoriyasına aid olmasını mübahisələndirmir. Odur ki, cavabdeh mübahisəsiz qaydada mənzil və ya fərdi yaşayış sahəsi ilə iddiaçını təmin etməlidir.İddiaçının istifadəsində yaşayış sahəsinin olmasına cavabdehin istinad etməsi isə əsassızdır. Çünki istifadə etmək mülkiyyət hüququ və ya sərəncam hüququ əldə etmək deyildir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli, 2449 nömrəli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin 2021- 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməli olması barədə tapşırıq verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır.Bildiririk ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 01 iyul 2022-ci il tarixindən 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və iki oğlu) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı göstərilmişdir.Lakin Sərəncamın icrası çərçivəsində iddiaçının mənzillə təmin olunması üçün təqdim etdiyi sənədlərə baxılarkən mülkiyyətində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Babək küçəsində ümumi sahəsi 190 kvadratmetr olan mənzilin olduğu aşkar edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 8.Məhkəmə işində olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı müddətsiz İİ qrup əlildir, diaqnoz: radiasiyadan sonrakı toksiki ensefalopatiya.Vegetodamar distoniya, qarışıq tip tez-tez krizlərlə.Xr.pielonefrit.Xr.xolesistit.Kəskin ifadə olunmuş ANS. Əlilliyin səbəbi: Çernobal AES-də qəzanın ləğvi ilə əlaqədar; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestirndən arayışlara əsasən İddiaçı, övladları X4, Nümayəndə3, arvadı X1 adına Respublika ərazisində daşınmaz əmlak aşkar edilməmişdir; - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən adambaşına düşən minimum yaşayı sahəsinə malik olması səbəbi ilə iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillə təmin edilməsindən imtina edilmişdir. 9.Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş İddiaçı mənzil uçot qovluğunda olan: Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyəti Başçısının 147 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamına əsasən iddiaçı 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə Çernobal AESdə qəzanın ləğvi ilə əlaqədar İİ dərəcəli əlil kimi güzəştli əsaslarla mənzil növbəsinə qəbul edilmiş və Çernobıl AES əlili və iştirakçılarının mənzil növbəlilik siyahısına daxil edilmişdir; Binə bələdiyyəsinin arayışlarına əsasən iddiaçıya Binə bələdiyyəsi tərəfindən icarəyə, istifadəsinə və mülkiyyətinə torpaq sahəsi verilməmidir; Xəzər rayon İcra Başçısının Binə ərazi qəsəbə nümayəndəliyinin 058 nömrəli arayışına əsasən iddiaçının qeydiyyatda olduğu Bakı şəhəri, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1, ev 65-in sahəsi 84 kv metr təşkil edir, evdə 19 nəfər qeydiyyatdadır. İV. Məhkəmənin mövqeyi

10.Məhkəmə iddiaçının və cavabdehin izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. 11.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 12.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. 13.”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrinin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. 14.Yuxarıda göstərilənlərə əsasən iddiaçının yuxarıda qeyd edilən sərəncamın tələblərinin şamil edildiyi şəxs kimi mənzillə təmin edilməsi üçün iki şərtin mövcud olması zəruridir: 1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs və şəhid ailəsi, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs (ailəsi) olması; 2) yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması. Hal-hazırda inzibati iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, hər iki şərt iddiaçıya münasibətdə mövcuddur. Belə ki, iddiaçı Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlil olmuş şəxsdir və xx.xx.2022-ci ildən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Xəzər rayon İcra Hakimiyyətində mənzil növbəsindədir. Qeyd edilən hallar cavabdeh tərəfindən də mübahisələndirmir. 15.Cavabdehin etirazından və imtina məktubundan görünür ki, iddiaçının ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən mənzil ilə təmin edilməsindən imtinasının əsası kimi cavabdeh iddiaçının mülkiyyətində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Babək küçəsində ümumi sahəsi 190 kvadratmetr olan mənzilinin olmasına istinad etmişdir ki, qeyd edilən əsası təsdiq edə biləcək hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Əksinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən arayışlara əsasən İddiaçı, övladları X4,Nümayəndə3, arvadı X1 adına Respublika ərazisində daşınmaz əmlak aşkar edilmir.Göründüyü kimi cavabdehin etirazında və imtina məktubunda göstərilən hallar inzibati iş materiallarında olan heç bir sənədlə təsdiqlənmir. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 17.Lakin cavabdeh qanunvericiliklə məhz onun üzərinə qoyulmuş öhdəliyi icra etməmiş, iddiaçının və ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsi olub-olmamasını, onların halhazırda yaşadıqları yaşayış sahəsinin mülkiyyətçisinin kim olmasını, həmin yaşayış sahəsinin hansı əsaslarla iddiaçının və ailəsinin istifadəsində olmasını, istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb alınmamasını, halhazırda yaşadıqları yaşayış sahəsinə istifadə hüquqlarının olmasının müəyyən edildiyi halda adambaşına düşən mənzil normasının qanunvericiliyin tələblərinə cavab verib verməməsi məsələsini araşdırmadan, iddiaçının ”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərilən şəxslər kateqoriyasına aid olmasını və mənzil uçotinda mənzil sahəsinə ehtiyacı olan şəxs kimi dayanmasını nəzərə almadan qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan tələblərini pozmuşdur. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Göstərilənləri nəzərə alaraq məhkəmə hеsаb еdir ki, İddiaçı Qədirxan oğlunun iddiа tələbi təmin еdilməli, Cavabdeh iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunmasından imtinası qanunsuz hesab edilərək iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində yaşayış sahəsi ilə təmin olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 22.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü maddəsi mаddələrini rəhbər tutаrаq məhkəmə

QƏRARA ALDİ:

İddiа tələbi təmin еdilsin. İddiaçı Qədirxan oğlunun (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunmasından imtinası qanunsuz hesab edilərək iddiaçının (ailəsinin) yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar