Məhkəmə qərarları › İş №2-1(112)-1876/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1876/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1876/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “X4” Şirkəti, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" ASC) “torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1, üçüncü şəxs “X4” Şirkətinin nümayəndəsi X2, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “X4” Şirkəti, “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" ASC) “torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 678 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı Binəqədi rayonun Sulu-Təpə qəsəbəsinin cənubqərb hissəsində hər hansı tikinti aparmamaq şərti ilə zeytun ağaclarının əkilməsi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib edilməsi tələbi ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyəti onun müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla müraciətdə qeyd olunan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə 3- 52/1-Z-62-151/2023 qeydiyyat nömrəli məktub ünvanlandığını bildirmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli 5-10/2-Z-6/2-091/2-t/1/2024 nömrəli məktubla bildirmişdir ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində istifadənizə ayrılmış torpaq sahəsinin cizgisinin tərtib və təsdiq edilməsinə köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2024-cü il tarixli, 5-10/1-Z-6/2-091 /2-t/1/2024 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ ilə əlaqədar bildiririk ki, torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verildiyindən məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməyiniz Sizə tövsiyə olunur. İddia tələbi, iddianın əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 678 №-li sərəncamından çıxarışa əsasən İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 678 №-li sərəncamından çıxarışa əsasən İddiaçı torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli arxiv arayışından da göründüyü kimi iddiaçıya torpaq sahəsi ayrılmış və həmin sənədi iddia tələbinə əlavə edir. Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərasizində yerləşən və istifadəsində olan torpaq sahəsinin cizgisinin tərtib edilməsinə köməklik etmək məqsədi ilə ünvanladığı xx.xx.2024cü il tarixli məktubda Bakı Şəhər İH tərəfindən adiyyəti üzrə mürcaciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh sxemin çəkilməsinə köməklik etmir və şifahi olaraq da imtina verir, rəsmi müraciəti də ərizəsinə əlavə edir və bildirir ki, təkrarən müraciət etsə də alacağı cavab bəllidir. Pozulmuş hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət edir və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona ayrılan torpaq sahəsini katastr xidməti çəkib ayrı-ayrılıqda ölçüsünü götürmüşdür. Torpaq sahəsi heç vaxt Neft şirkətinin istifadəsində olan ərazidə olmamışdır. Təqdim etdiyi şəkillərdə hər şey aydın şəkildə göstərilmişdir və yaşayış massivi olduğu da hər kəsə aydındır. Qonşulardan torpağına çıxarış alanlar var, hətta tam yaxınında işlək neft buruğu olduğu halda. Ayrılmış torpağın yalnız birinin kənar hissəsində yüksək gərginlikli xətt yerləşdiyini bilir və o, zolağa sənədləşmə tələb etmir. Torpağın digər bir hissəsi də Neft şirkətinin istifadəsində olan hasarlanmış hissəyə yaxındır və onun onlara heç bir aidiyyəti yoxdur. Necə ki, qonşu işlək neft buruğunun yanında ola-ola bir neçə ay öncə torpağına çıxarış almışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib edilməsi” tələbinə dair iş üzrə əsl olmayan cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti əsl olan cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “X4” Şirkəti və “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məktubunda imtinaya dair hər hansı müddəa öz əksini tapmamış, əksinə Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmiş və bildirmişdir ki, müraciətdə qaldırılan məsələ üzrə o dövrdə qüvvədə olan maddi-hüquq normalarına əsas hər hansı yerləşmə-sxeminin verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri daxilində müəyyən edilməmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin 01-7/4387 nömrəli xx.xx.1997-ci il tarixli müraciəti əsasında qəbul edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 678 nömrəli sərəncamının 37 və 38-ci bəndlərində sifarişçi və aidiyyəti Rayon İcra Hakimiyyətinin vəzifələri və öhdəlikləri nəzərdə tutulmuşdur. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı 1992-ci ildə qəbul edilsədə nədənsə iddiaçı nə az, nə çox 32 ildən sonra torpaq sahəsinə dair yerləşmə sxemi tələb edir. Hamıya məlum olduğu kimi Bakı şəhəri 32 il əvvəlki şəhər deyil, həm insanların sayı, həmdə şəhər ərazisində inşa edilmiş müxtəlif növ infrastruktur obyektlərinin sayı kəskin şəkildə fərqlidir. 32 il əvvəl hansı sənədləşmələrin olduğunu və onların müvafiq icra hakimiyyəti orqanları tərəfindən verildiyinin hazırda aşkar etməkdə, özlüyündə çətinliklər yarada bilər. Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu işlərinin aparılması Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilməmişdir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Xüsusi olaraq diqqətə çatdırmaq istəryirlər ki, nə 32 il əvvəl, nədə hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yerləşmə sxeminin verilməsinə dair hər hansı normativ hüquqi baza mövcud olmamışdır. Azərbaycan Respublikası Perzidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin müddəalarına nəzər yetirilsə aydın şəkildə görünər ki, hər hansı yerləşmə sxeminin BŞİH tərəfindən verilməsi nəzərdə tutulmamışdır. Belə ki, 32 il əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində ayrıca bir hüquqi şəxs olan fəaliyyət göstərən və öhdəliklərinə görə məsuliyyət daşıyan Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mövcud olmuş hər hansı plan, sxem, cizgi və s. sənədlərin verilməsi, onların hazırlanması, bu istiqamətdə işlərin aparılması kadr və maddi texniki bazaya malik olan həmin idarə tərəfindən həyata keçirilə bilərdi. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli və xx.xx.2012-ci il arixli 648 nömrəli Fərmanlarının formallaşdırlması üçün hüquqi əsaslar BŞİH-nin strukturlarında yerləşmə sxeminin tərtib edilməsini həyata keçirən müvafiq struktur bölmə, idarə və yaxud hər hansı təşkilatı hüquqi formada olan hüquqi şəxs mövcud deyil və bu sahədə işin aparılması üçün hər hansı maddi texniki baza mövcud deyildir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, bildirdi ki, torpaq sahəsi 30 ildir ki, alınmışdır. Torpaq sahəsinin yarısından az hissəsi atası tərəfindən Mübariz adlı şəxsə pay olaraq verilmiş, digər hissələri isə 4-5 şəxsə satılmışdır. Torpaq sahəsində evlər tikilmişdir. Onlardan başqa digər şəxslərin çıxarışları var. Sonda T.İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vəkili və nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında “X4” Şirkətinin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh, üçüncü şəxslər “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh, üçüncü şəxslər “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina (hərəkətsizlik) etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq: Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Torpaq Məcəlləsi: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür): M a d d ə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Maddə 20. Torpaq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aşağıdakılar aiddir: …. 3) dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək; Maddə 9. Torpaq üzərində dövlət mülkiyyəti Torpaq üzərində, Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; M a d d ə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 30. Torpaq üzərində mülkiyyət hüququnu, sahiblik və daimi istifadə hüququnu təsdiq edən sənədlər Torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Maddə 49. Torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri Torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları etməyə borcludurlar: 1) torpaqdan təyinatına və verilməsi şərtlərinə müvafiq surətdə istifadə etmək; Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 Fərmanına əsasən “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: ... 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə iş üzrə cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti, yoxsa Binəqədi Rayon İcra Hakimiyyəti olması məsələsinə münasibətdə bildirir ki, iş materiallarından görünür ki, torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 678 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına əsasən ayrılmışdır. Məhkəmə hesab edir ki, torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ayrıldığı üçün (torpağı ayıran qrum olduğu üçün), o cümlədən həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə də torpaq kadastrının aparılmasını təşkil etmək onu ayıran qrumun səlahiyyətlərinə aid olduğu üçün iş üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti qəbul edilməlidir. İddiaya mahiyyəti üzrə qiymət verilməsi ilə bağlı məhkəmə bildirir ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 678 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı Binəqədi rayonun Sulu-Təpə qəsəbəsinin cənub-qərb hissəsində hər hansı tikinti aparmamaq şərti ilə zeytun ağaclarının əkilməsi üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Torpaq Məcəlləsinə görə torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilirdi və Məcəllənin 30-cu maddəsinə görə dövlət aktı torpaq üzərində mülkiyyət hüququnu, sahiblik və daimi istifadə hüququnu təsdiq edən sənəd idi. İddiaçının isə belə bir hüququ rəsmiləşdirilməmişdir. Bundan başqa, iddiaçının yerləşmə sxeminin tərtib edilməsini iddia etdiyi torpaq sahəsinin həqiqətən də sərəncam ilə ayrılmış torpaq sahəsi olub-olmaması da məsələyə qiymət verilərkən nəzərə alınmalı olan hallardan biridir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə (oğluna) ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, “Sizin atanız İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması zamanı qarşılaşdığınız problemlərlə bağlı müraciətinizə (********** qeydiyyat nömrəli) müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. ... Göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla, bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) balansında olub-olmaması və qaz xəttinin mühafizə zonasına düşüb-düşməməsi ilə bağlı SOCAR-a daxil olmuş sorğunuz tərəfimizdən araşdırılmışdır. Aparılmış araşdırma zamanı məktubunuza əlavə etdiyiniz Əmlak Ekspert Mərkəzinin 01 may 2024-cü il tarixli ƏEM/A 04-318/24 nömrəli məktubunda qeyd olunan torpaq sahəsinin koordinatların WGS 84/UTM zona 39N koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 25580 m2 torpaq sahəsinin ....koordinatlarda olan 1868 m2 hissəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 678 nömrəli sərəncamı ilə zeytun ağaclarının əkilməsi məqsədi ilə vətəndaş İddiaçı ayrılmış əraziyə, Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olmaqla, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 678 nömrəli sərəncamı ilə zeytun ağaclarının əkilməsi məqsədi ilə vətəndaş İddiaçı ayrılmış əraziyə, XY 394440.241 4476592.220 394448.090 4476593.080 394439.080 4476469.070 394260.930 4476421.500 394252.860 4476571.700 394336.463 4476580.855 394285.875 4476550.139 394268.330 4476430.764 394432.599 4476478.750 394440.241 4476592.220 koordinatlarda yerləşən 6292.4 m2 hissəsi və XY 394392.586 4476540.160 394343.763 4476529.249 394340.619 4476579.367 394352.866 4476582.651 394389.290 4476586.640 394392.586 4476540.160 koordinatlarda yerləşən 2419.1 m2 hissəsi SOCAR-ın daimi istifadəsində olmaqla neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin, müəyyən olunmuşdur ki, ümumilikdə qeyd edilmiş 25580 m2 torpaq sahəsində 160071 saylı, 160228 saylı, 160184 saylı, 160183 saylı və 160203 saylı ləğv olunmuş neft-qaz quyusu, 162216 saylı və 160218 saylı işlək neft-qaz quyusu yerləşir ki, bunlardan da 2 ədəd (160183 saylı və 160203 saylı) ləğv olunmuş neft-qaz quyusu Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 678 nömrəli sərəncamı ilə zeytun ağaclarının əkilməsi məqsədi ilə vətəndaş İddiaçı ayrılmış 16868 m2 torpaq sahəsinin daxilində yerləşir.” Bundan başqa, məsələyə qiymət verilərkən nəzərə alınmalı olan hallardan biri də budur ki, torpaq sahəsi şərtlə, yəni hər hansı tikinti aparmamaq şərti ilə zeytun ağaclarının əkilməsi üçün ayrılmışdır. Məhkəmə iclasında isə müəyyən edilmişdir ki, iddiaçının yerləşmə sxeminin tərtib edilməsini iddia etdiyi torpaq sahəsində faktiki olaraq ayrı-ayrı şəxslərə aid torpaq sahələri yerləşir, torpaq sahəsində tikililər mövcuddur. Bunu məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin müayinə aktı və ona əlavə edilmiş sənəd, həmçinin iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat da təsdiq edir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar