Məhkəmə qərarları › İş №2-1(112)-1877/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1877/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1877/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi X4 (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində İdarəyə göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində İdarəyə Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş məlumat vərəqəsinə müvafiq olaraq ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü il tarixindən Müdafiə Nazirliyi tərəfindən ona pensiya təyin edilmişdir. Hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim edilməsi” qaydalarına əsasən yeni ZE55598 məlumat vərəqini ona əmək pensiyasının təyin edilməsi (yenidən hesablanması) üçün Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X12 təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və X7 yanında Dövlət X11 Hərbi Qulluqçular və X9 İş İdarəsi ona ünvanladığı 03/89/02-183 nömrəli, xx.xx.2018-ci il tarixli məktubu ilə Əmək Məcəlləsinin 32.1-ci və 37.1-ci maddəsinə istinad edərək yaşa görə əmək pensiyasının ömürlük təyin edildiyini əsas gətirərək pensiya təyinatının yenidən digər dövrün təminat xərcliyinə (“Məlumat vərəqinə”) əsasən hesablanmasının qanunvericiliyin tələblərinə zidd olduğunu qeyd edərək imtina etmişdir. Daha sonradan tərəfindən yenidən edilən müraciətə cavabdeh orqan tərəfindən verilən 03/89/02-532 saylı xx xxxx 2018-ci il tarixli cavab məktubunda eyni səpkili cavab verilməklə və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə istinad edilməklə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. Daha sonradan tərəfindən yenidən xx xxxxxxxx 2019-cu il tarixində İdarəyə əmək pensiyasının yenidən hesablanması üçün müraciət edilmişdir. Cavabdeh tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, **********3 saylı pensiyanın yenidən hesablanması haqqında cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunduğu və əmək pensiyasının təyin edilməsi üçün İdarəyə təqdim edildiyi, sözügedən qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən idarəyə göndərildiyi, bu səbəbdən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumatın sonuncu xidmət keçilən orqandan idarəyə daxil oduqdan sonra baxıla biləcəyi qeyd olunmuşdur. Qeyd edilən cavab məktubu xx xxxxxxx 2019-cu il tarixində alınmışdır. Hesab edir ki, bu imtina onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 32.1-ci və 37.3.1-ci maddəsinə istinad edərək Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş yeni “Məlumat vərəqi” əsasında onun xidmət illərini nəzərə almamış, bu məlumat vərəqi əsasında ona pensiya təyin etməkdən imtina etmişdir. Cavabdeh burada əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci yarımbəndinə istinad edərək məsələ ilə bağlı hüquqi mövqeyini əsaslandırmağa çalışmışdır. Lakin həmin norma xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. O isə həmin tarixdən əvvəl ehtiyata buraxılmış və barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərtib edilmiş ZE55598 nömrəli məlumat vərəqi 2003-cü ildə hazırlanmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin yanında Dövlət X13 X4 (bundan sonra İdarə) göndərilən İddiaçı aid ZE-55598 saylı məlumat vərəqinə əsasən sonuncuya tutduğu vəzifəyə uyğun olaraq yaşa görə əmək pensiyası pensiya təyin edilmişdir. Lakin iddiaçı xx.xx.2018-ci il və xx.xx.2018-ci ildə müxtəlif orqanlar tərəfindən tərtib edilmiş iki müxtəlif məzmunlu məlumat vərəqələrini İdarəyə təqdim etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı yenidən yaşa görə təqaüd almaq məqsədi ilə ərizə ilə İdarəyə müraciət etmişdir. Qeyd edilən məlumat vərəqələrinin tərtib edilmə tarixlərindən (xx.xx.2018-ci il və xx.xx.2018-ci il) göründüyü kimi, iddiaçı İdarəyə məhz Dövlət Sərhəd Xidmətindən daxil olmuş məlumat vərəqəsindən sonra qeyd edilən məzmunlu ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar xx.xx.2018-ci il tarixdə İdarənin əmək pensiyasının təyin edən komissiyası tərəfindən iddiaçının Müdafiə Nazirliyinin xətti ilə pensiya aldığı səbəbi ilə onun yeni ərizəsində olan tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd etdiyi kimi İddiaçıun öz adına olan, tərtib edilmə müddəti arasında cəmi 8 gün fərq olan iki müxtəlif dövlət orqanları tərəfindən tərtib edilmiş məlumat vərəqələrinə cəlb etmək istəyir. Belə ki, hər iki məlumat vərəqəsinə baxdıqda müəyyən edilmişdir ki, onların hər ikisi xx.xx.1973-cü il təvəllüdlü İddiaçı barəsində tərtib edilmiş, Müdafiə Nazriliyi tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş məlumat vərəqəsində onun rütbəsi kapitan, Dövlət Sərhəd Xidməti tərəfindən xx.xx.2018-ci il tarixli məlumat vərəgəsində isə onun rütbəsi mayor olaraq qeyd edilmişdir. Dövlət Sərhəd Xidməti tərəfindən qeyd edilmiş məlumat vərəqəsindən göründüyü kimi İddiaçı xx.xx.2017-ci ildə öz arzusu ilə dövlət sərhəd xidmətindən ehtiyata buraxılmış, onun təqvimi xidməti illəri 22 il 09 ay 17 gündür. Beləliklə, DSXdən göndərilmiş həmin məlumat vərəqəsindən göründüyü kimi İddiaçı xx xxxxxx 1995-ci ildə o DSX-də xidmətə başlamışdır. Lakin Müdafiə Nazirliyindən göndərilmiş məlumat vərəqəsinə əsasən iddiaçı xx.xx.2003-cü ildə Müdafiə Nazirliyindən kapitan rütbəsində xidmət müddətini başa vurduğundan tərxis olunmuş, bu zaman onun təqvimi xidmət illəri il 11 il 9 ay 13 gün olmuşdur. Müdafiə Nazirliyinin həmin məlumat vərəqəsindən göründüyü kimi iddiaçı xx xxxxxx 1992-ci ildən Müdafiə Nazirliyinin tərkibində xidmət etmiş və xx.xx.2003-cü ildə ordudan tərxis edilmişdir. Beləliklə DSX-ti və Müdafiə Nazirliyi tərəfindən eyni şəxs olan İddiaçı barəsində tərtib edərək göndərdikləri məlumat vərəqəsinə baxdıqda belə nəticəyə gəlmək olar ki, şəxs eyni zamanda müxtəlif qurumlarda hərbi qulluqçu kimi xidmət etmişdir. Lakin belə bir hal mümkün olmadığından, qeyd edilən məlumat vərəqələrinin mötəbər olmaları şübhəlidir. İddiaçının adına xx.xx.2018-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yenidən tərtib edilmiş məlumat vərəqi idarəyə daxil olmuş və iddiaçı tərəfindən ərizə verilərək pensiyasının yenidən sonuncu məlumat vərəqinə əsasən hesablanıb ödənilməsi xahiş edilmişdir. Tərəflərindən 2018-ci il tarixli qərar ilə iddiaçının ərizəsi “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Ermənistan, Vedi rayonunda doğulmuşdur. - Azərbaycan Respublikası Hərbi Komisarlığının xx.xx.2003-cü il tarixli, 001971 saylı vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən etibarən 3756.89 manat məbləğində pensiya təyin edilmişdir. - İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı aid Dövlət Sərhəd Xidməti tərəfindən 001611 saylı, xx.xx.2018-ci il tarixli məlumat vərəqəsi, Müdafiə Nazirliyi tərəfindən ZE-55598 saylı, xx.xx.2018-ci il tarixli məlumat vərəqəsi, Müdafiə Nazirliyi tərəfindən ZE-55598 saylı, xx.xx.2007-ci il tarixli məlumat vərəqəsi mövcuddur. - Həmin pensiya işinin materaillarından həmçinin görünür ki, İdarənin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli, 18/531 saylı qərarı ilə Müdafiə Nazirliyinnin xətti ilə pensiya aldığı üçün İddiaçı ərizəsi təmin edilməmişdir. -İdarənin iddiaçıya cavab olaraq verdiyi xx.xx.2018-ci il tarixli, 03/8e/02-532 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.6 maddəsinə uyğun olaraq hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövrü deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçilarının pensiyası sonuncu təminat xərcliyınə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. -İdarənin iddiaçının xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ərizələrinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********3 nömrəli məktubdan görünür ki, iddiaçıya x xxxxxxx 2003-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Müdafiə Nazirliyi tərəfindən iddiaçıya dair təqdim olunmuş ZE-55598 nömrəli xx xxxxxx 2007-ci il tarixli məlumat vərəqəsində qeyd olunan 25 il 9 ay 3 gün(təqvimi xidmət illəri 11 il 9 ay 13 gün, güzəştli xidmət illəri 13 il 11 ay 20 gün) xidmət müddətinə görə təminat xəcliyi 65 faizi miqdarında əmək pensiyasının ödənişi idarə tərəfindən aparılmışdır. xx xxxxxx 2018-ci il tarixində sözügedən orqan tərəfindən daxil olmuş yeni məlumat vərəqəsində xidmət illəri 27 il 4 ay 16 gün(təqvimi xidmət illəri 11 il 9 ay 26 gün, güzəştli xidmət illəri 15 il 6 ay 20 gün) göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 470,00 manat, rütbə maaşı 127,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəsi - 89,55 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 750,55 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada 27 il 4 ay 16 gün xidmət müddətinə görə təminat xərcliyinin 71 faizi - 532,89 manat məbləğində pensiya qanunvericiliyə uyğun olaraq müvafiq kart hesabınına köçürülür. Əmək pensiyasını məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan İdarəyə daxil olduqdan sonra baxıla bilər. - İdarənin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********0 nömrəli məktubundan görünür ki, iddiaçıya x xxxxxxx 2003-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xidməti illərinə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq x xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasnın təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət X16 həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Ona əmək pensiyası təyin edildikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmətə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, xx xxxxxxxx 2017-ci il tarixində xidmətdən təxris olunmağı ilə əlaqədar Dövlət Sərhəd Xidməti tərəfindən İdarəyə daxil olmuş xx xxxxxx 2018-ci il tarixli, 001611 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Müdafiə Nazriliyi tərəfindən xx.xx.2003-cü ildən əmək pensiyası təyin edilmiş, 2007-ci ildən pensiyanın hesablanması və ödənilməsi İdarə tərəfindən həyata keçirilir. İddiaçı pensiyaya çıxdıqdan sonra Dövlət Sərhəd Xidmətində xidmətə başlamış və xx.xx.2017-ci il tarixdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı sonuncu xidmət yerindən verilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə görə pensiyasının yenidən hesablanmasını xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5 maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Məhkəmə hesab edir ki, hərbi qulluqçu olan iddiaçıya hərbi xidmətdən buraxıldıqdan sonra əmək pensiyası təyin edildiyindən və o bundan sonra hərbi xidmətini davam etdirdiyindən ona sonuncu təminat xərcliyinə görə pensiyasının yenidən hesablanması qanunvericiliyin yuxarıda göstərilən tələblərinə ziddir. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməsi üçün qanuni əsaslar olmadığından rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar