Məhkəmə qərarları › İş №2-1(112)-1877/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1877/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1877/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1997-ci ildən əmək təqaüdçüsü, VÖEN-i, sığortaçı orqanda, həmçinin vergi orqanında qeydiyyatı olmayan fərdi fiziki şəxs qismində Azərbaycan X2 ilə 1999-2006-cı illər ərzində mülki-hüquqi müqavilə əsasında icra etdiyi işin müqabilində ona ödənilən əmək haqqından 25% məcburi dövlət sığorta haqqı və 14% gəlir vergisi ödədiyi faktına istinad etməklə həmin illərdəki əmək fəaliyyətinin sığorta stajına əlavə edilməsi və bunun əsasında pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, VÖEN-i, sığortaçı və vergi orqanlarında uçotu olmayan, fərdi fiziki şəxs olmaqla, dövlət müəssisəsi Azərbaycan X2 ilə podrat müqaviləsi əsasında icra etdiyi, ona ödənilən xidmət haqqından məcburi dövlət sosial sığorta hqqı və gəlir vergisi ödədiyi, 1999-2006-cı illərdəki əmək fəaliyyətinin sığorta stajı olaraq müəyyən edilməsi məqsədilə cavabdehə ünvanladığı və rədd cavabı aldığı ərizəsinə məhkəmə qaydasında baxılaraq qeyd etdiyi hüquqi əhəmiyyətli iş (sığorta) stajı faktının müəyyən edilməsi bu ərizənin predmetini təşkil edir. Cavabdeh ərizəsini cavablandırarkən icra etdiyi mülki-hüquqi müqavilənin intellektual səviyyəsini, ölkə üçün texniki-iqtisadi əhəmiyyətini, həmçinin sifarişçi ilə onun arasındakı qarşılıqlı öhdəliklərin aşağıda şərhini verdiyi özəlliklərini ifadə edən hüquqi əhəmiyyətli faktiki hallarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsində təsbit olunmuş podrat müqaviləsindən fərqləndirən hüquqi əhəmiyyətli faktiki halları araşdırmadan ərizəsini təmin etməmiş, həmçinin Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 150.1.7-ci maddəsinin müddəalarını nəzərə almadan, araşdırmadan ərizəsinə rədd cavabı vermişdir. Belə ki, o, 1971-1992-ci illər ərzində fərdi əmək müqaviləsi əsasında AZETETİ-də elektrik mühərrikləri üzrə elmi-tədqiqat, lahiyə konsturuktor labarotoriyasının müdiri vəzifəsində çalışmış, 1997-ci ildən pensiyaya çıxmışdır. 1999-cu ildə AZETETİ rəhbərliyinin dəvəti ilə yenidən oraya qayıtmış, neft və qaz sənayesində işlədilən, lakin respublikada lahiyə və istehsal praktikası olmadığından xarici ölkələrdən baha qiymətə satın alınan, partlayışdan mühafizəli PÜA315S4Y3 tipli elektrik mühərrikinin və onun sınaq stendinin lahiyələndirməsi və sənaye istehsalına nail olunması işinin icrasına dair mülki-hüquqi müqaviləni imzalamışdır. Müqavilənin şərtlərinə əsasən AZETETİ öz inzibatı binasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun iş yeri və bu Məcəllənin 11-ci maddəsinin tələblərinə uyğun əmək şəraiti olan bir iş otağı ilə onu təmin etməyi, iş otağının bütün kommunal xərclərini, o cümlədən telefon haqlarının ödənilməsini, işin icra müddətini qısaltmaq üçün onun rəhbərliyi altında onunla eyni otaqda işləyən 3 konstruktorun ona təhkim olunmasını, təhkim olunmuş konstruktorların əmək haqqının institutun əmək fondu hesabına ödənilməsini, mərhələlərlə icra edib təhvil verdiyi işin haqqının ödəniş cədvəli üzrə vaxtı-vaxtında ödəməyi, onu zəruri normativ-texniki sənədlərlə (standartlarla) təmin etməyi öz öhdəsinə götürmüş və maddi çatinliklərə baxmayaraq, götürdüyü öhdəlikləri yerinə yetirmişdir. AZETETİ ilə imzaladığı mülki-hüquqi müqavilə iki dövlət müəssisəsi tərəfindən AZETETİ (icraçı), digər tərəfdən AZETETİ ilə birlikdə “AzərElektromaş” Elmi-İstehsalat Birliyinin tərkibində fəaliyyət göstərmiş Bakı Elektromaşın zavodu (baş sifarişçi) arasında imzalanmış, baş sifarişçinin təşəbbüsü ilə sonralan bir neçə dəfə dürüstləşdirilmiş 03-99 saylı, 05.01.1999-cu il tarixli mülki-hüquqi müqavilə əsasında tərtib edilmişdir. Bu dürüstləşdirmələrə paralel olaraq, AZETETİ ilə mülki-hüquqi müqaviləsi də dürüstləşdirilmişdir. Təqvim planına uyğun olaraq elektrik mühərrikinin və sınaq stendinin konstruktor-texnoloji çertyojlarının işlənib hazırlanması mərhələsini AZETETİ-nin inzibati binasında icra edib çertyojların əslinin dəstəni AZETETİ-nin arxivinə təhvil vermişdir. Çertyojların surətini isə avadanlıqların hazırlanması üçün Bakı Elektromaşın zavoduna təhvil vermişdir. Bakı Elektromaşın zavodu mühərrikin iki ədəd təcrübi nümunələri və sınaq stendinin hazırlanması üçün lazım olan bütün xammal, enerji, yanacaq, nəqliyyat texnoloji avadanlıqlar, işçi heyəti və onların əmək haqqının ödənilməsi, həmçinin onun əmək şəraiti ilə təmin edilmiş iş otağı, bu otağın kommunal xərclərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Elektrik mühərriklərinin iki ədəd təcrübi nümunəsi onun nəzarəti və iştirakı ilə hazırlanmış, “Azərelektromaş” EİB-nin sınaq stendində QOST 183-74-ün tələblərinə uyğun olaraq uğurla sınaqdan keçirilmişdir. Sınağın nəticələri protokollarla sənədləşdirilmiş və təsdiq edilmişdir. Mühərriklərin partlayış keçirməməyə sınağı stendin hazırlanmasında onun iştirakı ilə həyata keçirilmiş və 30 may 2002-ci il tarixli aktla Bakı Elektromaşın zavoduna təhvil verilmişdir. Maliyyə çətinlikləri ilə üzləşən AZETETİ özünün inzibati binasını Vergilər Nazirliyinin Vergilər Departamentinin Qaraçuxur qəsəbəsindəki təmirə ehtiyacı olan binası ilə əvəzləməli olmuş, bütün arxiv materialları siyahılaşdırılaraq ayrı-ayrı kisələrə doldurulmuş, elmi-texniki kitabxanası, təsərrüfat avadanlıqları və mexaniki emalatxanası ilə birlikdə Qaraçuxur qəsəbəsindəki binaya daşınmışdır. Lakin avadanlıqları yerbəyer etməyə macal tapmamış AZETETİ rəhbərliyini və digər əməkdaşlarını Vergilər Departamentinin həmin binanı qoruyan keşikçiləri binaya buraxmamış, özlərinə iş yeri axtarmaları olduqlarını bildirmişlər. Aidiyyəti vəzifəli şəxslərə və təşkilatlara müraciət istənilən nəticəni verməmişdir. Sonradan AZETETİ rəhbərliyinə həmin binaya öz əmlaklarını yoxlamaq üçün daxil olmağa icazə verilmişdir. Yoxlama nəticəsində arxiv sənədləri yığılmış kisələrin öz yerlərində olmadığı məlum olmuşdur. Aparılan sorğu-sual nəticəsində arxiv sənədlərinin taleyi haqqında hər hansı məlumat olmamış, lakin binanın zirzəmisində natəmiz şəraitdə bəzi arxiv sənədlərinin vərəqələrinin pərakəndə şəkildə səpələndiyi aşkar edilmişdir. AZETETİ 2007-ci ildən öz fəaliyyətini dayandırmağa məcbur olmuş, bir qədər sonra isə ləvğ edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən vətəndaşın pensiya hüququnu müəyyən edən onun əmək fəaliyyətinin o illəri nəzərə alınır ki, vətəndaş həmin illərdə aldığı əmək (xidmət) haqqından sığortaçı orqana Azərbaycan Respublikası ƏƏSMN-nə məcburi dövlət sığorta haqqı ödəmiş olsun. VÖEN-i, sığortaçı və vergi orqanlarında uçotu olmayan fərdi fiziki şəxs olaraq dövlət müəssiəsi AZETETİ ilə mülki-hüquqi müqavilə əsasında mərhələlərlə iş icra edib sifarişçiyə təhvil vermişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə görə vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan VÖEN təqdim etməyən fiziki şəxslərə şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə haqqı ödəyən hüquqi şəxslər və ya fərdi sahibkar vergi tutmağa borcludurlar. Müddəaya uyğun olaraq AZETETİ icra edib ona təhvil verdiyi xidmətin müqabilində ona ödədiyi xidmət haqqından 14% gəlir vergisi tutur. Eyni qayda ilə AZETETİ mərhələlərlə ona ödədiyi xidmət haqqından 25% məcburi dövlət sosial sığorta haqqı tutur. Azərbaycan Respublikası ƏƏSMN yanında Bakı şəhəri üzrə X7 İdarəsi hesabına 2006-ci ildən əvvəlki dövrdə qüvvədə olan qaydalara əsasən işçilərinin siyahısını təqdim etmədən ümumi məbləğ şəklində ödəmişdir. Məbləğin qalan hissəsi mərhələlərlə ödəniş cədvəli əsasında nağd şəkildə ona xidmət haqqı olaraq ödənilmişdir. AZETETİ öz əməkdaşlarına, o cümlədən ona kömək olaraq təhkim etdiyi konstruktorlara ödədiyi əmək haqqından 3% məcburi dövlət sosial sığorta haqqı tutmuş, Bakı şəhəri üzrə X7 İdarəsi hesabına köçürülmüşdür. 2019-ci ilin əvvəllərində Bakı şəhəri üzrə X7 İdarəsi ləğv olunduğundan onun arxiv materialları Dövlət Sosial Müdafiə Fonduna təhvil verilmişdir. “AzərElektromaş” EİB-nin tabeliyində olan AZETETİ, həmçinin Bakı Elektromaşın zavodu ölkə üçün əhəmiyyətli olan elektrik mühərriklərin tədtqiqatı, lahiyələndirilməsi və sənaye istehsalı üzrə ixtisaslaşmış peşakar müəssisələr olmuşlar. O, ali məktəbi 1959-cu ildə mühəndis elektromexanik ixtisası ilə bitirdikdən sonra 1959-2006-cı illər ərzində əmək kitabçasında qeyd edilən yalnız öz ixtisası üzrə əmək fəaliyyətində olmuş, ixtiraçı mühəndis konstruktor səviyyəsinə yüksəlmişdir. İcra etdiyi müqavilə mülki-hüquqi (podrat) adlandırılsa da, məzmun etibarı ilə daha çox əmək müqaviləsinin məzmunu ilə üstüstə düşür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752-ci maddəsində təsbit edilən podrat müqavilənin məzmununda tərəflərdən içraçı öz öhdəsinə götürdüyü işi sifarişi icra edib təhvil verməyi, sifarişçi isə içraçıya xidmət haqqını ödəməyi öhdəsinə götürür. Bundan fərqli olaraq icra etdiyi mülki-hüquqi müqavilələrdə isə sifarişçi AZETETİ öz inzibati binasından onun iş otağı və əmək şəraiti ilə təmin edilməsini, ona kömək olaraq 3 nəfər konstruktorun təhkim edilməsini, onu zəruri normativ texniki sənədlərlə texniki şəkillər, standartlar, konstruktor işlərinin icrası üçün avadanlıqlar, ləvazimatlar və materiallarla təhciz etməyi, iş yerinin kommunal xərclərinin, həmçinin köməkçi konstruktorların, əmək haqlarının ödənilməsini öz öhdəliyinə götürmüşdür. Bakı Elektromaşın zavodu öz inzibati binasında ona fərdi iş yerinin verilməsi və kommunal xərclərin ödənilməsini, mühərrikin təcrübi nümunələrinin və sınaq stendinin hazırlanmasında istifadə olunan xanmal, enerji yarımfabrikat, texnoloji avadanlıqların istismarı üçün xərcləri, işçilərin əmək haqqının ödənilməsini “Azərelektromaş” EİB-nin sınaq sahəsinin işçi qrupunu cəlb etməklə mühərrikin təcrübi nümunələrinin QOST 183-74-ün tələblərinə uyğun olaraq sınanması xərclərinin ödənilməsini öz öhdənisə götürmüşdür. Bu sadalananlarla yanaşı sifarişçinin ona ödədiyi xidmət haqqından gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqıını ödədiyi, həmçinin icra etdiyi işin elmi-texniki və yaradıcı mahiyyətinin ənənəvi podrat müqaviləsində icra edilən işlərin əsasən təmir-tikinti köhnə asfalt qatının, su-kanal xətlərinin, binaların qapı-pəncərəsinin, fasad və dam örtüyünün yenilənməsi, işlərindən kəskin fərqləndiyi nəzərə alınsa, iddianın təmin edilməsinə dair hər hansı maneənin olmadığı görünür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı ilə AZETETİ arasında podrat müqaviləsi imzalanmışdır. İddiaçı 01.01.1999-cu il tarixdən 29.12.2006-cı il tarixədək podrat müqaviləsinə əsasən işləmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsində bu Məcəllənin şamil edilmədiyi şəxslər dairəsi qeyd olunmuşdur: hərbi qulluqçulara; məhkəmə hakimlərinə; Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mülki-hüquqi müqavilələrdə sosial sığorta ödənişləri yalnız sığortaedən qismində çıxış edən şəxslərdən tutulur. Bu səbəbdən iddiaçı podrat müqaviləsinə əsasən (mülki hüquqi müqavilə) işlədiyi üçün, həmin dövrlər sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı AZETETİ-nin mərhələlərlə ona ödədiyi xidmət haqqından 25% məcburi dövlət sosial sığorta haqqı tutduğunu, Bakı şəhəri üzrə X7 idarəsi hesabına, ümumi məbləğ şəklində ödənildiyini, 2019-cu il tarixdən sonra AZETETİ-nin arxiv materiallarının Dövlət Sosial Müdafiə Fonduna təhvil verildiyini iddia edir. Bu səbəbdən tərəflərindən Fondun Arxiv və sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialına sorğu ünvanlanmışdır. Müvafiq filialdan daxil olmuş cavab məktubunda 1998-1999-cu il tarixlər üzrə hesabat məlumatları aşkarlansa da, 2000-2006-cı il tarixləri üzrə hesabat aşkarlanmamışdır. Bundan əlavə, mübahisələndirilən dövrlər üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Müvafiq iş üzrə məhkəmə hesab etmişdir ki, ərizəçi sifarişçi AZETETİ ilə bağladığı podrat müqavilələrinə əsasən 01.01.1999-cu ildən 29.12.2006-cı ilə qədər podrat müqaviləsinə əsasən işləyib, həmin müddət isə əmək stajı sayıla bilməz. Tərəflər arasında yalnız podrat müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasibət deyil, yalnız mülki xarakterlidir. Belə ki, podrat müqaviləsinə əsasən ərizəçi müəyyən tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüş, qarşı tərəf isə həmin işə görə xidmətə haqq ödəyir. Buna görə də həmin müddət əmək stajı hesab edilə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər, yəni şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlarla bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İddia tələbi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 15 iyul 2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildiririk ki, 01.01.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 07.07.1997-ci il tarixində Sizə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli, 377 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra Sizin pensiyanız həmin Qanunun 7-ci maddəsinə əsasən davam etdirilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz 09.09.1959-cu il tarixində tərtib edilmiş əmək kitabçanızın surətinə əsasən 01.01.2006-cı il tarixinədək 37 il 10 ay 8 gün sığorta stajınız və 01.01.2006-cı il tarixindən müraciət etdiyiniz tarixədək (30.04.2021-ci il) fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 1.071,99 manat pensiya kapitalınız əsasında Sizin yaşa görə əmək pensiyanız yenidən hesablanmışdır. Yenidən hesablanma zamanı əmək pensiyanızın məbləğində dəyişiklik olmamışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar pensiyanızın məbləği 01.01.2021-ci il tarixindən 308,10 manat müəyyən olunub. Eyni zamanda “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2.1-ci yarımaddəsinə əsasən əmək kitabçası və həmin qaydanın 3.2.2-ci yarımmaddəsi əsasında əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı hesablanır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan maddələrin tələblərinə uyğun olaraq müraciətinizdə qeyd etdiyiniz 1999-2006-cı illərdəki əmək fəaliyyəti dövrünüz təqdim etdiyiniz 09.09.1959-cu il tarixində tərtib olunmuş əmək kitabçanızda öz əksini tapmadığına görə həmin dövrlərin sosial sığorta stajınıza əlavə edilərək yaşa görə əmək pensiyanızın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz dövrlər ərzində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını təsdiq edən sənədi (ödəniş qəbzi) və yaxud həmin dövrlər üzrə sığorta stajınızı təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzinə təqdim etdikdən sonra Sizin əmək pensiyanızın yenidən hesablanmasına baxılacaqdır. İş materiallarında olan Sifarişçi Azərbaycan X2 ilə İcraçı İddiaçı arasında bağlanmış 99-ə saylı, 03.01.2000-ci il tarixli podrat müqaviləsinin surətindən görünür ki, sifarişçi 315 qabaritli partlayışdan mühafizəli üç fazalı qısaqapanmış rotorlu asinxron mühərrikinin işlənib hazırlanması işini icraçıya həvalə etmiş, icraçı həmin işi bu müqavilənin tərkib hissəsi olan təqvim planı üzrə icra etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli 2(001)-9276/2018 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı huquqi əhəmiyyəti olan iş stajı faktının müəyyən edilməsi barədə ərizəsinin rədd olunması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı 01.01.1999-29.12.2006-cı illər ərzindəki əmək fəaliyyəti faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı sifarişçi AZETETİ ilə bağladığı podrat müqavilələrinə əsasən 01.01.1999cu ildən 29.12.2006-cı ilə qədər podrat müqaviləsinə əsasən işləyib, həmin müddət isə əmək stajı saylı bilməz. Tərəflər arasında yalnız podrat müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasibət deyil, yalnız mülki xarakterlidir. Belə ki, podrat müqaviləsinə əsasən ərizəçi müəyyən tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüş, qarşı tərəf isə həmin işə görə xidmət haqqı ödəyir. Buna görə də həmin müddət əmək stajı hesab edilə bilməz. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(103)- 4977/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan iş stajı faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(102)-6028/2019 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)-4977/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı 07.07.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 4-1-ci maddəsinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 6-cü maddəsinə əsasən aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 07.07.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı 1999-2006-cı illərdə Azərbaycan X1 mülki-hüquqi müqavilə əsasında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin qeyd olunan iş stajı iddiaçının əmək kitabçasında qeyd olunmamışdır. Həmçinin həmin iş stajını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli 2(001)-9276/2018 saylı qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı huquqi əhəmiyyəti olan iş stajı faktının müəyyən edilməsi barədə ərizəsinin rədd olunması qət edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçı 01.01.1999-29.12.2006-cı illər ərzindəki əmək fəaliyyəti faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı sifarişçi AZETETİ ilə bağladığı podrat müqavilələrinə əsasən 01.01.1999-cu ildən 29.12.2006-cı ilə qədər podrat müqaviləsinə əsasən işləyib, həmin müddət isə əmək stajı saylı bilməz. Tərəflər arasında yalnız podrat müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasibət deyil, yalnız mülki xarakterlidir. Belə ki, podrat müqaviləsinə əsasən ərizəçi müəyyən tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüş, qarşı tərəf isə həmin işə görə xidmət haqqı ödəyir. Buna görə də həmin müddət əmək stajı hesab edilə bilməz. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan dövr iddiaçının sığorta stajına daxil edilə bilməz. Bu səbəbdən də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar