Məhkəmə qərarları › İş №2-1(112)-1879/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1879/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1879/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarların ləğv barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, vergi ödəyicisi barədə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi qərara alınsa da buna əsas olan mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatların mənbələrinin bəlilliyini təsdiq edən hər hansı sənəd yoxlama materiallarına əlavə edilməmişdir. Bundan əlavə, vergi orqanı nəzərə almamışdır ki, vergi ödəyicisinin anbarında olan mallar başqa şəxslərə məxsus olmuşdur və bununla bağlı saxlama müqavilələri də mövcuddur. Lakin vergi orqanı malın cəmiyyətə məxsus olması ehtimalına əsaslanaraq qərar qəbul etmişdir. Vergi ödəyicisinin nümayəndəsinə, həmçinin aktı imzalamaqdan imtina edilmə hüququ izah edilməmiş, aktın mütləq qaydada imzalanmalı olması bildirilmiş, bu səbəbdən akt onun tərəfindən məcbur qalınıb imzalanmışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin anbarlarında vergi nəzarəti tədbiri zamanı alış sənədi olmayan mallar aşkar edilərək bu barə barədə aktlar tərtib edilmişdir. Həmin aktların düzgünlüyü MMC-nin rəhbəri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, həmin şəxs izahat verərək malların həqiqətən də ona məxsus olduğunu, həmin malları Sədərək və Binə TM-də yerləşən müxtəlif sahibkarlardan heç bir rəsmi sənəd, elektron qaimə-faktura olmadan aldığını bildirmişdir. Vergi ödəyicisi yoxlama dövrü ərzində isə bu barədə məlumat verilməsinə baxmayaraq saxlanc müqavilələri və malların digər şəxslərə məxsusluğu barədə heç bir sənəd və ya sübut təqdim etməmişdir. Həmçinin, məlumat bazasından görünür ki, vergi ödəyicisinin 2019-cu ilin sonuna hər hansı mal qalığı olmamış, 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər elektron qaimə faktura tətbiq olunmaqla 436,32 manat dəyərindən malların alışı əməliyyatı həyata keçirilmiş, elektron qaimə faktura əsasında hər hansı satış və idxal əməliyyatı olmamışdır. Mənfəət vergi bəyannaməsində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə gəlirinin 2020-ci il üzreə 88.349,47 manat, 2021-ci il üzrə gəlirinin 153.559,20 manat olduğu qeyd edilmişdir ki, baza məlumatlarına əsasən iddiaçı tərəfindən heç bir alış və idxal əməliyyatları aparılmadığlı halda 2020 və 2021-ci illərdə malların təqdim edilməsi üzrə gəlirinin mövcudluğu sual yaradır. Keçirilən tədbir zamanı da sənədsiz mal qalığının olduğu, eləcə də əmək müqaviləsi qüvvəyə minmədən şəxslərin işə cəlb edildiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Mübahisələndirilən qərarlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, vergi ödəyicinsin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannmə ilə bağlı hesab-faktura, alış aktları və ya elektron alış aktları, təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı mövcud olmamışdır. Məhkəmə də qeyd olunan istiqamət üzrə araşdırma aparmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri sübut edilmişdir ki, qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edən qərarları qanuni və əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı barəsində operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərara uyğun olaraq yoxlama aparılmış, bununla bağlı aktlar tərtib edilmişdir ki, həmin aktlarda iddiaçıya məxsus anbarda sənədsiz mal qalığının mövcudluğu aşkar edilmişdir. Həmin aktlar təkcə vergi orqanının məsul əməkdaşı tərəfindən yox, həmçinin də vergi ödəyicisnin rəhbəri tərəfindən də imzalanmış, aktın doğruluğu imza və MMC-nin möhürü ilə də təsdiq edilmişdir. Vergi orqanı tərəfindən isə mal aşkar edilməsinə baxmayaraq onunla bağlı sənədlər aşkar edilmədiyi səbəbindən sənədlərin vergi orqanına təqdim edilməsi barədə tələbnamə göndərilmiş, lakin ödəyici tərəfindən hər hansı sənədin, o cümlədən müqavilələrin təqdim edilməsi həyata keçirilməmişdir. Qeyd olunmalıdır ki, hər iki qərarın mübahisələndirilməsi üzrə iddiaya mahiyyəti üzrə baxılması anbarda aşkar edilən malların iddiaçıya, yoxsa başqa şəxsə məxsus olmasının aydınlaşdırılması ilə bağlıdır. Belə ki. İddiaçı malların ona məxsus olmadığını qeyd edir və bunun dəlili kimi onu qeyd edir ki, mallar başqa şəxslərə məxsus olmuşdur və bununla bağlı anbarda saxlama müqavilələri mövcuddur. İddiaçı bununla bağlı anbarda saxlama müqavilələri məhkəmə iclasında təqdim etmişdir. Cavabdeh isə əks arqument olaraq qeyd edir ki, mallar iddiaçıya məxsus olmuşdur və bunu həmin şəxsin rəhbəri aktı imza etmək və möhürlə təsdiq etmiş, eyni zamanda öz izahatında da həmin malların iddiaçıya məxsus olmasını, həmin malların Sədərək və Binə Ticarət Mərkəzində yerləşən müxtəlif sahibkarlardan heç bir rəsmi sənəd, elektron qaiməfaktura olmadan aldığını etiraf etmişdir. Eyni zamanda operativ vergi nəzarəti zamanı saxlanc müqavilələrinin təqdim edilməsi tələb edilsə də, həmin müqavilələr təqdim edilməmişdir. Məhkəmə, iş materiallarını, şahid ifadələri, təqdim edilən müqavilələr, operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilən materialları tətqiq edərək hesab edir ki, qəbul edilən qərarlar qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan aktdan görünür ki, rəhbər şəxs həmin aktı təsdiq etmiş, hətta əlavə izahat verərək malları müxtəlif sahibkarlardan heç bir sənəd, elektron qaimə-faktura olmadan almasını da səmimi olaraq etiraf etmişdir. Həmin akt və izahatın məcburiyyət qarşısında alınmasını təsdiq edən hər hansı bir səbəb mövcud deyil. Hər nə qədər saxlama müqavilələri məhkəməyə təqdim edilsə də, məhkəmə həmin müqavilələrin təqdim edilməsi tələb edilsə də iddiaçının həmin müqavilələri vergi yoxlaması zamanı təqdim edilməməsinə münasibətdə də cavabdehin mövqeyinin əsaslı hesab edir. Doğrudur, məhkəmə icraatı gedişində şahid ifadələri dinlənilmiş, həmçinin təqdim edilən müqavilələr tətqiq edilmiş, lakin məhkəmə iddiaçının xeyrinə verilmiş şahid ifadələri və müqavilələrin mötəbər sübut qismində nəzərə alınmalı olmaması qənaətindədir. Belə ki, şahid ifadələrinin inandırıcılığı işin digər sənəd və materialları ilə uyğunluq təşkil etmir. İddiaçının rəhbəri özü izahatında malların ona məxsus olduğunu etiraf etmiş, aktı təsdiq etmişdir. Həmçinin, vergi orqanına təqdim edilən bəyannamələrdən də görünür ki, vergi ödəyicisinin 2019-cu ilin sonuna hər hansı mal qalığı olmamış, 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər elektron qaimə faktura tətbiq olunmaqla 436,32 manat dəyərindən malların alışı əməliyyatı həyata keçirilmiş, elektron qaimə faktura əsasında hər hansı satış və idxal əməliyyatı olmamışdır. Mənfəət vergi bəyannaməsində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə gəlirinin 2020-ci il üzrə 88.349,47 manat, 2021-ci il üzrə gəlirinin 153.559,20 manat olduğu qeyd edilmişdir ki, baza məlumatlarına əsasən iddiaçı tərəfindən heç bir alış və idxal əməliyyatları aparılmadığlı halda 2020 və 2021-ci illərdə malların təqdim edilməsi üzrə gəlirinin mövcudluğu vergi ödəyicisinin təqdim özünün təqdim etdiyi sənədlərlə təsdiq edilir. Belə ki, hər hansı mal idxal edilməmişdirsə malın təqdim edilməsinə görə gəlirin mövcudluğu mümkün olmazdı ki, qeyd olunan hal gəlir əldə edən MMC-də faktiki olaraq ona məxsus olan malın mövcudluğunu təsdiq edir. İş üzrə verilmiş şahid ifadələri isə həmin sübutlara zidd olmuş, istər yuxarıda qeyd olunan hal, istər iddiaçının rəhbərinin izahatında qeyd edilən hallara aydınlıq gətirməmişdir. Həmçinin, şahid ifadələri alınmış şəxslərlə bağlanılan müqavilələr də mülki hüquq və vəzifələr yaradan əqd xarakterindən uzaqdır. Belə ki, təqdim edilən müqavilələrin tarixi, bağlanılma formaları, müqavilədə qeyd edilənlər, xüsusi tətqiqat aparılmadan, ilk baxışdan vergi məsuliyyətindən yayınma xarakterini aşkar edir. Həmin müqavilələrin sonradan bağlanıldığı, istər həmin müqavilələrin tələb edilməsinə baxmayaraq vergi orqanına təqdim edilməməsi, istər müqavilələrin tarixi, forması və digər xarakterik cəhətləri ilə təsdiq edilir. Eyni zamanda məhkəmə onun da qeyd edilməzini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə iddiaçının irəli sürdüyü dəlillər işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın rəddinə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. Bu səbəbdəndir ki, əslində kifayət qədər mötəbər sübut sayıla biləcək şahid ifadələri və iş materiallarına əlavə edilməsi üçün təqdim edilən müqavilələr məhkəmə üçün mötəbər sübut hesab edilməmiş, əksinə cavabdehin mötəbərliyi şübhəli olmayan sübutları işin mahiyyəti üzrə qiymətləndirilməsində həlledici olmuşdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar