Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18795/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Metropoliteni QSC, Mühafiə Departamentinin rəisi Zamiq Quliyev, Mühafizə Departamentinin rəis müavini İlkin Qəşəmov, Bakı Metropoliteni QSC sədrinin müşaviri Əli Əliyevəyə qarşı iddia tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi.29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Metropoliteni QSC, Mühafiə Departamentinin rəisi Zamiq Quliyev, Mühafizə Departamentinin rəis müavini İlkin Qəşəmov, Bakı Metropoliteni QSC sədrinin müşaviri Əli Əliyevəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, işə bərpa edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul ödənilməsi, həkim komissiyası və iş bölgüsü sənədlərinin müstəqil yoxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2013-cü ildən Bakı Metropoliteni QSC-nin Mühafizə və Yanğın Təhlükəsizliyi (Mühafizə Departamenti) xidmətində texnik vəzifəsində çalışır. Şəkərli diabet xəstəsidir. xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində xəstəliyi ilə bağlı bülletendə olmuş, bu müddətdə Xidmətin adı dəyişdirilərək Mühafizə Departamenti olmuş, bütün əməkdaşlar yeni departamentə keçirilmiş, təkcə o, ağır xəstə olduğu üçün köhnə xidmətdə saxlanılmışdır. Bülletendən sonra işə qayıtdıqda əvvəlki ştatı xəbəri və razılığı olmadan dəyişdirilmişdir. Onun yerinə müşahidə operatoru, rəis müavini İlkin Qəşəmovun tanışı Nigar Nuxova adlı şəxs təyin edilmişdir. Həkim komissiyası üçün təyin edilmiş vaxt xx.xx.2025-ci il olmasına baxmayaraq onu xx.xx.2025-ci il tarixində məcburi olaraq Nəbz klinikasına göndərib vaxtından əvvəl komissiyadan keçirərək sağlam rəyini vermişdirlər. Bu, onun sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməməsinə və nəticə etibarilə işdən çıxarılması üçün əsas yaradılmasına yönəlik sübutdur. xx.xx.2025-ci il tarixində işə gələrkən Mühafizə Departamentinin girişində divardan asılmış ixtisar elanını iş yoldaşı ona göstərmişdir. Elan ona rəsmi qaydada təqdim edilməmiş, sadəcə divara asılmışdır. Həmin gün Həmkarlar Komitəsi də onun ixtisarı barədə iclas keçirmiş, ona rəsmi çağırış edilməmişdir. İclasdan sonra İlkin Qəşəmov ona Qərar çıxana kimi çıx çöldə otur demişdir. Beləliklə o, iş otağından çıxarılmış, insulin vurmaq və qidalanmaq üçün şəraitdən məhrum edilmişdir. İclas və otaqdan çıxarılma nəticəsində kəskin stress yaşamışdır. Həmin vaxtdan nə həmkarlar komitəsi, nə də rəhbərlik ona kömək göstərməmişdir. Eyni zamanda qeyd edir ki, Əli Əliyev sədrin müşaviri və İlkin Qəşəmovun qonşusudur. Yuxarıdakı qeyd etdiyi hallar səbəbindən iş şəraiti, sağlamlıq və ləyaqəti pozulmuş, mənəvi zərər görmüşdür. Bu zərərin kompensasiya edilməsi və işə bərpa olunmağı üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh Bakı Metropoliteni QSC məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin mahiyyəti və tərəflər arasında mövcud olan münasibətlərin məzmunu nəzərə alındıqda, bu işə inzibati məhkəmə icraatı qaydasında baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti inzibati orqanların siyahısına daxil edilməmişdir. Bu baxımdan "xxxx" QSC inzibati orqan hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati məhkəmələr yalnız inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında yaranan inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə baxır. Tərəflər arasında yaranan mübahisə isə inzibati hüquq münasibətləri ilə deyil, iddiaçı ilə "xxxx" QSC arasında mövcud olan əmək münasibətləri ilə bağlıdır, yəni mülki-hüquqi (əmək hüququ) xarakter daşıyır. İddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlər əmək müqaviləsinə əsaslanır və tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu səbəbdən iddia tələbinin predmeti də məhz əmək mübahisəsi hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 11-ci bəndində açıq şəkildə göstərilmişdir ki, inzibati məhkəmə icraatı yalnız inzibati hüquq münasibətləri üzrə aparılır və bu münasibətlərdə tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və digər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Göstərilənləri nəzərə alaraq iddiaçı X2 cavabdeh "xxxx" QSC-yə qarşı “iş yerində təzyiq, vəzifə səlahiyyətlərindən sui-istifadə, işdən kənarlaşdırma nəticəsində işə bərpa və təzminat” tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi.dilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırlmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddia tələbindən göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ müzakirə olunmalıdır. İPM-in: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. ... İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi "xxxx" QSC və həmin qurumun vəzifəli şəxslərinə yönəlmişdir. İddiaçı Bakı Metropoliteni QSC-də əmək müqaviləsi ilə işləmişdir. İddiaçının dövlət qulluqçusu, hərbi qulluqçu və ya xüsusi rütbəli şəxs statusunun olması müəyyən edilmir. Cavabdehin hazırda mübahisələndirilən əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsinin məzmunundan məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti əmək münasibətlərindən yaranmış mübahisə ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Belə ki, iddiaçı məktəb müəllimi işləməklə “Dövlət qulluğu haqqında” Qanuna görə iddiaçı dövlət qulluqçusu hesab edilmir. Onun hazırda işlədiyi müəllim vəzifəsi “Dövlət qulluğu haqqında” Qanunda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. İddiaçı ilə cavabdeh (inzibati orqan olsa da) arasındakı münasibət işçi ilə işəgötürən arasında yaranan əmək münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinin “a”, “b” və “k” bəndlərinin tələbinə əsasən, bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi; 289-cu maddəsinə əsasən, fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir; 294-cü müddəsinin birinci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır; 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Sadalanan normalarına tələblərinə əsasən, işəgötürən və işçi (qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxs) arasında yaranan fərdi əmək mübahisələri mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı iddiaçının dinlənilmə hüququn təmin edilməsi və müvafiq hüquqi yardım edilməsi məsələsinə qiymət verərək qeyd edir ki, iddiaçı elektron kabinetə malikdir və iş üzrə aparılmış prosessual hərəkətlər barədə (məhkəmə iclasının təyin edilməsi və s.) iddiaçı tərəf məlumatlı olmuşdur. Bundan başqa məhkəmə iddiaçıya hüquqi yardımın edilməsi məsələsinə də hüquqi qiymət verərək qeyd edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iddianın predmeti və mübahisənin xarakteri mülki mübahisə olduğundan itələbində normada qeyd edilən aradan qaldırıla biləcək nöqsanlar ilə bağlı iddiaçı tərəfə hüquqi yardımın edilməsi zərurəti yoxdur. Odur ki, məhkəmə iddiaçının iştirakının təmin edilməsi, məhkəmə iclasının təxirə salınmasına zərurət görmür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-18795/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18795/2025
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver