Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18796/2025 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Vahid oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanunsuz olaraq kəsilmiş əmək pensiyamın bərpa olunaraq hər ay verilməsi, verilən sosial müavinətdən hər ay qanunsuz tutulan pul məbləğinin dayandırılması və əmək pensiyasından tutulan pul vəsaitinin geri qaytarılması vəzifəsinin Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi kimi dəyişdirillməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İddiaçının 7 il iş stajı vardır. Həmçinin iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixə kimi xəstə qaynanası X3 və xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi isə anası X2 baxmışdır. Onların hər ikisi yaşlı və qulluğa ehtiyacı olan yaşlı xəstə insanlar olub. İdiaçının onlara baxmağı da iş stajına daxil olmalı olduğu halda iş stajına daxil etmirlər. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə pensiya təyin olunub. İddiaçının pensiyaya tez çıxmasının səbəbi üç uşağının olmasıdır. Lakin iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixdən dayandırılmışdır, həmçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, hazırki iş üzrə xx.xx.2025-ci tarixində M.X7 müraciət edərək, ona əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasının bərpa edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17- 1/2-B-262124/2025 nömrəli məktuba əsasən, İddiaçı yaşa görə əmək pensiyasının bərpa edilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciet edərək, yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X1 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir: Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlet sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 1.0.10cu maddəsinə əsasən, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Belə ki, qanununun 22-1.1-ci maddəsinə əsasən, İddiaçı xx.xx.2019- cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.5-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dək "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Lakin, Mərkəzi Filialın mütəxəssislərinin xidməti araşdırmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixineədək yaşa görə sosial müavinət almağına baxmayaraq, xx.xx.2019-cu il tarixində Qanunun 22- 1.5-ci maddəsinin tələbləri pozularaq ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixinden xx.xx.2024-cü il tarixinədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Eyni zamanda, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, İddiaçı xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.8-ci yarımbəndinə əsasən, ahıllara qulluq etmə müddəti patronajın təyin edilməsi barədə qərara və qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə, qulluqolunan vəfat etmişdirsə bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən, X5 və X4 vəfat etdikləri üçün onlara qulluq edilməsi faktı məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra İddiaçı qulluq dövrünün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Yuxarıda qeyd edilən halları, qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirik ki, İddiaçı yaşa görə əmək pensiyası bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək yaşa görə sosial müavinət almağınıza baxmayaraq, xx.xx.2019-cu il tarixində Qanunun 22-1.5-ci maddəsinin tələbləri pozularaq sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən sizə təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021 -ci il tarixindən xx.xx.2024-cü il tarixinədək sizə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci yarımbəndinə əsasən ahıllara qulluq etmə müddəti patronajın təyin edilməsi barədə qərara və qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə, qulluqolunan vəfat etmişdirsə bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndin tələblərinə əsasən X5 və X4 vəfat etdikləri üçün onlara qulluq edilməsi faktı məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra qulluq dövrünün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən kmissiyasının xx.xx.2019-cu il tarixli 950 nömrəli Qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, vətəndaşa xx.xx.2014-cü il tarixinən sosial müavinət təyin olunmuşdur. Həmçinin vətəndaşa xx.xx.2019-cu il tarixindən qanunun 22-1-ci maddəsinə əsasən yaşa görə pensiya təyin edilmişdir. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən vətəndaşın pensiyası ləğv edilir və 11039,49 manat artıq vermə müəyyən olunmuşdur. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, vətəndaşa xx.xx.2014-cü il tarixinən sosial müavinət təyin olunmuşdur. Həmçinin vətəndaşa xx.xx.2019-cu il tarixindən qanunun 22-1-ci maddəsinə əsasən yaşa görə pensiya təyin edilmişdir. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən vətəndaşın pensiyası ləğv edilir və 11039,49 manat artıq vermə müəyyən olunmuşdur. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2025ci il tarixli 3-17-1/1-B-238706/2025 nömrəli Qərarı iş materiallarına əlavə olunmuşdur. İddiaçı məxsus pensiya işi iş materiallarına əlavə edilmişdir. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.
55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”. Məhkəmə qeyd edir ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Eyni zamanda müvafiq inzibati icraat qanunvericiliyin müddətlə bağlı tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi imperativ xarakterli olmaqla müəyyən etmişdir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə nəzərə alır ki, şəxsə münasibətdə əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır. Hazırki iş üzrə iddiaçıya münasibətdə müvafiq əsaslardan hər hansı müəyyən edilmir. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Məhkəmə işin faktiki hallarına əsasən müəyyən edir ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli 950 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. Cavabdeh Dövət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli eyni mahiyyətli qərarlar əsasında iddiaçının əmək pensiyası ləğv edilərək artıq ödənilmiş pensiya məbləğinin tutulması qərara alınmışdır. . Nəticədə cavabdeh inzibati orqan vətəndaşa münasibətdə əmək pensiyasının ləğv edilməsi və artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə qərar qəbul edərkən qanunvericilikdə əlverişli inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulmuş müddət tələbinə riayət etməmişdir və qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması iddiaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunmaması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına və vətəndaşın üzərinə həddindən artıq yük qoyulması ilə nəticələnə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qəraraaldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlar ləğv edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X12