Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18798/2025 12.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, İddiaçılar İddiaçı1,İddiaçı2, İddiaçı3, İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2026-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı3,İddiaçı1, İddiaçı2, İddiaçı4 (bundan sonra – iddiaçılar) Bakı şəhəri, Nərimanov rayonu,F.X.Xoyski 123 a ünvanında yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus olan yataqxanada yaşayırlar. Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək iddiaçıların Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanında yerləşən yataqxanada pasport qeydiyyatına alınmalarına etiraz etmədiyini bildirmişdir. Həmin yataqxana binası Birliyin balansında olan 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli,1143 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Korlar Cəmiyyətinin balansına verilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 həmin yataqxanaya pasport qeydiyyatına alınmaları üçün Bakı şəhər Nərimanov rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişlərr. Cavabdeh müraciəti təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş və iddiaçılara məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanında yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus olan yataqxanada qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar uzun illərdir yuxarıda göstərilən - yəni Bakı şəhəri, Nərimanov rayonu,F.X.Xoyski 123 a ünvanında yerləşən yataqxanada yaşayırlar. Vaxtaşırı onlardan yaşayış yeri haqqında sənəd tələb edilən zaman əziyyət çəkirlər. Dəfələrlə bu barədə müraciətləri nəticəsiz qalıb. Onlar cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə əzizə ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu,F.X.Xoyski 123 a ünvanına pasport qeydiyyatına alınmaq barədə müraciət etmişlər, lakin ərizələrinə müsbət cavab verilməmişdir. Cavabdehin imtinası əsassızdır, formal xarakter daşıyır və onların hüquqlarını pozur. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçılar Bakı şəhəri, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanında yaşayırlar. Həmin yataqxana 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli,1143 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Korlar Cəmiyyətinin balansına verilmişdir. İddiaçılar həmin yataqxanaya pasport qeydiyyatına alınmaq üçün cavabdehə müraciət etmişlər, cavabdeh iddiaçıların müraciətini təmin etməkdən imtina etmiş və nəticədə hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırkı işin hallarına əsasən iddiaçıların pasport qeydiyyatına alınmaq istədiyi yataqxana Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli,1143 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Korlar Cəmiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək iddiaçıların Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanında yerləşən yataqxanada pasport qeydiyyatına alınmalarına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz”. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. İş materiallarına əlavə olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış ərizəyə əsasən iddiaçıların sözü gedən ünvana pasport qeydiyyatına alınmalarına etiraz etmədiyini bildirdi. Həmçinin iş materiallarından müəyyən edilir ki, həmin ünvanda yerləşən digər yataqxana sakinləri (X1 və qeyriləri) cavabdeh İdarə tərəfindən pasport qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, vahid ünvan rekvizitlərinə malik olan həmin ünvan üzrə pasport qeydiyyatı aparıldığından, iddiaçıların göstərilən ünvana qeydiyyata alınmasından imtina edilməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Cavabdeh orqan eyni faktiki hallara malik şəxslərə münasibətdə fərqli davranaraq bərabərlik və etimad hüququnun tələblərini pozmuşdur. Ona görə də, yaşayış sahəsi verən şəxsin icazəsi (ərizəsi) olmaması əsası ilə cavabdehin imtinası əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı4 Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 123 a ünvanında yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus olan yataqxanaya pasport qeydiyyatına alınmaları öhdəliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-18798/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18798/2025
12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver