Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-188/2021 27.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Xətai rayonu, ev 34/13; ixtisası: orta təhsil; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. (hakim Z.Tağıyev) “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. 01.09.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin 10/1870 nömrəli 06.08.2020-ci il tarixli Ekspert rəyi məhkəməyə daxil olmuşdur. Məhkəmənin 06.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respubliasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 02.03.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 353 kv. metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin 25.05.2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən, ümumi sahəsi 353 kv.metr olan torpaq sahəsinə yerində müayinə aparılması qərara alınmışdır. 09.07.2021-ci il tarixli Yerində müayinə protokolundan görünür ki, yerində müayinə zamanı vizual olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının 49 nömrəli 05.03.1999-cu il tarixli sərəncamı, həmin sərəncama əlavə edilmiş cizgiyə uyğundur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 27.07.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Quruda neft və qazçıxarma istehsalat birliyi Boru Təmir Bazasının 03 mart 1999-cu il tarixli məktubunda qeyd olunur ki, vətəndaş İddiaçı (Bakı şəhəri, 8-ci zavod küçəsi, ev № 3, mənzil 34/13) tərəfindən müraciətini və yaşayış yerini darısqal, şəraitsizliyini nəzərə alaraq Boru təmir bazasının ərazisində bazaya lazımsız olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmasına etiraz etmirlər. İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə qəsəbədaxili ərazidə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının 49 saylı, 05 mart 1999-cu il tarixli sərəncamdan çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün Boru Təmiri Bazası yaxınlığında cizgidə göstərilən ərazidə 0,06 ha torpaq sahəsi ayrılıb. Lakin bu günə qədər torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan sonra müvafiq qaydada sənədləri toplayaraq, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 600 kv. metr olan torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı 29.04.2019- cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 19.06.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18.10.1999-cu il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” 27.02.2001-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün verilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci cümləsinə əsasən xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Həmin Məcəllənin 20-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlar müvafiq icra hakimiyyəti orqanının tərtib etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (mərkəzi və yerli icra hakimiyyəti orqanları) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (maddə 8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunla müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və istifadəyə verilməsi barədə qəbul olunmuş aktlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən, ümumi sahəsi 353 kv.metr olan torpaq sahəsinin qanuni istifadəçisi kimi yuxarıda qeyd edilən müvafiq qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsi isə, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının 49 nömrəli 05.03.1999-cu il tarixli sərəncamından çıxarışla təsdiq olunur. İş materiallarından görünür ki, Dövlət Arxivinin Bakı Filialı məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının 49 nömrəli 05.03.1999-cu il tarixli sərəncamından çıxarış və həmin sərəncama əlavə edilmiş cizgini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 49 nömrəli 05.03.1999-cu il tarixli sərəncama əsasən 8-ci Zavod küçəsi, ev 3, mənzil 34.13-də yaşayan X1, Boru Təmiri bazası yaxınlığında cizgidə göstərilən sahədə 0,04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan öz imtinasının onunla əsaslandırmışdır ki, torpaq sahəsinin sərhədləri tam hasarlanmamış və yerləşmə cizgisində göstərilən torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin ölçüsü arxiv arayışı ilə uyğun gəlmir və ata adında fərq var. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, yerləşmə cizgisində göstərilən torpaq sahəsinin konfiqurasiyası ilə faktiki vəziyyət arasında uyğunsuzluğu iddiaçının iradəsindən irəli gələn hal deyil və bunun aradan qaldırılması cavabdehin özünün səlahiyyətləri daxilindədir. Belə hal, habelə torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması da hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı vizual olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının 49 nömrəli 05.03.1999-cu il tarixli sərəncamı, həmin sərəncama əlavə edilmiş cizgiyə uyğun olması müəyyən edilmişdir. Sərəncamda iddiaçının ata adının düzgün göstərilməməsi isə iddiaçının təqsiri olmadığından, bu hal da imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı İddiaçı Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən, ümumi sahəsi 353 kv.metr olan torpaq sahəsinin qanuni istifadəçisi kimi yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” 49 nömrəli 05.03.1999-cu il tarixli sərəncamı ilə iddiaçının adına torpaq sahəsinin ayrıldığını, həmin sərəncamın hazırda qüvvədə olduğunu, torpaq sahəsinin yerləşmə cizgisinin icra hakimiyyəti tərəfindən təsdiq edildiyini, imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasların olmadığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 353 kv. metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, Boru-Təmiri bazası yaxınlığında yerləşən və ümumi sahəsi 353 kv. metr olan torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-188/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-188/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver