Məhkəmə qərarları › İş №2-1(112)-188/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-188/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-188/2023 28.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi ziyana görə kompensasiyanın cavabdehdən tutulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi ziyana görə kompensasiyanın cavabdehdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini göstərmişdir. Son dövrlər koronavirus (COVİD-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri də artmaqdadır. Azərbaycan Respublikasında koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərir. Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunmuşdur. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir. Eyni zamanda, özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkənin dayanıqlı inkişafının və cəmiyyətin rifahının qorunması üçün önəmlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini müəyyən etmişdir. Həmin qərara əsasən şərtlər və qaydalar müəyyən edilmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdəfəlik ödəmənin alınması məqsədi ilə işsiz kimi qeydiyyata düşmüşdür. Bir müddətdən sonra ona SMS vasitəsi ilə cavab verərək bildirilmişdir ki, “arvadı barədə təhrif olunmuş məlumat təqdim etdiyindən, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina olunmuşdur”. İddiaçı subaydır. Məhkəmə qətnaməsi ilə 2015-ci il tarixdə onun nikahı pozulmuşdur. Bu məsələyə aydınlıq gətirmək üçün iddiaçı Məşqulluq Mərkəzinə müraciət etmişdir. Oradan da ona bildirilmişdir ki, “nikah pozulmuş hesab edilmir, ona görə ki, nikahın pozulması haqda şəhadətnamə alınmamışdır”. Bunda sonra iddiaçı nikahın pozulması haqda şəhadətnamə almış və yenidən cavabdehə müraciət etmişdir. Lakin cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin belə qanuna zidd mövqeyi öz konservativ maraqlarını təmin etmək, maddi maraqlar güdmək, həmçinin imkanları məhdud olan vətəndaşları imtiyazlardan məhrum etmək, onlara 190 manat birdəfəlik ödəmə verilməsindən məhrum etmək məqsədi daşıyır. Ailə Məcəlləsinin 23.1-ci maddəsinə görə nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə, bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Bir halda ki, iddaçının nikahı məhkəmə qaydasında pozulubsa, məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. İddiaçı yuxarıda göstərilən ünvanda qalır, gəliri yoxdur, mülkiyyətində torpaq, avtomobil yoxdur, hec bir yerdə işləmir. Yalnız insanların köməyi ilə yaşayır. Müxtəlif orqanlara müraciət etsə də, nəticə olmamışdır. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 2-ci bəndinin 3-cü hissəsi birdəfəlik ödəmə verilməsindən imtina olunmalı olan şəxslərin kateqoriyasını müəyyən etmişdir. Həmin normaya görə dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2) əmək pensiyaçılarına; 3) aylıq müavinət alanlara; 4) aylıq təqaüd alanlara; 5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 6) işsizlikdən sığorta ödənişi alanlara; 7) peşə hazırlığına görə təqaüd alanlara; 8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 10) əri və ya arvadı yuxarıda qeyd edilən ödəniş alan şəxslərə. Belə olan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçının müraciəti ilə bağlı imtinası qanunsuzdur. Bundan başqa, iddiaçı bu Qaydaların 2-ci bəndinin 3-cü hissəsində nəzərdə tutulan hər hansı ödənişi də almır. Ona verilmiş cavab həqiqətə uyğun deyil və Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 saylı qərarına ziddir. Eyni zamanda, belə vəziyyət onun (iddiaçının) mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 4.000 manat dəyərləndirir.Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 7, 38, 71-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə, İPM-in 2-ci maddəsinə və digər normalara əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin imtinasının qanunsuz hesab edilməsi, Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya (İddiaçı) xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi cavabdehin üzərinə öhdəlik qoyulması və cavabdehdən iddiaçıya vurulmuş mənəvi ziyana görə 4.000 manat məbləğində pul vəsaiti tutularaq ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinasının əsassız hesab edilməsi, sözügedən birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi zərərə görə 4.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi ilə bağlı qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir: Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən «Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» 19 mart 2020-ci il tarixdə 1950 nömrəli Sərəncam qəbul edilmişdir. Həmin Sərəncamın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı ilə «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»na uyğun olaraq, «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə qeydiyyat tarixindən asılı olaraq təyin olunur və ödənilir. İddiaçı 190 manat birdəfəlik ödəmə ilə bağlı online müraciət edərkən müraciət formasının həyat yoldaşının fərdi identifikasiya nömrəsi bölməsində sözlə “subay” məlumatını qeyd etdiyi üçün, həmin məlumat əsasında elektron informasiya sistemlərində zəruri məlumatların müəyyənləşdirilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı ərizəsində evli olmadığını, nikahın 2015-ci ildə xitam edilməsini, yalnız məşğulluq mərkəzinə müraciəti əsasında verilmiş məlumatdan sonra nikahın pozulmasına dair şəhadətnamə almasını qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 5.9-cu bəndinə əsasən məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır: (5.9.1) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. Ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir; (5.9.2) məhkəmənin qətnaməsinə əsasən ər (arvad) nikahın pozulmasının qeyd edilməsi haqqında ərizə verdikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi digər tərəfin ərizəsi üzrə həmin Qeydiyyat şöbəsi və konsulluq idarəsində əvvəllər nikahın pozulması barədə akt qeydinin olub-olmamasını yoxlayır. Əgər nikahın pozulmasının dövlət qeydiyyatı aparılıbsa, nikahın pozulması haqqında akt qeydinə çatışmayan məlumatlar əlavə edilir, nikahın pozulması haqqında akt qeydinin ikinci nüsxəsi saxlanılan Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə bu barədə bildirilir. Müraciət etmiş tərəfə nikahın pozulması haqqında şəhadətnamə verilir, orada nikahın pozulması haqqında birinci tərəfə verilmiş şəhadətnamədəki tarix göstərilir. Yuxarıda qeyd edilənlərə əsasən, nikahın pozulması faktı 190 manat oirdəfəlik ödəmə tarixinə qeydə alınmadığından, həmçinin online müraciət formasında həyat yoldaşı bölməsində səhv məlumat qeyd edildiyindən Qaydanın 2.3.9-cu yarımbəndində nəzərdə tutulmuş əsasları müəyyən etmək mümkün olmamış, bu səbəbdən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Belə ki, Qaydanın 2.3.9-cu yarımbəndinə əsasən əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MElS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara birdəfəlik ödəmə verilmir. Qaydanın 3-cü hissəsinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində (MAS-da) oirdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin sözügedən Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların nformasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla yoxlanılır. Göstərilənləri nəzərə alaraq, İPM-in tələblərinə uyğun olaraq İddiaçı “koronavirus (COVİD- 19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsindən cavabdehin imtinasının əsassız hesab edilməsi, sözügedən birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş mənəvi zərərə görə 4.000 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi” barədə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3970/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ona işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödənişin xüsusi karantin rejimi tətbiq olunduğu dövr üzrə ödənilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2494/2021 saylı 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3970/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda məhkəmə kollegiyası aşağıdakıları vurğulamışdır: Birinci instansiya məhkəməsinin qərarda qeyd olunan mövqeyindən belə anlaşılır ki, cavabdeh orqan mübahisələndirilən birdəfəlik ödəmənin verilməsində prosessual qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələn diskression səlahiyyətlərə malikdir. Halbuki, məhkəmənin məhkəmənin istinad etdiyi maddi hüquq normalarından görünür ki, işsiz statusunun qanunvericiliklə müəyyən edilən əsasları və pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə birdəfəlik ödəmənin verilməsinin konkret halları və şərtləri aydın şəkildə sadalanmış və bu zaman inzibati orqanın diskressionluq səlahiyyətə malik olduğu müəyyən edilməmişdir. Cavabdehin iş materiallarına əlavə edilmiş “SMS” imtinasında və iddia ərizəsinə dair etirazında iddiaçının müraciəti ilə bağlı hüquqi mövqeyini aydın şəkildə ifadə edərək hesab edir ki, onun tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina olunması qanuni və əsaslıdır, iddia rədd edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçının tələbində haqlı olub-olmadığının müəyyən edilməsi üçün işdə kifayət qədər sübutlar da mövcuddur. Lakin birinci instansiya məhkəməsi həmin sübutlar araşdırılmamış, onların hüquqi qiymətləndirilməsi aparılmamış, məsələnin həll edilməsi üçün yenidən inzibati qaydada araşdırma aparılmasını cavabdehə həvalə etməkdə qərarlı olmuşdur. Halbuki, sübutları araşdırmaq, lazım gəldikdə iş üçün əhəmiyyət kəsb edən əlavə sübutlar toplamaq, onlara hüquqi qiymət vermək və yaranmış daxili inam əsasında qərar qəbul etmək məhkəmənin İPM-in 12.1, 58.7 və 68.1-ci maddələri ilə müəyyən olunan vəzifəsidir. Onu da qeyd etmək lazımdır ki, prosessual qənaət prinsipi baxımından, məhkəmə qeyd olunan mövqeyini işə mahiyyəti üzrə baxılması çərçivəsində aralıq qərardadı ilə həyata keçirmək imkanına malik olmuşdur. Ən azından qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində kifayət qədər oxşar işlərə mahiyyəti üzrə baxılıb müvafiq qərarlar da qəbul edilmişdir. Göstərilənlər baxımından, konkret halda birinci instansiya məhkəməsinin iddiaçının birdəfəlik ödəmənin verilməsi barədə müraciəti ilə əlaqədar inzibati araşdırmanı aparılması və müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə gəldiyi nəticəni işdə olan sübutlara və prosessual hüquq normalarına uyğun nəticə qiymətləndirilməsi istisna edilir. Tələbin mənəvi ziyanla bağlı hissəsinə gəldikdə isə, iddiaçının həmin tələbi, iddianın birinci hissəsindən irəli gələn, yəni iş üzrə sübutların araşdırılıb onlara hüquqi qiymət verilməsindən sonra, maddi hüquq normalarının tələbləri və məhkəmə praktikasına uyğun qaydada münasibət bildirilməli olan bir məsələdir. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madadaəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi və «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərar qəbul etmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nda nəzərdə tutulmuşdur ki: - (1.1-ci bənd) Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; - (1.2-ci bənd) Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; - (1.3-cü bənd) Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; - (1.4-cü bənd) Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; - (2.1-ci bənd) Birdəfəlik ödəmə «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; - (2.3-cü bənd) Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: (2.3.1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, (2.3.2) əmək pensiyaçılarına, (2.3.3) aylıq müavinət alanlara, (2.3.4) aylıq təqaüd alanlara, (2.3.5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə, (2.3.6) işsizlikdən sığorta ödənişi alanlara, (2.3.7) peşə hazırlığına görə təqaüd alanlara; (2.3.8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə, (2.3.9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara, (2.3.10) bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı, (2.3.11) mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara, (2.3.12) mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara, (2.3.13) birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara, (2.3.14) yaşı 18-dən aşağı olanlara, (2.3.15) AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara; - (2.4-cü bənd) Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən imtina etmişdir. Məhkəmə icraatında cavabdeh imtinası onunla əsaslandırmışdır ki, iddiaçı 190 manat birdəfəlik ödəmə ilə bağlı “online” müraciət edərkən müraciət formasının arvadının fərdi identifikasiya nölməsində sözlə “subay” məlumatını qeyd etmişdir və həmin məlumat əsasında da elektron informasiya sistemlərində zəruri məlumatların müəyyənləşdirilməsi mümkün olmamışdır. İddiaçı ərizəsində evli olmadığını, nikahın 2015-ci ildə xitam edilməsini, yalnız məşğulluq mərkəzinə müraciəti əsasında verilmiş məlumatdan sonra nikahın pozulmasına dair şəhadətnamə almasını qeyd etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3461/2015 saylı (iddiaçı X1 cavabdeh İddiaçı qarşı «nikahın ləğv edilməsi və aliment» tələbinə dair) iş üzrə 21 may 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı iddianı qismən etiraf etməsinin təsdiq edilməsi, iddiaçı X2 ilə cavabdeh İddiaçı arasında bağlanmış və 10 sentyabr 2013-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabındakı 1278 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahdan olan xx.xx.2008-ci il tarixdə doğulmuş X3 və xx.xx.2010-cu il tarixdə doğulmuş Aslanova Emilliya Ednan qızının anası X1 yanında qalmasının müəyyən edilməsi, İddiaçı onların yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 aprel 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində alimentin tutularq iddiaçıya verilməsi, ödənilməsi müəyyən edilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 27 may 2021-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iddiaçı X1 cavabdeh İddiaçı qarşı «nikahın ləğv edilməsi və aliment» tələbinə dair mülki iş üzrə 21 may 2015-ci il tarixli qətnaməsi 30 iyun 2015-ci il tarixdə qanuni qüvvə minmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı və X2 arasındakı nikaha xitam verilməsi barədə 28 iyul 2015-ci il tarixdə 235 nömrəli akt qeydi aparılmış və bu barədə 21 iyul 2020-ci il tarixdə AZ-İ seriyalı 358889 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23-cü maddəsinin tələblərinə görə hazırkı İddiaçı ilə X2 arasındakı nikaha müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi 30 iyun 2015-ci il tarixdən xitam verilmiş sayılır. Məhkəmə vurğulayır ki, «İnzibati icraat haqqında» Qanunun 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qeyd olunan normaların tələblərinin hazırkı işin faktiki hallarına tətbiqi belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqan müvafiq inzibati icraatı apararkən iş üçün əhəmiyyət kəsb edən, xüsusilə də maraqlı şəxs kimi iddiaçının xeyrinə olan halların araşdırılmasını, eləcə də iddiaçının (özünün və ya nümayəndəsi vasitəsilə) dinlənilməsini, məlumatlandırılmasını təmin etməmişdir. Halbuki, sadalalan nöqsanlı xüsusatlar mövcud olmadığı halda, inzibati icraat fərqli nəticə verərdi və ətraflı araşdırma ilə iddiaçının müvafiq aylıq birdəfəlik ödəmə almalı şəxslərin dairəsinə aid olması müəyyən edilir. Məhkəmə icraatında həmçinin cavabdeh tərəfindən iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halların mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin veriməsindən cavabdehin imtinası qanunvericuliyin, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 21, 24-cü maddələrinin tələblərinə zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia «cavabdehin imtinasının qanunsuz sayılması, karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq pul vəsaitinin birdəfəlik ödənilməsi» hissəsində əsaslıdır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçının digər – “dəymiş ziyanın ödənilməsi” tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş ziyana görə 40.000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı iddianı qaldırmamışda əvvəl cavabdehə müraciət etmişdirş Hazırkı məhkəmə icraatında ona birdəfəlik ödəmənin verilməsindən imtina qanunsuz sayılsa da, iddiaçı ona dəymiş maddi ziyanın konkret nədə ifadə olunması ilə bağlı hər hansı arqument və dəlil bildirməmişŞ eləcə də sübut təqdim etməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddia həmin hissədə əsassızdır. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası qanunsuz sayılmalı və İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin imtinası qanunsuz sayılsın. İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar