Məhkəmə qərarları › İş №2-1(112)-1881/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1881/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1881/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (mütəxəssis, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 01.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Ərizə təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü il tarixdə Şəki şəhərində anadan olmuş, orta məktəbi bitirdikdən sonra 01.09.1969-cu il tarixən 01.09.1970-ci il tarixədək Şəki 43 saylı texniki peşə məktəbində tarktorçu maşinist ixtisası üzrə tam kursu bitirmiş, 07.11.1972-ci il tarixdən 06.11.1974-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 12.06.1975-ci il tarixdən 12.06.1979-cu il tarixədək Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda kolxozçu işləmiş, 24.12.1979-cu il tarixdən Şəki “İliçin xatirəsi” bağçılığında memirator vəzifəsinə təyin edilmiş, 09.12.1985-ci il tarixdən ərizəsinə əsasən Şəki “İliçin xatirəsi” bağçılığından işdən azad edilmiş, 20.03.1985-ci il tarixdən 20.03.1997-ci il tarixədək kolxozda kolxozçu işləmişdir. Bu fakt iddiaçıya məxsus diplomla, hərbi biletlə, əmək kitabçası və arxiv arayışı ilə tam təsdiqini tapır. İddiaçıya məxsus sənədlərdən görünür ki, ümumilikdə iddiaçının 26 ilə yaxın əmək stajı vardır. 2007-ci il tarixdən İİ qrup əlillik təyin edilmiş, 2021-ci il tarixdə əlilliyi kəsildiyindən, 01.04.2021-ci il tarixdən ona sosial pensiya təyin edilmişdir. Halbu ki, həmin vaxtdan iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməli idi. İddiaçı sənədlərini cavabdehə təqdim edərək, 01.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xalıiş etmişdir. Lakin sonuncu 03 iyul 2021-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, ümumi stajı 22 il 8 ay təşkil etdiyindən və pensiya təyin edilməsi üçün kapital olmadığından ona yaşa görə pensiya təyin edilməsindən imtina edilir. İddiaçı hesab edir ki, imtina tam əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 15 saylı regional ərazi filialına (Şəki) müraciət etmiş, lakin tələb olunan sosial sığorta stajı olmadığına görə müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, iddiaçı 1975-1979cu və 1985-1997-ci illərdə Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda və 1979- 1985-ci illərdə Şəki “İliçin xatirəsi” bağçılığında işlədiyini qeyd edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azəroaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İş materiallarına əsasən iddiaçının 01.09.1969-cu il tarixdən 01.09.1970-ci il tarixədək təhsil aldığı dövr (1 il), 24.12.1979-cu il tarixdən 09.12.1985-ci il tarixədək işlədiyi dövr (5 il 11 ay 15 gün) sosial sığorta stajına daxil edilmişdir. Şəki rayon Dövlət Arxivi tərəfindən verilmiş 342 nömrəli, 13.12.2021 -ci il tarixli arxiv arayışında göstərilən illərdə "Azərbaycan kolxozu”nda və “Şəki İliçin xatirəsi adına bağçılıq birliyi”ndə müəyyən edilmiş minumum əmək iştirakı normasının kişilər üçün 220 olduğunu nəzərə alaraq iddiaçının arxiv arayışında göstərilən illər əsasında müəyyən olunan sosial sığorta stajı aşağıdakı qaydada hesablanmışdır: 1975-1978-ci illər üzrə 4 il, 1986-1996-cı illər üzrə 11 il, digər illər üzrə isə 9 ay olmaqla ümumilikdə 15 il 9 ay. Həmçinin iddiaçının sığorta stajına uyğun olaraq pensiya kapitalı 17268.73 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manatdan pensiya kapitalından azdır. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajı 22 il 08 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. İşdə olan Respublika X4 Filialının 19.05.2021-ci il tarixli 332 saylı arxiv arayışından görünür ki, İddiaçı Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda işləyərkən qazandığı 1970-ci il üzrə adam günü 14 gün, 1971-ci il üzrə adam günü 83 gün, 1972-ci il üzrə adam günü 80 gün, 1974-cü il üzrə adam günü 12 gün, 1975-ci il üzrə adam günü 298 gün, 1976-cı il üzrə adam günü 220 gün, 1977-ci il üzrə adam günü 233 gün, 1978-ci il üzrə adam günü 244 gün, 1979-cu il üzrə adam günü 118 gün, 1985-ci il üzrə adam günü 16 gün, 1986-cı il üzrə adam günü 245 gün, 1987-ci il üzrə adam günü 279 gün, 1988-ci il üzrə adam günü 307 gün, 1989-cu il üzrə adam günü 305 gün, 1990-cı il üzrə adam günü 306 gün, 1991-ci il üzrə adam günü 306 gün, 1992-ci il üzrə adam günü 308 gün, 1993-cü il üzrə adam günü 308 gün, 194-cü il üzrə adam günü 307 gün, 1995-ci il üzrə adam günü 309 gün, 1996-cı il üzrə adam günü 305 gün təşkil etmişdir. İşdə olan НЗ seriyalı ******* saylı Hərbi biletin surətindən görünür ki, iddiaçı 07.11.1972-ci il tarixdən 06.11.1974-cü il tarixədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan 31.08.1970-ci il tarixli 831 saylı Attestatın surətindən görünür ki, iddiaçı təhsil müddəti bir il olan Şəki 43 saylı şəhər texniki peşə məktəbini traktorçu maşinist sənəti üzrə bitirmişdir. İşdə olan BT seriyalı 052391 saylı Diplomun surətindən görünür ki, iddiaçı 1978-ci ildən 24.06.1981-ci ilədək Şəki kənd təsərrüfatı texnikumunu astronomluq ixtisası üzrə bitirmişdir. İşdə olan iddiaçıya məxsus 125 saylı Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, iddiaçı 12.06.1975-ci il tarixdən 12.06.1979-cu il tarixədək və 20.03.1985-ci il tarixdən 20.03.1997-ci il tarixədək Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda, 24.12.1979-cu il tarixdən 09.12.1985-ci il tarixədək Şəki “İliçin xatirəsi” bağçılıq müəssisəsində işləmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03.07.2021-ci il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 7-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, 07.06.1975-ci il tarixində tərtib olunmuş kolxozçunun əmək kitabçasının surətinə, X4 Filialının 19.05.2021 -ci il tarixli N°332 saylı arxiv arayışına, H3 seriyalı ******* saylı hərbi biletin, texniki peşə təhsili həqqında 831 saylı attestatın surətinə əsasən iddiaçının sığorta stajı 22 il 8 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda qeyd olunan sığorta stajına uyğun pensiya kapitalı 17268,73 manat olmaqla qanunvericilkə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilənəminimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtın hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə X4 Filialının verdiyi 19.05.2021-ci il tarixli 332 saylı arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda minimum əmək iştirakı norması 220 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1970ci il üzrə 14 gün, 1971-ci il üzrə 83 gün, 1972-ci il üzrə 80 gün, 1974-cü il üzrə 12 gün, 1975-ci il üzrə 298 gün, 1976-cı il üzrə 220 gün, 1977-ci il üzrə 233 gün, 1978-ci il üzrə 244 gün, 1979-cu il üzrə 118 gün, 1985-ci il üzrə 16 gün, 1986-cı il üzrə 245 gün, 1987-ci il üzrə 279 gün, 1988-ci il üzrə 307 gün, 1989-cu il üzrə 305 gün, 1990-cı il üzrə 306 gün, 1991-ci il üzrə 306 gün, 1992-ci il üzrə 308 gün, 1993-cü il üzrə 308 gün, 194-cü il üzrə 307 gün, 1995-ci il üzrə 309 gün, 1996-cı il üzrə 305 gün adam günü işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı normasından 1975-1978 və 1986-1996-cı illər üzrə artıq, 1970-1972, 1974, 1979 və 1985-ci illər üzrə az işləmişdir. Sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla hesablanmalı və 1 illik dövr üzrə tam əmək stajı nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Etirazın məzmunundan görünür ki, cavabdeh tərəfindən iddiaçının minimum əmək iştirakı normasından artıq işlədiyi 1975-1978 və 1986-1996-cı illər üzrə iddiaçının əmək stajına hesablanmaqla 1975-1978-ci illər üzrə 4 il, 1986-1996-cı illər üzrə 11 il müəyyən edilmişdir. İddiaçının 1970-1972, 1974, 1979 və 1985-ci illərdə faktiki işlədiyi müddətlər üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 1970-1972, 1974-ci illər üzrə - 189 (14+83+80+12) / 220 = 0,85 = 8 ay 5 gün, 1979 və 1985-ci illər üzrə - 134 (118+16) / 220 = 0,60 = 6 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1970-1972, 1974, 1979 və 1985-ci illərdə faktiki işlədiyi müddətlər üzrə aparılmış hesablama nəticəsində Şəki rayonu Qaradağlı kənd “Azərbaycan” kolxozunda ümumi olaraq 16 il 2 ay 5 gün (1 il 2 ay 5 gün + 4 il + 11 il) iş stajına malik olduğu müəyyən edilir. Beləliklə, iş materiallarına əsasən iddiaçının 01.09.1969-cu il tarixdən 01.09.1970-ci il tarixədək təhsil aldığı dövr (1 il), 24.12.1979-cu il tarixdən 09.12.1985-ci il tarixədək işlədiyi dövr (5 il 11 ay 15 gün), 1970-1979 və 1985-1996-cı illərdə işlədiyi dövr (16 il 2 ay 5 gün) sosial sığorta stajına daxildir ki, ümumilikdə iddiaçının sığorta stajı 23 il 1 ay 20 gün təşkil edir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması; İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması; İddiaçının pensiya kapitalı toplanmadığı təqdirdə isə ən azı 25 il sığorta stajı toplaması. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan qanunla müəyyən edilmiş pensiya yaşına çatsa da, tələb olunan pensiya kapitalına malik olmaması, eyni zamanda bu kapital toplanmadığı təqdirdə tələb olunan 25 il sığorta stajına qarşı 23 il 1 ay 20 gün sığorta stajına malik olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən iddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malik olmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar