Məhkəmə qərarları › İş №2-1(112)-1881/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1881/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1881/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X1, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət Baş İdarəsinin Kadrlar idarəsinin xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrinin ləğv edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Sərəncamda olduğu dövrdə xx.xx.2020-ci ildə belə bir əmr qəbul edilmişdir. Yaxın günlərdə iddiaçıya təyinat vərəqəsi verilmişdir. 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali hərbi məktəbin poliklinikasında lor həkim təyin edilmiş, işlədiyi müddət ərzində heç bir töhməti, nöqsanı olmamışdır. İşinə vicdanla yanaşmış, sərəncamda olduğu dövrdə belə bir əsassız əmr qəbul edilmişdir. Müdafiə Nazirliyinə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində, 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali hərbi məktəbin poliklinikasında lor həkim təyin edildiyini, işlədiyi müddət ərzində heç bir töhmətinin və nöqsanının olmadığını, işə vicdanla yanaşdığını göstərərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət Baş İdarəsinin Kadrlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 0541 nömrəli əmrin ləğv edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Tibb xidməti kapitanı İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildiyinə görə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2022-ci il tarixli 0541 nömrəli əmrilə həqiqi həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq qeydiyyat üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə göndərilmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdilər və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)- 43/2019 nömrəli qərarından görünür ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(098)-187/2018 nömrəli hökmü ilə xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələri ilə təqsirli bilinməsi və 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 341.2.1 və 341.2.3 maddələri ilə təqsirli bilinməsi və 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi qərara alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1- 1(104)-43/2019 nömrəli qərarından görünür ki, İddiaçı təqsirli biliindiyi AR CM-nin 133.2.1ci, 133.2.3-cü, 133.2.4-cü maddələri 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 341.2.1 və 341.2.3 maddələrinə AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən İddiaçı 18 iyun 2017-ci il tarixdən 20 iyun 2017-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 3 (üç) gün bir günə bir gün hesablanmaqla cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) 2 (ay) 27 (iyirmi yeddi gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. -Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin 12 may 2021-ci il tarixli təqdimatdan görünür ki, tibb xidməti kapitanı İddiaçı xx.xx.2020-ci il tarixdən, tibb xidməti baş leytenantı, tibb xidməti kapitanı hərbi hissədə müvafiq vəzifəyə təyin olunması üçün təqdim olunmuşdur. -11 may 2022-ci il tarixli söhbət vərəqəsindən görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar İddiaçıla xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissədə söhbət aparılmış, onun cavab və mülahizələri öyrənilmişdir. Söhbət vərəqəsi iddiaçı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən imzalanmışdır. -Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi tərəfindən verilən 12 may 2022-ci il tarixli təqdimatdan görünür ki, tibb xidməti kapitanı İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin poliklinikasının lor həkimidir, 29 may 2020-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. G.X8 adına Azərbaycan Ali Hərbi Məktəbində xidmət etdiyi dövrdə özünü müsbət cəhətdən tanıtmağa çalışmışdır, xəstələrə təxirəsalınmaz tibbi yardım göstərməyə çalışır. Zabit heyətinin genişləndirilmiş tibbi müayinəsininin aparılmasında iştirak edir, ehtiyacı olanları dispanser-dinamik müşahidəyə götürür və onlara təyin olunmuş müalicəprofilaktika tədbirlərinin yerinə yetirilməsinə nəzarət edir. G.X3 Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının 71 Az №li arayışına əsasən xx.xx.2019-cu il tarixdə cəzası bitdiyi üçün həbsdən azad edilmişdir. Göstərilənlərə əsasən İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edilmişdir. Qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı Silahlı Qüvvələrdə xidmət illəri təqvim ilə 15 il 09 ay 01 gün, güzəştlə 08 il 00 ay 05 gün, ümumi 23 il 09 ay 06 gün təşkil edir. Nəticə: Xidməti uyğunsuzluğa görə həqiqi hərbi ximətdən ehtiyata buraxılması barədə vəsatət qaldırıram. -AR Müdafiə Nazirliyinin MHHK-nın xx.xx.2022-ci il tarixli 7843 nömrəli arayışından görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Heydər Əliyev aına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 1459 nömrəli göndərişi ilə xx.xx.2022-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №li qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” İİİ qrafasına əsasən hərbi xidmətə yararlıdır. Diaqnoz: sol supraspinatus vətərinin hissəvi yırtığı Glenoid labrumun hissəvi zədələnməsi. Akromioklavikulyar oynağın ilkin mərhələ degenerasiyası. Boyun fəqərələrinin ilkin mərhələ osteoxondrozu. Sol böyrəyin mikrolitləri. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. -Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2022-ci il tarixli 0541 nömrəli əmrindən görünür ki, Heydər Əliyev adına Hərbi Məktəbin Poliklinikasının həkimi-lor, tibb xidməti kapitanı İddiaçı “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutu tərəfindən verilən 18 iyul 2022-ci il tarixli 814 №li təyinat vərəqindən görünür ki, tibb xidməti kapitanı İddiaçı Müdafiə nazirinin 0541 №li 30 iyun 2022-ci il tarixli əmrindən çıxarışa əsasən 18 iyul 2022-ci il tarixdə SHXÇDX-nin Nəsimi rayon İdarəsi rəisinin sərəncamına qeydiyyata durmaq üçün 12 avqust 2022-ci il tarixədək qeydiyyata durması əmri verilmişdir. -Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən verilən 04 may 2021-ci il tarixli Təqdimatdan görünür ki, təqdimat, Tibb xidməti kapitanı İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin poliklinikasının lor həkimidir, 29 may 2020-ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinə əsasən başqa hərbi hissədə ixtisasına uyğun müvafiq vəzifəyə təyin olunması barədə vəsatət qaldırılmışdır. -İddiaçı ARMN-nin xx.xx.2022-ci il tarixli 0541 №li Əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdən H.Əliyev adına Hərbi İnstitutun şəxsi heyətin siyahısından çıxarılmışdır. Məhkəmə mübahisənin mahiyyəti ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0541 №-li əmrinin ləğv edilməsindən ibarətdir. İddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, mübahisələndirdiyi əmr onun barəsində başlanılmış cinayət işi üzrə sərəncama götürüldüyü və həmin cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin yekun qərarı üzrə təyin edilmiş cəzasını çəkdiyi müddətdə verilməmiş, cəza müddətini başa vurduqdan sonra sərəncamdan çıxarılaraq 2020-ci ilin iyun ayında H.Əliyev adına Ali hərbi məktəbin poliklinikasına lor həkim kimi xidmətə qəbul edildikdən və orada iki ilə yaxın müddət işlədikdən sonra verilmişdir. Hansı ki, sonuncu xidmət yerində işlədiyi müddət ərzində heç bir töhməti, nöqsanı olmamışdır. İşinə vicdanla yanaşmışdır, buna baxmayaraq 2022-ci ilin iyun ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasn xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Ona görə də hesab edir ki, əmrin ləğv edilməsi cavabdehə həvalə edilməlidir. Məhkəmə iddiaçının gətirdiyi dəlillərlə razılaşmır və gəldiyi qənaəti aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 03 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin: e) bəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Sadalanan müddəalardan göründüyü kimi, törədilmiş cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilən hərbi qulluqçuların "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata buraxılması qanunla birbaşa təsbit edilmişdir. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə təqdimat da onun Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının arayışına əsasən xx.xx.2019-cu il tarixdə cəzası bitdiyi üçün həbsdən azad edilməsi ilə əsaslandırılmış, qeyd olunanlar nəzərə alınaraq iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. Hazırkı iddiada işin mübahisələndirilməyən tərəfi odur ki, iddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1-1(104)-43/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1-ci, 133.2.3-cü, 133.2.4-cü, 341.2.1-ci və 341.2.3-cü maddələrinə əsasən 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının yuxarıda qeyd edilən dəlillərinə münasibətdə bildirir ki, nəzərə alınmalıdır ki, xidməti uyğunsuzluq, hərbi qulluqçunun bundan sonra hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğunu özündə ehtiva edir. Bu baxımdan, qərarın icrası barədə göstəriş daxil olduqdan dərhal sonra deyil, bir müddət keçdikdən sonra qeyd olunan əsasla xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması vəziyyəti iddiaçının xeyrinə dəyişmir və ona Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli əmrinin ləğvi üçün əsas vermir. Belə ki, yuxarıda vurğulandığı kimi, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilən hərbi qulluqçu kimi iddiaçı hərbi xidmətini davam etdirə bilməzdi. Belə olan halda, iddiaçının dəlilləri bəhsolunan əmrinin ləğvi üçün mütənasib əsas kimi çıxış etmir. Məhkəmə həmçinin iddiaçının ehtiyata buraxılması barədə əmrin əsaslandırılmaması haqqında dəlilə münasibətdə bildirir ki, bu hal belə əmrin ləğvi üçün əsas sayıla bilməz. Çünki, İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bu normanın tələbləri baxımından, inzibati aktın məzmununa dair tələblər inzibati orqanın qərarına təsir edəcək dərəcədə pozulduğu hallarda qərarın ləğvi mümkündür. Mübahisələndirilən əmrdə iddiaçının xidməti uyğunsuzluğuna dair sübutlar sadalanmasa da, bu sübutlar inzibati icraat materiallarına və baxılan inzibati iş materiallarına əlavə olunmuşdur. Belə ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün xx.xx.2022-ci il tarixli təqdimatda iddiaçının xidməti uyğunsuzluğunu təsdiq edən kifayət qədər faktların əksini tapdığı müəyyən edilmişdir. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti odur ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, 0541 nömrəli əmrin ləğv edilməsi üçün əsas yoxdur. Başqa sözlə mübahisələndirilən əmr yuxarıda istinad olunan qanunvericilik normalarının tələbləri baxımından qanuni olmuşdur. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar