Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1882/2020 30.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun (Bаkı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil) iştirаkı ilə, İddiaçı Vaqif oğlunun cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı ixtisasın tanınması və ekvivalentliyin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Vaqif oğlu cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Dağıstan Dövlət Universiteti”( Bakı filialı) tərəfindən verilmiş DİS ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu tam qanuni əsaslarla alındığından, qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2001-ci il tarixdə orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün sənədlərini Bakı şəhərində fəaliyyət göstərən Dağıstan Dövlət Universitetinin Bakı filialına təqdim etmiş və imtahanları uğurla keçərək həmin ali məktəbin “İqtisadiyyat” fakultəsinə qəbul olunmuşdur.Hazırki iddia ərizəsinə əlavə edilən tələbə biletinin təsdiq olunmuş surətindən də görünür ki, iddiaçı həqiqətən də 2001-ci il tarixdə əyani olaraq İqtisadiyyat fakultəsinə daxil olaraq, 4 illik təhsil müddəti ərzində təhsil kursunu uğurla keçmişdir.Bu səbəbdən də “Dağıstan Dövlət Universiteti”nin rektorunun xx xxxx 2006-cı il tarixli 1869-C saylı əmrindən çıxarışla iddiaçının ali təhsili başa vurması və diplomla təmin olunması qərara alınmışdır.İddia ərizəsinə əlavə edilən xx.xx.2006-cı il tarixli ******* nömrəli diplomdan da görünür ki, həqiqətən də İddiaçı “Maliyyə kredit” ixtisası üzrə iqtisadçı ixtisaslaşması verilmişdir.İddia ərizəsinə əlavə edilən xx xxxx 2006-cı il tarixli diploma əlavə də iddiaçının təhsil müddətini uğurla başa vurduğunu tam olaraq sübuta yetirir.Həm diplom, həm də ki, diploma əlavə Rusiya Federasiyasında apostil olunmuşdur. Bunun özü də hər iki sənədin həqiqi olduğunu sübuta yetirən haldır.Lakin, ötən ilin ortalarında iddiaçı sənədlərini hazırlayaraq, diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmiş və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir.Lakin, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən xx.xx.2018-ci il tarixli qərarda qeyd edilmişdir ki, X3 Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri mümkün olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il larixli, 64 savlı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalar”ının 3.7-ci bəndinə əsasən iddiaçının diplom üzrə aldığı ixtisasın tanınması mümkün hesab edilməmişdir.Cavabdeh inzibati orqanın bu qərarının ötən ilin ortalarında çıxarılmasına baxmayaraq, iddiaçıya bu barədə heç bir məlumat verilməmişdir.İddiaçı bu barədə təkrar ərizə ilə müraciət etdikdən sonra xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqandan əldə etdiyi Ə-659/03-ANİ saylı məktubla məlumatlandırılmışdır.Lakin, iddiaçı inzibati orqanın bu cavabı ilə razı deyildir.Cavabdeh inzibati orqanın qərarı ən əvvəl ona görə qanunsuzdur ki, iddiaçının əyani təhsil aldığı təhsil müəssisəsi “Dağıstan Dövlət Universitetinin Bakı filialı” olduğu üçün iddiaçı da məhz Bakı şəhərində təhsil almış, bu səbəbdən də ölkəmizi tərk etməyə zərurət olmamışdır. Həmçinin Təhsil Nazirliyi təqdim edilən sənədləri araşdırarkən o halı nəzərə almamışdır ki, diplom Rusiyada Federasiyası tərəfindən apostil olunmuşdur. Bunun özü də diplomun rəsmi olduğunu, Rusiya Federasiyasının həmin sənədi tanıdığını və legitim olduğunu göstərir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə iddiaya dair etirazının bildirilməsi cavabdehdən tələb edilsə də cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir.Odur ki, məhkəmə cavabdehin iştirakı olmadan işə baxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin vəkil və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçının tələbə biletinə əsasən iddiaçı 2001-2004-cü illərdə Dağıstan Dövlət Universitetinin tələbəsi olmuşdur. 3836 qeydiyyat nömrəli bakalavr diplomuna əsasən iddiaçı 2006-cı ildə maliyyyə və kredit ixtisası üzrə Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetini bitirmişdir və ona iqtisadçı ixtisaslaşması verilmişdir. Həmin diplom X7 və təhsil nazirliyi Elm və təhsil sahəsində nəzarət üzrə federal xidmət tərəfindən apostil olunmuşdur. Dağıstan Dövlət Universitetinin 3836 qeydiyyat nömrəli bakalavr diplomunun əlavəsinə əsasən həmin universitetdə iddiaçının təhsil aldığı fənnlərin siyahısı və akademik saatların miqdarı göstərilmişdir və qeyd edilən sənəd də X7 və təhsil nazirliyi Elm və təhsil sahəsində nəzarət üzrə federal xidmət tərəfindən apostil olunmuşdur. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bldirilmişdir ki, xx.xx.2018-ci il tarixli elektron müraciətin nəticəsi barədə iddiaçıya xx.xx.2018-ci ildə elektron xidmət vasitəsilə məlumat verilmişdir, həmin məktubun əlavəsinə əsasən iddiaçıya bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddətdə olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək mümkün olmadığından iddiaçıya Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş DİS ******* nömrəli, xx.xx.2006-cı il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin 2398/4-489-2006 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən həmin iş üzrə iddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin iddiasına əsasən cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılsa da məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalı və həmin şəxslərə təhsillərini davam etdirmələri üçün şərait yaradılmalıddır, bundan başqa həmin təhsil müəssisəsində qətnamə qəbul olunana qədər təhsil alıb və bu barədə müvafiq sənəd almış tələblərin təhsil sənədlərinin etibarsız hesab edilməsi qanunauyğun hesab edilmir, bu əsasla məhkəmə iddianı Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətə başladığı gündən qətnamə qəbul edilən dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsi hissəsində təmin etməmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı X3 Dövlət Universitetinin Bakı şəhərində yerləşən Ə.Əliyev adına filialında 2001-2004-cü illərində təhsil almışdır və ona iqtisadiyyat ixtisası verilməsi barədə Dağıstan Dövlət Universitetinin 3836 qeydiyyat nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçının iddiası ilə bağlı məhkəmə ilkin olaraq onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 6-cı maddəsinə əsasən dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafıq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifıkasiyaya uyğun olaraq tanınır. İşin faktiki hallarına əsasən iddiaçıya Rusiya Federasiyasının ali təhsil müəssisəsi tərəfindən verilmiş diplom X7 və təhsil nazirliyi Elm və təhsil sahəsində nəzarət üzrə federal xidməti tərəfindən apostil edilmişdir. Belə olan halda “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin tələblərinə görə iddiaçı əyani şəkildə təhsil aldığı, təhsili verən təhsil müəssisəsində əyani təhsil müddəti 4 ildən az olmadığı, həmin diplom Rusiya Federasiyasının ərazisində səlahiyyətli orqan tərəfindən təsdiq edildiyi üçün iddiaçının həmin diplom üzrə peşə hazırlığı Azərbaycan Respublikasında tanınmalıdır. X4 Dağıstan Dövlət Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin mümkün olmaması barədə cavabdehin imtinasında göstərilənlərə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialında təhsil almışdır və həmin filial Bakı şəhərində yerləşdiyi üçün X4nın ərazisinə getməsinə ehtiyac və zərurət omamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Məhkəmə onu da qeyd edir ki, X5 Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti qanuni qüvvəyə minmş məhkəmə qətnaməsinə əsasən dayandırılsa da məhkəmə tərəfindən həmin filialın fəaliyyət göstərdiyi müddətdə verdiyi təhsil və sənədlər qanunauyğun hesab edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi ilə bağlı hərəkətləri Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının imzaladığı beynəlxalq müqaviləyə zidd olmuşdur. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «X6 Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən X6 Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə, toplanmış sübutlara məcmu qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçı İddiaçı “Dağıstan Dövlət Universiteti”( Bakı filialı) tərəfindən verilmiş DİS № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisasının tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması vəzifəsi cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı “Dağıstan Dövlət Universiteti” ( Bakı filialı) tərəfindən verilmiş DİS ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1882/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1882/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver