Məhkəmə qərarları › İş №2-1(112)-1882/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1882/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1882/2021 17.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının ƏDV sub-uşot hesabında yaranmış maneənin aradan qaldırılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X8” MMC Cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının ƏDV sub-uşot hesabında yaranmış maneənin aradan qaldırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 2011-ci ildən neft məhsullarının topdansatışı fəaliyyəti ilə məşğul olmaqla həmişə vergi öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmiş, qanunvericiliyin tələblərini hər hansı formada pozmamışdır. O, “xxxx” QSC-dən neft məhsullarını alaraq, yanacaqdoldurma stansiyalarına satmaqla məşğul olmuş, 9 il ərzində fəaliyyətində hesablaşma qaydalarına əməl etmiş, bütün hesablaşmalar AR Vergi Məcəlləsinin tələblərinə və AR Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»na uyğun olaraq aparılmışdır. MMC-nin X1 ƏDV depozit hesabı olmuş, bu hesab cavabdeh Dövlət Vergi Xidməti tərəfindən sub-uçot hesabı vasitəsi ilə idarə edilmişdir. Cəmiyyət İnternet Vergi İdarəsi Sistemi vasitəsi ilə elektron qaydada aldığı malın ƏDV-siz dəyərini həmin malı təqdim edən şəxsin – “xxxx” QSC-nin hesabına, ƏDV-nin məbləğini isə ƏDVnin depozit hesabına köçürmüş, Cəmiyyət aldığı malı satan zamanda da satdığı malın ƏDV-siz dəyəri alıcı tərəfindən Cəmiyyətin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülmüşdür. ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsinə isə cavabdeh tərəfindən nəzarət edilir. Cəmiyyət öz fəaliyyətində bu vaxta qədər heç bir problemlə üzləşməsə də, 18 mart 2020-ci ildən Cəmiyyətin ƏDV sub-uçot hesabından istifadəsi məhdudlaşmışdır. Belə ki, MMC hər hansısa bir vergi ödəyicisinin hesabına elektron qaydada pul vəsaiti köçürmək istəyən zaman həmin vergi ödəyicisinin VÖEN-nin sistemdə yazdıqda ekranda “VÖEN səhfdir” ifadəsi göstərilməklə əməliyyatın aparılması mümkünsüz olmuşdur. Qeyd edilənlərdən əlavə cavabdeh heç bir əsas olmadan İnternet Vergi İdarəsi Sistemində “X8” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsi yerləşdirmiş, Cəmiyyətdən mal almaq istəyən şəxslər də aldıqları malın ƏDV-ni Cəmiyyətin depozit hesabına köçürmək istədikdə bu kimi problemlərlə üzləşmiş, Cəmiyyətə dair belə məlumatların olması üzündən alıcılar da ondan mal almaqdan və ona olan borclarını ödəməkdən yayınmışdır. İddiaçı öz normal fəaliyyətinin bərpa etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “bu vergi ödəyicisinin “X8” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsinin «X8» MMC-yə münasibətdə İnternet Vergi İdarəsi Sistemindən çıxarılması vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-992/2020 saylı iş üzrə 17 iyun 2020-ci il tarixli qəran ilə iddia təmin edilmiş, “bu vergi ödəyicisinin “X8” MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsinin “X8” MMC-yə münasibətdə İnternet Vergi İdarəsi Sistemindən çıxarılması vəzifəsi cavabdeh Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh qərardan apelyasiya şikayəti vermiş, lakin qərar qanuni qüvvəsini almamışdır. MMC-yə məxsus ƏDV-nin depozit hesabında əməliyyatların aparılmasının mümkün olmaması ilə əlaqədar qurum cavabdehə rəsmi qaydada müraciət etmiş, cavabdeh isə onun müraciətinə cavab olaraq rəsmi qaydada məktub ünvanlayıb, ƏDV-nin depozit hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlığın müəyyən olunmaması və vergi orqanı tərəfindən MMC-nin fəaliyyəti barədə heç bir məhdudiyyətin mövcud olmamasını göstərmişdir. Cavabdeh tərəfindən rəsmi olaraq MMC-nin fəaliyyəti barədə heç bir məhdudiyyətin mövcud olmaması bildirilsə də, nədənsə MMC-ni riskli əməliyatlar aparmaqda ittiham etmiş, bu barədə ona ünvananan məktubda da bunu gizlətməmişdir. Halbuki, iddiaçı dəfələrlə cavabdehə məktub ünvanlayaraq, apardığı əməliyyatlardan hər hansı bir şübhəli əməliyyat müəyyən edilibsə bu zaman qurumda səyyar vergi yoxlaması aparmasını xahiş etmiş, buna baxmayaraq bu vaxtadək MMC-də heç bir səyyar vergi yoxlaması aparılmamışdır. ƏDV-nin ödənilməsi ilə əlaqədar əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatına Dövlət Vergi Xidməti tərəfindən nəzarət edilir. Həmin elektron təminat proqramında yaranmış maneənin cavabdeh tərəfindən qoyulub-qoyulmamasından asılı olmayaraq, proqramda (hesabda) yaranmış hər hansı bir maneənin aradan qaldırılması cavabdehin vəzifəsidir və əgər o, öz vəzifəsini lazımınca yerinə yetirmirsə bu zaman onun bu hərəkəti qanunsuz hesab edilməlidir. «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı X1 (DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə AR Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən malları (işləri, xidmətləri) alan şəxs tərəfindən vergi hesab-fakturalarında göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. AR Vergi Məcəlləsinin 13.2.40-cı maddəsinə əsasən ƏDV-nin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. Həmin Məcəllənin 24.0.2-cı maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Göründüyü kimi, məhz Dövlət Vergi Xidmətinin nəzarətində olan ƏDV şub-uçot hesabında 18 mart 2020-ci il tarixdən yaranmış maneə səbəbindən MMC öz fəaliyyətin davam etdirə bilməmiş, cavabdehə müraciət etdikdə isə, cavabdeh bu maneənin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Halbuki, cavabdehdən başqa heç bir orqan və ya şəxs həmin sub-uçot hesabına müdaxilə edə, həmin hesaba məhdudiyyət qoya və ya həmin hesabda (elektron proqram təminatında) yaranmış problem və ya nasazlığı aradan qaldıra bilməz. Ona görə də iddiaçı “X8” MMC cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, onun ƏDV sub-uçot hesabında yaranmış maneənin aradan qaldırmaması barədə hərəkətilərin qanunsuz hesab edilməsi və həmin maneənin aradan qaldırılması tələb edir. Göstərilənlərə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının ƏDV sub-uçot hesabında 18 yanvar 2020-ci il tarixdən yaranmış maneənin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilmişdir: - Dövlət Vergi Xidməti “X8” MMC-nin iddia tələbi ilə razılaşmır. Belə ki, MMC ƏDV sub-hesabı üzrə əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin Dövlət Vergi Xidməti tərəfindən qoyulduğuna dair hər hansı bir sübut təqdim etməmişdir. Vergi ödəyicisinin iş qovluğu məlumatları təhlil edilərkən ƏDV sub-uçot hesabının bağlanılması halını təsdiq edən hər hansı məlumat aşkar olunmamış, müəssisə tərəfindən bununla bağlı ünvanlanmış müraciətlərin isə müvafiq qaydada cavablandırıldığı müəyyən edilmişdir. İddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. ƏDVnin depozit hesabı üzrə vəsaitlərin hərəkəti AR Vergi Məcəlləsi və AR Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları» ilə tənzimlənir. AR Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər AR Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, «Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnamə»yə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Bundan əlavə, vergi ödəyicisi iddia ərizəsində vergi orqanına ƏDV sub-hesabına qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlı müraciət etdyini, lakin cavabdeh tərəfindən onun müraciətinə heç bir cavab verilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirilir ki, vergi ödəyicisinin qeyd olunan məsələyə dair eyni məzmunlu müraciətləri Dövlət Vergi Xidməti tərəfindən 11 iyun 2020-ci il və 14 iyul 2020-ci il tarixli məktublarla cavablandırılmış, həmçinin 14 avqust 2020-ci il tarixdə aidiyyəti vəzifəli şəxslər ilə videoqəbulda iştirak etmişdir. İddiaçı öz ərizəsində qeyd olunan “ƏDV sub-hesabına əməliyyatların aparılmasında yaradılmış maneə ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən hər hansı hərəkətlər edilməmiş, bu barədə hər hansı inzibati akt qəbul edilməmişdir. Bundan əlavə, qeyd olunan məsələ üzrə “X8” MMC Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “əmtəəsiz əməliyyatlar aparan şəxs olması ehtimal olunur” ifadəsinin həmin iddiaçıya münasibətdə İnternet Vergi İdarəsi sistemindən çıxarılmasına dair iddia qaldırmış və eyni zamanda həmin vergi orqanına qarşı müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə ilə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-992/2020 saylı iş üzrə 2 iyun 2020-ci il tarixli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə təmin edilmiş, iddia isə 17 iyun 2020-ci il tarixli məhkəmə qərarı ilə təmin edilmişdir. Beləliklə, iş üzrə artıq 17 iyun 2020-ci il tarixli məhkəmə qərarı mövcud olduğundan və cavabdehin mübahisə olunan məsələ ilə bağlı hər hansı səlahiyyəti mövcud olmadığından, “X8” MMCnin iddia tələbi əsassız olduğundan iddianın təmin edilməsi və yeni bir qərarın qəbul edilməsi qanunamüvafiq deyildir. Göstərilənlərə və İPM-in 47, 48-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə vurğulayır ki, iddiaçının ƏDV sub-uçot hesabına hər hansı müdaxilə, o cümlədən məhdudiyyətin qoyulması hazırkı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətlərində deyil. İddiaçı “X8” MMC hazırkı cavabdehin belə hərəkətini təsdiqləyən hər hansı tutarlı sübutu da məhkəmə icraatında təqdim etməmişdir. Digər tərəfdən də nəzərə alınmalıdır ki, iddiaçı “X8” MMC eyni tələbi Şirvan İnzibati Məhkəməsində digər inzibati orqana, yəni Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı irəli sürmüş və mübahisəyə mahiyyəti üzrə baxılaraq iddia təmin edilmişdir. Bu isə, o deməkdir ki, müvafiq maneənin digər inzibati orqan Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən yaradıldığı həmin məhkəmə icraatında müəyyən edilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidməti tərəfindən iddiaçı “X8” MMC-nin hansı hüquqlarına toxunulduğu, hüquqlarının pozulduğu və ya bunlarla nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar