Məhkəmə qərarları › İş №2-1(112)-1882/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1882/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1882/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Dəmirov Müşfiq İlham oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi İskəndərova Günay Oqtay qızının (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı Məhərrəm qızının cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış pensiyanın bərpa edilməsi və pensiyanın dayandırıldığı andan bu günə qədər verilməyən pensiya fərqinin hesablanaraq ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Məhərrəm qızı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq İddiaçı ailə başçısının itirilməsinə görə 28.02.2021-ci il tarixdən dayandırılmış pensiyanın bərpa olunması və pensiya dayandırılan andan, yəni 28.02.2021-ci il tarixdən bu günə qədər verilməyən pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X7 1965-ci ildən əmək fəaliyyətinə başlamış və onun sonuncu iş yeri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Baş İdarə rəisi vəzifəsi olmuşdur, o, 2000-ci ildə 58 yaşında vəfat etmişdir.İddiaçıya 2-ci qrup əlil olduğuna görə ona Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2007-ci ildən təyin edilmiş pensiyasından imtina edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bununla bağlı 2019-cu ildən ona ailə başçısını itirdiyinə görə pensiya təyin edilmiş və 2021-ci ilin fevral ayınadək 425 manat pensiya ödənilmişdir. Lakin 2021-ci ilin mart ayından həmin pensiya ona məlum olmayan səbəblərdən dayandırılmışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdir. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya Dövlət Sosial Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 01.04.2018-ci ildə dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının mərhum yoldaşı X6 vaxtı ilə işlədiyi vəzifələr onun vəfat etdiyi 15.11.2000-ci ildə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Yoxlama zamanı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olmadığı halda iddiaçıya qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək peniyasının təyin edilməsi aşkar edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası ödənişi 28.02.2021-ci ildən dayandırılmış, ailə başçısının itirilməsinə görə 259,78 manat pensiya təyin edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının vəkili və nümayəndəsi Dəmirov Müşfiq İlham oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi İskəndərova Günay Oqtay qızı iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini və nümayəndəsini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidır. Belə ki, iş matereiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il təvəllüdlüdür. Nikah haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı 21.05.1973-cü ildə Məmmədov Mirzə Seyid oğlu adlı şəxs ilə nikaha daxil olmuşdur. Ölüm haqqında şəhadətnaməyə əsasən Məmmədov Mirzə Seyid oğlu 15.11.2000-ci ildə vəfat etmişdir. Məmmədov Mirzə Seyid oğlunun əmək kitabçasının surətinə əsasən həmin şəxs 13.09.1965-ci ildən 09.06.1987-ci ilə qədər Şmidt adına zavodda, 10.06.1987-ci ildən Ağcabədi pambıq zavodunda, 12.01.1988-ci ildən 06.01.1989-cu ilə qədər “Azərpambıqsənaye” RİB-nin maddi-texniki təchizat və nəqliyyat şöbəsinin rəisi, 10.02.1989-cu ildən 07.11.1996-cı ilə qədər Baş Emal Sənaye İdarəsinin pambıq emalı şöbəsində baş mühəndis, pambıq emalı şöbəsinin rəis müavini, Baş İdarənin rəis müavini, Baş Emal Sənayesi İdarəsinin Pambıq Emalı İdarəsinin rəisi, Emal Sənayesi Baş İdarəsi Pambıq Emalı İdarəsinin baş mütəxəssisi, Emal Sənayesi Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 29.07.2008-ci il tarixli arxiv arayışına əsasən Məmmədov Mirzə Seyid oğlu 12.01.1988-ci ildən 06.01.1989-cu ilə qədər “Azərpambıqsənaye” RİB-nin maddi-texniki təchizat və nəqliyyat şöbəsinin rəisi, 10.02.1989-cu ildən 07.11.1996-cı ilə qədər Baş Emal Sənaye İdarəsinin pambıq emalı şöbəsində baş mühəndis, pambıq emalı şöbəsinin rəis müavini, Baş İdarənin rəis müavini, Baş Emal Sənayesi İdarəsinin Pambıq Emalı İdarəsinin rəisi, Emal Sənayesi Baş İdarəsi Pambıq Emalı İdarəsinin baş mütəxəssisi, Emal Sənayesi Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir. Cavabdehin 25.06.2021-ci il tarixli imtina məktubuna əsasən Dövlət Sosial Fondunun Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya 01.04.2018-ci ildə dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Mərhum yoldaşı X6 vaxtı ilə işlədiyi vəzifələr onun vəfat etdiyi 15.11.2000-ci ildə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 01.09.2001-ci ildən qüvvəyə minmişdir. Yoxlama zamanı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olmadığı təqdirdə iddiaçıya qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edilməsi aşkar edilmişdir. Bununla əlaqədar olaraq ona ailə başçısını itirməyə görə əmək pensiyası ödənişi 28.02.2021-ci ildən dayandırılmışdır. Ailə başçısının itirilməsinə görə 259,78 manat pensiya təyin edilmişdir. İddiaçı Məhərrəm qızının pensiyaçının uçot vərəqində olan sənədlərə əsasən iddiaçıya İİ qrup əlilliyə görə 11.05.2001-ci ildə pensiya təyin edilmiş,16.03.2018-ci il tarixdə təqdim edilmiş ərizəsinə əsasən 2018-ci ilin aprel ayından iddiaçıya dövlət qulluqçusu ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya 11.05.2001-ci ildə İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir, sonradan iddiaçının müraciəti əsasında iddiaçının pensiya növü dəyişdirilərək “Azərpambıqsənaye” RİB-nin maddi-texniki təchizat və nəqliyyat şöbəsinin rəisi, Kənd Təsərrüfatı Nazirliyinin 10.02.1989-cu ildən 07.11.1996-cı ilə qədər Baş Emal Sənaye İdarəsinin pambıq emalı şöbəsində baş mühəndis, pambıq emalı şöbəsinin rəis müavini, Baş İdarənin rəis müavini, Baş Emal Sənayesi İdarəsinin Pambıq Emalı İdarəsinin rəisi, Emal Sənayesi Baş İdarəsi Pambıq Emalı İdarəsinin baş mütəxəssisi, Emal Sənayesi Baş İdarəsinin rəisi vəzifələrində işləmiş, 15.11.2000-ci ildə vəfat etmiş əri X5 ölümü ilə bağlı iddiaçıya 02.04.2018-ci ildən dövlət qulluqçusu olmuş ailə başçısının itirilməsinə görə pensiya təyin edilmişdir. Həmin pensiya 28.02.2021-ci ildən dayandırılmış, ailə başçısının itirilməsinə görə 259,78 manat pensiya təyin edilmişdir.İddiaçı dövlət qulluqçusu olmuş ailə başçısının itirilməsinə görə pensiyanın ödənişinin dayandırılması ilə bağlı cavabdehin qeyd edilən hərəkətlərini qanunsuz hesab edir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçıya 2018-ci ilin aprel ayından dövlət qulluqçusu ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmişdir, həmin təyin edilmiş pensiya cavabdeh tərəfindən 28.02.2021-ci ildən dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya pensiyanın ödənilməsinin dayandırılması ilə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunları pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Cavabdehin iddiaçıya münasibətdə pensiyanın dayandırılması barədə hərəkətlərində ifadə olunan inzibati aktı – qərarı iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi ilə bağlı qəbul edilməmişdir, iddiaçıya təyin edilmiş pensiyasının dayandırılması barədə qəbul edilmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Cavabdehin iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması haqqında qərarı yuxarıda sadalanan inzibati icraat haqqında hüquq normaları və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulmaqla qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Həmin Qanunun 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Lakin iddiaçıya pensiya təyin edilən zaman həmin qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı ailə başçısının itirilməsinə görə 28.02.2021-ci il tarixdən dayandırılmış pensiyanın bərpa olunması və pensiya dayandırılan andan, yəni 28.02.2021-ci il tarixdən bu günə qədər verilməyən pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı İddiaçı ailə başçısının itirilməsinə görə 28.02.2021-ci il tarixdən dayandırılmış pensiyanın bərpa olunması və pensiya dayandırılan andan, yəni 28.02.2021-ci il tarixdən bu günə qədər verilməyən pensiya fərqinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar