Məhkəmə qərarları › İş №2-1(112)-1883/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1883/2023

10.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1883/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “plan və ölçü sənədində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “plan və ölçü sənədində düzəliş edilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxs S.Quattroççhiyə ayrılmış torpaq sahəsində faktiki kənara çıxma mövcud olmuş, məhkəmə qərarı əsasında iddiaçı A.Hüseynovun ayrıc aktında sahə 596 kv.m göstərilməsinə baxmayaraq 600 kv.m torpaq sahəsi ayrılması tanınmış, həmin torpaq sahəsi üçüncü şəxsə satıldıqdan sonra isə onun çıxarışında 600 kv.m göstərilsə də koordinatlara əsasən faktiki sahə 608 kv.m kimi qeyd edilmişdir ki, həmin sahənin 7 kv.m olan hissəsi iddiaçının istifadəsində olan torpaq sahəsidir. Bakı İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə iddia üçüncü şəxs X1 məxsus Bakı şəhəri, Nərimanov rayonu Murtuza Nağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş А№ 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 5 kv.m torpaq sahəsinə münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 5 kv.m torpaq sahəsinin xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş А№ 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində mümkün mümkün sayılmamışdır. Göründüyü kimi mümkünlük şərtini ödəyən iddia mahiyyət etibarı ilə iddiaçının faktiki istifadəsində olan, lakin üçüncü şəxsin plan və ölçü sənədində koordinatlarda əksini tapmış əlavə 7 kv.m torpaq sahəsinə dair məlumatların plan və ölçü sənədi və elektron baza məlumatlarından çıxarılmasına dair düzəlişin edilməsi ilə bağlıdır və iddiaya məhz həmin hissədə mahiyyəti ilə baxılmaqdadır. Məhkəmə mahiyyəti üzrə baxılan iddia tələbi ilə bağlı növbədə qeyd edir ki, iddia ərizəsi həmin hissədə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mahiyyəti üzrə baxılan hissədə inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Mümkünlük baxımından məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxsin plan və ölçü sənədində koordinatlarda əksini tapmış əlavə 7 kv.m torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmasa da məhkəmə iddiaçının həmin torpaq sahəsinə faktiki istifadəsindən yaranan gözlənilən mülkiyyət hüququ həmçinin onun tərkib elementi kimi istifadə hüququ, o cümlədən hüquq və azadlıqların məhkəmə təminatı hüququ baxımından iddianın həmin hissədə subyektiv hüququn mövcudluğu baxımından mahiyyəti üzrə qiymət verilməli olması qənaətindədir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, əlavə 7 kv.m torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan tikilinin bir hissəsidir və həmin hissəyə dair mülkiyyət və ya istifadə hüququnun realizəsi ilə bağlı inzibati orqana, bu mümkün olmadıqda isə məhkəməyə müraciət etmək hüququ 7 kv.m torpaq sahəsi üçüncü şəxsin plan və ölçü sənədində olan koordinatlarda qeyd edildiyi müddətdə mümkünsüzdür. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan həmin sahədən çıxarılma, yəni həmin sahədə olan tikilinin sökülməsi barədə üçüncü şəxs tərəfindən Nərimanov Rayon Məhkəməsində iddia qaldırılmışdır ki, həmin iddia ilə hazırkı iş üzrə üçüncü şəxs mülkiyyət hüququnu təsdiq edən çıxarışda olmayan, yəni mülkiyyət hüququ təsdiq edilməyən, lakin çıxarışa əlavə edilmiş plan və ölçü sənədində koordinatlarda texniki səhv olaraq göstərilən əlavə 7 kv.m torpaq sahəsindən onun faktiki istifadəçinin çıxarılması, yəni orada inşa edilmiş tikilinin sökülməsi tələb edilir ki, məhkəmə hesab edir ki, həmin iddiaya münasibətdə cavabdehin, hazırkı iş üzrə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ yaranmışdır ki, hazırkı iddia qaldırılmadan həmin hüququn realizə imkanı mövcud ola bilməz. Adıçəkilən maddənin tələbindən də müəyyən edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçı da hazırkı iddianı qaldırmaqla mülkiyyət hüququnu təsdiq edən sənədi halhazırda mövcud olmasa belə 7 kv.m torpaq sahəsi ilə bağlı cavabdehin plan və ölçü sənədinin tərtib edilməsi və elektron baza məlumatlarına daxil edilməsi həmin maddədən yaranan inzibati orqanın hərəkətlərindən məhkəməyə şikayət etmək hüququnu özündə ehtiva edən məhkəmədə müdafiəsinə təminat hüququnu realizə etməyə çalışmışdır ki, məhkəmə hesab edir ki, həmin hüququn mövcudluğu subyektiv hüququn, beləliklə də hazırkı iddianın mahiyyəti üzrə qiymət verilməsi imkanının mövcudluğunu təsdiq edir. Beləliklə istər gözlənilən mülkiyyət və onun elementi kimi istifadə hüququnun, istərsə də hüquq və azadlıqların məhkəmə müdafiəsinə təminat hüququnun mövcudluğu mahiyyəti üzrə baxılan iddianı qaldırmaqda iddiaçıya subyektiv hüquq vermişdir. Əks yanaşma isə 7 kv.m torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədi mövcud olmayan iddiaçı və üçüncü şəxsin vəziyyətini nəinki bərabərləşməsinə, hətta Nərimanov Rayon Məhkəməsində olan iddiaya münasibətdə hazırkı iş üzrə iddiaçının, həmin iş üzrə isə cavabdehin vəziyyətini ağırlaşmaqdadır. Halbuki, plan və ölçü sənədində 7 kv.m torpaq sahəsinə üçüncü şəxsin mülkiyyət hüququnun mövcud olmaması, iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədi mövcud olmasa belə torpaq sahəsinin faktiki istifadəçisi olması nəzərə alınmalı, plan və ölçü sənədində texniki edilmiş səhv vəziyyəti hazırkı iş üzrə iddiaçının ziyanına dəyişməməli, hüquqmüəyyənedici sənədi mövcud olmayan üçüncü şəxsə münasibətdə onun rayon məhkəməsində hazırkı mübahisə ilə əlaqəli iddiasını hazırkı iş üzrə iddiaçının subyektiv hüququn hüquqmüəyyənedici sənədi mövcud olmadığı əsası ilə legitimləşdirməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati və mülki mübahisə üzrə faktiki və hüquqi hallara münasibətdə ən azından bərabərliyin təmin edilməsi baxımından hazırkı iddiaya mahiyyəti üzrə baxılması və qiymət verilməsi mütləqdir. İddia tələbinin mümkün hesab edilən hissədə mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. işin faktiki hallarından, o cümlədən mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş koordinatlarla çıxarışa əlavə edilmiş plan-ölçüdə qeyd olunan koordinatlar qismən (12 kv.m fərqlə) üst-üstə düşür. X3 adına tərtib edilmiş ayrıc aktında qeyd olunan koordinatlara və məsafə ölçülərinə əsasən ayrılmış sahə 596 kv.m, S.Quattroççhinin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və çıxarışın əlavəsi olan plan və ölçü sənədində torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmiş, lakin plan və ölçü sənədində olan koordinatlara əsasən sonuncunun torpaq sahəsi 608 kv.m təşkil etmişdir. Üst-üstə düşən sahədən 7 kv.m olan hissə İddiaçı istifadəsindədir. Belə ki, artıq olan 8 kv.m torpaq sahəsinin 7 kv.m hissəsi İddiaçı faktiki istifadədində olan tikilinin bir hissəsidir. Göründüyü kimi məhkəmə qərarı qəbul edilənə qədər 596 kv.m torpaq sahəsi, məhkəmə qərarından sonra isə 600 kv.m torpaq sahəsinə X3 mülkiyyyət hüququ tanınmışdır. A.Hüseynov isə ona məxsus 600 kv.m torpaq sahəsinə sərəncam verərək həmin əmlakı üçüncü şəxsə satmışdır. AR MM-nin 646.1-ci maddəsindən müəyyən edilir ki, daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Hazırkı iş üzrə satıcı ona məxsus olan məhz 600 kv.m ölçüdə olan torpaq sahəsinin üçüncü şəxsə verilməsini öhdəsinə götürmüş və həmin əmlak üçüncü şəxsə verilərək sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir ki, həmin çıxarışda torpaq sahəsinin ölçüsü düzgün olaraq 600 kv.m göstərilmişdir. Belə ki, satıcı məhz ona məxsus olan əmlaka sərəncam vermək hüququna malikdir və ona məxsus olan əmlakı ölçüsü isə konkret olaraq 600 kv.m təşkil etmiş və cavabdeh də düzgün olaraq həmin ölçüdə olan əmlaka üçüncü şəxsin mülkiyyət hüquqlarını tanımışdır. Lakin, cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş texniki sənəddə həmin halı nəzərə almamış səlahiyyətindən kənarlaşaraq satıcının mülkiyyət hüququ mövcud olmamasına baxmayaraq əlavə iddiaçının faktiki istifadəsində olan 7 kv.m torpaq sahəsini koordinatlara göstərmiş, nəticədə iddiaçının istifadəsində olan 7 kv.m torpaq sahəsi üçüncü şəxsin texniki sənədlərində faktiki olaraq mülkiyyətində olan sahə kimi göstərilmişdir. Halbuki, texniki sənəd hüquqi müəyyənedən sənədə uyğun olmaqla tərtib edilməlidir ki, həmin sənədlər arasında uyğunsuzluq istər ekspert rəyi, istərsə də mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş mütəxəssis rəyində iddiaçı və üçüncü şəxslərin torpaq sahələrinin üst-üstə düşməməsi, iddiaçının torpaq sahəsini zəbt etməsi qeyd edilsə də, məhkəmə iş üzrə digər sənədlər əsasında həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşır. Belə ki, iş üzrə verilmiş ekspert rəyində 7 kv.m torpaq sahəsinin plan və ölçü sənədində 600 kv.m sahədən əlavə olaraq koordinatlarda göstərildiyini təsdiq etmişdir. İstər mütəxəssis rəyinin ekspert rəyini əvəz etməməsi baxımından, istərsə də iş üzrə verilmiş digər mütəxəssis rəyinin mötəbərliyi baxımından məhkəmə hesab edir ki, üçüncü şəxsin təqdim etdiyi rəyin mötəbərliyi şübhəlidir. İş üzrə verilmiş digər mütəxəssis rəyinin mötəbərliyi isə həmin rəy verən qurumun subyektiv əlaməti baxımından əhəmiyyətlidir. Belə ki, həmin rəy Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində olan qurum tərəfindən, yəni hazırkı iş üzrə cavabdehin tabe olduğu inzibati orqanın digər bir MMC formasında olan qurumu tərəfindən verilmişdir. "xxxx" MMC isə analoji rəyləri verən qurumlara münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əlavə edilmiş plan və ölçü sənədində koordinat, ölçü və məlumatın yerləşdiyi elektron bazaya münasibətdə müstəsna səlahiyyətə malik məlumat daşıyıcısı qismində çıxış edir. Təsadüfi deyildir ki, analoji işlər üzrə hazırda adıçəkilən rəylər həmin məlumat bazası əsasında cavabdehin özü tərəfindən verilməkdədir. Nəzərə alınmalıdır ki, hazırda cavabdeh tərəfindən texniki sənədlərdə məlumatların işlənməsi məhz həmin bazada olan məlumatlar əsasında verilməkdədir ki, bu səbəbdən də məhkəmə həmin mütəxəssis rəyini təkcə sübut qismində qiymətləndirilməli olan rəydən əlavə, həm də cavabdehin texniki sənəddə yanlışlığa yol verilməsinə münasibətdə yazılı təsdiqetmə kimi qiymətləndirir. Yəni cavabdehin texniki yanlışlığı nəticəsində texniki sənədlərdə əlavə torpaq sahəsinin koordinatlarda göstərilməsini inzibati orqan özü təsdiq edir. Ekspert rəyi isə həmin məlumatların növbəti təsdiqi qismində çıxış edir ki, həmin rəyin sübut qismində mötəbərliyi hər hansı şübhdə doğurmamaqdadır. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: -6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi; 6.2. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir və kadastr fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. 1.2. Daşınmaz əmlakın vahid dövlət kadastrı kadastr uçotuna alınmış daşınmaz əmlaka dair məlumatların, sənədlərin, xəritə materiallarının sistemləşdirilmiş məcmusundan ibarət dövlət informasiya sistemidir. 1.6. Daşınmaz əmlakın vahid dövlət kadastrı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən tərtib edilir və aparılır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. 1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin: 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək inzibati orqanın vəzifələridir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mahiyyəti üzrə baxılan hissədə təmin edilsin. Üçüncü şəxs X1 məxsus Bakı şəhəri, Nərimanov rayonu Murtuza Nağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə edilmiş 22 may 2018-ci il tarixdə tərtib edilmiş А№ 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində adıçəkilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ölçülərlə uyğunsuzluğun əlavə 7 kv.m torpaq sahəsinə (İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi) münasibətdə aradan qaldırılması və həmin plan və ölçü sənədində olan koordinatlarda əlavə 7 kv.m torpaq sahəsinin (İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi) xaric edilməsi ilə əlaqədar 22 may 2018-ci il tarixdə tərtib edilmiş А№ 266080 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və həmin texniki məlumatların yerləşdiyi elektron baza məlumatlarında düzəlişin edilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar