Məhkəmə qərarları › İş №2-1(112)-1884/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1884/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1884/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinə qarşı “hərbi həkim komissiyasının müayinə aktının qanunsuz hesab edilməsi və çağırışa möhlət verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi təqdim edərək, cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin iddiaçını həqiqi hərbi xidmətə çağırışa çağırması barədə qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, sağlamlığı ilə bağlı təkrar müayinə keçirilməsi üçün qərar qəbul edilməsi, sağlamlıq vəziyyətiylə əlaqədar 3 ilədək çağırış möhləti verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2000-ci ildə anadan olmuş və Suraxanı rayon ərazisində yaşayır. Görmə məhdudiyyəti olduğundan, kiçik yaşlarından valideynləri Zərifə Əliyeva adına X1 mütəmadi yoxlamalardan keçirmişlər. Bu yaşına qədər gözünün zəifliyi ilə bağlı ciddi problemlər yaşayır. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olmuş, bakalavr təhsilini bitirdikdən sonra həmin Universitetdə magistr dərəcəsi üzrə ali təhsil almışdır. Təhsil aldığı müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən möhlət hüququ verilmişdir. 2023-cü ildə magistr təhsilini bitirdikdən sonra Xidmətin Suraxanı Rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırış vərəqəsi verilmişdir. Orda müvafiq komissiya tərəfindən müayinə olduqdan sonra, əlavə yoxlanışdan keçdikdən sonra xx.xx.2023-cü il tarixdə Zərifə Əliyeva adına Göz İnstitutuna göndərilmişdir. Yoxlanış zamanı gözünün görmə dərəcəsi 6.50 DPR müəyyən edildiyindən hərbi xidmətə yararsız hesab edilmişdir. Daha sonra Xidmətin Suraxanı Rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Qobu qəsəbəsindəki Mərkəzi Hərbi Həkim Komissiyasına müayinə üçün göndərildi. Burada yoxlanışdan keçdikdən sonra xx.xx.2023-cü il tarixdə X4 göndərilmişdir. Buradakı son yoxlanışdan keçdikdən sonra hərbi xidmətə yararsız olduğu müəyyən edilərək 6 ay müddətinə möhlət verilmişdir. Möhlət hüququ bitdikdən sonra xx.xx.2024-cü il tarixdə yenidən X4 göndərildi. Bu dəfə isə nəticələr reallıqda kənar əks etdirilərək 6.0 DPR nəticəsi ilə hərbi xidmətə yararlı olduğunu müəyyən etmişdir. Möhlət hüququ verilən 6 ay ərzində heç bir müalicə almadığı halda nəticələr bu qədər kəskin necə dəyişə bilər sualına cavab tapa bilinmədi. xx.xx.2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi tərəfindən çağırılaraq hərbi komissiyadan keçmiş və X3 verdiyi rəyə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin həqiqi hərbi xidmətə çağırması barədə qərarı qanunsuzdur, əsassızdır və yuxarıda göstərilən dəlillərə görə ləğv edilməlidir. X3 nəticələrinə inanmayaraq, Zərifə Əliyeva adına X1 müayinə olundu və nəticənin daha da pisləşərək 6.75 DPR olduğunu müəyyən etdi. Daha sonra xx.xx.2024-cü il tarixdə Caspian international Hospitalda həkim Cavid Şahbazovun tərəfindən müayinə olunmuşdur. Burada da nəticə 6.75 DPR müəyyən edilmişdir. Sözügedən yoxlanışların nəticəsi və həkim təsdiqləri mövcuddur. İddiaçıya verilən 6 ay möhlət zamanı heç bir müalicə almamış və keçirdiyi həyat tərzi ilə bağlı görmə məhdudiyyətinin aradan qalxması tibbi baxımdan da mümkün deyil. Əksinə getdikcə vəziyyət daha da ağırlaşır. X3 müayinələrinin obyektivliyinə və düzgünlüyünə inanmadığımız üçün Suraxanı rayon İdarəsindən dəfələrlə şifahi və yazılı şəkildə təkrar müayinə üçün göndəriş verilməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağınş üzrə Dövlət Xidmətinin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 2024-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar xx.xx.2000-cü il təvəllüdlü İddiaçı Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyası tərəfindən tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı xx.xx.2024-cü il tarixdə X4 əlavə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq İddiaçı rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’nin “Xəstəliklər cədvəli"nin İ qrafasına əsasən “3-cü təyinat göstəricisi ilə hərbi xidmətə yararlıdır” hesab edilmişdir. 2024-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməsi nəzərdə tutulmuşdur.

4. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.2000-ci il təvəllüdlü İddiaçı gözlərinin görmə dərəcəsi (itiliyi) müəyyən edilsin.

2. xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilən və onun müddətli həqiqi hərbi xidmətə çağrılmasını istisna edən xəstəliklər varmı?

3. xx.xx.2000-ci il təvəllüdlü İddiaçı sağlamlıq vəziyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 2.6-cı bəndində göstərilən hərbi xidmətə yararlılıq haqqında hansı kateqoriyaya aid edilməlidir?

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X2” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 732/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur: 1-3. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçirilərkən mütəxəssis-oftalmoloqa göndərilmiş və xx.xx.2024-cü il tarixdə oftalmoloq tərəfindən müayinə olunarkən onda görmə itiliyi Vis OD= 006k/i-4,0D=0,9; Tod-22mm c.s; VisOS=0,05k\i-6,5D=0,9; Tos-21mm c.s., “OD-orta dərəcəli miopiya, OS-yüksək dərəcəli miopiya” diaqnozu qoyulmuşdur. Həmin diaqnozla o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin və “Xəstəliklər cədvəli”nin 34 “c” maddəsinə, istərsə də hazırda qüvvədə olan xx.xx.2024-cü il tarixli, 320 nömrəli Əmrinin və “Xəstəliklər cədvəli”nin 33 “c” maddəsinə əsasən “Dinc dövrdə Hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı” hesab edilməlidir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdilər.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-1.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulmuşdur.

9. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.

10. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.

11. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi sağlamlıq vəziyyətiylə əlaqədar 3 ilədək çağırış möhləti verilməsi barədə qərar qəbul edilməsidir. Odur ki, iddia məcburetmə növündə iddiadır.

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.2. sağlamlıq vəziyyətinə görə; 20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

14. Məhkəmə nəzərə alır ki, istər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, istərsə də Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyaları öz səlahiyyətləri daxilində müstəqil qurumlar olmaqla çağırışçıların (İ halda) və hərbi qulluqçuların (İİ halda) hərbi xidmətə yararlılıq kateqoriyalarını müəyyən edir. İddiaçı hazırda çağırışçıdır.

15. Mübahisə iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırış möhləti verilməsi ilə bağlı olduğu və iddiaçının sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən yararlılıq barədə müvafiq qərar qəbul edilərkən normaların tətbiqi şərtləri cavabdehin qiymətləndirməsinə əsasən müəyyən olunduğundan məhkəmə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

16. Odur ki, məhkəmə hesab edir ki, işin konrket halında iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün deyildir, lakin məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

17. Belə ki, məhkəmə müəyyən edir ki, xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertizası nəticəsində İddiaçı hazırda “görmə itiliyi Vis OD=006k/i-4,0D=0,9; Tod-22mm c.s; Vis OS=0,05k\i-6,5D=0,9; Tos-21mm c.s., “OD-orta dərəcəli miopiya, OS-yüksək dərəcəli miopiya” aşkar edilmiş, həmin diaqnozla o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin və “Xəstəliklər cədvəli”nin 34 “c” maddəsinə, istərsə də hazırda qüvvədə olan xx.xx.2024-cü il tarixli, 320 nömrəli Əmrinin və “Xəstəliklər cədvəli”nin 33 “c” maddəsinə əsasən “Dinc dövrdə Hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı” hesab edilməsi qeyd edilmişdir. Odur ki, inzibati orqan İddiaçı münasibətdə qərar qəbul edərkən məhkəmənin mövqeyini nəzərə almalıdır.

18. Göründüyü kimi, SHXÇDX-nin Suraxanı rayon İdarəsi tərəfindən tərtib edilmiş Çağırışçının sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında iddiaçının görmə itiliyi “OD-orta dərəcəli miopiya- 4,0; OS-orta dərəcəli miopiya 6,0, ambliopiya” kimi göstərilsə də, məhkəmə tibbiekspertizası tərəfindən aparılan müayinəyə əsasən ona “OD-orta dərəcəli miopiya; OSyüksək dərəcəli miopiya” diaqnozu qoyulduğu müəyyən olunur.

19. Odur ki, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının hərbi xidmətə yararlığı müəyyənləşdirilərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X2” publik hüquqi şəxsin rəyi nəzərə alınmaqla müvafiq qiymətləndirmə aparılmalıdır.

20. İPM-nin: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;

21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının iddia tələbindəki marağını təmin edən (xeyrinə) qərar qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla hərbi xidmətə yararlılığı (hərbi xidmətə çağırılması) ilə bağlı İddiaçı xeyrinə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar