Məhkəmə qərarları › İş №2-1(112)-1885/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1885/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1885/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinə baxılmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 08.04.2021-ci il tarixli əmrlə o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-ci maddəsinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmə qeyd etmək istəyir ki, iş materiallarında iddiaçıya sözügedən əmrin hansı tarixdə təqdim olunması ilə bağlı məlumat olmasa da, onun mübahisələndirilən əmrin mövcudluğundan xəbərdar olmasını təsdiq edən bir neçə hal mövcuddur:

1. Əmrin elan edilmə tarixi;

2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsi tərəfindən ünvanlanmış 15.04.2021-ci il tarixli məktubun olması;

3. Hərbi biletdə olan qeydlərin omasıdır. Məhkəmə ilkin olaraq birinci hala münasibətdə bildirir ki,əmrin mütləq qaydada rəsmi olaraq yazılı formada təqdim edilməsi nəzərdə tutulmamışdır. Əksinə hərbi sahəni əhatə edən qanunvericiliklə əmrlərin elan edilməsi ilə bağlı kifayət sayda normalar isə mövcuddur. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: 40.3.Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. 41.0.6.Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.

138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.

165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə komandirinin əmri ilə elan edilir. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alınmalıdır ki, hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə şərəf məhkəməsində baxılır ki, şərəf məhkəməsinin vəsatəti əsasında hərbi qulluqçunun ehtiyata buraxılması mümkündür. Normaların məzmununa gəldikdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqla bağlı işin xüsusiyyətləri nəzərə alınmaqla hərbi qanunvericiliklə hərbi qulluqçularla bağlı əmrlərin onlara rəsmi qaydada təqdim edilməsi əvəzinə elan olunması ilə bağlı xüsusi qaydalar müəyyən edilmişdir ki, nəinki vəzifə dəyişikliyi hətta yuxarıda göstərilən Əsasnamənin 165ci maddəsi ilə ehtiyata və ya istifadəyə buraxılma barədə əmrin də rəsmi qaydada yazılı formada təqdim edilməsi nəzərdə tutulmamış, elan edilməsi qaydası müəyyən edilmişdir ki, bu səlahiyyət müvafiq olaraq hərbi hissənin səlahiyyətli şəxsinə aid edilmişdir. Bununla bağlı məhkəmə xüsusi ilə yuxarı instansiya məhkəməsinin formalaşmış mövqeyini qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1712/2020 saylı, 22.09.2020-ci il tarixli qərarda qeyd olunmuşdur ki, “Qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur.” Göründüyü kimi həm qüvvədə olan qanunvericilik, həmçinin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə münasibətdə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur ki, bununla da həmin şəxslər əmrin mövcudluğundan xəbərdar olurlar. İş materiallarında olan 09.04.2021-ci il tarixli aktın surətindən görünür ki, sabiq hərbi qulluqçu İddiaçı tərxis olunması ilə bağlı əmr 08 aprel 2021-ci il tarixində ona mobil telofunu vasitəsi ilə elan olunmuş, əmrlə tanış olması üçün dəfələrlə X1 dəvət olunmuş lakin o, xidməti yerinə gələrək təyinat vərəqəsini götürməkdən imtina etmiş və sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə göndərilməsini xahiş etmişdir. Sözügedən akt Dövlət Sərhəd Xidməti X2 kadrlar şöbəsinin rəisi polkovnik-leytenant, X3 şəxsi heyət üzrə müavini-şəxsi heyət üzrə şöbənin rəisi polkovniki cə Kadrlar Baş İdarəsi X5 İdarəsinin baş zabiti kapitanın iştirakı ilə tərtib və təsdiq olunmuşdur. Göründüyü kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada mübahisələndirilən əmr iddiaçıya elan olunmuş və bu hal müvafiq olaraq səlahiyyətli şəxlər tərəfindən akt ilə rəsmiləşdirilmişdir. Beləliklə qeyd olunan bu hal, iddiaçının mübahisələndirilən əmrin mövcudluğundan 08.04.2021-ci il tarixdə, yəni əmrin elan edildiyi tarixdən xəbərdar olduğunu təsdiq edən dəlillərdən biridir. İddiaçı özü də həmin əmr barəsində ona telefon vasitəsi ilə 08 aprel 2021-ci il tarixdə məlumat verildiyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının 08.04.2021-ci il tarixdə ehtiyata buraxılmasından xəbərdar olmasını təsdiq digər mötəbər dəlil Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının ünvanlanmış məktubun mövcudluğu ilə bağlıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin 15.04.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlandığı teleqrama baxılmış və cavab olaraq bildirilmişdir ki, T.A.X4 Xidməti rəisinin müavini-X3 08.04.2021-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.(məktub poçt vasitəsi ilə göndərilmişdir- SS665302372AZ) Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə 15.04.2021-ci il tarixli məktub ilə cavab verilmişdir ki, bu hal onun sözügedən əmrin mövcudluğundan 08.04.2021-15.04.2021-ci il tarixlər arasındaki dövr ərzində xəbərdar olduğunu təsdiq edən bir dəlildir. Məhkəmə üçüncü əsasa münasibətdə bildirir ki, iddiaçı barəsində qəbul edilmiş əmr ilə bağlı məlumatlar hərbi biletinin 22-cü səhifəsində göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya hərbi biletin təqdim edilməsi, onun Səfərbərlik Xidmətinin aidiyyəti Şöbəsində qeydiyata alınması üçün əhəmiyyət kəsb edir ki, bununla da onun dolayısı yol ilə əmrdən xəbərdar olmasını təsdiq edən hallar biridir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı barəsində qəbul edilmiş 08 aprel 2021ci il tarixli əmr –hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Ayrı-ayrılıqda göstərilən hər bir hal üzrə aparılmış təhlil ona dəlalət edir ki, iddiaçıya inzibati akt olaraq əmr özü təqdim olunmasa da, ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı (15.04.2021-ci il tarixli məktub, hərbi bilet) verilmişdi və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcədə mötəbər idi. Başqa sözlə, iddiaçı sözügedən əmri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi. İşin bu halında, yalnız inzibati aktın təqdim olunmaması və elan edilməməsinə istinadən iddia müddətinin ötürülmədiyi barədə nəticəyə gəlmək, həmin normaların tətbiqində ifrat formallığa yol verilməsi olardı. Buna görə də məhkəmə əmrin dəyişdirilməsi tələbi üzrə iddianın mümkün sayılmaması barədə nəticəyə gəlir. Əlavə olaraq nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəməsinin təcrübəsinə görə hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması ilə bağlı yaranmış mübahisələrdə müddət ilə bağlı şərtin ödənilib-ödənilməməsi yoxlanarkən, təkcə mübahisələndirilən əmrin iddiaçıya hansı tarixdə təqdim olunmasına qiymət verilmir, mühüm olaraq şəxsin əmrin mövcudluğundan xəbərdar olduğunu təsdiq edən mötəbər məlumat daşıyıcılarının olmasıda qiymətləndirilir. (2-1(102)1809/2020)) Digər oxşar iş kimi isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-495/2022 saylı, 23.02.2022-ci il tarixli qərarını da əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçı barəsində qəbul edilmiş 25 yanvar 2017-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları),onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.” Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqqhesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Son olaraq Məhkəmə diqqətə çatdırır ki, hətta iddiaçı mübahisələndirilən əmr qəbul edilməzdən əvvəl “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılacağından məlumatlı olmuşdur. Belə ki, cavabdeh inzibati orqan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ilə söhbət aparmış, söhbətin sonunda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılacağı və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə göndəriləcəyini bildirmiş və söhbətin aparıldığını müvafiq söhbət vərəqəsi ilə rəsmiləşdirmişdir.Baxmayaraq ki, iddiaçı söhbət vərəqəsini imzalamaqdan imtina etsə də, söhbət vərəqəsində əks olunan məlumatlar şübhə doğurmur. Belə ki, söhbət vərəqəsi inzibati orqanın səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa söhbət vərəqəsində göstərilən məlumatların əksini təsdiq edən mötəbər dəlil də məhkəməyə təqdim olunmamışdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı Dövlət Sərhəd Xidmətinin 08.04.2021-ci il 151 ş/h №-li xidmətə uyğunsuzluqla ehtiyata buraxılma barədə əmrdən 08.04.2021-ci il tarixdə xəbərdar olduğu halda, həmin əmrin dəyişdirilməsi ilə bağlı 09.08.2021-ci il tarixdə, yəni 04 ay keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Eyni zamanda, iddiaçının əmrə yenidən baxılması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə müraciət etməsi ilə əlaqədar olaraq da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hal da iddia müddətinin ötürülməsinə münasibətdə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, AR İPM-nin: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 79.2. Şikayət inzibati aktı qəbul etmiş inzibati orqana təqdim olunduqda, həmin orqan şikayəti və icraatla bağlı materialları şikayət instansiyasına göndərməyə borcludur. Şikayət maraqlı şəxs tərəfindən birbaşa şikayət instansiyasına təqdim olunduqda, həmin orqan şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqandan icraatla bağlı materialları tələb edə bilər. 79.3. Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4. Şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. 79.5. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz. Göründüyü kimi hazırkı halda Dövlət Sərhəd Xidməti rəis müavinin əmrinə dair müraciət o zaman şikayət xarakteri daşıyır ki, şikayət şikayət instansiyasına ünvanlanmış olsun. Hazırkı halda Dövlət Sərhəd Xidməti isə əmrin qəbul edən inzibati orqana münasibətdə şikayət instansiyası hesab edilmir. Bu zaman Dövlət Sərhəd Xidməti rəisinin müavinin əmrinə dair Dövlət Sərhəd Xidməti rəisinə müraciət inzibati icraatda müəyyən edilən şikayət instansiyasına şikayət xarakteri daşımır. Belə ki, hazırkı iş üzrə cavabdehdən də göründüyü kimi müvafiq əmr məhz Dövlət Sərhəd Xidmətinin əmri hesab olunur və iddiaçı daha üst vəzifəli şəxsə əmrlə bağlı müraciət etməsi, inzibati icraat baxımından eyni quruma inzibati müraciəti xarakteri daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda 37-ci hissədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və dövlət sərhədindən buraxılış məntəqələri inzibati orqan qismində müəyyən edilmişdir. Bu isə onu ehtiva edir ki, Dövlət Sərhəd Xidməti inzibati icraatla bağlı qanunvericilik baxımından dövlət sərhədindən buraxılış məntəqələrinin hərəkətlərinə münasibətdə şikayət instansiyası qismində qəbul edilir. Xidmətin öz daxilində vəzifəli şəxslərin əmr və hərəkətlərindən daha yuxarı vəzifəli şəxsə müraciəti isə iddia müddətinin axımının dayandırılmasına əsas olan hal hesab edilmir. Eyni zamanda, məhkəmə “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin hazırkı mübahisə üzrə nəzərə alınmamalı olmamasına da münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd olunur ki, inzibati aktda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı hallarda 6 ay müddətində şikayət verilməsinin mümkünlüyünə münasibətdə məhkəmə hesab edir ki, sözügedən maddəyə əsasən 06 aylıq müddət ərzində şikayətin verilə bilməsi halı inzibati aktdan şikayət instansiyasına verilən şikayətlərə şamil olunmalı olan müddəadır. İnzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi zamanı isə İPM-nin 38.1-ci maddəsi tətbiq olunur. Həmin maddənin tələbindən göründüyü kimi inzibati aktdan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlanır. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi də 2- 1(102)-1712/2020 saylı iş üzrə qəbul etdiyi 22.09.2020-ci il tarixli qərarında analoji mövqedən çıxış etmiş və qeyd etmişdir ki, Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisələndirdiyi əmrdən 21.05.2019-cu il tarixindən, hərbi uçota durduğu zaman məlumatı olmuşdur. Beləliklə prosessual müddətin axımını iddiaçının hərbi qeydiyyata alındığı vaxtdan, yəni 21.05.2019-cu il tarixindən başlanmasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərardadını ləğv etməklə mümkünlük şərtlərinin “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinin nəzərə alınmaqla yoxlanılmalı olması qənaətinə gəlmişdir. Halbuki, sözügedən maddəyə əsasən 06 aylıq müddət ərzində şikayətin verilə bilməsi halı inzibati aktdan şikayət instansiyasına verilən şikayətlərə şamil olunmalı olan müddəadır. İnzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi zamanı isə İPM-nin 38.1-ci maddəsi tətbiq olunur ki, apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbi baxımından işin faktiki hallarına əsasən iddianın mümkünlük şərtlərinə qiymət verməli idi. Həmin maddənin tələbindən göründüyü kimi inzibati aktdan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlanır. şin apelyasiya instansiya məhkəməsində araşdırılan hallarına uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əmrin 21.05.2019-cu ildə iddiaçıya elan olunduğu hesab edilsə də, hər bir halda müddətin ötürülməsi məsələsi “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin yox, İPM-in 38.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli idi. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçının müddətin bərpası ilə ərizə ilə məhkəməyə müraciət etməsi dəfələrlə təklif edilmiş, bununla əlaqədar məhkəmə iclasları da dəfələrlə təxirə salınmış, prosessual qənaət prinsipi baxımından işin mahiyyəti üzrə zəruri araşdırma aparılması ilə paralel iddiaçıya yardım edilməsi məqsədi ilə müddətin bərpasına dair əsaslandırılmış ərizənin verilməsi təklif edilmişdir. Lakin, bir-neçə məhkəmə iclası zəruri araşdırmanın davam etdirilməsindən əlavə, həmçinin də müddət bərpa barədə ərizənin verilməməsi ilə əlaqədar təxirə salınmış, ərizənin verilməmənin üzrlü səbəbləri müəyyən edilə bilməmiş, iddiaçı ərizənin iclasda tərtib edilməsində hüquqi yardımın da təklif edilməsinə baxmayaraq ərizənin özünə məxsus komputer informasiya sistemində hazır formada olduğunu, növbəti iclasda onun təqdim ediləcəyini bildirmiş, növbəti məhkəmə iclasında da həmin ərizənin təqdim edilmədiyi müşahidə olunmuş, daha məhkəmənin müddət bərpa barədə təklifinə müddətin ötürülməməsi səbəbindən bərpa verilməsindən imtina etdiyi qeyd edilmişdir. Məhkəmə sonluğunun müddətin bərpası da olmasa da, iddia müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizənin də qəbul edilənliyi iddiaçının diqqətinə çatdırmış, hansı səbəblərdən müddətin ötürülməmiş hesab edildiyinin əsaslandırılaraq məhkəməyə təqdim edilməsi təklif edilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçı həmin halların qeyd edilərək nəticə hissədə müddətin bərpası yox, məhz faktiki halların müddətlə bağlı nəzərə alınması kimi nəticə hissəsi qeyd edilməklə ərizənin növbəti iclasda təqdim ediləcəyini bildirmiş, növbəti məhkəmə iclasında da isə heç bir üzrlü səbəb olmadan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əmr barədə iddiaçı qəbul edildiyi tarixdə məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, ən əsası isə məhkəmə icraatı zamanı prosessual müddətin bərpası barədə ərizənin verilməsini həyata keçirməmişdir. Məhkəmə əmrin ləğv edilməsi tələbindən asılı olan iddianın digər hissəsinə münasibətdə də qeyd etməyi zəruri hesab edir ki, əsas iddia tələbi üçün mümkünlük şərti ödənilmədiyindən maaş və imtiyazların ödənilməsi barədə iddianın da mümkünlüyü istisna olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar