Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1886/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 29 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 1.01.1958-ci il təvəllüdlüdür. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 22-1.1-ci maddələrinin tələblərinə əsasən 1.01.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada 240,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək 1.01.2023-cü il tarixindən 275,28 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 280,00 manat müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “.. təqdim etdiyiniz sənədlərin surətinə əsasən 9.11.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 7376,81 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (280 manat) dəyişiklik olmamışdır. Qeyd olunanlara əsasən yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1.12.2001-ci il tarixindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ümumi olaraq 35 ildən çox iş stajı vardır. Lakin cavabdeh inzibati orqan tərəfindən ona çox az məbləğdə (280 manat) əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqana ərizə ilə müraciət etsə də, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtina cavabının heç bir hüquqi və faktiki əsası yoxdur. Ona qüvvədə olan qanunvericilik normaları və 35 illik əmək stajı nəzərə alınmaqla əmək pensiyası təyin edilməli idi. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd olunması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Qeyd olunan maddələrin tələbləri nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətinə əsasən xx.xx.1976cı il tarixdən xx.xx.1978-ci il tarixədək 01 il 11 ay 17 gün hərbi xidmət dövrü, xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 26 il 11 ay 12 gün əmək fəaliyyəti dövrü olmaqla ümumi 28 il 10 ay 16 gün mübahisələndirilməyən sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək geydə alınmış 7376,65 manat pensiya kapitalı əsasında ona xx.xx.2023-cü il tarixdən 236,91 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. xx.xx.2006-cı il tarixədək 28 il 10 ay 29 gün sığorta stajına əsasən 26738,51 manat (2023-cü il tarixə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı + 7376,65 manat (xx.xx.2006-xx.xx.2023) = 34115,16 : 144 = 236,91. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 275,28 manata çatdırılmışdır. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq təyin edlmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləği sözügedən Qanunun 6-1-ci maddəsinə xx.xx.2023-cü il tarixdən edilmiş dəyişikliyə əsasən iddiaçının əmək pensiyasının məbləği həmin tarixdən 280,00 manata çatdırılmaqla ödənilir. Beləliklə, iddiaçı müraciəti ilə təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.2006-cı il tarixədək 28 il 10 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.376,81 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. Yuxanda qeyd olunanlara əsasən hesab edirilir ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablandığından onun müraciətinə müvafiq olaraq ünvanlanmış 13 iyul 2023-cü il tarixli 3-17-1/2-N- 157498/2023 nömrəli məktub qanuni və əsaslı olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə əməl etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən iddiaçının 9.11.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.376,81 manat pensiya kapitalı əsasında ona 65 yaşının tamam olduğu 1.01.2023-cü il tarixdən 280 (iki yüz səksən) manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı bununla razılaşmayaraq əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablansa da, əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız, cavabdehin imtinası əsaslıdır. Belə ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı tələbin faktiki əsasını onun, sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar dövlət büdcəsinə ödədiyi məcburi dövlət sosial sığorta ödənişlərinin nəzərə alınmaması, həmin dövrlərin stajına daxil edilməməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.2001-ci il tarixdən fərdi sahibkarlıqla məşğul olmaqla 35 ildən çox sosial sığorta stajının olduğunu, lakin iş stajına və ödədiyi məcburi dövlət sosial sığorta haqqına münasibətdə az məbləğdə əmək pensiyası təyin edildiyini qeyd edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" AS-də olan məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində 8075,44 manat pensiya kapitalı qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda isə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə 39796,8 manat məbləğində məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ödənildiyi qeyd edilmişdir. Sözügedən ziddiyətlə bağlı dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi məqsədi ilə cavabdehə yenidən sorğu göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsisteminin “Reyestr” bölməsində iddiaçı tərəfindən 2019-cu ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək 39306,22 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqları ödənişləri həyata keçirilmiş və sözügedən ödənişlər “Sığorta” (Hesabat) altsistemində iddiaçı tərəfindən 0730 (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - Bakı şəhərində), 0735 (Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər), 0112 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən dövlət, özəl müəssisələr), 1001 (İşsizlik sığortasına cəlb olunan fiziki şəxslər), 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) və 1100 (Muzdla işləyənləri işə götürən sığortaedənlər) fəaliyyət növünün kodları üzrə təqdim edilmiş hesabatlarda öz əksini tapmışdır. MEİS-in "Sığorta” (Birbaşa daxil olan ödənişlərin uçotu) altsisteminin “VN Ödənişlər” (Vergilər Nazirliyi tərəfindən ötürülən ödənişlər məlumatları) bölməsində sığortaedənin 2018-ci ilin oktyabr ayından 2020-ci ilin dekabr ayınadək 2410,29 manat məbləğində “Qalan məbləğ” ödənişi öz əksini tapmışdır. MEİS-in Sığorta (Monitorinq) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedənin fiziki şəxs kimi xx.xx.2009-cu il tarixdə **********0 sığortaedənin uçot nömrəsi (SUN) ilə uçota alındığı, fəaliyyət statusunun aktiv əks olunduğu və son hesabatı 2023-cü ilin İV rübü üzrə təqdim etdiyi müəyyən edilmişdir. 2006-2016-cı illərdə sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əmək haqqına nisbətdə müəyyən edilmiş faizlə məcburi dövlət sosial sığorta haqları hesablanmış və ödənilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən fərdi sahibkar (sığortaedən) kimi tərəfindən xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilmiş 5332,08 manat məcburi dövlət sosial sığorta haqqı və indeksləşdirilmiş xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 7376,81 manat pensiya kapitalı (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) iddiaçının **********330 nömrəli fərdi şəxsi hesabında qeydə alınmışdır. Eyni zamanda iddiaçı fərdi sahibkar kimi xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək ödədiyi məcburi dövlət sosial sığorta haqları 0112 hesabat kodu üzrə təqdim edilmiş hesabata əsasən sığortaolunanların fərdi şəxsi hesablarında öz əksini tapmışdır. İl Gəlir Ödənilmiş 2006 0,00 252,00 2007 0,00 96,00 2008 0,00 156,00 2009 0,00 180,00 2010 0,00 188,00 2011 0,00 86,70 2012 0,00 246,38 2013 0,00 233,40 2014 0,00 231,20 2015 0,00 252,00 2016 0,00 252,00 2017 1392,00 278,40 2018 2560,00 312,00 2019 2340,00 468,00 2020 3000,00 525,00 2021 3000,00 675,00 2022 3600,00 900,00 2023 4140,00 1035,00 Cəmi: 19,032,00 6367,08 Beləliklə, İddiaçı müraciəti ilə təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.2006-cı il tarixədək 28 il 10 ay 29 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.376,81 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiya məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. İddiaçıya təyin edilmiş əmək pensiyasının xx.xx.2024-cü il tarixdən indeksləşdirilmiş məbləği 311,36 manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı (sığortaedən) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları onun və sığortaolunanların fərdi şəxsi hesabında öz əksini tapmışdır. Cavabdehin təqdim etdiyi məlumatlardan müəyyən edilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilmiş 5332,08 manat məcburi dövlət sosial sığorta haqqı və indeksləşdirilmiş xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 7376,81 manat pensiya kapitalı (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) iddiaçının **********330 nömrəli fərdi şəxsi hesabında qeydə alınmışdır. Qeyd edilən pensiya kapitalı isə, iddiaçıya pensiya təyin edilərkən cavabdeh tərəfindən nəzərə alınmışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1886/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1886/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver