Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1887/2020 07.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “01 sentyabr 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanıb ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətinin qarşısının alınması və cavabdehin üzərinə ona 21 sentyabr 2015-ci ildən verilən Prezident təqaüdünə görə ödənilən təqaüdün 01 sentyabr 2008-ci ildən, yəni Prezident təqaüdü təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 21 sentyabr 2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əlillik almış və həmin tarixdən də müharibə əlili kimi Prezident təqaüdü alır. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə ərizə ilə müraciət edərək ona ödənilməli olan təqaüdün “Müharibə əlilinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” tarixindən, yəni 01 sentyabr 2008-ci ildən hesablanmasını xahiş etsə də, bu barədə ərizəsi təmin edilmədən saxlanılmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin 6-cı bəndinə əsasən fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıraraq, hüquqi-məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, məhz bu qanunun tələbləri baxımından cavabdehin onun ərizəsindən imtina etməsinin hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmaqla ömürlük İİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 saylı Fərmanının 1.2-ci bəndinə uyğun olaraq 130 manat məbləğində aylıq Prezident təqaüdü təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir. "Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Prezident təqaüdü təsis edilmişdir. Göründüyü kimi Fərmanda Prezident təqaüdünün veriləcəyi əlilliyi olan şəxslərin dairəsi dəqiq müəyyən edilmiş, başqa sözlə əlilliyin səbəbi (əlilliyin səbəb əlaqəsi) burada Fərmanda qeyd olunan hallar zamanı yaranıbsa ona müvafiq təqaüd təyin edilir. Belə ki, əlilliyin səbəb əlaqəsi (məsələn ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı və s.) Prezident təqaüdünün təyin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir, iddiaçının əlilliyinin səbəb əlaqəsi (əlillik səbəbi) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olduğundan ona aylıq 130 manat olmaqla Prezident təqaüdü təyin edilmişdir. Daha sonra müavinət və təqaüdün dəyişdirilməsi haqqında Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ödənilən Prezident təqaüdünün məbləği dəyişdirilərək 143 manat, xx.xx.2018-ci il tarixli sərəncamı ilə 158 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü bəndinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 12-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri TSEK tərəfindən müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin Fərmanın qüvvəyə mindiyi vaxtdan hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Eyni zamanda, iddiaçıya münasibətdə TSEK-in xx.xx.2015-ci il tarixli qərarında, həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Bu hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi də nəzərə alına bilməz. Bəzi qanunvericilik aktlarında müharibə veteranlarının və əlilliyi olan şəxslərin hüquqları, vəzifələri və həmçinin imtiyaz və güzəştlər müəyyən edilmişdir. Başqa sözlə bu qanunvericilik aktlarında müharibə veteranlarının və əlilliyi olan şəxslərin xüsusi hüquq statusu müəyyən edilmişdir. Bu səbəbdən də Prezident təqaüdünün Fərmanın qüvvəyə mindiyi vaxtdan (geriyə tətbiq olunma qaydasında) ödənilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlil olmuş şəxsin hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu səbəbdən də İddiaçıya Fərmanın qüvvəyə mindiyi vaxtdan Prezident təqaüdünün hesablanıb ödənilməsi onun Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Göründüyü kimi iddiaçının Prezident təqaüdü almaq hüququ xx.xx.2015-ci il tarixdə yaranıb və geriyə şamil oluna bilməz. Bu səbəblərdən də iddiaçıya yuxarıda adıçəkilən Fərmanın qüvvəyə mindiyi vaxtdan təqaüdün hesablanaraq ödənilməsindən ibarət iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE serialı 0******* №li şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı XX.XX.1953-cü ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon RHK tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, MV seriyalı 042873 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********5 saylı arayışdan görünür ki, İddiaçı 593005 nömrəli Təqaüd işi üzrə İİ qrup ARƏB əlilliyinə görə 158 manat məbləğində ömürlük Prezident təqaüdü təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 152 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müəyyən edilmiş dioqnoz - «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN 2 nömrəli TSEK-in SER TSE-01№515489 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixli 943 nömrəli müayinə aktına əsasən İddiaçı əlilliyin səbəbi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» göstərilməklə müddətsiz 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********7 saylı məktubunda qeyd edilir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TSERX-in xx.xx.2015-ci il tarixli 943 nömrəli müayinə aktına əsasən Sizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmiş və bu dövrdən halhazıradək Sizə Prezident təqaüdünün ödənişi aylar üzrə davam etdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.4-cü maddəsinə əsasən bütün növ təqaüdlər təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Qeyd edilənləri nəzərə alaraq Sizə hüququnuz yaranan gündən, yəni xx.xx.2015-ci ildən əvvəlki müddət üçün tələb etdiyiniz təqaüdün ödənilməsi mümkün deyildir. İş materiallarında olan iddiaçıya məxsus müavinət işindən görünür ki, İddiaçı Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı ömürlük 2-ci qrup əlilliklə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdən 130 manat məbləğində təqaüd təyin edilmişdir. xx.xx.2016cı ildə müavinətin məbləği 143 manat, xx.xx.2018-ci ildə isə 158 manat müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir və bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması» Qaydalarının 1.4-cü bəndinə əsasən birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 152 nömrəli qərarına əsasən dioqnoz - «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN 2 nömrəli TSEK-in xx.xx.2015-ci il tarixli 943 nömrəli müayinə aktına əsasən iddiaçı əlilliyin səbəbi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» göstərilməklə müddətsiz 2-ci qrup əlillik müəyyən edilmişdir və iddiaçıya “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı ömürlük 2-ci qrup əlilliklə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdən təqaüd təyin edilmişdir. Hazırda iddiaçı ona təyin edilmiş təqaüdün qeyd olunan Fərmanın qüvvəyə mindiyi xx.xx.2008-ci ildən hesablanmasını tələb edir və bu tələblə cavabdehə müraciət etmişdir, lakin cavabdeh inzibati orqan xx.xx.2015-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edildiyini, bu dövrdən hal-hazıradək iddiaçıya Prezident təqaüdünün ödənişinin aylar üzrə davam etdirildiyini, təqaüdün təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edildiyini bildirərək müraciəti təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı ona verilən təqaüdün 01 sentyabr 2008-ci ildən, yəni Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, təqaüd onu almaq hüququ yaranan gündən təyin olunur və ödənilir. Təqaüdün əvvəlki dövr üçün ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli 823 nömrəli Fərmanında da təqaüdün onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. İddiaçıya xx.xx.2015-ci il tarixdə əlilliyin səbəbi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» göstərilməklə müddətsiz 2-ci qrup əlillik müəyyən edilmişdir və həmin tarixdən də iddiaçıya qeyd olunan Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və ödənilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “01 sentyabr 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün hesablanıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1887/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1887/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver